Məhkəmə qərarları › İş №2-1(112)-2119/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2119/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2119/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “vəzifə maaşına pul əlavəsinin hesablanması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1997-ci ilin fevral ayından 2001-ci ilin avqust ayına kimi Biləsuvar rayon Polis Şöbəsində və 2001-ci ilin avqust ayından 2004-cü ilin avqust ayına kimi Astara rayon Polis Şöbəsində əməliyyat işi üzrə rəis müavini vəzifəsində işləməklə ümumən yeddi il altı ay ərzində şifrələmə işini həyata keçirtməyi ilə əlaqədar xidmətdə olduğu müddətdə vəzifə maaşına hesablanmayan fərq pulunun yenidən hesablanması və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh və 3-cü şəxsə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 7 mart 1957-ci ildə Lənkəran rayonunun Viyən kəndində anadan olmuş. Hazırda qeyd olunan ünvanda yaşayır. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquq fakültəsinin əyani şöbəsini bitirmiş. 01 oktyabr 1983-cü il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, 24 mart 2012-ci il tarixdə təqaüdə buraxılmış. Təqaüddə olan polis polkovnikleytenantıdır. Polis və Qarabağ müharibəsinin veteranıdır. Həmçinin yazıçı-publisisdir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. O, 1995-ci ilin iyun ayından 2001-ci ilin avqust ayına kimi Biləsuvar rayon Polis Şöbəsində; 2001-ci ilin avqust ayından 2004-cü ilin avqust ayına kimi isə Astara rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifələrində işləmiş. Bu müddətdə xidməti vəzifəsinin tələbinə müvafiq olaraq həmin şöbələrdə şifrləmə işini icra etmiş. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən şifrləmə işində fasiləsiz xidmətə görə həmin işi icra edən əməkdaşın işlədiyi müddətdə vəzifə maaşına müəyyən olunmuş məbləğdə pul əlavəsi hesablanaraq ödənilməlidir. Lakin xidmətdə olduğu müddətdə həmin pul ona ödənilməmişdır. Keçən ilin axırlarında Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli qərarı ilə tanış olduqda ona məlum oldu ki, şifrləmə işini fasiləsiz olaraq bir il işləmiş əməkdaşa belə müəyyən olunmuş faizlə pul ödənilməli və əmək pensiyasına hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq 12.12.2019-cu il tarixdə o DİN-ə, nazir cənab V.Eyvazovun adına məktub göndərmiş. DİN-nin Maliyyə-Plan İdarəsininin rəisi Ramil Baloğlanovun adından ona ünvanlanmış 22.01.2020-ci il rarixli 027-66709c-4220 nömrəli məktubda həqiqətən Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli qərarına əsasən şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsinin vəzifə maaşına hesablanaraq ödənilməli olduğunu, lakin xidmət etdiyi Biləsuvar və Astara rayon Polis Şöbələrində şifrləmə işi üzrə xidmətə buraxılmağı barədə əmr olmadığı üçün həmin pul əlavəsinin ona verilmədiyi göstərilmişdir. Bununla əlaqədar Biləsuvar RPŞ-nin 16.01.2020 ci il tarixli 139- ***-**** və Astara RPŞ-nin 17.01.2020-ci il tarixli 135-1155-1220 nömrəli məktubları əsas hesab edilmişdir. Məktubun məzmunundan məlum olur ki, xidmət dövründə şifrləmə işinə görə vəzifə maaşıma pul əlavəsinin ona ödənilməməsinin səbəbi Polis Şöbələrində bununla bağlı müvafiq əmrlərin verilməməsidir. Polis şöbəsi rəislərinin günahı ucbatından şifrləmə işi ilə məşğul olmağı barədə əmr verilməməsini əsas götürən DİN-nin MPİ-nin şikayətimə düzgün baxmaması, hüququnu pozaraq ona ödənilməli olan pul vəsaitinin verilməsindən qanunsuz olaraq imtina etməsi barədə onlayn qaydada X5 cənab Vilayət Eyvazova və əməliyyat aparatının rəhbəri olaraq DİN-nin 1-ci müavini cənab Seyfulla Əzimova müraciət etmiş. Hər iki müraciətinə DİN-nin Katibliyin rəisi Səfər Əliyevin imzası ilə 20.02.2020-ci il tarixli 001- 66709/2c nömrəli məktubla cavab verilmişdir. Məktubda göstərilir: “Aparılmış araşdırma nəticəsində Nazirlikdə təşkil olunmuş qısa müddətli kursun yekunu üzrə kodlaşdırılmış sənədlərlə sərbəst işə buraxılmağının mümkünlüyü barədə müvafiq komissiyanın 14.02.1997-ci il tarixli rəyin olması müəyyən edilmiş, lakin Biləsuvar və Astara rayon polis şöbələrində xidmət etdiyi dövrdə ona şifrləmə ilə bağlı funksiyaların icrasının həvalə olunmasını təsdiq edən sənədlər aşkar olunmamışdır. Qeyd olunmalıdır ki, DİN-nin normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq DİO-da şifrləmə işi orqan rəisinin əmri ilə həmin orqanın kodlaşdırma sənədləri ilə işə buraxılışı və bu sahədə zəruri bilikləri olan aidiyyatı əməkdaşlarına həvalə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetuinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əsasən müvafiq funksiyaların icrası həvalə olunmuş əməkdaşların vəzifə maaşına şifrləmə işində (azı bir il) fasizləsiz xidmət etdiyinə görə pul əlavəsi hesablanaraq ödənilir. Göstərilənlər baxımından əvvəlki müraciətinin baxılmasının nəticəsinə dair Maliyyə-Plan İdarəsinin 22.01.2020-ci il tarixli 027-66709c-4220 nömrəli məktubunda da izah edildiyi kimi DİO-da şifrləmə işində fasiləsiz xidmət etməyi ilə bağlı xüsusatlar təsdiqini tapmadığı üçün müraciətində qeyd olunan məsələnin təmin olunması mümkün deyildir”. Katibliyin cavab məktubu ilə təsdiq olunur ki, onun həqiqətən kodlaşdırılmış sənədlərlə işləmək üçün DİN-də kursda olmağı və o cür sənədlərlə sərbəst işə buraxılmağı barədə müvafiq komissiyanın 14.02.1997-ci il tarixli rəyi vardır. DİN-nin 2-ci Məxfi Şöbəsi həmin rəyi Polis Şöbəsinə göndərməli və şöbə rəisi şifrləmə işinin aparılmasının ona həvalə olunması barədə müvafiq əmr verməli idi. Göründüyü kimi 2-ci məxfi şöbə komissiyanın rəyini şöbəyə göndərmədiyindən şöbə rəisləri tərəfindən də müvafiq əmrlər verilməmişdir. Kimlərinsə xidməti vəzifələrinə səhlənkar münasibətinə görə onun hüququ pozulmuşdur. DİN-nin MPİ və Katibliyi yaxşı bilir ki, şöbə rəisinin əmri olmasa belə şifrləmə işi ilə məşğul olmaq birbaşa əməliyyat işləri üzrə rəis müavininin vəzifə borcuna daxildir. Onun həqiqətən bu işi icra etməyini isə MPİ və ya Katiblik bir-iki saat ərzində aydınlaşdırmaq imkanına malikdir. Göründüyü kimi DİN-nin Maliyyə Plan İdarəsinin və Katibliyin aidiyyatı əməkdaşları vaxtilə yol verilən qanunsuzluqları aradan qaldırmaq əvəzinə araşdırma aparmadan, işlərinə məsuliyyətsiz yanaşaraq gün kimi aydın olan faktı ört-basdır etmək yolunu tutaraq şikayətinə başdansovdu cavablar verməklə işlərini bitmiş hesab etmişlər. Bütün bunları nəzərə alaraq 27.02.2020 və 06.03.2020-ci il tarixlərdə Nazir cənab Vilayət Eyvazova teleqramlar verərək onu şəxsən qəbul etməsi ilə bağlı müraciətlər etmiş. Həmin müraciətlərinə DİN-nin Katibliyinin rəisi Səfər Əliyevin imzası 26.03.2020-ci il tarixli 001- 66709/2C nömrəli maraqlı bir cavab məktubu göndərilmişdir. Məktubda deyilir: ’’Əvvəlki müraciətlərinizə baxılmasının nəticəsi barədə cavab məktubunu almamağınızla bağlı DİN-nin rəhbərliyinə ünvanladığınız müraciətinizə baxılmışdır”. Və Katibliyin 20.02.2020-ci il tarixli məktubun surəti cavab məktubuna əlavə edilərək təkrar olaraq ona göndərilmişdir. Katiblik əməkdaşının səhlənkarllığı, işinə məsuliyyətsiz münasibəti, şikayəti biganə, başdansovdu icra etməsi göz qabağındadır. Görünür verdiyi teleqrammalar ümumiyyətlə Katiblikdə oxunmamışdır. Yüksək rütbəli polis veteranının müraciətinə Katibliyin bu cür yanaşmasını onu ələ salmaq kimi qəbul etmək məcburiyyətində qalır. O, eyni məzmunlu tələblə təqaüdə çıxan polis əməkdaşlarının əmək pensiyasını təyin edən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 25.02.2020-ci il tarixdə ərizə vermiş. İdarənin rəisi Zəka Mirzəyevin imzaladığı 13.03.2020-ci il tarixli **********8 nömrəli cavab məktubunda göstərilir: ” Ərizəyə cavab olaraq bildirmişlər ki, AR NK-nin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözü gedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədi ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Azərbaycan Respublikası DİN tərəfindən təqdim olunmuş sizə dair 12 aprel 2012-ci il tarixli 3943 nömrəli məlumat vərəqəsində şifrləmə işinə görə əlavə göstərilməmişdir. Bu səbəbdən də həmin əlavənin təminat xərcliyinizə daxil edilməklə əmək pensiyanızın yenidən hesablanması mümkün deyil”. Fasiləsiz olaraq yeddi il altı ay ərzində ( fevral 1997-avqust 2004) şifrləmə işini icra etdiyi üçün vəzifə maaşına əlavə edilməli olan pul əlavəsinin hesablanılıb ona ödənilməsinə göstəriş verməsi xahişi ilə son dəfə 05 avqust 2020-ci il tarixdə nazir cənab V.Eyvazova sifarişli məktub göndərmiş. Həmin məktuba DİN-nin Katibliyin rəsi Səfər Əliyevin imzası ilə təsdiq olunan 11.09.20-ci il tarixli 001-66709/3c saylı məktubda “Biləsuvar və Astara RPŞ-lərdə şifrləmə işi ilə məşğul olmağını təsdiq edən rəsmi sənəd aşkar olunmamasına” görə tələbinin təmin edilməsinin mümkün olmaması barədə təkrar olaraq şablon, həqiqətə uyğun olmayan, başdansovdu cavab verilmişdir. Beləliklə, 1997-ci ilin fevral ayından 2001-ci ilin avqust ayına kimi Biləsuvar RPŞ-də; 2001-ci ilin avqust ayından 2004-cü ilin avqust ayına kimi isə Astara RPŞ-də əməliyyat işləri üzrə rəis müavini olaraq ümumən yeddi il altı ay ərzində şifrləmə işini icra etməyinə görə vəzifə maaşına hesablanmayan qanunda nəzərdə tutulan pul əlavəsinin ona ödənilmədiyi təsdiq olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclasında imtinaya uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - AA1849437 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı azərbaycan respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.01.2020-ci il tarixli №027-66709C-4220 saylı imtina məktubunun surətindən görünür ki, şifrləmə işində fasiləsiz xidmət etməyə görə əlavənin verilməsinə dair DİN-in rəhbərliyinə ünvanlanan müraciətə nazirliyin Maliyyə-Plan İdarəsində baxılmışdır. Şifrləmə işində xidmət etməyə görə pul əlavəsinin verilməsi ilə bağlı “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əsasən şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi vəzifə maaşına hesablanaraq ödənilir. Müraciət ilə bağlı Astara və Biləsuvar rayon polis şöbələrinə sorğular göndərilmişdir. Astara RPŞ-nin 17.01,2020-ci il tarixli 135-1155-1220 nömrəli və Biləsuvar RPŞ-nin 16.01,2020-ci il tarixli 139-792-1220 nömrəli məktublarına əsasən xidmət etdiyi dövrdə şifrləmə işi üzrə xidmətə buraxılmağı barədə rayon polis şöbələrinin əmri olmadığı üçün ona bu müddət ərzində əlavə ödənilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Katibliyi tərəfindən İddiaçı ünvanlanmış № 001-66709/2C nömrəli 20 fevral 2020-ci il tarixli məktubdan görünür ki, Daxili işlər orqanlarında şifrləmə işində fasiləsiz xidmət etməyə görə qanunvericilikdə nəzərdə tutulan əlavənin ödənilməsi ilə bağlı Nazirliyin rəhbərliyinə ünvanlanan təkrar müraciətə baxılmışdır. Aparılmış araşdırma nəticəsində, Nazirlikdə təşkil olunmuş qısamüddətli kursun yekunu üzrə kodlaşdırılmış sənədlərlə sərbəst işə buraxılmanın mümkünlüyü barədə müvafiq komissiyanın 14.02.1997-ci il tarixli rəyinin olması müəyyən edilmiş, lakin Biləsuvar və Astara Rayon Polis şöbələrində xidmət etdiyi dövrdə şifrləmə ilə bağlı funksiyaların icrasının həvalə olunmasını təsdiq edən sənədlər aşkar olunmamışdır. Qeyd olunmalıdır ki, DİN-in normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq, daxili işlər orqanında şifrləmə işi orqan rəisinin əmri ilə həmin orqanın kodlaşdırma sənədləri ilə işə buraxılışı və bu sahədə zəruri bilikləri olan aidiyyəti əməkdaşlarına həvalə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əsasən müvafiq funksiyaların icrası həvalə olunmuş əməkdaşların vəzifə maaşına şifrləmə işində (azı bir il) fasiləsiz xidmət etdiyinə görə pul əlavəsi hesablanaraq ödənilir. Göstərilənlər baxımından, əvvəlki müraciətə baxılmasının nəticəsinə dair Maliyyə- Plan İdarəsinin 22.01.2020-ci il tarixli 027-66709C-4220 nömrəli məktubunda da izah edildiyi kimi, daxili işlər orqanlarında şifrləmə işində fasiləsiz xidmət etməyi ilə bağlı xüsusatlar təsdiqini tapmadığı üçün müraciətdə qeyd olunan məsələnin təmin olunması mümkün deyildir. - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 025192 saylı vəsiqənin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4.1-ci maddəsinə uyğun olaraq 24.03.2021-ci il tarixdən yaşa görə 685,60 manat pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ərizəsinə ünvanlanmış 13.03.2020-ci il tarixli № **********8 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş İddiaçı dair 12 aprel 2012-ci iltarixli 3943 nömrəli məlumat vərəqəsində şifrləmə işinə görə əlavə göstərilməmişdir. Bu səbəbdən də həmin əlavənin təminat xərcliyinə daxil edilməklə əmək pensiyasının yenidən hesablanması mümkün deyil. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara rayon Polis Şöbəsi tərəfindən verilmiş 10.03.2020-ci il tarixli № 135-4860C-1220 saylı arayışından görünür ki, sabiq polis polkovnik-leytenantı İddiaçı 09 avqust 2001-ci il tarixdən 05 avqust 2004-cü il tarixə kimi Astara rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində xidmət etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş 04.04.2003-cü il tarixli № 1136 saylı arayışıdan görünür ki, polis polkovnikleytenantı İddiaçı həqiqətəndə 1995-ci ilin iyun ayından, 2001-ci ilin avqust ayına kimi Biləsuvar RPŞ-nin əməliyyat-işləri üzrə rəis müavini vəzifəsində işləmişdir. Məhkəmə sorğusu əsasında daxil olmuş sənədlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilat-İnspeksiya İdarəsinin 04.03.2021-ci il tarixli № 002-221-1221 saylı məktubundan görünür ki, Daxili işlər orqanları əməkdaşlarının şifrələmə işi ilə işləməyə buraxılması Nazirliyin müvafiq komissiyasının rəyi olduqdan sonra orqan rəisinin əmri ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əsasən şifrələmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi bu sahədə müvafiq funksiyaların icrası həvalə edilmiş əməkdaşların vəzifə maaşına hesablanaraq ödənilir. 1997-2001-ci illərdə Biləsuvar Rayon Polis Şöbəsində və 2001-2004-cü illərdə Astara Rayon Polis Şöbəsində xidmət etdiyi dövrdə İddiaçı şifrələmə işi ilə bağlı funksiyaların icrasının həvalə edilməsi barədə hər hansı təsdiqedici sənəd müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar rayon Polis Şöbəsinin 06.03.2021-ci il tarixli № 139-6328-1221 saylı məktubundan görünür ki, İddiaçı 1997- 2001-ci illərdə Biləsuvar rayon Polis Şöbəsində xidmət etdiyi müddətdə, şifrələmə işlərini həyata keçirilməsi üçün əsas olan əmrin olmaması səbəbindən ona “vəzifə maaşına müvafiq əlavə”nin ödənilməməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilat-İnspeksiya İdarəsinin 01.05.2021-ci il tarixli № 002-374-1221 saylı məktubundan görünür ki, 1997-2001-ci illərdə Biləsuvar Rayon Polis Şöbəsində və 2001-2004-cü illərdə Astara Rayon Polis Şöbəsində xidmət etdiyi dövrdə İddiaçı şifrələmə işi ilə bağlı funksiyaların icrasının həvalə edilməsi barədə hər hansı təsdiqedici sənəd müəyyən edilməmişdir. Daxili işlər orqanlarında şifrələmə işini həyata keçirən əməkdaşlar barədə məlumatın və bu işin həyata keçirilməsinə əsas olan sənədlərin konfıdensial xarakter daşıması baxımından tədqim edilməsinin məqsədəmüvafiq olmadığı qeyd edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar rayon Polis Şöbəsinin 10.05.2021-ci il tarixli № 139-11659-1221 saylı məktubundan görünür ki, şöbənin 1997- 2001-ci illəri əhatə edən əmrlərə baxılmış, lakin rayon polis şöbəsinin hər hansı bir əməkdaşının şifrələmə işinə təhkim olunub-olunmaması barədə əmrin aşkar olunmadığı qeyd edilmişdir. Beləliklə, işdən aydın olur ki, iddiaçı Biləsuvar rayon polis şöbəsində və Astara rayon polis şöbəsində əməliyyat işi üzrə rəis müavini vəzifəsində xidmət etdiyi müddətdə şifrləmə işini həyata keçirdiyini iddia edərək, həmin fəaliyyətə görə vəzifə maaşına hesablanmayan fərq pulunun yenidən hesablanıb, ödənilməsini xahiş edir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı 01.10.1983-cü ildən 24.03.2012-ci ilədək Daxili İşlər orqanlarında xidmət etmiş, 1995-ci ilin iyun ayından 2001-ci ilin avqust ayına kimi Biləsuvar rayon polis şöbəsinin, 09 avqust 2001-ci ildən 05 avqust 2004-cü il tarixə kimi isə Astara rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində işləmişdir. İşin mübahisələndirilən halı iddiaçının Biləsuvar rayon polis şöbəsində və Astara rayon polis şöbəsində əməliyyat işi üzrə rəis müavini vəzifəsində işləyərkən şifrləmə işini həyata keçirib-keçirməməsi ilə bağlıdır. Məhkəmə tərəfindən araşdırılmalı hal iddiaçının 1995-ci ilin iyun ayından 2001-ci ilin avqust ayına kimi Biləsuvar rayon polis şöbəsinin, 09 avqust 2001-ci ildən 05 avqust 2004cü il tarixə kimi isə Astara rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində işləyərkən şifrləmə işini həyata keçirib-keçirməməsidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydalarının 3-cü bəndinə əsasən şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir: 1 ildən 3 ilə qədər- 10 faiz, 3 ildən 6 ilə qədər- 15 faiz, 6 ildən yuxarı - 20 faiz. Beləliklə müəyyən edilir ki, daxili işlər orqanında şifrləmə işi orqan rəisinin əmri ilə həmin orqanın kodlaşdırma sənədləri ilə işə buraxılışı və bu sahədə zəruri bilikləri olan aidiyyəti əməkdaşlarına həvalə edilir. İş üzrə araşdırma zamanı müxtəlif sorğular verilmiş, sorğulara cavab məktublarından aydın olur ki, iddiaçının 1995-ci ilin iyun ayından 2001-ci ilin avqust ayına kimi Biləsuvar rayon polis şöbəsinin, 09 avqust 2001-ci ildən 05 avqust 2004-cü il tarixə kimi isə Astara rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində işləyərkən şifrləmə işi üzrə xidmətə buraxılması barədə hər hansı bir əmr verilməmiş, iddiaçının bu fəaliyyətlə məşğul olmasına dair heç bir sübut təqdim edilməmişdir. Belə olan halda iddiaçının daxili işlər orqanlarında şifrləmə işində fasiləsiz xidmət etməyilə bağlı dəlilləri təsdiqini tapmadığından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsassız sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “vəzifə maaşına pul əlavəsinin hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar