Məhkəmə qərarları › İş №2-1(112)-2119/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2119/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2119/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Hal-hazırda da işləyir, dəniz şəraiti olmaqla zərərlidir. Pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etsə də müraciətinə cavab verilməmişdir. İşlədiyi peşə və əsasən də dəniz şəraitində işləməsi ona 1-ci siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, güzəştli iş stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaztikinti Tresti”nin 4 saylı Tikinti Quraşdırma idarəsində elektrik montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə vasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki. həmin müəssisənin fəaliyyət istiqaməti Qərarın 1 №-li Siyahısında nəzərdə tutulmuş “Neftin qazılması və hasilatı (dəniz neftçiləri ücün), neft qaz, qaz kondensatı, kömür və sistin emah”na deyil tikintiyə aiddir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yasa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinin əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu sənədlərin təqdim edilməsi ilə bağlı iddiaçıya bildiriş göndərsə də, iş materiallarından görünür ki, iddiaçı müraciət edən zaman ərizəsinə tələb olunan sənədləri əlavə etmişdir. Eyni zamanda iddia ərizəsinə etirazdan da görünür ki, cavabdeh iddiaçının müraciəti ilə razılaşmır və xüsusi iş stajının yetərli olmamasına istinad edir. Belə olan halda, iddiaçının yenidən sənədləri cavabdehə təqdim etməsi və imtina cavab almasına zərurət yoxdur və məhkəmə iddianın mümkün hesab edilməklə mahiyyəti üzrə baxılrmasını “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 52 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun xüsusi stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması. Cavabdeh tərəfindən iddiaya etirazda iddiaçının ümumi stajla bağlı şərtləri ödəməsi mübahisələndirilməmişdir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının xüsusi stajının yetərli olmamasıdır. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 01.09.1976-xx.xx.1979-cu illərdə orta texniki peşə məktəbində təhsil (2 il 10 ay 20 gün); - 25.07.1979-xx.xx.1979-cu illərdə elektrik montyoru (3 ay 12 gün); - 29.11.1979-xx.xx.1981-ci illərdə hərbi xidmət (2 il 4 gün); - 11.02.1982-xx.xx.1982-ci illərdə elektrik montyoru (4 ay 2 gün); - 05.07.1982-xx.xx.1982-ci illərdə elektrik montyoru (4 ay 12 gün); - 15.12.1982-xx.xx.1983-cü illərdə elektrik montyoru (3 ay 12 gün); - xx.xx.1983-xx.xx.1984-cü illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik montyoru (1 il 3 ay 3 gün); - 01.08.1984-xx.xx.1985-ci illərdə elektrik montyoru (9 ay 16 gün); - xx.xx.1985-xx.xx.1998-ci illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik montyoru (12 il 11 ay 5 gün, 1100000a- 19861); - xx.xx.1998-xx.xx.1998-ci illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru (7 ay 12 gün); - xx.xx.1999-xx.xx.2014-cü illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik montyoru (xx.xx.2006-cı ilədək 6 il 11 ay) Məhkəmə icraatı zamanı, iddiaçının xx.xx.1983-xx.xx.1984, xx.xx.1985-xx.xx.1998, xx.xx.1998-xx.xx.1998 və xx.xx.1999-xx.xx.2014-ci illərdə çalışdığı “elektrik montyoru” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluq təşkil edibetməməsi ilə araşırma aparılmışdır. Verilmiş sorğulara cavab olaraq: SOCAR-ın “Neftqaztikinti” trestinin xx.xx.2021-ci il məktubunda “elektrik mantyoru” peşəsinin “1 №-li Siyahı”da nəzərdə tutulmaması göstərilmiş və İddiaçı xx.xx.1998xx.xx.1998-ci il tarixdə işləməsi ilə bağlı arxiv arayışı əlavə edilmişdir. Lakin, onun “Xəzərdənizneftqaztikinti” xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrə münasibət bildirilməmişdir; SOCAR Baş Ofis Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı xx.xx.1983-xx.xx.1984, xx.xx.1998-xx.xx.1998 və xx.xx.1999-xx.xx.2014-cü il tarixlərdə işlədiyi peşələrin “1 №-li Siyahı”da nəzərdə tutulmaması göstərilmiş, lakin xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövr həmin siyahıya aid edilmişdir; 4 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli məktubunda isə hər hansı dövr qeyd edilmədən işlədiyi peşənin güzəştli olmaması göstərilmişdir. Göstərilən işin obyektiv araşdırılması məqsədi ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Neftqaztikinti” trestinə yenidən sorğu verilmiş və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Neftqaztikinti” trestinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixindən “Xəzərneftqaztikinti” (indiki Neftqaztresti) trestinə elektrik montyoru peşəsi üzrə işə qəbul edilmişdir, xx.xx.1984-cü il tarixində öz təşəbbüsü ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixindən “Xəzərneftqaztikinti” trestinə elektrik montyoru peşəsi üzrə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixindən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixindən “Xəzərneftqaztikinti” trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin Baş Mexanikə şöbəsinə müvəqqəti 6-cı dərəcəli elektrik montyoru peşəsinə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli 121/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə “Xəzərneftqaztikinti" trestinə elektrik montyoru peşəsi üzrə işə qəbul edilmişdir xx.xx.2014-cü il tarixindən işdən azad edilmişdir. Keçmiş işçi İddiaçı əvvəlki “Xəzərneftqaztikinti” indiki “Neftqaztikinti" trestində mövcud olan peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlatın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı"sına müvafiq olaraq xx.xx.1985-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan hissəsi aiddir. Trest xx.xx.1985-xx.xx.1998-ci illər arasında Dənizdə Neftin qazılması və hasilatı neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, “Neft-qaz və qaz kondensatının hasilatı” işləri ilə məşğul olmuşdur. İddiaçı həmin müddətdə elektrik montyoru peşəsində çalışmışdır. Onun xx.xx.1985-ci ildən xx.xx.1998-ci il tarixinədək işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlatın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı" sında “X bölmənin Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinə (kod 1100000a-19861) aiddir. İddiaçı xx.xx.1983cü ildən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək və xx.xx.1999-xx.xx.2014- cü il tarixləri arasında işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlatın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı"sına aid deyildir. Yuxarıda qeyd edilən müddətlərdə trest Dənizdə Neftin qazılması və hasilatı işləri ilə məşğul olmamış, ancaq dənizdəki texnikanın təminatı və təchizatı, tikinti və quraşdırma işlərini icra etmişdir. İddiaçı qeyd edilən dövrlər arası isə texnikaların və avadanlıqların təmiri və quraşdırılması işində "elektrik montyoru" vəzifəsində çalışmışdır. Ona görədə qeyd edilən dövrlər AR NK-nin müəyyən etdiyi 1 №-li Siyahıya aid deyildir. Göründüyü kimi, iddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi “elektrik montyoru” peşəsinin xx.xx.2006-cı ilədək 12 il, 11 ay, 05 gün olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə “1100000a-19861” kod ilə nəzərdə tutulan “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” peşəsi ilə uyğunluq təşkil etməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Neftqaztikinti” trestinin xx.xx.2022-ci il tarixli məktubunda öz təsdiqini tapmışdır. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 52 yaşı tamamdır, təhsil və hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla xx.xx.2006-cı ilədək ümumilikdə 28 il 8 ay 8 gün olmaqla 20 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən artıq müddət, 12 il, 11 ay, 05 gün ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin imtina dəlili əsaslı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar