Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-212/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Bakı şəhər, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin 08 oktyabr 2005-ci il tarixli, 25 saylı sərəncamına əsasən Zığ qəsəbəsi, Şimal hissəsindən 600 (altı yüz) kv.m. fərdi ev tikintisi üçün ayrılan torpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyata alınması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Suraxanı rayonu Zığ Bələdiyyəsinin 08 oktyabr 2005-ci il tarixli, 25 saylı sərəncamına əsasən Zığ qəsəbəsi Şimal hissəsindən 600 (altı yüz) kv.m torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılaraq onun mülkiyyətinə verilmişdir. Bundan sonra Zığ Bələdiyyəsi ilə onun arasında yuxarıdakı sərəncama uyğun “torpaqları alqı-satqısına dair” akt tərtib olunmuşdur. Həmin akta əsasən Bakı şəhər Suraxanı rayonu Zığ Bələdiyyəsinin 08 oktyabr 2005-ci il tarixli, 25 saylı sərəncamına uyğun olaraq Zığ qəsəbəsi Şimal hissəsindən ayrılan fərdi ev tikintisi üçün 600 (altı yüz) kv.m torpaq sahəsinə görə Bələdiyyənin kassasına pul ödəmişdir. Bundan sonra bələdiyyə tərəfindən vergiyə cəlb olunmuş və bu günə qədər də həmin vergini vaxtlıvaxtında ödəyir. Bələdiyyə tərəfindən ona fərdi ev tikintisi üçün ayrılan torpaq sahəsinin cizgi sxemi çəkilərək ona təqdim olunmuşdur. Torpaq sahəsi onun istifadəsində verildiyi gündən hasarla əhatə olunmuş, həmin torpaq sahəsində 100-dən artıq sayda müxtəlif meyvə və bəzək ağacları əkmiş, torpağa kultivasiya və aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan torpaq sahəsindən istifadəyə görə vaxtlı-vaxtında dövlət rüsumlarını ödəmişdir. Bundan başqa bağ torpaq sahəsindən istifadə edərkən təbəqə qoruyucu tələblərə əməl etmiş, torpağı münbit qatıı qoruyub saxlamış, ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamışdır. Qanuni əsaslarla istifadəsində olan bağ torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh **********70 qeydiyyat nömrəli, 01 iyul 2019-cu il tarixli məktubla xahişini təmin etməkdən imtina etmiş, imtinası onun adına verilmiş torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olunması, torpaq sahəsinin yerləşmə cizgisində istinad məlumatı olmadığından dəqiqləşmə aparılması mümkün olmaması, bundan başqa təqdim edilmiş torpaqların alqı-satqısma dair aktı keçmiş DTXK-i tərəfındən təsdiq edilməməsi və torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərarı əlavə edilməməsi ilə əsaslandırmışdır. Aşağıda göstərilən səbəblərdən hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və həmin bağ torpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyatdan keçirilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunan toraq sahəsi 2005-ci idən, yəni 15 ilə qədər bir müddətdə onun istifadəsindədir. Hər hansı fıziki və hüquqi şəxsin həmin torpaq sahəsinə hər hansı bir iradı olmayıb. Ona təqdim olunan torpaq cizgi sxemindən də görünür ki, həmin torpaq sahəsinin sərhədləri şərti deyil və hər hansı şəxsin torpağı ilə üst-üstə düşmür. Onun istifadəsində olan həmin torpaq sahəsi üzrə heç bir mübahisə yoxdur. Həmçinin qeyd olunan torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olunması doğru deyil. Əvvəlan ona torpaq verilən gündən Dövlət Neft Şirkəti tərəfindən hər hansi xəbərdarlıq olmayıb. İkincisi qeyd edilən torpaq sahəsi zəbt olunmayıb, yerli özünü idarəetmə orqanı olan bələdiyyə tərəfındən onun balansında olan torpaqlardan verilib. Həmçinin bu torpaq sahəsinə görə o, Bələdiyyənin büdcəsinə pul odəmişdir və ona ödəniş qəbzi təqdim olunub. Lakin cavabdeh inzibati orqan qeyd olunmuş normanı nəzərə almamış və ona qanunsuz və əsassız olaraq imtina verərək, torpaq sahəsini özəlləşdirməkdən imtina etmişdir. Hazırda cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməməsi ilə onun hüquqları pozulmuşdur. Cavabdeh iddia tələbinə dair verdiyi etirazını onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsinin (sərhədiər şərtidir və göstərilən yerin bir hissəsi digər şəxsin müraciəti ilə üst-üstə düşür) yerləşmə cizgisində istinad məlumatı olmadığından dəqiqləşmə aparmaq mümkün olmamışdır. Bundan başqa təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmişdir və torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərarı əlavə edilməmişdir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya 01.07.2019-ci il tarixli **********70 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımı qaydada xəbərdarlıq edilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı rayonu Zıq Bələdiyyəsinin 25 №-li, 08.10.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı ərizə ilə Zığ Bələdiyyəsinə müraciət edərək fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyədə vətəndaş İddiaçı ərizəsinə baxılmış və ona Zığ qəsəbəsi, Şimal hissəsində 600 kvm. torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. X6 Orqanının qərarını, Azərbaycan Respublikası Torpaq Qanunun 47-ci maddəsinin 7-ci bəndini, “Bələdiyyələtin statusu haqqında” Qanunu, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 1999-cu ul tarixli Fərmanının, eləcə də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunvericiliyini əsas tutaraq ünvan 1 ünvanında yaşayan İddiaçı Zığ qəsəbəsi Şimal hissəsindən 600 kv.m. torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsi, ətraf ərazinin abadlığı və təmizliyi vətəndaş İddiaçı hesabına yerinə yetirilməsinə, Nazirlər Kabinetinin 106 sayli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsinə müraciət olunmasına, X1 mülkiyyətçini vergiyə cəlb etməsinə, ayrılmış torpaq sahəsinin vətəndaş İddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin ikinci bəndinin ikinci abzasına uyğun olaraq əvəzi ödənilməklə verilməsinə Bələdiyyə sədri R.M.Xəlilov tərəfindən sərəncam verilmişdir. - İddiaçı ilə Zığ Bələdiyyəsi arasında bağlanmış 08.10.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın suərtindən görünür ki, Zəğ Bələdiyyəsi ərazisində 600 kvm torpaq sahəsinin satılması barədə 08.10.2005-ci il tarixli, 25 saylı qərara əsasən İddiaçı 15600 manatı Zığ Bələdiyyəsinə ödəmişdir. - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş 1159 №-li, 04.10.2019-cu il tarixli arayışdan görünür ki, Zığ Bələdiyyəsinin 08.10.2005-ci il, 25 saylı qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi Zığ qəsəbəsinin Şimal hissəsində yerləşir və Zığ Bələdiyyəsinin inzibati ərazisi daxilindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********49 №-li, 09.12.2019-cu il tarixli məktubundan və ona əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, koordinatları müəyyən edilməklə ölçülmüş torpaq sahəsi Azneft İB X4 Mədənlərinin ərazisi olub, dövlət mülkiyyətidir. - “SOCAR” tərəfindən məhkəməyə ünvanlanmış **********30480092X00003 №-li, 29.06.2020-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsində olan ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonaları daxilində olub-olmadığının müəyyən olunması üçün, torpaq sahəsinə baxış keçirilməli və koordinatları müəyyən olunmalıdır. Lakin iddiaçının məhkəmə tərəfindən təqdim olunmuş ***-***-**-** mobil nömrəsi ilə bir neçə dəfə əlaqə saxlanılmış, torpaq sahəsinin yerinin göstərilməsi xahiş olunmuş, lakin o, hər dəfə xəstə olduğunu bildirərək, torpaq sahəsinin yerini göstərməmiş və bu səbəbdən, həmin torpaq sahəsinə dair müvafiq rəy verilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sorğuda qeyd olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal hissəsi ünvanında SOCAR-ın daimi istifadəsində olan torpaq sahələri mövcuddur. Ehtimal olunur ki, iddiaçıya məxsus torpaq sahəsi də həmin kateqoriya torpaq sahələrinə aiddir. - Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 29.07.2020-ci il tarixli, 71 №-li məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Suraxnı rayonu Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamış və sənədləşdirmə işləri aparılmamışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********70 №-li, 01.07.2019-cu il tarixli məktubdan görünür ki, ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsinin (sərhədlər şərtidir və göstərilən yerin bir hissəsi digər şəxsin müraciəti ilə üst-üstə düşür) yerləşmə cizgisində istinad məlumatı olmadığından dəqiqləşmə aparmaq mümkün olmamışdır. Bundan başqa təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmişdir və torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərarı əlavə edilməmişdir. Bu səbəblərdən ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (sərəncam verilən zaman qüvvədə olan redaksiyası) - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. - 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. - 20.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarfnın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin (sərəcam verilən zaman qüvvədə olan redaksiyası): - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 13-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir. - 15-ci bəndinə görə bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. - 17-ci bəndinin tələbinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. - 25-ci bəndinin tələbinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. - 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini (sərəncamın verildiyi tarixdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırılması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Şimal hissəsində 600 kvm. torpaq sahəsinin fərdi evin tikintisi məqsədi ilə İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 08 oktyabr 2005-ci il tarixli, 25 saylı sərəncamı verilən zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi (bələdiyyə qərarının qəbulu, torpağın bələdiyyənin mülkiyyətində olması, alqı-satqı müqaviləsinin bağlanması, müvafiq orqanların rəylərinin alınması), həmçinin iddia olunan torpaq sahəsinin bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahəsinə deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmaqla dövlət mülkiyyətində olması müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin 25 saylı, 08 oktyabr 2005-ci il tarixli sərəncamı hazırda qüvvədə olsa da iddia edilən torpaq sahəsinə dair bələdiyyənin qanunvericiliyin tələblərinə uyğun qərarı, alqı-satqı müqaviləsi, eyni zamanda sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadığından, eyni zamanda üzərində sərəncam verilmiş torpaq sahəsi bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahəsi olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. İş materiallarından həmçinin görünür ki, iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri 94,58 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olmadığından iş üzrə mütəxəssisə ödənilməli olan məbləğ iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Aparılmış mütəxəssis tədqiqatının dəyəri 94 (doxsan dörd) manat 58 (əlli səkkiz) qəpik İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (Benefisarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kpdu: 200071, VÖEN: **********; SWİFT kod: AİİBAZ2X; Mühbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: KADASTR VƏ YEQUR LAYİHA TADQ MAR; benefisiarın hesabı AZ23AİİB********************, VÖEN: **********) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-212/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-212/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver