Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2121/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 31.1998-xx.xx.2023-cü il tarixədək Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. 10 oktyabr 2023-cü il tarixdən 55 yaşa çatması ilə əlaqədar olaraq xitmətkeçməsinə xitam verilmişdir. İddiaçı qeyd edir ki, 2015-ci ilin oktyabr ayında Qanunun 9.7-2-ci maddəsinə əsasən xidmət etdiyi dövrdə pensiya hüququ yaranmışdır. Ona pensiya təyinatı da aparılmış, pensiya kartına pulun ödənilmədiyi müəyyən edilmişdir. Səbəb olaraq bildirilmişdir ki, xidmət illəri və yaşı az olmuşdur. İddiaçı qeyd edir ki, 2015-ci il tarixdə cavabdehin qərarı ilə pensiya təyinatı aparılmış, ümumi stajı 28 il olmuşdur. İddiaçı qeyd edir ki, ona 2015-ci ilin noyabr ayından bu günə kimi 25 iyul 2024-cü il tarixə kimi ödəniş edilməlidir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xidmətdə olduğu üçün, ona qeyd edilən dövrdə pensiya təyinatı aparılmamışdır. Məlumat vərəqəsində xidmət illəri 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyaya əsasən tələb edilən 25 ildən az-21 il 1 ay 29 gün təşkil etmişdir. Məlumat vərəqəsinin göndərildiyi tarixdə qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin iddiaçının həmin dövrdə 47 yaşı olmuşdur) çatmadığı və tələb olunan 25 il xidmət müddəti olmadığı üçün iddiaçıya Qanunun 9.7.2-ci və 20.28.2-ci maddələrinə əsasən əmək pensiyasının təyin ediməsi mümkün deyildir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 01 yanvar 2016-cı il tarixdən 11 oktyabr 2023-cü il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Əmrdən çıxarışdan görünür ki, son yaş həddinə çatması ilə əlaqədar iddiaçının fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Cavabdehin 31 may 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məlumat vərəqəsində iddiaçının xidmətdə olduğu qeyd edildiyindən, ona qeyd edilən dövrdə pensiya təyinatı aparılmamışdır. 26 noyabr 2015-ci il tarixə tələb olunan 25 il xidmət müddəti olmamışdır. Ona, 11 oktyabr 2023-cü il tarixindən xüsusi rütbəli şəxs kimi yaşa görə pensiya təyinatı aparılmış, xidmət müddəti 35 il 11 ay 24 gün olaraq göstərilmişdir. Pensiya uçot vərəqəsində qeyd edilmişdir ki, iddiaçının ilkin pensiya təyinat tarixi 01 yanvar 2016-cı il tarixdir, 28 il staja uyğun olaraq təyinat aparılıb. 22 dekabr 2015-ci il tarixli qərardan görünür ki, 01 yanvar 2016-cı il tarixdən iddiaçıya yaşa görə pensiya təyin edilmişdir. Məlumat vərəqəsindən görünür ki, təqvim üzrə xidmət ili 21 il 01 ay 29 gün, ali təhsil və güzəştli xidmət illəri ilə birlikdə 28 il 01 ay 03 gün cəmi xidmət ili mövcud olmuşdur.Pensiya təyinatı Qanunun 9.7-2-ci maddəsinə uyğun olaraq həyata keçirilmişdir. 00862 nömrəli məlumat vərəqəsindən isə görünür ki, cəmi iş stajı və xidmət illəri 35 il 11 ay 24 gün müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması ahqqında 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya yeni məlumat vərəqəsi əsasında 1437,28 manat pensiya hesablanmışdır. Həmin qərarda pensiyanın ilkin təyinat tarixi 11 oktyabr 2023-cü il tarix kimi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki halları ilə də müəyyən edilir ki, hazırkı inzibati mübahisə 01 yanvar 2016-cı il tarixdən 11 oktyabr 2023-cü il tarixədək, yəni iddiaçıya fövqəladə orqan əməkdaşı kimi ilkin pensiya təyinatı zamanı ödənilməsi nəzərdə tutulan məbləğlə, ikinci dəfə fövqəladə orqan əməkdaşı kimi pensiya təyin edildikdən sonra ödənişlərin edilməsinədək ödənilməmiş əmək pensiyasının ödənilməsi ilə əlaqədardır. Məhkəmə onun qeyd edilməsini zəruri hesab edir ki, iddiaçıya həqiqətən də 22 dekabr 2015-ci il tarixli qərarla 01 yanvar 2016-cı il tarixdən pensiya təyin edilmiş və həmin qərar 11 oktyabr 2023-cü il tarixdən pensiya təyinatı aparılanadək ləğv edilməmiş, hüquqi qüvvəsini itirməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf elektron sistemdən qərarın ləğvinə dair qeydin olduğu sənəd təqdim etmişdir ki, məhkəmə bununla əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Məhkəmə göstərilən normativ tələblər baxımından qeyd etməyi zəruri hesab edir ki, pensiya təyinatına dair inzibati orqan yazılı və yuxarıda göstərilən rekvizitlərə uyğun olaraq inzibati akt qəbul edirsə, onun ləğvinə dair də göstərilən normalarin tələblərinə uyğun inzibati akt qəbul etməyə borcludur. Şifahi və digər formada inzibati aktın qəbul edilməsinə dair istisna da Qanunun özündə nəzərdə tutulmuşdur ki, hazırkı halda pensiya təyinatının ləğvinə dair inzibati aktla bağlı yazılı inzibati aktdan fərqli forma müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, elektron sənəddən çıxarış və ya hər hansı qeyd 22 dekabr 2015-ci il tarixli iddiaçıya pensiya təyininə dair inzibati aktın ləğvinə, hüquqi qüvvəsini itirməsinə, dəyişdirilməsinə əsas olmamaqdadır. Növbəti pensiya təyin qərarı mahiyyət etibarı ilə əvvəlki inzibati aktın qüvvədən düşmüş hesab edilməsinə əsas yaratmışdır ki, məhkəmə hesab edir ki, 01 yanvar 2016-cı il tarixdən 11 oktyabr 2023-cü il tarixədək 22 dekabr 2015-ci il tarixli qərar qüvvədə olduğundan, onun hüquqi nəticələrinin, yəni təyin edilmiş pensiya üzrə ödənişlərin edilməsindən bütünlükdə imtina edilməsindən söhbət gedə bilməz. Lakin, məhkəmə hesab edir ki, inzibati aktın hüquqi nəticələrinin tətbiqi ödənilməmiş pensiya ödənişinin bütünlükdə ödənilməsi anlamına da gəlməməkdədir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda adıçəkilən Qanunun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qeyd olunmalıdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn hamılıqla qəbul olunmuş ümumi prinsipləri olduğuna görə, hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalıdır. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı yuxarıda qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hazırkı qiymətləndirmə zamanı 67.6 və 67.6.3-cü maddənin tələbləri baxımından inzibati aktla bağlı olsa da, Qanunun 1.1 və 1.2-ci maddələrinin tələbləri baxımından Qanunun inzibati aktla əlaqədar müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Hazırkı vəziyyətdə də, 67.6 və 67.6.3 və digər aidiyyəti maddələr pensiya təyini barədə qərarın qəbulu ilə yanaşı, ödənişlərin edilməməsinə münasibətdə cavabdehin hərəkətsizliyi, eləcə də, pensiyaçı statusuna malik iddiaçının həmin vəsaiti tələb etməməsinə münasibətdə hərəkətsizliyinin qiymətləndirilməsi baxımından da qiymətləndirilməlidir. Yəni, 67.6 və 67.6.3-cü maddəsinin tələblərinin məhkəmə tərəfindən hazırkı mübahisəyə tətbiqi baxımından ödənişlərin ödənilməməsinə dair faktiki xarakterli hərəkətlərin edilməsinə münasibətdə tətbiqi yoxlanılır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3- cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz . İşin faktiki hallarından da göründüyü kimi iddiaçı 01 yanvar 2016-cı il tarixdən pensiya təyinatı aparılmış şəxs olsa da, 29 noyabr 2023-cü il tarixli məktubuna kimi sanki pensiyaçı statusundan xəbərsiz kimi rəftar etmiş, həmin pul vəsaitini almamış, məhkəmə araşdırması zamanı da görünür ki, həmin almama səbəbi, onun xidməti fəaliyyətini dövlət orqanında davam etdirməsi kimi üzrlü hesab edilməyəcək səbəblərlə ilə əlaqədar olmuşdur. Məhkəmə hesab edir ki, şəxsin hərəkətsizliyinə münasibətdə yuxarıda istinad edilən və mahiyyəti vurğulanan “bona fides” prinsipinin əhəmiyyəti mütləq nəzərə alınmalıdır. Lakin, cavabdehin təqsirli davranışı belə iddiaçını xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, cavabdehin də məsuliyyət daşıdığı qəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Beləliklə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişlərin edilməməsi və ödənişin tələb edilməməsi təkcə iddiaçının deyil, həm də cavabdeh inzibati orqanın təqsirli davranışına bağlı olduğu, müvafiq hərəkətsizliyin tərəflərin həmməsuliyyət (birgə məsuliyyət) daşıdıqları nəzərə alınmalıdır. Etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə birgə qiymətləndirilməlidir. Hazırkı halda da, Qanunun 1.2-ci maddəsi və hal-hazırkı abzasda göstərilən normaları baxımından, pensiya ödənişlərinin edilməməsinin qanunsuz olduğunu bilindiyi müəyyən edildiyindən «bona fides» prinsipi ilə birgə qiymətləndirmə zəruridir. Həmçinin, qeyd olunur ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Beləliklə işin halları nəzərə alındıqda yol verilmiş pozuntu ilə bağlı tərəflərin müştərək (birgə) məsuliyyət daşımalı olma müəyyən edilməkdədir. Həm iddiaçı, həm də cavabdehin təqsirli davranışlara yol verdikləri iş üzrə təsdiq olunur. Pensiya təyin edilən şəxs pensiya təyin edilmişdirsə onun alınmalı olduğunu bilməli idi və işin hallarından da görünür ki, bilirdi, inzibati orqan isə pensiya təyin edilibsə ödənişlərin edilməli olduğunu bilməli idi və özünün icraatını bu halı aşkara çıxaracaq qaydada təşkil etməli idi. Odur ki, onların məsuliyyəti ödənilməmiş məbləğin iddiaçıya ödənilməsinə münasibətdə də bölüşdürülməlidir. Belə qayda, iddiaçının hüququna tənasübsüz müdaxilə halı yaratmır, eləcə də dövlət orqanları tərəfindən yol verilən səhvin riskinin həm də dövlətin özü tərəfindən daşınmalı olduğuna dair prinsiplə uyğunluq təşkil edir. Bu zaman isə, məsuliyyətin bölüşdürülməsinə münasibətdə hansı dövrlər üzrə ödənişlərin edilməli olması hissəsində qiymətləndirmənin aparılması zərurəti yaranır ki, məhkəmə hesab edir ki, ödənişlərin edilməsinə dair əmək pensiya qanunvericiliyi üçün yad olmayan prosedur qayda hazırkı mübahisə üzrə də tətbiq edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Ali Məhkəmənin İnzibati Kollegiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki:
102. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birinin pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişdir.
103. Yeni tənzimləmənin legitim məqsədlərə xidmət etdiyi, həmçinin onunla bağlıdır ki, söhbət pensiya təminatı sahəsindən getdiyi üçün bu sistemin tərkibində olmaqla ödəniş alan şəxslərin sayı olduqca çoxdur və onlara ödənilən vəsaitlər büdcə xərclərində xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi pensiyaçıların və müavinət alanların sayı ilə yanaşı, onlara ödənilən vəsaitlərin həcmi də ilbəil əhəmiyyətli dərəcədə artır (bax – 56-60-cı bəndlər). Bu hal həmin sahədə səmərəli idarəçiliyin qurulmasını və proqnozlaşdırıla bilən vəziyyətin yaradılmasını tələb edir. Bunun üçün isə keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin hansısa bir müddətlə məhdudlaşdırılması legitim məqsədlərə xidmət edən ağlabatan və əsaslandırılmış tədbirlərdən biri kimi çıxış edir və sözsüz ki, pensiya sistemində maliyyə vəsaitlərinə müəyyən qədər qənaət edilməsi ilə nəticələnəcəkdir.
107. Kollegiya qeyd edir ki, müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilibedilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.
109. Nəhayət kollegiya onu da qeyd edir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il Qərarında qeyd edilir ki: Müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Qeyd olunmalıdır ki, Qanunun müddəalarından, eləcə də, Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, pensiya təyin edilmə, lakin onun ödənilmə müddəti, eləcə də artıq ödəmənin tələb edilməsi müddəti baxımından 3 illik müddət məhdudiyyəti müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarı ilə müəyyən istisnalarla həmin müddət məhdudiyyətinin tətbiq edilməsi qadağan edilməmişdir. Mövcud formalaşmış məhkəmə təcrübəsi baxımından da, xüsusi ilə də pensiya təyin edilmə və ödənişlərin edilməsi baxımından, iddiaçıların müraciət vaxtı əsas götürməklə ödənişlər edilməli olması müəyyən edən təcrübə formalaşmışdır. Misal kimi, “A” şərti adlı şəxs pensiya yaşına “01 yanvar 2020-ci il” tarixdə çatmış, lakin pensiya orqanına pensiya təyinatı ilə əlaqədar ilk müraciətini “01 yanvar 2024-cü il” tarixdə etmişsə, pensiya 01 yanvar 2020-ci il tarixdə təyin edilirsə, pensiya ödənişlərinin edilməsi Konstitusiya Məhkəməsinin qərarında göstərilən iradədən asılı olmayan hallar (misal xəstəlik, pensiya ilə bağlı müraciətin, digər bir məhkəmə işindən asılılığı (xüsusi ilə məlumat vərəqəsinin verilməsinə dair iddiaçıların xidmət keçdiyi orqana qarşı işlər üzrə) və s yoxdursa 01 yanvar 2021-ci ildən, yəni müraciət edilən tarixdən əvvəlki 3 ildən başlanacaqdır. Nəzərə alınmalıdır ki, göstərilən balanslaşdırma artıq ödəməyə də münasibətdə müəyyən edilmişdir ki, səhv təyinat olsa belə, qanunvericilik 3 illik müddət məhdudiyyətini artıq ödənilmiş məbləğin tələb edilməsinə münasibətdə tətbiq etmişdir. Məhkəmə hesab edir ki, həmin tətbiqetmənin hazırkı vəziyyətdə məsuliyyətin bölüşdürülməsi baxımından iddiaçıya münasibətdə də edilməsinə hər hansı maneə olmamaqla, həmin tətbiq etmə işin faktiki hallarına, birgə məsuliyyətlilik kimi yuxarıda göstərilən məhkəmənin mövqeyinə, qanunvericiliyin norma və prinsiplərinə tam uyğundur. İşin faktiki hallarından isə görünür ki, iddiaçının təyin edilmiş lakin ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb etməsi, ilk dəfə olaraq 29 noyabr 2023-cü il tarixli müraciətlə olmuşdur. Odur ki, iddiaçıya ödəniş həmin tarixdən əvvəlki 3 illə məhdudlaşır. Nəzərə alınmalıdır ki, iddiaçıya 11 oktyabr 2023-cü il tarixdən ödəniş onsuz da edilməkdədir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçıya 22 dekabr 2015-ci il tarixli qərarla təyin edilmiş pensiyaya uyğun hesablanmalı və ödənilməli olan məbləğ 29 noyabr 2020-ci il tarixdən 11 oktyabr 2023-cü il tarixədək hesablanmaqla ödənilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-280/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarında artıq ödənilmiş məbləğin pensiya orqanı tərəfindən şəxsdən tələb edilməsinə dair iş üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, hətta cavabdehin təqsirli davranışı belə iddiaçını xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. İddiaçının vurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə hallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, iddiaçının da məsuliyyət daşıdığı qəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehin də vurduğu ziyana görə həmməsuliyyətli olduğu nəzərə alınmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehə əmək pensiyası ilə yanaşı sosial müavinətin ödənilməsində tərəflərin (həm vətəndaşın, həm də inzibati orqanın) təqsirli davranışını nəzərə almadan, yalnız etimad hüququnun qorunması (vicdanlı və dürüst davranış) prinsipinə əsaslanaraq artıq ödəməyə görə bütün təqsiri yalnız tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoymaqla ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur. Eləcə də, Ali Məhkəmənin 2-1(102)-1157/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da oxşar münasibət üzrə qeyd edilmişdir ki, işin halları nəzərə alındıqda yol verilmiş pozuntu ilə bağlı tərəflərin müştərək (birgə) məsuliyyət daşımalı olduqlarına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə haqlı olmuşdur. Həm iddiaçı, həm də cavabdehin təqsirli davranışlara yol verdikləri iş üzrə təsdiq olunur. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş pul vəsaitinin tutulmasına yönəlmiş işlər üzrə birgə vətəndaş və pensiya orqanının birgə məsuliyyətlilik daşıması, elə ödənilməmiş məbləğin ödənilməsinə dair hissədə də birgə məsuliyyətlilik daşımasına münasibətdə oxşar hüquqi mövqenin tətbiqinə zərurət yaradır. Odur ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı X1 29 noyabr 2020-ci il tarixdən 11 oktyabr 2023-cü il tarixədək ödənilməmiş pensiya məbləği üzrə pul vəsaitinin iddiaçıya hesablanaraq ödənilməsi öhədliyi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov