Məhkəmə qərarları › İş №2-1(112)-2124/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2124/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2124/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X5 1982-cı ildən 1995-ci il tarixi də daxil olmaqla keçmiş “Engels” (A.Hüseynzadə) adına kolxozda sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abdulxalıqova (Eyyubova) Müğeysə Bədrəddin qızı 24.01.1980-ci il tarixində X10 ilə nikaha daxil olaraq soyadını “Eyyubova” kimi qeyd etdirmişdir. Həyat yoldaşı X10 05.02.2000-ci il tarixində ürək qan damar çatmamazlığından vəfat etmişdir. Belə ki, mərhum həyat yoldaşı X10 25 iyun 1959-cu il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Tüntül kəndində anadan olmuş, orta məktəbi qurtardıqdan 19 noyabr 1977-ci il tarixindən 21 noyabr 1979-cu il tarixinədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1982-ci il tarixindən “Engels” adına kolxozda sürücü vəzifəsinə təyin olunmuş və “A.Hüseynzadə” (Engels) adına kolxozda 1995-ci ilin axırına kimi sürücü vəzifəsində işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “Engels” (A.Hüseynzadə) adına kolxozda işlədiyi dövrlərə görə həmin kolxozun məsul vəzifəli şəxsi tərəfindən adına əmək kitabçası açılmamış və müvafiq qeydiyyat aparılmamışdır. Qeyd etdiklərinə baxmayaraq müraciəti əsasında Qəbələ rayon Dövlət Arxivindən 16.08.2021-ci il tarixli arxiv arayışma əsasən mərhum həyat yoldaşı X5 “Engels” (A.Hüseynzadə) adına kolxozda 1982-ci ildən 1995-ci il tarixi də daxil olmaqla iş günləri öz əksini tapmışdır. Həmçinin mərhum həyat yoldaşının keçmiş “Engels” (A.Hüseynzadə) adına kolxozda 1982-ci ildən 1995-ci il də daxil olmaqla işləməyi faktını onunla bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. Hal-hazırda yaşa görə əmək pensiyası təyin edilməsinə görə, yəni mərhum həyat yoldaşının pensiya yaşına çatmadan vəfat etdiyindən ona verilməli olan pensiyanın iddiaçıya verilməsi üçün sənədlərini AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 iyul 2021-ci il tarixli, **********5 saylı məktubu ilə mərhum həyat yoldaşının iş stajının məhkəmə qaydasında tanınmasından sonra baxıla biləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 17.03.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 62 yaşdan, 18.06.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ‘‘Əmək Pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni 18.06.2021-ci il tarixdə yaranmışdır. Lakin sözügedən Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı mərhum əri X9 qanunla tələb edilən sosial sığorta stajına malik deyildir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı mərhum əri X6 münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 40 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 25 il (əmək qabiliyyətli yaş dövrü), 2. 25 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 100 ay, 3. 100 ay : 12 ay = 08 il 04 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq mərhum əri X6 münasibətdə tələb olunan sosial sığorta stajı 08 il 04 aydır. İşin mübahisələndirilən məqamı İddiaçı mərhum əri X4 1982-1995-ci illər ərzində “Engels adına kolxoz”da işlədiyi dövrdür. İddiaçının mərhum əri X4 əmək kitabçası yoxdur. İddiaçı məhkəməyə təqdim etdiyi arxiv arayışı məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Çünki İddiaçı mərhum əri X4 qeyd etdiyi yerlərdə işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.05.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İş materiallarına əlavə edilən AR Milli Arxiv İdarəsi Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli arxiv arayışına müvafiq olaraq X4 1982- 1995-ci illər ərzində “Engels adına kolxoz”da işlədiyi qeyd edilmişdir. İşin mübahisələndirilən məqamı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının mərhum ərinin “Engels adına kolxoz”da işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Belə olan halda sözügedən illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Həmçinin iş materiallarına əlavə edilmiş 16.08.2021-ci il tarixli arxiv arayışında kişilər üçün minimum əmək iştirak normasının nə qədər olduğu qeyd edilməmişdir. Bu səbəbdən sözügedən müəssisə ilə əlaqədar tərəfimizdən AR Milli Arxiv İdarəsi Qəbələ rayon Dövlət Arxivinə sorğu ilə müraciət edilmiş və hal-hazıradək həmin sorğuya cavab verilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki halları nəzərə alaraq qeyd edilməlidir ki, İddiaçı mərhum əri X1 müəssisədə 1982-1995-ci illərin onun sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunun tələblərinə ziddir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandığı 18.06.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onun mərhum əri oğlunun qanunla tələb edilən 08 il 04 ay sosial sığorta stajı olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ 178386 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 05.02.2000-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.02.2000-ci ildə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən 25.06.1959-cu il təvəllüdlü X9 19.11.1977-ci ildə hərbi xidmətə çağırılmış, 27.11.1979-cu ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş İİ-ЖГ 334670 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X9 ilə X2 24.01.1980-ci ildə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə Eyyubov, arvada Eyyubova soyadı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 24.12.2021-ci il tarixli, 207 nömrəli məktubda bildirilmişdir ki, kolxozlarda əmr kitabları olmadığı üçün X4 işə qəbul olunma və işdən azad edilməsi barədə məlumat vermək mümkün olmamışdır. Odur ki, arxivdə saxlanılan “Engels” (A.Hüseynzadə) adına kolxozların staj və şəxsi hesab kitablarına əsasən qazandığı iş günü (adam günü) və əmək haqqları barədə məlumatları arxiv arayışı qaydasında eyni zamanda yuxarıda qeyd edilən kitablarda Eyyubov Fərruxun adı qeyd olunmuş səhifələrin kserosurətləri təsdiqlənmiş formada göndərilir. İş günü (adam günü) norması staj kitabında 1982-ci ilə 230, digər illər üzrə isə 210 gün qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş 24.12.2021-ci il tarixli, 207/1 nömrəli arxiv arayışına əsasən Qəbələ rayon Dövlət arxivində saxlanılan “Engels” (A.Hüseynzadə) adına kolxozun staj və şəxsi hesab kitablarına əsasən Eyyubov Fərrux aşağıda göstərilən qaydada iş günləri qazanmışdır: 1982-ci ildə 114 adam günü, 1983-cü ildə 258 adam günü, 1984-cü ildə 227 adam günü, 1985-ci ildə 246 adam günü, 1986-cı ildə 266 adam günü, 1987-ci ildə 231 adam günü, 1988-ci ildə 213 adam günü, 1989-cu ildə 114 adam günü, 1990-cı ildə 198 adam günü, 1991-ci ildə 183 adam günü, 1992-ci ildə 164 adam günü, 1993-cü ildə 174 adam günü, 1994-cü ildə 130 adam günü, 1995-ci ildə 183 adam günü. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 29.07.2021-ci il tarixli, **********5 nömrəli ailə başçısını itirməyə görə əmək pensiyası haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.6-cı yarımbəndinə əsasən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün ailə başçısının (mərhum əriniz X7) əmək kitabçası əsas götürülür. Eyni zamanda “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı hesablanır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, mərhum əriniz X7 əmək kitabçasını və ya surətinin notariat qaydada təsdiqini, əmək kitabçası olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Fondun 14 saylı regional ərazi filialının Qəbələ rayon qəbul şöbəsinə təqdim etdikdən sonra sizin ailə başçısını itirməyə görə əmək pensiyanıza yenidən baxıla bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı X9 05.02.2000-ci ildə vəfat etmiş, iddiaçı mərhum yoldaşının işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, mərhum X4 işlədiyi illərin qeyd olunduğu əmək kitabçası təqdim edilməmişdir. Hazırkı iddiasında iddiaçı mərhum həyat yoldaşının iş stajının dövlət arxiv arayışı əsasında təsdiq edildiyini əsas gətirməklə cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona 62 yaşdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Eyni Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Eyni Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1-ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin arvadına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur: -arvad qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; -vəfat etmiş şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. Qeyd edilən şərtlər iddiaçıya münasibətdə ödənilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il tarixədək qadınlar üçün pensiya yaşı həddi 62 yaşdır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 62 yaşını 18.06.2021-ci il tarixdə tamamlamışdır. Vəfat etmiş şəxsin tələb olunan sığorta stajına gəlincə isə Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin edilməsi üçün 25.06.1959-cu il tarixdə doğulmuş və 05.02.2000-ci il tarixdə vəfat etmiş 40 yaşlı sığortaolunan üçün 08 il 04 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (40 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 25) x 4 ay = 100 ay/12 = 8,33) sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Cavabdehin pensiya təyin edilməsindən imtinasının əsas dəlili vəfat etmiş sığortaolunanın əmək fəaliyyəti barədə qeydləri özündə əks etdirən əmək kitabçasının olmamasıdır. Buna görə də həmin dövrün sığorta stajı kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən iddiaçı “Engels” (A.Hüseynzadə) adına kolxozda işləmişdir. Təqdim olunan arayış dövlət arxivindən verilmiş, həmin arayışla yanaşı məhkəməyə kolxozda staj kitabı və şəxsi hesab kitablarından iddiaçıya aid olan hissə ilə bağlı sənədlər təqdim edilmişdir. Dövlət arxivindən verilmiş həmin arayışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının kolxozda işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Qəbələ rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, “Engels” (A.Hüseynzadə) adına kolxozda kişilər üçün 1982-ci il üzrə minimum adam günü norması 230 adam günü olmuş, iddiaçı 1982-ci ildə 114 adam günü işləməklə minimum əmək iştirakı norması ödənilmədiyindən həmin illər iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1982-ci ildə faktiki işlədiyi müddət 05 ay 10 gün (114x12/230=5,94) müəyyən edilir. Həmçinin adıçəkilən kolxozda kişilər üçün 1982-ci ildən sonrakı illər üzrə minimum adam günü norması 210 adam günü olmuş, iddiaçı 1983-cü ildə 258 adam günü, 1984-cü ildə 227 adam günü, 1985-ci ildə 246 adam günü, 1986-cı ildə 266 adam günü, 1987-ci ildə 231 adam günü, 1988-ci ildə 213 adam günü işləməklə tələb olunan minimum adam günü normasını işlədiyindən həmin illər iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. Lakin 1989-cu ildə 114 adam günü, 1990-cı ildə 198 adam günü, 1991-ci ildə 183 adam günü, 1992-ci ildə 164 adam günü, 1993-cü ildə 174 adam günü, 1994-cü ildə 130 adam günü, 1995-ci ildə 183 adam günü işləməklə minimum əmək iştirakı norması ödənilmədiyindən həmin illər iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1989-cu ildə faktiki işlədiyi müddət 06 ay 06 gün (114x12/210=6,51), 1990-cı ildə faktiki işlədiyi müddət 11 ay 4 gün (198x12/210=11,31), 1991-ci ildə faktiki işlədiyi müddət 10 ay 5 gün (183x12/210=10,45), 1992-ci ildə faktiki işlədiyi müddət 09 ay 4 gün (164x12/210=9,37), 1993-cü ildə faktiki işlədiyi müddət 09 ay 10 gün (174x12/210=9,94), 1994-cü ildə faktiki işlədiyi müddət 07 ay 05 gün (130x12/210=7,42), 1995-ci ildə faktiki işlədiyi müddət 10 ay 5 gün (183x12/210=10,45) müəyyən edilir. Beləliklə, iddiaçının hərbi xidmət dövrü 19.11.1977-27.11.1979-cu il 02 il 09 gün, kolxozda işlədiyi dövr 1983, 1984, 1985, 1986, 1987, 1988-ci il tam il olaraq 06 il + kolxozda faktiki işlədiyi müddət 05 il 08 ay 19 gün (05 ay 10 gün+06 ay 06 gün+11 ay 4 gün+10 ay 5 gün+09 ay 4 gün+09 ay 10 gün+07 ay 05 gün+10 ay 5 gün) olmaqla nəzərə alındıqda cəmi iş stajının 13 il 08 ay 28 gün olduğu müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, mərhum X11 oğlunun ümumilikdə topladığı 13 il 08 ay 28 gün sığorta stajı iddiaçıya ailə başçısını itirməyə görə tələb olunan 08 il 04 ay sığorta stajından çoxdur. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 62 yaşdan, 18.06.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 62 yaşdan, 18.06.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar