Məhkəmə qərarları › İş №2-1(112)-2124/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2124/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2124/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamən verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvana onun adına sosial kirayə müqaviləsi bağlanmasının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya etirazını təqdim etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl 5-10/1-İ-29-091/2024 saylı xx.xx.2024-cü il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilərək evinin sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur və iddiaçının müraciəti tərəfimizdən araşdırılaraq müəyyən edilmişdir ki, sözügedən mənzil Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır. Sözügedən yaşayış sahəsi Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olmadığından həmin mənzilin sənədləşdirilməsi ilə bağlı aidiyyəti üzrə Mənzil-Kommunal Təsərrüfat Departamentinə müraciət edilməsi iddiaçıya tövsiyə olunmuşdur. Bu barədə qəbul zamanı iddiaçıya müvafiq izahatlar verilmiş və cavab məktubu ünvanlanmışdır. İnzibati Prosessual məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu məccəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual qaydalara zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Qeyd olunanları və İddiaçı Bakı İnzibati Məhkəməsinə verdiyi xx.xx.2024-cü il tarixli 4-6/1-1-280- 1/24 saylı ərizəsini nəzərə alaraq, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi Rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi, 7 saylı evin 2 saylı mənzili cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olmadığından və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğundan cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin əsl cavabdeh olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əvəz edilməsinə dair qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarında görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2004-cü il tarixli məktubunda göstərilmişdir ki, “Binəqədineft” NQÇİ-nin rəhbərliyi X4 xx.xx.2004-cü il tarixli ərizəsinə cavab olaraq bldirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 65 saylı xx.xx.2001-ci il tarixli sərəncamına əsasən göstərilən yaşayış sahəsi qeyri-yaşayış sahəsindən mənzil fonduna keçirilməsi haqqında 149 saylı xx.xx.2004-cü il tarixli sərəncam verilmiş, adına şəxsi hesab açılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 054943 nömrəli Ölüm haqqında Şəhadətnamədə göstərilmişdir ki, X11 xx.xx.2003-cü il tarixdə 77 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 25 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1921/2024 məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 65 nömrəli Sərəncamında göstərilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 7 sayh evin 1- ci mərtəbəsində yerləşən mənzildə bir vaxtlar 72 saylı MİS yerləşmişdir. Mənzil 17,25 kv.m və 12,75 kv.m. yaşayış sahələri olan 2 otaqdan ibarətdir. Sonralar 72 saylı MİS yeni binaya köçdüyünə görə boşalmışdır. «Binəqədineft» NQÇİ-nin balansmdadır. Binəqədi rayon İcra Hakimiyyəti İdarələrarası Kamissiyanm həmin mənzilin qeyri-yaşayış sahəsindən mənzil fonduna keçirilməsi barədə 951 saylı xx.xx.2000 - ci il tarixli rəyi vardır. Hal-hazırda Binəqədi rayon İcra Hakimiyyətinə Xocavənd rayonu qaçqını Şəhid ailəsi X11 1-1 saylı xx.xx.2001 — ci il tarixli ərizə ilə müraciət edərək , yaşadığı mənzili ona sığınacaq kimi verməyi xahiş etmişdir. N.T.İsmayılov a 3 ildən artıqdır ki, M.Ə.Rəsulzadə qəs. Ə.Məmmədov küçəsi 7 saylı evin 2 saylı mənzilində yaşayır. Mənzildə öz vəsaiti hesabına təmir işləri aparmış, sanitar şəriti yaratmışdır. «Binəqədineft» NQÇİ İƏ 01-9/60 saylı xx.xx.2001-ci il tarixli məktubu ilə həmin mənzilin N.T. İsmayılovaya sığınacaq kimi verilməsinə etiraz etmədiyini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq: Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 7 saylı evin yaşayış sahəsi 17,25 kv.m.və 12,75 kv.m olan 2 saylı mənzili qeyri-yaşayış sahəsindən mənzil fonduna keçirilsin, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 7 saylı evin yaşayış sahəsi 17,25 kv.m.və 12,75 kv.m olan 2 saylı mənzili 7 nəfər (özü, oğlu ,gəliııi, 4 nəvəsi) ailə tərkibi ilə X1 kimi verilsin. İş materiallarına əlavə edilmiş “Binəqədineft” Neftqazçıxarma İdarəsinin xx.xx.2001-ci il tarixli İƏ01-9/60 nömrəli məktubunda göstərilmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 7 saylı evin birinci mərtəbəsində keçmiş 72 saylı mənzil istismar sahəsi yerləşmiş və 1997-ci ildən N.T.İsmayılov qaçqın kimi məskunlaşdığı və şəhid ailəsi olduğunu nəzərə alaraq sığınacaq kimi ona verilməsinə etiraz edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 15-21-1 nömrəli məktubunda göstərilmişdir ki, N.T.İsmayılova 1997-ci ildən yuxarıda göstərdiyi ünvanda yaşayır.Öz vəsaiti hesabına orada təmir işləri aparmış, sanitar şəraiti yaratmışdır. Mənzil Binəqineft NQÇİ-nin balansında olduğu üçün və yuxarıda sadaladıqlarımızı nəzərə alaraq, Binəqədi rayon İcra Hakimiyyəti xahiş edir ki, həmin mənzili Şəhid ailəsi X7 7 nəfər (özü,oğlu,gəliııi,4nəvəsi) ailə tərkibi ilə sığınacaq kimi verməyə öz razılığınızı bildirəsiniz. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-25711/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyalda olan şəxs müəyyən edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-25574/24 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən hazırki vaxtadək Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-3677/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Binəqədi rayon bölməsində olan məlumata əsasən Xocavənd rayonundan məcburi köçkün İddiaçı 1997-ci il tarixindən ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52-13-1/2-59/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 7 ünvanı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil Kommunal İstismar Birliyinin xx.xx.2025-ci il tarixli 06 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi 7 saylı yaşayış binasının birinci mərtəbəsində olan qeyri yaşayış sahəsi, həmin binada yaşayan sakinlər üçün radiatsiya zamanı daldanacaq üçün nəzərdə tututlmuşdur. Bele ki, daldanacaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qüvvələrində qeydiyyatdadır. Sözügedən qeyri yaşayış sahəsində ( radiatsiya əleyhinə daldanacaq ) 2001-ci ilə qədər 72 saylı Mənzil Kommunal İstismar Sahəsi fəaliyyət göstərmişdir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi 7 saylı yaşayış binası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatının, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı, 72 saylı Mənzil Kommunal İstismar Sahəsini yeni bina ilə təmin etdikdən sonra 23 yanvar 2001-ci il tarixində, 65 saylı sərəncamla Xocavənd rayon Tuğ kəndindən qaçqın düşmüş X4 ailəsini müfəqqəti sığınmaq üçün həmin daldanacağa yerləşdirmişdir. Sözügedən 7 saylı yaşayış binasının 2 saylı mənzildə heç kim pasport qeydiyyatına alınmammışdır. Daldanacaqda müfəqqəti məskunlaşmış İddiaçı aşağıdakı ailə üzvləri yaşayır:

1. İddiaçı-özü

2. X8-həyat yoldaşı

3. X9-oğlu

4. X22-oğlu

5. X21-oğlu

6. X17-oğlu

7. X5-gəlin

8. X12-nəvə

9. X2-nəvə

10. X3-nəvə

11. X18-nəvə

12. X13-nəvə Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52-13-1/2-59/2025 nömrəli məktubuna göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 7 ünvanı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazisinin İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-8062/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2025-ci il tarixli 3-52-13/2- 333/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanında yerləşən yaşayış binası balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Dövlət mənzil fonduna aid olan həmin binanın 1-ci mərtəbəsində yerləşən və sığınacaq kimi ayrılmış sahədə 2001-ci ildən Xocavənd rayonundan məcburi köçkün İddiaçı ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Sığınacaq kimi verilmiş sahəyə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin səlahiyyəti xaricindədir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-7131/2025 nömrəli məktubu ilə təqdim edilmiş Registrdən çıxarışda göstərilmişdir ki, ***-*******5 registr nömrəli Bakı şəhəri, Binəqədi rayonu, X25 qəsəbəsi, Əli Məmmədov küçəsi,7 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binası 1957-ci ildə istismara verilmişdir. Bina 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 1197) balansındadır. Beləliklə, işin hallarından görünür ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi, 7 saylı evin 2 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə mübahisələndirilən ünvan 6 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Dövlət mənzil fonduna aid olan həmin binanın 1-ci mərtəbəsində yerləşən və sığınacaq kimi ayrılmış sahədə 2001-ci ildən Xocavənd rayonundan məcburi köçkün İddiaçı ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Həmin sahəyə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi səlahiyyəti isə balansaxlayıcının bilavasitə tabe olduğu Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin səlahiyyətində olmaqla, qeyd eidlən məsələ yerli icra hakimiyyətinin məsuliyyət dairəsinə aid deyildir. Beləliklə, mübahisləndirilən sahənin Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balanında olan yaşayış binasında yerləşdiyi nəzərə alındıqda hesab edilir ki, iddiaçının istifadəsində olan həmin sahəyə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermək hüququ da məhz Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə məxsusdur. Başqa sözlə, hazırkı iddia düzgün cavabdehə qarşı yönəlməmişdir. Məhkəmə iddia tələbi üzrə iddiaçının müvafiq səlahiyyətli inzibati orqana- Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ilkin müraciətinin olmadığını nəzərə alaraq əsl cavabdehin cəlb edilməsi ilə bağlı iddiaçıya hüquqi yardımın göstərilməsinə hazırkı halda zərurət görməmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar