Məhkəmə qərarları › İş №2-1(112)-2126/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2126/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2126/2024 12.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Mərdəkan Bələdiyyəsinə qarşı “məzar yerinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Mərdəkan Bələdiyyəsinə qarşı “məzar yerinin dəyişdirilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək mərhum anası X1 məzarının (ağ mərmərli) atasının məzarının digər istiqamətinə keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vəfat etmiş ata və anası Mərdəkan qəbirstanlığında yanaşı dəfn edilmişdir. Həmin məzarlar arasında təqribən bir metr məsafə mövcuddur. Hesab edirik ki, məzarların təmirə ehtiyacı vardır. İki məzarın arasında məsafə müəyyən çətinliklərin yaranmasına səbəb olmuşdur. Həmin çətinliklərin aradan qaldırılması ilə bağlı cavabdehə müraciət edilmiş, lakin müsbət cavab təqdim edilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, hər iki məzar arasında məsafə çox azdır və dəfn üçün əlavə yer mövcuddur. İddiaçı cavabdehə müraciət edərək məzarların bir-biri ilə yaxınlaşdırmaqda ona kömək edilməsini xahiş etmiş, sonradan fikrini dəyişərək hər iki məzarın açılmasını və hər iki mərhumun bir yerdə dəfn edilməsini xahiş etmişdir. Ona izah edilmişdir ki, dində şəriət buna icazə vermir. Məzarların başdaşlarının dəyişdirilməsi və təmirinə isə heç bir etiraz mövcud deyildir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: Mərdəkan Bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, məzarların yenidən təmir edilməsinə etiraz mövcud deyildir. Ərizələrdən görünür ki, məzarların yaxınlaşdırılmasına və təmirinə etirazın olmadığı qeyd edilmişdir. Bələdiyyənin məktubunda qeyd edilmişdir ki, mərhumların qəbirlərinin arasındakı məsafə 20 sm təşkil edir və ərazidə boş yer də mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının hazırkı iddianın qaldırmaqda hüquqi marağı mənsub olduğu ailə üçün nəzərdə tutulmuş qəbirstanlıq ərazisində olan müəyyən edilmiş hissədə atasının məzarı və qəbirüstü tikilisinin yanında yerləşən anasının ağ mərmərdən ucaldılmış qəbirüstü tikilisinin və anasının cənazəsinin (meyit və ya qalıqlarının) yerinin dəyişdirilərək atasının məzarının digər istiqamətində yerləşdirilməsi və nəticədə də onun mənsub olduğu ailəsi üçün ayrılmış qəbirstanlığın hissəsində əlavə dəfn üçün torpaq sahəsinin yaradılması ilə əlaqədardır. Məhkəmə də, onun hüquqi marağına uyğun olaraq iddianın dəqiqləşdirilməsini təklif etmiş və dəqiqləşmə ərizəsi məhkəməyə təqdim edilmiş, ərizə də icraata qəbul edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə cənazənin iddiaçının göstərdiyi məqsəd baxımından ekshumasiyasının, yəni meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmasının qanunauyğunluğuna qiymət verilməlidir. Qeyd edilməlidir ki, Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. 2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazi; 2.1.3. qəbir yeri - ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının) və ya kremasiya olunmuş meyitin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün qazılmış yer; 2.1.6. ekshumasiya - Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada (prosessual ekshumasiya) və ya bu Qaydalarda nəzərdə tutulmuş digər səbəblərdən (qeyri-prosessual ekshumasiya) meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılması; 2.1.8. ölmüş şəxsin qohumları - ölmüş şəxsin əri (arvadı), uşaqları (övladlığa götürülənlər), valideynləri (övladlığa götürənlər), bacıları və qardaşları, babaları (nənələri), nəvələri, ögey (ümumi ata və ana olan) bacıları və qardaşları, ərinin (arvadının) valideynləri, ərinin (arvadının) bacıları və qardaşları; 2.1.16. qəbirüstü tikililər - dinlərə uyğun olaraq məzarların üstündə quraşdırılmış qəbirüstü daşlar və dayaqlar. 6.1. Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın (bundan sonra - Komissiya) yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. Komissiyanın tərkibinə aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələri daxil edilir: 7.1. Qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir. 7.2. Qəbiristanlığın ərazi planlaşdırılması (müfəssəl planı) sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Komissiya ilə razılaşdırılmaqla hazırlanır və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla bələdiyyə tərəfindən təsdiq edilir. 10.1. Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır. 12.2. Qəbiristanlıqların normal fəaliyyətinin təşkil edilməsi məqsədi ilə bələdiyyə: 12.2.1. qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir; 12.2.2. qəbiristanlığın müdiriyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir; 12.2.3. qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir; 12.2.4. mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların 11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir; 12.2.5. əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərir. 13.1. Qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. 16.1. Qəbiristanlıqların köçürülməsi və (və ya) bağlı elan olunması barədə qərar Komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə media ilə əhaliyə məlumat verilir, habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir. 16.2. Qəbiristanlıqların köçürülməsinə yalnız aşağıdakı hallarda yol verilir: 16.2.1. subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı; 16.2.2. qəbiristanlığın ərazisi olan torpaq sahəsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əsaslar üzrə dövlət ehtiyacları üçün alındıqda. 16.3. Qəbiristanlığın bu Qaydaların 16.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş hallarda köçürülməsi zamanı, həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması, həmin Qaydalarla müəyyən edilmiş sanitariya-gigiyena normalarına əməl edilməklə, bələdiyyə vəsaiti hesabına həyata keçirilir. 16.4. Qəbiristanlığın ərazisi olan torpaq sahəsinin bu Qaydaların 16.2.2-ci yarımbəndinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması ilə əlaqədar qəbiristanlığın köçürülməsi zamanı, həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə həyata keçirilir. 16.5. Qəbiristanlığın bu Qaydaların 16.2-ci bəndi ilə müəyyən edilmiş səbəblərdən müəyyən hissəsinin və qəbiristanlıqdakı ayrı-ayrı qəbirlərin köçürülməsi halında, bu Qaydaların 16.3-cü və 16.4-cü bəndlərinin tələbləri gözlənilməlidir. 16.6. Bu Qaydaların 16.2-ci bəndi ilə müəyyən edilmiş hallarda qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshumasiyasını və başqa yerdə basdırılmasını bu Qaydaların tələblərinə riayət etməklə onların qohumları, qanuni nümayəndələri və ya dəfn ilə bağlı xərcləri çəkmiş digər şəxslər bu Qaydaların 16.3-cü və 16.4-cü bəndləri ilə müəyyən edilmiş vəsait hesabına həyata keçirmək hüququna malikdirlər. 25.1. Ölmüş şəxsin prosessual ekshumasiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. 25.2. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına aşağıdakı hallarda yol verilir: 25.2.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Elm haqqında”, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi zamanı; 25.2.2. bu Qaydalarda müəyyən edilmiş hallarda və qaydada qəbrin köçürülməsi ilə bağlı; 25.2.3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda; 25.2.4. ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə. Qanunvericiliyin tələblərindən də göründüyü kimi qəbirstanlıqların, eləcə də onun müəyyən hissəsində yerləşən qəbirlərin köçürülməsinin, eləcə də meyit və ya onun qalıqlarının çıxarılmasının konkret əsasları yuxarıda istinad edilən Qaydalarda öz əksini tapmışdır. Qaydaların tələbindən də göründüyü kimi subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər halları, eləcə də qəbiristanlığın ərazisi olan torpaq sahəsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əsaslar üzrə dövlət ehtiyacları üçün alınması halları qəbistanlıqların və ya onların bir hissəsinin köçürülməsinə əsas verən yeganə hallar qismində konkret olaraq öz əksini tapmışdır. Lakin, iddiaçının dəfn üçün əlavə torpaq sahəsinin yaradılmasına yönəlmiş marağı yuxarıda adıçəkilən halların əksinə qəbir yerlərinin dəyişdirilməsinə, eləcə də u Qaydalarda müəyyən edilmiş hallarda və qaydada qəbrin köçürülməsi ilə əlaqədar ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına əsas yaratmadığından məhkəmə hesab edir ki, hazırkı iddianın təminini istisna edən hallar mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, cənazə və ya onun qalıq hissələrinin çıxarılmasına yönəlmiş tədbirlər qanunvericiliyin tələbinə əsasən dairəsi konkret olaraq yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş şərtlər daxilində mümkün hesab edilmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda olan marağı həmin şərtlər daxilində göstərilmədiyindən iddianın təmini əsası da məhkəmə hesab edir ki, mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar