Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2128/2024 05.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri kitabında qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə müvafiq qətnamə qəbul edilməsi” iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli 2(008)-2963/2022 saylı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə məhkəmə onun tərəfindən Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsini qət etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. xx.xx.2023-cü il tarixdə hakim irəli sürdüyü iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etməklə iş üzrə icraatı dayandırmışdır. Məhkəmə iclası cəmi bir neçə dəqiqəyə başa çatmışdır. Həmin bir neçə dəqiqədə o, öz tələbinin əsaslandırılması barədə danışmış və hakim yalnız restitusiya barəsində ona bildirərək mümkünsüzlük haqqında qərardadı elan etmişdir. Halbuki cavabdeh tərəf məhkəmə iclasında iştirak etmirdi. Lakin qərardadda iddianı düzgün qaldırmadığı, iddia tələbinin “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməli olması qeyd edilmişdir. Qərardadda bu deyilənlər tamamilə doğru deyil. Belə bir təklif hakim tərəfindən qətiyyən edilməmişdir. Bunları ona görə qeyd etmək məcburiyyətində qalmışdır ki, iddia ərizəsində bu dəyişikliyi edib indi məhkəməyə təqdim etməyinin motivlərini göstərsin. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxs X13 Ata kişi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********20 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 2(008)- 2963/2022 nömrəli Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı, X9 və X3 Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir. Qeyd olunan məsələ ilə bağlı İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İdarənin elekron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bütövlükdə Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Bakı İnzibatı Məhkəməsinin icraatında “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri kitabında qeydə alınması və bu barədə çıxarışın verilməsi” tələbi üzrə məhkəmə mübahisəsi mövcud olmuş, Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-8062/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Belə ki, müvafiq qərardadın əsaslandırıcı hissəsində iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər (o cümlədən, order, icarə müqaviləsi və s.) təqdim edilmədiyindən, iddia etdiyi torpaq sahəsinin ona məxsus olub-olmamasının aydın olmaması, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi ilə bağlı ona hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyi, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici, hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədləri mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran halların mövcud olmadığı göstərilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı subyektik hüquq daşıyıcısı deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələri rəhbər tutularaq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2963/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı, X9 və X3 Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi TA-00050-2022 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədləri üzrə Nardaran kəndinin 1886-cı ilə dair kameral siyahısında göstərilən şəxslərin adları qeyd olunub: İbrahim X7 - 32 yaş. Oğlu: X8 - 1 yaş 4 aylıq. İbrahim X4 qardaşı: Əmir X7 - 14 yaş. Ailənin Nardaran kəndində sahəsi 750 kv. sajina bərabər üzüm sahəsi olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən Əmlak Xidmətləri Məkanı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 3327 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdə ölmüş, ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.1949-cu il təvəllüdlü X2 vərəsəlik işi ilə əlaqədar olaraq, Nardaran kəndi, 750 kv. sajın (34 sot) torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı ilə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq 3-21-3-30/2-A-1118- 8/2023 **********20 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, təqdim edilən xx.xx.2022-ci il tarixli, 2(008)-2963/2022 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı, X9 və X3 Nardaran kəndində 750 kv.sajin (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir. Qeyd olunan məsələ ilə bağlı İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Torpaq sahəsi üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqları dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən təqdim edilmiş 9/50 № 1202.07 saylı arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Nardaran kəndinin kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunmuşdur: X13 Ata kişi oğlu - 32 yaş; onun oğlu: X8 – 1 yaş 4 aylıq; onun qardaşı: X20 Ata kişi oğlu – 14 yaş. Onların Nardaran kəndində sahəsi 750 kv.sajına bərabər olan torpaq sahələri olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən təqdim edilmiş TA-00077-2022 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivində Bakı qəzası üzrə Nardaran kəndinin 1886-cı ilə dair kameral siyahısında Ata X1 doğumu haqda məlumat aşkar olunmuşdur: Doğum tarixi: 1884-cü il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb) Valideynləri: Atası - İbrahim Xəlil, Anası – sənəddə olduğu kimi qeyd olunmayıb. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə möhür ilə təsdiq edilmiş cədvəldən “sıra üzrə – 45, 1873-cü ilin kameral təsviri üzrə – 99, kameral təsvirdə qeydiyyat tarixi – 20 – 2, xarici görünüş üzrə tarixin müəyyən olunması – 33 – 2 – 17, 1886-cı ilin yanvar ayının 1-nə vəziyyət – 32 – 1-4m – 14” qeydləri görünür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-40079 **********79/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə iddia olunan ərazinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinat cədvəli məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Nardaran kəndində yerləşən 34 sot torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd İdarənin arxivində aşkar olunmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən:
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddiaçı daha öncə də “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri kitabında qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia məhkəmənin 2-1(112)-8062/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmənin 2-1(112)- 8062/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilirdi: “Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər (o cümlədən order, icarə müqaviləsi və s.) təqdim edilmədiyindən iddia etdiyi torpaq sahəsinin ona məxsus olub-olmaması aydın deyil. İddiaçının idda etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi ilə bağlı ona hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici, hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədləri mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia düzgün qaldırılmamışdır və məhkəmə tərəfindən iddia tələbinin “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəlinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi təklif edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır.” Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir. Hazırda iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” kimi iddia qaldırılsa belə, məhkəmənin qanuni qüvvəsini almış 2-1(112)-8062/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilən iddiaçının subyektiv hüququna münasibətdə eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova