Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-213/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 30 dekabr 1999-cu il tarixli 2404 saylı Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün T-41 saylı sahədə ayrılmış 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 1999-cu il tarixli 2404 saylı Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün T-41 saylı sahədə 1200 kv.m olmaqla torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmışdır. Həmin torpaq sahəsinin smeta layihə qiyməti və torpaq sahəsinin ayrılmasına görə 25000 manat pul tərəfindən ödənilmişdir. Hazırda həmin torpaq sahəsi tərəfindən hasarlanmış və uzun illərdir ki, istifadəsindədir. Müxtəlif vaxtlarda daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qanunvericiliklə tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Lakin, hər dəfəsində də, əsassız və qanunsuz səbəblər göstərilməklə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların verilməsindən imtina olunmuşdur. 03 dekabr 2020-ci ildə yenidən ərizə ilə müraciət edərək, torpaq sahəsinə mühəndis tərəfindən təkrar baxış keçirilməsini tələb etmişdir. Mühəndisin xidməti otağında araşdırma ilə bağlı olduqda ona torpaq sahəsinə baxış keçirməsini bildirdikdə, o, buna ehtiyac olmadığını, həmin torpaq sahəsinə dair qeyd olunmuş əvvəlki iradların əsassız olduğunu və torpaq sahəsinin mövcud sərhədlərinin yəni ki, hasarların heç bir sanitariya-mühafizə zonasında yerləşmədiyini bildirmişdir. Lakin, qeyd olunanlara baxmayaraq 04 fevral 2021-ci il tarixdə ona təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********94 saylı məktubla yenidən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılmasından və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların verilməsindən əsassız və qanunsuz olaraq imtina olunmasına dair inzibati akt qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi yaxınlıqdan (30 metr) keçən dəmir yolu xəttinin mühafizəsində yerləşir. Odur ki, Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətindən mühafizə zonası ilə bağlı müvafiq sənədin təqdim edilməsi məqsədəuyğundur. Bu səbəbdən, ərizənin icrası mümkün olmamış, iddiaçıya **********78 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsindən 1 metr məsafədən 6 kV-luq elektrik xətti keçir, ərazinin 435 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariyamühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV- xətlərin gərginliyi; L, m – məsafələrdir; Un, kV – İ ˃20, 35, 110, 150, 220, 330-500; L,m – 10, 15, 20, 25, 25, 30. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əzizbəyov rayon İcra Hakimiyyəti başçının 2404 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 312 saylı, xx.xx.1999-cu il tarixli təqdimatına baxılmış və Bakı şəhər X3 İcraiyyə Komitəsinin 13-713 nömrəli, xx.xx.1989-cu il tarixli qərarını rəhbər tutaraq, Bakı şəhəri, Qədirli küçəsi, dalan 6, ev 6-da yaşayan İddiaçı Mərdəkan qəsəbəsində T-41 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Evin tikintisinin təsdiq edilmiş 145-000-129 c tipli layihə əsasında aparılması barədə sərəncam verilmişdir. İşdə olan torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 2404 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı Əmirəli qızına Mərdəkan qəsəbəsində ayrılan T-41 saylı sahənin sxemi və baş planından çıxarışı təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********78 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, sözügedən torpaq sahəsi yaxınlıqdan (30 metr) keçən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Odur ki, Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətindən mühafizə zonası ilə bağlı müvafiq sənəd təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 07 aprel 2021-ci il tarixli, BA-01288-2021 nömrəli məktub ilə Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 2404 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-5145/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/6816 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekpert rəyinin tədqiqat hissəsində qərardadın 1-ci sualı üzrə - Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli, 2404 saylı sərəncamına əsasən İddiaçı Əmir qızının adına fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iddiaçının nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir).; qərardadın 2ci sualı üzrə - Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iddiaçının nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi yerləşən torpaq sahəsinin 416 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir).; qərardadın 3-cü və 3-cü sualı üzrə - Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iddiaçının nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi dəmir yolu xəttindən 34 metr məsafədə yerləşir. Mübahisə predmeti olan torpaq sahəsinin dəmir yolunun sanitar-mühafizə zonasına düşüb-düşməməsi və həmin torpaq sahəsinin mövcud olduğu ərazidən keçən dəmir yolunun dərinliyi 4 metrdən az olmayan qazma yataqlarında yerləşib-yerləşməməsi barədə məlumatların "xxxx" QSC-dən alınması məqsədəmüvafiqdir. Məhkəmənin sorğusuna əsasn "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, 184245 nömrəli cavab məktubu təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində vətəndaş İddiaçı T-41 saylı ünvanda yerləşən torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi dəmir yolunun Qala-Dübəndi mənzili 20 km pk 9-da yolun kilometr artımı istiqamətinin sol tərəfində dəmir yolunun təhkim zolağından kənara düşür. Qeyd edilən torpaq sahəsi ərazidən keçən dəmir yolu xəttinin qazma yatağında və sanitariya-mühafizə zonasında yerləşmir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istiadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən həmn ərazidə dəmir yolunun təhkim zolağının evi 24 (iyirmi dörd) metr müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən 01-/xx-xx/6797 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu təqdim edilərək bildirilmişdir ki, göstərilən torpaq sahəsi səhmdar cəmiyyətin balansında olan 431 saylı yarımstansiyadan qidalanan 6 saylı transformator məntəqəsindən budaqlanan 6kV-luq “RVNO” hava xəttinin mühafizə zonasında yerləşir. Həmin torpaq sahəsinin ətrafından keçən 110 kV-luq elektrik xətti ilə bağlı aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət etməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, xx-xx- 2191 nömrəli cavab məktubu təqdim edilərək bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsindən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 15 yanvar 2021-ci il tarixli, **********78 nömrəli imtina məktubu almış, daha sonra xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin hallarından göründüyü kimi, iddiaçı Xəzər (Əzizbəyov) rayon icra Hakimiyyəti başçısının 2404 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən ona ayrılmış 0.12 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq hüquqmüəyyənedici sənəd olan icra hakimiyyəti başçısının sərəncamı, o cümlədən torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşməsi mübahisələndirilməmişdir. Məhkəmə araşdırması zamanı da, məhkəmə tərəfindən sözügedən sərəncamın arxiv nüsxəsinin əldə olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmiş və sərəncamın arxiv nüsxəsinin surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra hakimiyyəti başçısının sərəncamının mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir. Cavabdehin iddiaçıya məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası sözügedən torpaq sahəsi yaxınlıqdan (30 metr) keçən dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsi olmasına baxmayaraq, məhkəməyə təqdim edilmiş etiraz ərizəsində əlavə əsas kimi, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən yerli baxış zamanı torpaq sahəsindən 1 metr məsafədən 6 kV-luq elektrik xətti keçməsinə, ərazinin 435 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsinə istinad edilmişdir. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh tərəfindən istinad edilmiş imtinanın əsaslarının araşdırılması məqsədilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə təqdim edilmiş 20/6816 nömrəli ekspert rəyində Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad etməkləBakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin 416 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi, torpaq sahəsinin dəmir yolu xəttindən 34 metr məsafədə yerləşməsi, torpaq sahəsinin dəmir yolunun sanitar-mühafizə zonasına düşüb-düşməməsi və həmin torpaq sahəsinin mövcud olduğu ərazidən keçən dəmir yolunun dərinliyi 4 metrdən az olmayan qazma yataqlarında yerləşib-yerləşməməsi barədə məlumatların "xxxx" QSC-dən alınmasının məqsədəmüvafiq olması bildirilmişdir. Həmin rəydə göstərilənlərin dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq aidiyyəti qurumlar olan "xxxx" QSC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə sorğular göndərilmişdir. Daxil olan cavab məktublarına əsasən müəyyən edilmişdir ki, torpaq sahəsi ərazidən keçən dəmir yolu xəttinin qazma yatağında və sanitariya-mühafizə zonasında yerləşmir, "xxxx" ASC-nin balansında olan 431 saylı yarımstansiyadan qidalanan 6 saylı transformator məntəqəsindən budaqlanan 6 kV-luq “RVNO” hava xəttin mühafizə zonasında yerləşir, "xxxx" ASC-yə məxsus elektrik veriliş xətti isə keçmir. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən arqumentin əsaslı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Etirazda göstərilən digər arqument isə torpaq sahəsindən 1 metr məsafədən 6 kVluq elektrik xətti keçməsidir ki, aidiyyəti qurumlar tərəfindən torpaq sahəsindən elektrik xəttinin keçmədiyi, lakin, "xxxx" ASC-nin balansında olan 431 saylı yarımstansiyadan qidalanan 6 saylı transformator məntəqəsindən budaqlanan 6 kV-luq “RVNO” hava xəttin mühafizə zonasında yerləşməsi bildirilmişdir. Məhkəmə torpaq sahəsinin “hava xəttinin mühafizə zonasında yerləşməsi” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Göründüyü kimi, inzibati orqan tərəfindən mühafizə zonasında yerləşən ərazidə iddiaçıya torpaq ayrılsa belə, həmin səhvin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 (əlli) manat təşkil etmiş və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli 2404 saylı sərəncamı ilə İddiaçı Mərdəkan qəsəbəsində T-41 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-213/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-213/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver