Məhkəmə qərarları › İş №2-1(112)-213/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-213/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-213/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinə (üçüncü şəxs X3) qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 75 saylı evin 92 saylı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. X1 üçüncü şəxs qismində məhkəmə icraatına qoşulma barədə ərizə təqdim edərək qərarın ləğv edilməsini icraatın təzələnməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan cavabdeh də apellyasiya şikayəti vermişdir. Məhkəmənin qərardadı ilə Bakı İnzibati məhkəməsinin hazırkı iş üzrə qəbul etidyi 17 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, icraat təzələnmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 75 saylı evin 92 saylı mənzilində yaşayır. İddiaçı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək qeydiyyatda olmaqla yaşadığı və Xətai rayon İcra Hakimiyyətinin balansında olan Xətai rayonu, Gəncə prospektində yerləşən 75 nömrəli evin 92 saylı mənzilinə dair kirayə müqaviləsinin onunla bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli forması müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Nazirlər Kabineti). Qeyd edilən forma isə hal-hazırda mövcud deyildir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə isə qanunla Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyi üçün məsələyə baxılması mümkün deyil. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs də yazılı ərizə də təqdim edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 83 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən İddiaçı Avdin qızı uzun müddətdir ki ünvan 1 ünvanın kommunal xərcləri qanuna müvafiq şəkildə mütəmadi ödənilmiş və hal hazırda heç bir kommunal borcu olmamışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılması barədə müraciətinə baxılmış və onun mənzilə dair hüquqi sənədlərin olmadığını nəzərə alaraq müraciətin təmin olunmasından imtina olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 75, mənzil 92 Xətai rayon İcra Hakimiyyətinin mənzil fonduna daxil olmaqla dövlət balansındadır. Qeyd edilən mənzildə iş üzrə iddiaçı X2 2009-cu ildən 2020-ci ilədək qeydiyyatsız, 2020-ci ildən hal-hazıradək isə daimi qeydiyyatda olmaqla yaşayır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki iddiaçı 2009-cu ildən etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 75, mənzil 92 ünvanında faktiki yaşayır, ondan başqa həmin mənzildə daimi qeydiyyatda olan şəxs olmamışdır. Eyni zamanda məhkəmə icraatı zamanı həmin mənzilin Xətai rayon İcra Hakimiyyətinin mənzil fonduna daxil olmaqla dövlət balansında olmağı da müəyyən olunmuşdur. İddiaçı bu hallara əsaslanaraq mənzilə dair cavabdeh ilə kirayə müqaviləsinin bağlanılmasını arzulayır. Lakin cavabdeh iddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədə malik olmadığına, o cümlədən sosial kirayə müqaviləsinin bir tipli formasının təsdiq edilməməsinə istinad edərək müraciətin təmin edilməsindən imtina edir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə 01 oktyabr 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi) tənzimlənməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 63.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, başqa sözlə şəxsin mənzilə hüququnun tanınması digər şəxslərin maraq və manefərinə toxunmadığından mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Həmçinin, nəzərə alınmalıdır ki, həmin mənzildə yaşayan digər şəxs, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş E.Əsədli də izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, mənzillə bağlı hər hansı mübahisənin mövcud olmaması məhkəmə hesab edir ki, nəzərə alınmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamasa da, yaşayış sahəsi kirayəçisinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.3-cü maddəsində göstərilən bütün vəzifələri yerinə yetirmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli formasının müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyinə əsaslanmışdır. Qeyd olunmalıdır ki, Xətai rayon İcra Hakimiyyəti inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan yerli icra hakimiyyəti orqan kimi inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Xətai rayon İcra Hakimiyyəti inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçı ilə kirayə müqaviləsinin bağlanılmasının mümkün olmadığını həmçinin sosial kirayə müqaviləsinin formasının müvafiq orqan tərəfindən təsdiq edilmədiyinə əsaslanmışdır ki, bu hal öz növbəliyinin iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və imtina əsası qismində çıxış edə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-183/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)- 2079/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-cı il tarixli qərarlarında əks olunan mövqeyi ilə bağlı qeyd olunmalıdır ki, həmin mübahisələr konkret olaraq hazırki mübahisə ilə oxşar tələbdə olmasa belə, nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi hər bir halda inzibati orqanın səlahiyyətlərini və fəaliyyətlərini, inzibati icraatın düzgünlüyünün, aparılmış icraatda pozuntuya yol verilib-verilməməsinin müəyyən edilməsini zəruri hesab etmiş, müəyyən edilən nəticələrin isə bilavasitə iddianın həllində rol oynadığını təsbit etmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 75 saylı evin 92 saylı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar