Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2133/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri,Suraxanı rayonu ərazisində yerləşən 30 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reystrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonuu ərazisində yerləşən 400 kv.metr sahəyə malik 30 nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri,Suraxanı rayonu ərazisində yerləşən 30 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İmtinanın əsasları ondan ibarət olmuşdur ki, idarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı aşkar olunmamışdır. Bundan başqa, cavab məktubunda təqdim olunmuş sənədlərdə hüquq sahibinin ata adına uyğunsuzluq mövcud olduğu göstərilmişdir. Belə ki, etibarnaməyə əsasən ata adı “Ferzil” olsa da, üzvlük kitabçasında “Ferzi” kimi qeyd olunmuşdur. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, İdarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının aşkar olunmaması hüquqların dövlət qeydiyyatına alınçasından imtina üçün əsas deyildir. Arxiv məlumatlarınının əldə olunması vətəndaşın deyil, dövlət orqanının vəzifəsidir. İddiaçıya verilən üzvlük kitabçası həqiqidir və bu torpaq sahəsi ona qanuni əsaslarla verilmişdir. Kitabçada ata adının Ferzil deyil, Ferzi kimi qeyd edilməsi texniki səhvdir, imtina üçün əsas ola bilməz. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 30 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli,xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********74 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı aşkar olunmamışdır. Bundan başqa, təqdim olunmuş sənədlərdə hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, etibarnaməyə əsasən ata adı “Ferzil” olsa da, üzvlük kitabçasında “Ferzi” kimi qeyd olunmuşdur. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir və bazada neft quyusu barədə məlumat mövcuddur. Üçüncü şəxs tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, cavabdehin etirazından görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi dövlət neft şirkətinn istifadəsində olan əraziə yerləşir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus bağçılığın üzvlük kitabçasına əsasən iddiaçı xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “Qum adası” Neft və Qazçıxarma idarəsinin bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona 400 kv.metrlik 30 nömrəli bağ sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən verilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 400 kv.metr olsa da, faktiki 415 kv.metr təşkil edir. Bağ sahəsi hasar daxilindədir və darvazası yoxdur. Üçüncü şəxsin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq cəmiyyətindən torpaq sahəsi ayrılmış işçilərin siyahısında İddiaçı adlı şəxsə bağ sahəsinin ayrılması barədə qeyd aşkar olunmuş, lakin siyahıda vətəndaşın ata adı Ferzi kimi göstərilmişdir. Həmin məktubla SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan “Qum adası” NQÇİ- nin “Qum adası” bağçılıq cəmiyyətindən torpaq sahəsi ayrılmış işçilərin siyahısından arxiv çıxarışı məhkəməyə göndərilmişdir. Həmin çıxarışdan görünür ki, iddiaçının adı bağçılıq üzvləri siyahısında 117-ci sırada qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən “Qum adası” bağçılıq cəmiyyətinin ayrıc aktı məhkəməyə göndərilmişdir. Həmin ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli sərəncamı ilə 10 hektar ərazi bağçılıq cəmiyyəti yaradılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “Qum adası” Neft və Qazçıxarma idarəsinə ayrılmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 400 kv.m olsa da, faktiki olaraq hasardaxili 415 kv.m təşkil edir. Torpaq sahəsində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir və bazada neft quyusu barədə məlumat mövcuddur. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Əlavə olaraq bildiririk ki, idarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı aşkar olunmamışdır. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı Şəhər İcr Hakimiyyəti başçısının 126 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 251 saylı razılıq məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi «Qum adası» Neft və Qazçıxarma idarəsinə Suraxanı rayonu, Zığ-Hövsan şosesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 ha torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “Qum adası” Neft və Qazçıxarma idarəsinə Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənubşərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 hektar torpaq sahəsi, icarə əsasında istifadəyə verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 03 iyun 2005-ci il tarixli, 02 saylı protokoluna əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.metr sahəsi olan XVİİİ küçə 30 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmışdır. İddiaçı hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının hüququnu qeydə almaqdan imtina etmişdir. İmtinanın əsasları ondan ibarət olmuşdur ki, “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin torpaq sahəsi bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir və bazada neft quyusu barədə məlumat mövcuddur. İş üzrə məhkəmə tərəfindən verilmiş sorğu əsasında cavabdeh “Qum Adası” NQÇİnin bağçılıq-yoldaşlığının ayrıc aktı məhkəməyə göndərilmişdir. Həmin ayrıc aktından görünür ki, qeyd olunan ayrıc aktı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli Sərəncamı ilə Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlığına ayrılmış torpaq sahələrinə aiddir. Lakin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı əsasında bağçılıq yoldaşlığına ayrılmış torpaq sahələrinin ayrıc aktı cavabdehin arxivində mövcud deyildir. İddiaçıya ayrılmış torpaq sahəsi isə məhz Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı əsasında bağçılıq yoldaşlığına ayrılmış torpaq sahələri daxilində yerləşir. Bu səbəbdən məhkəmə torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsi ilə bağlı cavabdehin dəlilini əsasız hesab edir. X3 Şirkətinin ərazisində yerləşir və bazada neft quyusu barədə məlumat olması il bağlı dəlilə gəldikdə qeyd edilməlidir ki, ərazinin ortofoto görüntüsündən də görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin ətrafında çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Həmin sahənin neft qaz əməliyyatları aparılması ilə əlaqədar olan sahə olması öz təsdiqini tapmır. Eyni zamanda bağçılıq yoldaşlığı da məhz “SOCAR”-ın nəzdində yaradılmış bi cəmiyyət olmaqla, neft şirkəti işçilərinin torpaq sahələri ilə təmin edilməsi məqsədilə yaradılmışdır. Üzvlük kitabçasında iddiaçının ata adının “Ferzil” deyil “Ferzi” kimi yazılmasını isə məhkəmə texniki səhv kimi qiymətləndirir və hesab edir ki, bu hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Həmçinin, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 400 kv.metr sahəyə malik 30 nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 400 kv.metr sahəyə malik 30 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çxarışının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2133/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2133/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver