Məhkəmə qərarları › İş №2-1(112)-2134/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2134/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2134/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinə hərbi xidmətə qəbul olunana qədərki əmək stajının xidmət illərinə yenidən hesablanması və xidmət illərinin hesablanması vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinə hərbi xidmətə qəbul olunana qədərki xx.xx.1983-cü və xx.xx.1993-cü illərdəki əmək stajının xidmət illərinə yenidən hesablanması və xidmət illərinin hesablanması vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.1987-ci ildən xx.xx.1993-cü il tarixədək isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin Hərbi-Tibb Xidmətində ixtisaslı, mülki həkim mütəxəsis kimi işləmişdir. xx.xx.1993-cü ilin dekabr ayında, iddiaçı yüksək ixtisaslı həkim mütəxəssislər sırasından seçilərək, Milli Təhlükəsizlik Nazirliyinə baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmətə qəbul olunmuş və Hərbi-Tibb İdarəsinə təyinat almışdır. 22 il qüsursuz xidmətdən sonra xx.xx.2015-cı il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmış və xidmət illərinə görə pensiya ilə təmin olunmuşdur. Lakin iddiaçı hərbi xidmətə qəbul olunana qədər olan əmək stajı pensiya təyinatı zamanı nəzərə alınmamış, bu da təyin olunmuş pensiya məbləğinin düzgün formalaşmasına ciddi təsir göstərmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı xx.xx.1993-cü ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış, Təhlükəsizlik orqanlarında bir sıra vəzifələrdə xidmətini davam etdirmiş və keçmiş MTN-in xx.xx.2015-ci il tarixli əmri ilə “Hərbi xidmtəkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun xidmət illəri 21 il 04 ay 04 gün, ali təhsil: 02 il 06 ay 00 gün, güzəştli 03 il 04 ay 06 gün olmaqla cəmi 27 il 02 ay 10 gün hesablanmışdır. İddiaçı təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qədərki dövrdə keçmiş MTN- də həkim-epidemiloloq vəzifəsində mülki işçi kimi çalışmışdır. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması 2004-cü il 29 iyun tarixli 711-İİQ nömrəli “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 avqust tarixli 126 nömrəli Qərarı ilə “Zabit heyətinə mənsub şəxslərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası”na edilmiş dəyişikliklərlə həmin məsələ ilə bağlı müddəalar öz əksini tapmışdır. İddiaçı təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qədərki dövrdə keçmiş MTN-də həkim-epidemiloloq vəzifəsində mülki işçi təyin olunarkən və xidməti vəzifələrinin davamı olaraq eyni strukturda həqiqi hərbi xidmətə qəbul edilərkən qanunvericiliyin müddəaları mövcud olmadığından həmin müddətdə onun yüksək ixtisaslı mütəxəssislər sırasından seçilməsi barəsində qərar qəbul edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ИТ-İ №0207035 nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-ci ildə Xüsusi bioloji cihazlar konstruktor bürosunda 18 nömrəli şöbəyə laborant vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə təhsili ilə bağlı işdən azad edilmişdir. Daha sonra xx.xx.1983-cü il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına həkim-bakterioloq vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə Səhiyyə Nazirliyinin xx.xx.1984-cü il tarixli 181-k nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Respublika Sanitariya Epidemoloji Stansiyasına işə qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə rəhbərlik arasındakı razılaşmaya əsasən köçürmə yolu ilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə işə qəbul edildiyi üçün işdən azad edlmişdir. İddiaçı xx.xx.1987-ci il tarixdə müəssisənin rəhbərlikarası razılaşmasına əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Komitəsinə həkim-epidemioloq qəbul edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli, 239-12 nömrəli qanununa əsasən AR Dövlət Təhlükəsizlik Komitəsi AR Milli Təhlükəsizlik Nazirliyinə çevrilmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdə AR ƏQM-in 36-cı maddəsinin 3-cü bəndinə (hərbi xidmətə qəbul olunması ilə əlaqədar) müvafiq olaraq işdən azad edilmiş, həmin tarixdən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı təhlükəsizlik orqanlarına hərbi xidmətə qəbulla bağlı təqdim etdiyi ərizə onun şəxsi arzusu əsasında hərbi xidmətə qəbul olunduğunu müəyyən edir. İddiaçı yüksək ixtisaslı mütəxəssislər sırasından DTX tərəfindən seçilməsi və əmək stajının sonrakı hərbi xidmət illərinə hesablanması barədə onun şəxsi işində hər hansı məlumat yoxdur. İddiaçı hazırda cavabdehin imtinası ilə razılaşmayaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə hərbi xidmətə qəbul edilənədək işlədiyi dövrün, yəni xx.xx.1983-xx.xx.1993-cü illərdəki əmək stajının xidmət illərinə daxil edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanının 1.12-ci bəndinə əsasən Qanunun 20.8-ci maddəsində nəzərdə tutulmuş yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Həmin tapşırığın icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı ilə “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaya əsasən: - bənd 1. Bu Qayda yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanmasını tənzimləyir. -bənd 2. Əməkdaşların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı iki günü bir gün hesablanmaqla pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə daxil edilir. - bənd 3. Hərbi qulluqçunun əmək stajının pensiya təyin edilməsi və əlavə faizin ödənilməsi üçün xidmət illərinə daxil edilməsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib olunaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Rəy iki nüsxədə hazırlanır - birinci nüsxə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin maliyyə orqanına təqdim olunur, ikinci nüsxə isə kadr strukturu tərəfindən hərbi qulluqçunun şəxsi işinə tikilir. - bənd 4. Əmək stajı və onun ayrı-ayrı müddətləri müəyyən edilmiş qaydada doldurulmuş əmək kitabçası (və ya rəsmi arayışlar) əsasında müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, istinad olunan normaların məzmunundan aydın olur ki, şəxsin yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunması kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib edilən və rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Yəni kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində olan ehtiyac nəzərə alınmaqla zərurət yaranan ixtisas və həmin ixtisasa uyğun gələn yüksək ixtisaslı mütəxəssislə bağlı kadr strukturları müvafiq rəy tərtib edir, təsdiq edilmək üçün rəhbərliyə təqdim edir. Rəhbərlik tərəfindən həmin rəy təsdiq edildiyi təqdirdə şəxs yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmətə qəbul edilir və onun əmək kitabçasında xidmətə qəbul edilənədək olan əmək stajı iki günü bir gün hesablanmaqla şəxsin xidmət müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, bu tənzimləmənin məqsədi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin fəaliyyətinə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsinə təşviq etməkdir. Belə ki, əvvəlki xidmət müddətinin şəxsin xidmət illərinə daxil edilməsi ona əlavə təminatlar verir, bununla şəxsə həmin illərə görə əlavə faiz ödənilir, həmçinin həmin müddət nəzərə alınmaqla pensiya təyin edilməsi üçün əsas kimi çıxış edir. İşdən görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Respublika Sanepidstansiya və Dövlət Təhlükəsizlik Xidmətinin (КГБ) rəhbərlikləri arasında olan razılığa əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Xidmətinə həkim-epidemioloq qəbul edilsə də, onun yüksək ixtisaslı mütəxəssis kimi qəbul edilməsi barədə rəy mövcud olmamış, nə həmin dövrdə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı qəbul edildikdən sonra əvvəlki iş dövrü onun xidmət illərinə daxil edilməmiş, ona həmin xidmət illərinə görə əlavə ödənilməmişdir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdeh tərəfindən yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunması işin tədqiq edilən halları ilə müəyyən edilmədiyindən iddianın təmini üçün əsas mövcud deyildir, bu səbəbdən cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar