Məhkəmə qərarları › İş №2-1(112)-2135/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2135/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2135/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.02.2020-ci tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən mənə ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu 01.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuşam. 21 avqust 1985-ci ildə əmək fəaliyyətinə başlamışdır. Belə ki, iddiaçı 21.08.1985-ci il tarixdən 10.06.1986-ci il tarixədək “X12 X16” X3 İstehsalat Xidməti Bazasında, 09.08.1988-ci il tarixdən 15.10.2004-cü il tarixədək Baş Dəniz Neftin “X12 X13” X3 İstehsalat Xidməti Bazasında (16.01.2001-ci il tarixindən həmin müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır), 22.04.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda çalışır. Göründüyü kimi, uzun müddət ağır və zərərli iş şəraitində çalışmışdır. İşlədiyi iş yerində iddiaçı ilə birgə 4 nəfər elektrik montyoru çalışırdı. Həmin şəxslərin hamısına güzəştli şərtlərlə pensiya yaşına çatdıqdan sonra pensiya təyin edilmişdir. Belə ki, iddiaçı qazma boruları sexində elektrik montyoru işləmişdir. İşlədiyi idarə dənizdə qazma prosesinin tərkib hissəsi olub. Onlar dənizdəki platformaları qazma boruları ilə fasiləsiz təmin etmişlər və iddiaçı buruqlara elektrik montyoru kimi xidmət göstərmişdir. Mütəmadi olaraq qazma boruları çatdırılırdı dənizin müxtəlif buruqlarına və iddiaçı həmin buruqlara işlərin görülməsi məqsədilə ezamiyyətə göndərilirdi. Əmək kitabçasından və aidiyyəti qanunvericilik aklarından da aydın olur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Bu məqsədlə də iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 30 iyun 2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Həmin müraciətə 13 iyul 2020-ci il tarixli **********3 nömrəli imtina məktubu verilmişdir. Həmin imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş əmək kitabçasına əsasən 21.08.1985-15.10.2004-cü il tarixləri arasındakı dövr ərzində “X14 X8 Birliyi”nin İstehsalata Xidmət Mərkəzi Bazasında iddiaçının işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və 22.04.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələri Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının X-11000000 - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi”ndə nəzərdə tutulmadığından (1); quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi Bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid olmadığından (2); işlədiyi vəzifə və sahələrin qanunvericilikdə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, 16.01.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi 15.10.2004cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacağından, digər qanuni əsaslarla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş pensiya hüqunun pozulmasına səbəb olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün iddiaçının 01.01.2006cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İmtina məktubundan da göründüyü kimi cavabdeh tərəfindən 20 ildən çox ümumi iş stajının olması mübahisələndirilmir. Cavabdehin imtinasının əsası iddiaçının 10 ildən çox müddətə 1 №-li Siyahıda nəzərdə tutulan peşə və ya vəzifədə işləyib-işləməməsi ilə bağlıdır. Əmək kitabçasından isə göründüyü kimi iddiaçı 1985-ci il tarixdən əsasən qazma boruları sexində elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, eləcə də elektrik avadanlıqlarının təmiri üzrə çilingər elektrik, yardımçı fəhlə, takelajçı kimi digər vəzifələrdə çalışmışdır. İddiaçının əsasən işlədiyi qazma boruları sexində elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunan istər 1 saylı Siyahıda “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsində, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunan 2 saylı Siyahıda “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan Xİİ bölməsində müxtəlif kodlarda nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı 10 ildən artıq müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunan 1 və 2 saylı Siyahılar üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləmişdir. Qeyd olunan hal cavabdehin imtinasının qanunsuz və əsassız olmasını, iddiaçının pensiya hüququnun pozulmasını, güzəştli şərtlərlə iddiaçıya pensiya təyin edilməli olmasını müəyyən edir. 16.11.2001-ci il tarixindən iddiaçının işlədiyi müəssisənin bazasında “İstehsalatda xidmət mərkəzi "xxxx" ASC yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi, 15.10.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi faktının dəqiqləşdirilməsi barədə isə qeyd edilməlidir ki, məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəzifəyə qəbul olunmuş və əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələri vicdanla həyata keçirmişdir. Bununla bağlı məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi cavabdehlə müəssisə arasında olan məsələdir. Ödənişlərin edilib-edilməməsinin yoxlanılması iddiaçının səlahiyyətləri xaricindədir. Bu səbəbdən də qeyd olunan ödənişin ödənilmədiyi təqdirdə cavabdeh həmin quruma qarşı aidiyyəti üzrə məhkəməyə müraciət edərək ödənişlərin tutulmasını tələb edə bilər. Həmçinin iddiaçının 52 yaşının tamam olduğu 01.02.2020-ci tarixdən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli olduğundan və cavabdehin imtinası səbəbi ilə həmin vaxtdan ödənilməli olan məbləğ iddiaçıya ödənilmədiyindən yığılmış məbləğin ödənilməsi öhdəliyi də cavabdehə həvalə edilməlidir. Bütün yuxarıda qeyd edilənlərdən görünür ki, cavabdeh inzibati orqanın hərəkətləri və hərəkətsizliyi tamamilə qanunsuzdur və iddiaçının hüquqlarına aşkar surətdə müdaxilə edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 oktyabr 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 21.08.1985-15.10.2004-cü il tarixləri arasındakı dövr ərzində "X14 X8 Birliyi"nin istehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və 22.04.2003-cü il tarixindən bugünədək "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. Bundan başqa, quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13.07.2020-ci il tarixli məktubda qeyd olunur: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı ıl tarıxınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 ıl ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki: 1) İdarəyə təqdim etdiyiniz 2 oktyabr 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 21.08 1985-15.10.2004-cü il tarixləri arasındakı dövr ərzində "X14 X8 Birliyi"nın İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyiniz elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və 22.04.2003-cü il tarixindən bugünədək "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyiniz takelajçı vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. 2) Bundan başqa, quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyiniz sahə (İstehsalata Xidmət Mərkəzi bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. 3) Eyni zamanda işlədiyiniz vəzifə və sahələrin qanunvericiliklə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdıqlənmş olsaydı belə, 16.01.2001-ci ıl tarixindən işlədiyiniz müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqavilənizə xitam verildiyi 15.10.2004-cü il tarixınədək məcburi dövlət sosial sığorta haqlarının ödənilibodənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacaqdı. Hazırda Sizə müvafiq pensiya təyin olunması digər qanuni əsaslarla qeyri-mümkün olduğu üçün, belə bir araşdırmaya ehtiyac yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış 29.04.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının 29 noyabr 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamənin 7.3-cü bəndinə uygun olaraq, Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli 651 nömrəli “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi” haqqında Sərəncamını rəhbər tutaraq, SOCAR-ın 06 noyabr 2001-ci il tarixli 188 nömrəli əmrinə əsasən, SOCAR-ın X1 Birliyinin tabeliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal Körpüsü 3 ünvanında yerləşən İstehsalat Xidmətinin Mərkəzi Bazası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 17 iyul 2001-ci il tarixli 41 nömrəli Sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərrəfindən məhkəməyə ünvanlanmış 15.10.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Yanacaq energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 22.03.2001-ci il tarixli 651 saylı Sərəncamına və ARDNŞ-nin 06.11.2001-ci il tarixli, 188 nömrəli əmrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanında yerləşən “Dənizdə NQÇ” İB-nin (keçmiş Xəzərdənizneftqazsənaye” İB) “İstehsalat Xidmətinin Mərkəzi Bazası”nın əmlakının bazasında İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 41 saylı 17.07.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.10.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin fəaliyyəti, faktiki və hüquqi ünvanı barədə məlumatın verilməsi ilə bağlı müraciətə Bakı şəhəri X9 üzrə Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən "xxxx" ASC-nin qeydiyyatda olması barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 21.08.1985-ci ildə "X12 X13" X2 Xidmət Mərkəzi Bazasında elektrik avadanlıqlarının təmiri üzrə çilingər elektrik vəzifəsinə qəbul edilmiş, 23.09.1985-ci ildə 1-ci dərəcəli yardımçı fəhlə vəzifəsinə keçirilmiş, 10.06.1986-cı ildə Sovet Ordusuna hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, 26.06.1986-cı ildən 29.06.1988-ci ilədək Sovet ordusu sıralarında xidmət etmiş, 09.08.1988-ci ildə Baş Dəniz Neftin "X12 X13" X2 Xidmət Mərkəzi Bazasında Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 2-ci (ikinci) dərəcəli elektrik montyoru qəbul edilmiş, 20.11.1989-cu ildə Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 3-cü (üçüncü) dərəcəli elektrik montyoru keçirilmiş, 01.08.1992-ci ildə 4-cü (dördüncü) dərəcəli elektrik montyoru dərəcəsi verilmişdir, Azərbaycan Respublikasının Prezidentinin 10.01.94-cü il tarixli 50 №-li qərarına və Azərbaycan Respublikası Neft Konserninin 29.01.94-cü il tarixli 13 №-li əmrinə əsasən Mərkəzi İstehsalat Xidməti Bazası "X15 Çıxarma" X2 Xidmət Mərkəzi Bazası hesab edilmişdir, 15.03.1996-cı ildə 5-ci (beşinci) dərəcəli elektrik montyor dərəcəsi verilmiş, 16.11.2001-ci ildə Dövlət Əmlak Departamentinin 09.10.2001-ci il tarix 136 saylı sərəncamına və “DNQÇ” İB-in 241 saylı 09.11.2001-ci il tarixli əmrinə əsasən “DNQÇ” İBnin İXMB-da "xxxx"ASC yaradılmışdır, 15.10.2004-cü ildə öz xahişi ilə işdən azad olmuşdur, 22.04.2003-cü ildə Xəzər Qazma Şirkətində İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilmiş, 01.07.2003-cü ildə İstiqlal qurğusunda portalda fəhlə vəzifəsinə keçirilmiş, 06.10.2003-cü ildə İstiqlal qurğusunda takelajçı vəzifəsinə keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. İddiaçı 26.06.1986-cı ildən 29.06.1988-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 21.08.1985-ci ildə "X12 X13" X2 Xidmət Mərkəzi Bazasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingər vəzifəsinə qəbul edilmiş, 23.09.1985-ci ildə 1-ci dərəcəli yardımçı fəhlə vəzifəsinə keçirilmiş, 10.06.1986-cı ildə hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, 09.08.1988-ci ildə Baş Dəniz Neftin "X12 X13" X2 Xidmət Mərkəzi Bazasında Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 2ci (ikinci) dərəcəli elektrik montyoru qəbul edilmiş, 20.11.1989-cu ildə Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 3-cü (üçüncü) dərəcəli elektrik montyoru keçirilmiş, 01.08.1992-ci ildə 4-cü (dördüncü) dərəcəli elektrik montyoru dərəcəsi verilmiş, 15.03.1996-cı ildə 5-ci (beşinci) dərəcəli elektrik montyor dərəcəsi verilmiş, 15.10.2004-cü ildə öz xahişi ilə işdən azad olmuş, 22.04.2003-cü ildə Xəzər Qazma Şirkətində İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilmiş, 01.07.2003-cü ildə İstiqlal qurğusunda portalda fəhlə vəzifəsinə keçirilmiş, 06.10.2003-cü ildə İstiqlal qurğusunda takelaşçı vəzifəsinə keçirilmişdir və hal-hazıradək işləyir. Məhkəmə qeyd edir ki, hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 20 il 2 ay ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı "X12 X13" X2 Xidmət Mərkəzi Bazasında 21.08.1985-ci ildən 23.09.1985-ci ilədək elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, 09.08.1988-ci ildən 15.10.2004-cü ilədək Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X bölmə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1-ci bənd Qazma, «a» yarımbəndi fəhlələr, kod 1100000a—19838 buruqlara xidmət üzrə elektrik montyorları, kod 1100000a—19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Həmin peşələrdə iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 14 il, 09 ay, 17 gün təşkil edir. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahıya uyğundur. Qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 01.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar