Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2135/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. 26.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir
2. İddiaçı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh 087-11484M-3221 nömrəli, 06.05.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata almaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur.
4. Bundan sonra İddiaçı 25.08.2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Daha sonra İddiaçı 01.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin əsl cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi ilə əvəz olunmasını xahiş etmiş və iddia tələbini dəqiqləşdirmiş, məhkəmənin 03.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsl cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi ilə əvəz edilmiş, Cavabdeh1 və Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. III. Tərəflərin əsaslandırması:
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, E.Süleymanov küçəsi 2561/67-ci məhəllə mənzil 117-ni 26.12.2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində qeydiyyatdan keçirmiş, ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən **********-05301-093154 reyestr nömrəsi ilə çıxarış verilmişdir. 2020ci ilin əvvəllərində iddiaçı “T-FİNANS" LTD MMC şirkətinə işə girmişdir. Şirkətin direktoru Cavabdeh2 və icraçı direktoru Cavabdeh1 Gəncə şəhərində qeydiyyatda idilər. Onlar iddiaçıya Gəncə şəhərinə gedib gəlməyin çətinlik törətdiyini, tezliklə Bakıda ev almağı fikirləşdiklərini, onları bir-iki aylığa qeydiyyata saldırsa, şirkətin işləri üçün tez-tez Gəncəyə gedib-gəlməkdən azad olacaqlarını demişlər. İddiaçı onların çətinlik çəkməsini istəməmiş, onları xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata salmışdır. Qeyd edilən şəxslər bir gün də olsun iddiaçının mənzilində yaşamamışlar. Qeydiyyat formal xarakter daşımışdır. Lakin müxtəlif idarələrdən, yerli və inzibati məhkəmələrdən, apellyasiya və Ali məhkəmədən gələn məktublar və bildirişlər, X2 Xidmətindən, müxtəlif kredit təşkilatlarından gələn xəbərdarlıq məktubları iddiaçı və ailəsini narahat etməyə başlamış, həm də onların iddiaçıya vəd etdikləri müddət artıq keçmişdir. Odur ki, iddiaçı dəfələrlə onlara zəng edərək qeydiyyatdan çıxmağı xatırlatmışdır, lakin üçüncü şəxslər qeydiyyatda qalmaqda davam edirlər və könüllü olaraq qeydiyyatdan çıxmırlar.
6. Cavabdeh məhkəməyə göndərdiyi 20.09.2021-ci il tarixli 25928-1221 saylı məktubla çıxarılacaq qətnamə icraya yönəldildikdən sonra tərəfindən icra olunacağını bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
9. Üçüncü şəxs Cavabdeh2 29.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə üçüncü şəxsin ərizəsini nəzərə alaraq məhkəmə iclasını 17.01.2022-ci il tarixə təxirə salmışdır. Cavabdeh2 17.01.2022-ci il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət etmiş, alqı-satqı müqaviləsinin başa çatmaq üzrə olduğunu, qeydiyyata düşüb, sənədləri məhkəməyə göndərəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin ərizədə göstərdiyi halları üzrlü hal kimi qəbul etməmiş və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Çünki tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). IV. Məhkəmənin mövqeyi
10. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
12. İddia həm də əsaslıdır. Belə ki, işdə olan 26.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561-67-ci məhəllədə yerləşən 117 saylı mənzil (yeni qaydalarla: AZ1118, ünvan 2) iddiaçının mülkiyyətindədir.
13. İşdən görünür ki, İddiaçı 22.04.2020-ci il tarixdə ərizə ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsqiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-16721-1221 nömrəli, 21.10.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının həmin ərizəsinə əsasən xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 24.04.2020-ci il tarixdə ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər.
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 08.07.2021-ci il tarixli Arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzildə qeydiyyatdadırlar.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.09.2021-ci il tarixli, **********63 saylı məktubundan görünür ki Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzilə dair Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
17. "xxxx" MMC-nin 02 nömrəli, 17.01.2022-ci il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllədə yerləşən 117 saylı mənzildə iddiaçı, onun arvadı X1 və qızı X3 yaşayırlar.
18. Beləliklə, iş materialları ilə üçüncü şəxslərin iddiaçının ərizəsi əsasında mübahisəli mənzilə qeydiyyata alınması, həmin mənzilə dair heç bir hüquqlarının olmaması, hazırda onların həmin mənzildə yaşamaması tam təsdiq olunur.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
20. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
21. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
22. Məhz yaranmış bu problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərar qəbul etmiş və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
23. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
24. İşdən müəyyən olunur ki, istinad olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Belə ki, iddiaçı 2020-ci il tarixdə üçüncü şəxslərin mübahisəli ünvana qeydiyyata alınmalarına razılıq ərizəsi vermiş, üçüncü şəxslər iddiaçının ailə üzvləri olmamış, həmin mənzilə heç bir hüquq əldə etməmişlər və hazırda mübahisəli mənzildə yaşamırlar.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
26. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilən halların hazırkı iş üzrə mövcud olmasını nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2561-67-ci məhəllədə yerləşən 117 saylı mənzil (yeni qaydalarla: AZ1118, ünvan 2) üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova