Məhkəmə qərarları › İş №2-1(112)-2135/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2135/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2135/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Türkan qəsəbəsində (keçmiş Türkan üzümçülük sovxozunun ərazisində) ona ayrılmış 0,06 ha torpaq sahəsi olan 19 saylı bağ sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayon X8 İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli, 71 saylı Qərarı ilə “Azərquşçuluqsənaye” Birliyinin Turac bağçılıq yoldaşlığı üçün Türkan üzümçülük sovxozunun ərazisində 3,5 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə Abşeron rayon X8 İcraiyyə Komitəsinin 02 iyul 1989-ci il tarixli, 149 saylı torpaqdan istifadə üçün Dövlət Aktı olmuşdur. “Turac” bağçılıq yoldaşlığının 14 avqust 1989-cu il tarixli, 3 saylı qərarına əsasən qeyd olunan torpaq sahəsindən 0,06 ha torpaq sahəsi olan 19 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsində bağ evi inşa etdirmiş və hal-hazırda iddiaçının istifadəsindədir. Qanunvericiliyə uyğun olaraq iddiaçı ona məxsus bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın veriləsi üçün xx.xx.2021-ci il tarixdə tələb olunan sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, **********76 saylı məktubla aydın olmayan əsaslar göstərərək bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. İddiaçı imtinanı əsassız hesab edir və iddia tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Türkan qəsəbəsində (keçmiş Türkan üzümçülük sovxozunun ərazisində) ona ayrılmış 0.06 ha torpaq sahəsi olan 19 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, arxiv sənədlərinə əsasən bağçılıq-yoldaşlığa dair sənəd əsasları İdarədə aşkar olunmayıb. Belə ki, Türkan üzümçülük sovxozu ərazisində Azərquşçuluqsənaye Birliyinin “Turac” bağçılıq yoldaşlıq birliyinə dair sənədlər (üzvlərin siyahısı, yerləşmə sxemi, qərar, ayrıc aktı, protokol, üzvlük kitabçaları və s.) 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. Bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********76 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Türkan qəsəbəsində (keçmiş Türkan üzümçülük sovxozunun ərazisində) İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi olan 19 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********76 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 19 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -AA seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -“Turac” bağçılıq yoldaşlığı üçün torpaq sahəsinin verilməsinə aid xx.xx.1989-cu il tarixli aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron XDS İcraiyyə Komitəsi tərəfindən 02 iyul 1989-cu il tarixli, 149 nömrəli torpaqdan istifadə üçün Dövlət aktı ilə “Azərquşçuluqsənaye” Birliyinin “Turac” bağçılıq yoldaşlığı üçün Abşeron rayonunun Türkan üzümçülük sovxozunun ərazisində 3,5 ha torpaq sahəsi ayrılmışdır. “Turac” bağçılıq yoldaşlığının idarə heyətinin 3 nömrəli qərarına əsasən X3 bağçılıqbostançılıq və bağ evinin tikintisi üçün verilən 19 nömrəli 0,06 ha tortaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq, daimi istifadə üçün təhkim edildi. Akta ayrılmış sahənin sxemi əlavə edilmişdir. -İddiaçıya 14 avqust 1989-cu il tarixdə verilmiş 19 nömrəli üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərquşçuluqsənaye Birliyinin “Turac” bağçılıq yoldaşlığında plan şöbəsinin müdiri vəzifəsində işləyən İddiaçı 19 nömrəli torpaq sahəsinə görə xx.xx.1989-cu və xx.xx.1990-cı illərdə 50 manat üzvük haqqı ödəmişdir. -“Azərquşçuluqsənaye” Birliyinin “Turac” bağçılıq yoldaşlığı üzvlərinin iclasının 14 avqust 1989-cu il tarixli protokolundan çıxarışdan görünür ki, “Turac” bağçılıq yoldaşlığın üzvü İddiaçı 6 sot (0,06 ha) ölçüsü olan 19 nömrəli torpaq sahəsi bağçılıq-bostançılıq və ev tikintisi məqsədilə daimi istifadə üçün təhkim edilmişdir. -Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin “tikintiyə torpaq sahəsinin ayrılması haqqında” 29 aprel 1988-ci il tarixli, 71 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 04 avqust 1987-ci il tarixli, 277 nömrəli Qərarına əsasən “Azərquşçuluqsənaye” Respublika Birliyi kollektiv bağçılıq işlərinin təşkili üçün 3,5 ha torpaq sahəsi ayrılması barədə müraciətini nəzərə alaraq “Azərquşçuluqsənaye” Respublika Birliyinə Türkan üzümçülük sovxozunun ərazisində kollektiv bağçılıq üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Qərarın 5-ci bəndinə əsasən “Azərquşçuluqsənaye” Birliyinin “Turac” bağçılıq yoldaşlığın Nizamnaməsinin qeydiyyata alınması müəyyən edilmişdir. Arxiv idarəsinin qeydi: Qərara adlı siyahı və cizgi daxil edilməmişdir. -“Turac” bağçılıq yoldaşlığı üçün torpaq sahəsinin verilməsinə dair 14 avqust 1989cu il tarixli Aktın notarial qaydada təsdiq edilmiş surəindən görünür ki, Abşeron XDS İcraiyyə komitəsi tərəfindən 02 iyul 1989-cu il tarixli 149 nömrəli torpaqdan istifadə üçün Dövlət aktı ilə Azərquşçuluqsənaye biliyinin “Turac” bağçılıq yoldaşlığın üzvü İddiaçı 0,06 ha ölçüsü olan 19 nömrəli torpaq sahəsi bağçılıq-bostançılıq və ev tikintisi məqsədilə daimi istifadə üçün təhkim edilmiş, ayrılmış sahənin sxemi də tərtib edilmişdir. -Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Türkan üzümçülük sovxozu ərazisində “Azərquşçuluqsənaye” Birliyinin “Turac” bağçılıq yoldaşlıq birliyinə dair sənədlərin (üzvlərin siyahısı, yerləşmə sxemi, qərar, ayrıc aktı, protokol, üzvlük kitabçaları və s.) 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. -“Turac” bağçılıq yoldaşlığının üzvlərinin hər biri tərəfindən püşkatma yolu ilə seçilmiş və bağçılıq yoldaşlığın ümumi yığıncağı tərəfindən təsdiq edilmiş torpaq sahələrinin nömrələrinin siyahısından görünür ki, İddiaçı 19 saylı bağ sahəsi təhkim edilmişdir. Siyahı bağçılıq yoldaşlığın sədri tərəfindən təsdiq edilmişdir. -Abşeron rayon Dövlət Arxivinin 12 aprel 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Turac” bağçılıq yoldaşlığı üzvlərinin sənədləri saxlanılması və mühafizə edilməsi üçün Abşeron rayon dövlət Arxivinə təhvil verilməmişdir. -AR Dövlət Arxivinin Bakı filialının 12 aprel 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Turac” bağçılıq yoldaşlığın araxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Bakı şəhər İcra Hakimiyyətinin 05 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Turac” bağçılıq yoldaşlığının sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. -30 dekabr 1974-cü il tarixdən doldurulmağa başlanan İddiaçı məxsus əmək kitabçasının təsdiq edilmiş sutərindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək “Azərquşçuluqsənaye” Birliyində müxtəlif vəzifələrdə işləmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli, 71 nömrəli qərarı ilə “Azərquşçuluqsənaye” Respublika Birliyinə Türkan üzümçülük sovxozunun ərazisində kollektiv bağçılığın təşkili üçün torpaq sahəsi ayrılmışdır. İddiaçıya “Turac” bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1989-cu il tarixli iclasının protokolundan çıxarışa əsasən bağçılıq yoldaşlığın üzvü kimi 0,06 ha sahəsi olan 19 nömrəli bağ sahəsi ayrılmış, bu barədə ona eyni tarixli üzvlük kitabçası verilmiş, torpaq sahəsinin verilməsinə aid aktla 19 nömrəli torpaq sahəsinin sxemi tərtib edilməklə torpaq sahəsi naturada ayrılaraq iddiaçıya verilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinadən sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən etmişdir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının 19 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair “Turac” bağçılıq yoldaşlığı üzvlərin iclasının protokolundan çıxarışı, bağ sahəsinə dair üzvlük kitabçasını və bağ sahəsinin sxemini cavabdehə təqdim etmişdir. Cavabdeh imtinasında bildirir ki, “Turac” bağçılıq-yoldaşlığa dair arxiv əsasları aşkar olunmamışdır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olaraq 19 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Məhkəmə hesab edir ki, sözügedən bağçılıq yoldaşlığın arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyildir, ona görə də bu məsələ onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən, cavabdeh “Turac” bağçılıq yoldaşlığın arxiv sənədlərinin aşkar edilmədiyinə istinad etdiyi halda iddiaçının təqdim etdiyi sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsindəki tələblərə uyğun olmamasını hansı qaydada müəyyən etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, işdəki sənədlərdən müəyyən olunur ki, bağçılıq yoldaşlığın üzvlərinin xx.xx.1989-cu il tarixli protokolundan çıxarışı ilə iddiaçıya “Turac” bağçılıq yoldaşlığının üzvü kimi 19 saylı bağ sahəsi ayrılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, “Turac” bağçılıq-yoldaşlığı “Azərquşçuluqsənaye” Respublika Birliyinin işçiləri üçün təşkil edilmiş və iddiaçının da ona bağ sahəsi ayrılan zaman həmin təşkilatda işləməsi onun əmək kitabçasındakı qeydlərlə təsdiqini tapmışdır. Bununla yanaşı bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin bağ sahəsinə digər şəxsin müraciəti qeydə alınmamışdır. Belə olan halda, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına sala bilən əsaslı dəlil təqdim edilmədiyindən, məhkəmə iddiaçının ona Türkan qəsəbəsindəki 19 saylı bağ sahəsinin ayrılması barədə təqdim etdiyi sənədləri mötəbər sübut kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, cavabdeh inzibati orqanın oxşar hal üzrə “Turac” bağçılıq yoldaşlığında bağ sahəsinin dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı praktikası artıq mövcuddur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan və onun verilməsi üçün əsas olmuş sənədlərdən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci i tarixli, 71 nömrəli qərarı, bağ sahəsinin təhkim edilmə aktı əsas götürülməklə “Turac” bağçılıq yoldaşlığındakı 08 saylı bağ sahəsi X5 adına dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” vardır. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Türkan qəsəbəsində (keçmiş Türkan üzümçülük sovxozunun ərazisində) İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi olan 19 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Türkan qəsəbəsində (keçmiş Türkan üzümçülük sovxozunun ərazisində) İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi olan 19 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar