Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2135/2024 27.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil,cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “pul vəsaitinin geri qaytarılması, hesaba qoyulmuş sərəncamın götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı MMC cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Hava Nəqliyyatında Baş Gömrük idarəsi tərəfindən qanunsuz olaraq aksiz vergizi adı altında alınmış 798 manat məbləğində pul vəsaitinin geri qaytarılması, hesabına qoyulmuş sərəncamının götürülməsi, əlavə olaraq iddiaçının üzərinə qoyulan 3290.69 manat idxal gömrük rüsumunun, 735.97 manat ƏDV , 1646.28 manat dəbbə pulunun silinməsini və iddiaçının hesabına qoyulmuş sərəncam nəticəsində CXR-dan idxal edə bilmədiyi malların anbarda saxlanmasına görə 570 dollar dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qanunsuz olaraq aksiz vergisi adı altında 10 mart 2023-cü il tarixdə ödənilmiş 798 manat məbləğində pul vəsaitinin geri qaytarılması, iddiaçının hesabına qoyulmuş sərəncamın götürülməsi, 11 may 2023-cü il tarixli 1900-012-/0xx-xx/002108 nömrəli bildiriş ilə iddiaçının üzərinə qoyulmuş 3290.69 manat idxal gömrük rüsumunun, 1735.97 manat ƏDV-nin, 1655.96 manat dəbbə pulunun silinməsi və iddiaçının hesabına qoyulmuş sərəncam nəticəsində CXR-dan idxal edə bilmədiyi malların anbarda saxlanmasına görə 570 dollar dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 27 mart 2024-cü il tarixli qərardadı ilə, iddianın dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı birdəfəlik istifadə olunan elektron siqaretlərin idxalı və respublikada topdan və pərakəndə satışı ilə məşğul olur. İddiaçı 04 iyul və 29 avqust 2022-ci il tarixlərində Çin Xalq Respublikasından (ÇXR) birdəfəlik istifadə olunan elektron siqaretləri **********2504 və **********5820 Sorğu nömrəli bəyannamələr verərək idxal etmişdir. Bəyannamələrin doldurulması üçün peşəkar broker firması olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanmışdır. Elektron siqaretlərin statistik dəyəri 7966 və 6030 dollar təşkil etmişdir. Malları bəyan etdikdən sonra gömrük əməkdaşları malların buraxılması barədə göstəriş vermiş və iddiaçı da elektron siqaretlərini götürüb aparmışdır. İddiaçı 20 gün ərzində həmin malların üzərində gəlirini qoyub topdan və pərakəndə qaydada satmışdır.Təqribən 2023-cü ilin aprel ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən iddiaçıya zəng edilmişdir ki, **********2504 və **********5820 nömrəli bəyannamələr üzrə idxal edilən elektron siqaretlər üzrə aksiz vergisi ödənilməmişdir. İddiaçı belə bir verginin olmamasını, malların gömrük rəsmiləşdirilməsindən keçirərkən tələb edilmədiyini, malların satıldığını bildirsə də iddiaçıya bildirilmişdir ki, əgər ödəniş edilməsə növbəti partiya gələn mallar buraxılmayacaqdır. Həmin bəyannamələr üzrə əlavə olaraq iddiaçıdan 798 manat aksiz vergisi ödənilməsi tələb edilmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb gələcəkdə mal idxalında problem yaranmamasına görə qanunsuz tələb edilən 798 manat məbləğini gömrük orqanının hesabına ödəmişdir.2023-cü ilin iyun ayının sonunda bank hesabına Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən sərəncam qoyulduğu iddiaçıya məlum olmuşdur. Bunun səbəbi ilə maraqlandıqda bu dəfə bildirildi ki, yenə **********2504 və **********5820 nömrəli bəyannamələr üzrə idxal edilən elektron siqaretlər üzrə vergi və rüsumlar düzgün hesablanmayıb, malın kodu səhv olub, malın kodu ********** yox, ********** olmalı idi.Bu dəfə əlavə olaraq iddiaçıdan 1735.97 manat əlavə dəyər vergisi, 3290,69 manat gömrük rüsumu, 1655,96 (20 may 2023-cü ilə qədər hesablanmış, hər gün üçün bu məbləğ qalxır) dəbbə pulu tələb edilməyə başlanmışdır.Halbuki mallar sərbəst dövriyyəyə buraxıldıqdan sonra gömrük orqanı hər hansı bir ödəniş tələb edə bilməzdi. Bu Azərbaycan Respublikasının Konstitusiyasına, Vergi və Gömrük Məcəllələrinə zidd, qanunsuz bir haldır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhəddini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar:sərbəst dövriyyəyə buraxılanadək;məhv edilənədək;dövlətin xeyrinə imtina olunanadək;malların dövlət mülkiyyətinə keçirilməsinə yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək.Həmin Məcəllənin 104-cü maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.Göründüyü kimi gömrük orqanı mallar sərbəst dövriyyəyə daxil olduqdan sonra fiziki və hüquqi şəxslər qarşısında əlavə öhdəlik qoya bilməz.Gömrük orqanı etdiyi səhvə görə vətəndaşı, fiziki və hüquqi şəxsləri cəzalandıra bilməz.Bundan başqa cavabdehin iddiaçının hesabına qoyulan sərəncama görə növbəti partiya malı iddiaçı idxal edə bilməmişdir. Həmin mallar satıcının anbarında qaldığına görə bir gün üçün 10 dollar saxlama xərci tutulur. Hesab edir ki, iddiaçıya dəymiş zərər də cavabdeh tərəfindən ödənilməlidir.Hesab edir ki, son bir il ərzində artıq iki dəfə əlavə vergi və rüsumlar tətbiq edən gömrük orqanının qanunsuz və əsassız qərar və sərəncamları ləğv edilməli, əlavə olaraq bu ilin aprel ayında aksiz vergisi adı altında aldığı 798 manat pul vəsaiti geri qaytarılmalı, iddiaçının bank hesabına qoyulmuş sərəncam götürülməli və əlavə olaraq hesablanmış vergi və rüsumların tələb edilməsi dayandırılmalıdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Çin Xalq Respublikasının “Feelife Health ınc” şirkətindən idxal edilən, mənşə ölkəsi Çin, netto çəkisi 82,7 kq olan 1610 ədəd “birdəfəlik istifadə olunan elektron siqaretləri”in gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə elektron formada **********2504 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamənin əsas vərəqinin 33-cü qarafasında malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 2403 99 900 9, 46-cı qrafasında statistik dəyər 6030,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 10251,00 manat göstərilməklə İddiaçı MMC-nin adından təmsilçilik müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük bəyannaməsinin əsas vərəqinin 47-ci qrafasında malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120,00 manat, idxal gömrük rüsumu 140,59 manat, əlavə dəyər vergisi 1892,09 manat hesablanaraq “Camel Trading MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra xx.xx.2022-ci il tarixində malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir.Bundan əlavə İddiaçı MMC tərəfindən Çin Xalq Respublikasının xüsusi inzibati rayonu Honkonqun “X2 Limited” şirkətindən idxal edilən, mənşə ölkəsi Çin, netto çəkisi 81,00 kq olan 1582 ədəd “birdəfəlik istifadə olunan elektron siqaretlər”in gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə elektron formada **********5820 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir.Təqdim edilmiş **********5820 sorğu nömrəli gömrük bəyannaməsinin əsas vərəqinin 33-cü qrafasında malın XİF MN üzrə kodu 2403 99 900 9, 46-cı qrafasında statistik dəyər 7966,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 13542,20 manat göstərilməklə İddiaçı MMC-nin adından təmsilçilik müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən bəyan olunmuşdur.Yuxarıda qeyd olunanlara əsasən gömrük bəyannaməsinin əsas vərəqinin 47-ci qrafasında malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120,00 manat, idxal gömrük rüsumu 137,70 manat, əlavə dəyər vergisi 2483,98 manat hesablanaraq İddiaçı MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra xx.xx.2022-ci il tarixində malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir.Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən malların buraxılışından sonra aparılan yoxlamalar nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 27 fevral 2023-cü il tarixli, 3-33/2-003690/2023-cü il tarixli məktubuna əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilən **********2504, **********5820 nömrəli bəyannamələr üzrə aksiz vergisinin hesablanması ilə bağlı qanuna uyğunsuzluqlar aşkar olunmuşdur. İddiaçı MMC adına gələn və **********2504, **********5820 sorğu nömrəli gömrük bəyannamələri üzrə bəyan edilən malların XİF MN üzrə kodunun düzgün bəyan edilmədiyi aşkar edilmişdir. Belə ki, **********2504, **********5820 sorğu nömrəli gömrük bəyannamələri əsasında bəyan edilən “birdəfəlik istifadə olunan elektron siqaretlər” adlı mallar 2403 99 900 4 kodunda bəyan edilməli olduğu halda, 2403 99 900 9 kodunda bəyan edilmişdir. Bunun nəticəsində iddiaçının 798 manat aksiz vergisi üzrə, 3290,69 manat idxal gömrük rüsumu üzrə, 735,97 manat ƏDV üzrə, 1646,28 manat dəbbə pulu üzrə borcu yaranmışdır. İddiaçı MMC tərəfindən 798 manat aksiz vergisi xx.xx.2023-cu ıl tarixində ödənilmişdir.”Camel Trading" MMC tərəfindən ödənilməsi gecikdirilmiş 3290,69 manat idxal gomruk rusumunun, 798 manat aksiz vergisinin və 735,97 manat əlavə dəyər vergisinin ödənilməsinin hər gecikdirilən gününə görə 0,1 faizi miqdarında, ümumilikdə 1646,28 manat dəbbə pulu hesablanmış və cəmiyyətin hüquqi ünvanına ümumilikdə 5672,94 manat məbləğində gömrük borcunun ödənilməsinə dair bildiriş göndərilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Məhkəmənin hazırki iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadla iddiaçının iddiası qanunsuz olaraq aksiz vergisi adı altında 10 mart 2023-cü il tarixdə ödənilmiş 798 manat məbləğində pul vəsaitinin geri qaytarılması, iddiaçının hesabına qoyulmuş sərəncam nəticəsində CXR-dan idxal edə bilmədiyi malların anbarda saxlanmasına görə 570 dollar dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdeh tərəfindən ödənilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçının iddiası qalan hissədə mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın qismən rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər. 9.İnzibati məhkəmə işinin materiallarında olan: - **********2504, **********5820 nömrəli gömrük idxal bəyannamələrinə əsasən iddiaçı 2022-ci ilin iyul ayının 4-də, 2022-ci ilin avqust ayının 29-da elektron siqaretlər və elektron siqaret hissələrini Çin Xalq Respublikasından Azərbaycan Respublikasına idxal etmişdir. - cavabdehin “Gömrük borcunun ödənilməsinə dair” bildirişinə əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixinə **********2504, **********5820 sorğu nömrəli gömrük bəyannamələri üzrə təsnifatı aşağıda göstərilən ümumilikdə 6682,62 manat, o cümlədən ƏDV üzrə 1735,97 manat, gömrük rüsumları üzrə 3290,69 manat, dəbbə pulu üzrə 1655,96 manat (xx.xx.2023-cü ilə kimi) borcu vardır və həmin borcun 5 iş günü ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. - xx.xx.2023-cü il tarixli 121 nömrəli “Dondurulmalı olan sərəncam”a əsasən iddiaçının bank hesabına 1646,28 manat məbləğində sərəncam qoyulmuşdir, səbəb kimi **********2504, **********5820 nömrəli gömrük bəyannamələri göstərilmişdir;
İV. Məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
10. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən - 73 İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: - 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. - 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. - 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
11.Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin - preambulasına əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Məcəllə) Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. - 51-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. - 52.1-ci maddəsinə əsasən gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. - 65.1-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. - 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar:83.1.1. sərbəst dövriyyəyə buraxılanadək; - 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; - 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; - 153.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir; - 153.2-ci maddəsinə əsasən aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir:..153.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra. - 154.3-cü maddəsinə əsasən gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz. 12.İnzibati məhkəmə işinin materiallarında olan sənədlərə əsasən iddiaçı **********2504, **********5820 nömrəli gömrük bəyannamələri ilə 2022-ci ilin iyul ayının 4-də, 2022-ci ilin avqust ayının 29-da elektron siqaretlər və elektron siqaret hissələrini Çin Xalq Respublikasından Azərbaycan Respublikasına idxal etmişdir, həmin mallar gömrük nəzarətindən gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra müvafiq olaraq xx.xx.2022ci ildə və xx.xx.2022-ci ildə buraxılmışlar, mallar gömrak nəzarətindən buraxıldıqdan sonra iddiaçıya cavabdeh tərəfində göndərilmiş “Gömrük borcunun ödənilməsinə dair” bildirişlə **********2504, **********5820 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 6682,62 manat, o cümlədən ƏDV üzrə 1735,97 manat, gömrük rüsumları üzrə 3290,69 manat, dəbbə pulu üzrə 1655,96 manat (xx.xx.2023-cü ilə kimi) borcun olması bildirilmiş və həmin borcun 5 iş günü ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur, eyni zamanda xx.xx.2023-cü il tarixli, 121 nömrəli “Dondurulmalı olan sərəncam”la iddiaçının bank hesabına 1646,28 manat məbləğində sərəncam qoyulmuşdir, səbəb kimi isə **********2504, **********5820 nömrəli Gömrük bəyannamələri göstərilmişdir. 13.Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra və mallar gömrükdən buraxılaraq iddiaçıya təhvil verildikdən sonra əlavə vergi, gömrük rüsumu, dəbbə pulu hesablanması və həmin məbləğlərin ödənilməsinin təmin edilməsi üçün iddiaçının hesabına sərəncam qoyulmasında ifadə olunan hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır. 14.Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının malları gömrükdən buraxılaraq iddiaçıya təhvil verildikdən sonra əlavə vergi, gömrük rüsumu, dəbbə pulu hesabaması və həmin məbləğlərin ödənilməsinin təmin edilməsi üçün iddiaçının hesabına sərəncam qoyulmasında ifadə olunan hərəkətləri Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.2-ci maddəsinin (malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır) və 154.3-cü maddəsinin (gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz) tələblərinə ziddi olmuşdur. Qeyd edilən normaların tələblərindən göründüyü kimi qanunverici zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsinin başa çatdığını, gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra hər hansı bir gömrük əməliyyatlarının aparılmasına yol verilməməsini dəqiq göstərmişdir. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi təmin edilməli, iddiaçının hesabına qoyulmuş sərəncamın götürülməsi, 11 may 2023-cü il tarixli, 1900-012-/0xx-xx/002108 nömrəli bildiriş ilə iddiaçıya hesablanmış və tələb edilən 3290.69 manat idxal gömrük rüsumunun, 1735.97 manat ƏDV-nin, 1655.96 manat dəbbə pulunun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 18..Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 20.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin hesabına qoyulmuş sərəncamın götürülməsi, 11 may 2023-cü il tarixli, 1900-012-/0xx-xx/002108 nömrəli bildiriş ilə İddiaçı MMC-dən tələb edilən 3290.69 manat idxal gömrük rüsumunun, 1735.97 manat ƏDV-nin, 1655.96 manat dəbbə pulunun silinməsi vəzifəsi cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova