Məhkəmə qərarları › İş №2-1(112)-2136/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2136/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2136/2025 18.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 İdris oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X6 bağlar sahəsində 51 nömrəli kooperativ tərəfindən 162 saylı Orderə əsasən Şüvəlan bağ massivində yerləşən 30e /3956e nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və X6 bağlar sahəsində 51 nömrəli kooperativ tərəfindən 162 saylı Orderə əsasən Şüvəlan bağ massivində yerləşən 30e /3956e nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişiafı və X6 bağlar sahəsində 51 nömrəli kooperativ tərəfindən 162 saylı Orderə əsasən Şüvəlan bağ sahəsində İddiaçı 30e/3956e nömrəli bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan bağ sahəsi iddiaçının istifadəsindədir. Bağa dair iddiaçının mülkiyyət hüququnun tanınması və çıxarışın (plan ölçünün) verilməsi üçün cavabdehə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının Bakı Şəhər İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1694 nömrəli Sərəncamının idarənin arxivində mövcud olan nüsxəsində adı qeyd edilmişdir (Şüvəlan ВТК, № 51). Lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmiş, həmçinin 162 nömrəli Order idarənin arxivində aşkar olunmamışdır. Həmçinin, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ünvana baxış keçirilən zaman torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********06 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş Orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. İdarənin arxiv məlumatlarına əsasən eyni nömrəli Bağ Tikinti Kooperativi (BTK) nəzdində eyni nömrəli torpaq sahəsinə dair hüquqlar 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-867/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsasında digər şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Hazırda **********64 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən torpaq sahəsi X5 mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bu səbəbdən naturada yerləşməsinin düzgünlüyünü müəyyənləşdirmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Bildiririk ki, sənəd üzrə sahə 1200 kv.m olsa da, faktiki olaraq 1192 kv.m təşkil edir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş 162 №-li Orderə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 21 oktyabr 1992-ci il tarixli, 1694 nömrəli Qərarına əsasən İddiaçı Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəznində sahəsi 0,12 ha olan 30e/3956e nömrəli bağ sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən verilmiş imtina məktublarından görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən eyni nömrəli Bağ Tikinti Kooperativi (ВТК) nəzdində eyni nömrəli torpaq sahəsinə dair hüquqlar digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən naturada yerləşməsinin düzgünlüyünü müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı təqdim olunan Orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 1694 nömrəli Sərəncamının idarənin arxivində mövcud olan nüsxəsində İddiaçı adı qeyd edilmiş (Şüvəlan ВТК № 51), lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir, həmçinin mövcud məlumat bazasında İddiaçı adına hüquqmüəyyənedici sənəd, eləcə də sorğuya əlavə edilmiş 162 nömrəli Order idarənin arxivində aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ümumi hasar daxilində, ara sərhəddi 2-4 sıra mişar daşı düzülərək ayrılmışdır. Darvaza yoxdur, giriş sərbəstdir. Üzərində tikili yoxdur. Faktiki sahəsi 0.12 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Qonşu özəl bağlar 35Q/3961Q və 3956B saylı bağlardır. Eyni zamanda sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahənin qeydiyyatı barədə bazada məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə ünvan 2nə dair müvafiq sənədlərin surəti göndərilmişdir. Həmin sənədlərin surətindən görünür ki; 22 sentyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X8 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı X1 mülkiyyətinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X8 adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-867/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli Qərarı ilə iddiaçı X3 ona Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivindəki Bakı Şəhər XDS İK X2 və İstismarı Birliyi 51 nömrəli BTK tərəfindən 27 dekabr 1993-cü il tarixli, 185 nömrəli Orderlə ayrılmış 30e/3956e saylı bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və həmin sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulmuşdur. Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş 185 №-li Orderə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 16 dekabr 1993-cü il tarixli, 2022 nömrəli Qərarına əsasən X4 Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəznində sahəsi 0,12 ha olan 30e/3956e nömrəli bağ sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş 26 may 2025-ci il tarixli sorğuya cavab məktubunda aşağıdakılar qeyd edilmişdir; Sual 1. İddiaçının iddia etdiyi və faktiki istifadəsində olan 30e/3956e nömrəli bağ sahəsi ilə X5 adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 30e/3956e saylı bağ sahəsi eyni bağ sahəsidirmi? Cavab: Göstərilən torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq 0.12 ha təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxemi Sizə göndəririk. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi (bağ sahəsi) ilə X5 adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 30e/3956e saylı bağ sahəsi eyni bağ sahəsi deyil (bağ sahəsi təqribən 295.0 metr kənarda qeydiyyata alınıb). Sual 2. Qeyd edilən bağ sahələri eyni sahə deyilsə onlar bir biri ilə qonşu ərazilərdirmi? Cavab: Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi (bağ sahəsi) ilə X5 adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 30e/3956e saylı bağ sahəsi eyni bağ sahəsi deyil ( bağ sahəsi təqribən 295.0 metr kənarda qeydiyyata alınıb). Sual 3. Mübahisəli torpaq sahəsinə bitişik olan və qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdırmı? (mülkiyyət hüququ qeydiyyata alınmışdırsa, həmin hüququ təsdiq edən və onların verilməsinə əsas olmuş arxiv qovluğunda saxlanılan bütün hüquqi və texniki sənədlər hər bir torpaq sahəsinə münasibətdə ayrı-ayrılıqda əlavə edilməklə) Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş **********64 və **********98 reyestr nömrəli sahələr mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş 10 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 30e/3956e saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsində 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə hazırki mübahisə üzrə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki bağlar təsərrüfatı idarələrinin orderlərinin arxivdə aşkar olunmaması və ya bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsasları artıq formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmadığından və hazırki iş üzrə oxşar imtina əsasları mövcud olduğundan iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatının aparılması istisna olunmur. Belə ki, məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin X5 mülkiyyətində olması imtina əsasına münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən cavabdehə mübahisəli torpaq sahəsi ilə X5 adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 30e/3956e saylı torpaq sahəsinin eyni bağ sahəsi olub-olmaması barədə sorğu ünvanlanmışdır. Sözügedən sorğuya cavabdeh tərəfindən ünvanlanmış cavab məktubu ilə sabit olunmuşdur ki, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi X5 adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 30e/3956e saylı bağ sahəsi ilə eyni bağ sahəsi deyil, bağ sahəsi təqribən 295 metr kənarda qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdehin imtinası formal xarakter daşıyır. Odur ki, digər torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınarkən hər hansı uyğunsuzluq və torpaq sahələrinin üst-üstə düşməsi halı aşkar edilmədiyindən hazırda eyni torpaq sahələrinə münasibətdə üst-üstə düşmə əsası ilə imtina əsaslı hesab edilə bilməz (torpaq sahələrinin hər hansı birinin ölçüsündə dəyişiklik müəyyən edilməmişdir) və etimadın qorunması prinsipi baxımından ziddir. Belə ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati orqanın davranışını qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və X6 bağlar sahəsində 51 nömrəli kooperativ tərəfindən 162 saylı Orderə əsasən Şüvəlan bağ massivində yerləşən 30e /3956e nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar