Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2137/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun vəkili Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı 35 nömrəli şəhər poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlilliyin təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bundan əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4951/2020 nömrəli qərarı ilə aldığı xəsarətin səbəbli əlaqəsinin "Hərbi travma olması. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması" kimi göstərilməklə şəhadətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar əsasında əlilliyinin bərpa olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası məhkəmənin qərarını nəzərə almadan əlilliyinin bərpasından imtina etmişdir. Lakin imtinanın səbəbi ilə razılaşmır. xx.xx.2022-ci il tarixli arayışdan da göründüyü kimi, ona şəkərli diabet diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 05 senyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri 35 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 35 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00- X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır sümüklərinin arasında posttravmatik heterotopik ossifikatları, ağrı sindromu ilə, ağrılı kelloid çapıqları, baldır əzələlərinin atrofitası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. Bakı 35 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 2732003AACUG saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı ...; Diaqnozun mətni: Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır sümüklərinin arasında posttravmatik heterotopik ossifikatları, ağrı sindromu ilə. Ağrılı kelloid çapıqları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 27 iyul 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təstiqini tapmamışdır. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir. Üçüncü şəxs Bakı 35 nömrəli şəhər poliklinikasının iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh və üçüncü şəxs Bakı 35 nömrəli şəhər poliklinikası nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun vəkili X6 məhkəmə iclasında ayrı-ayrılıqda verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X8 izahatında iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddiaçı xəstəliyə görə əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci ildə Tər-Tər şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4951/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4951/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunması, İddiaçı aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi göstərilməklə şəhadətləndirilməsi öhdəlyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 55 №-li xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi X11 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: Sağ baldırın orta 1/3-nin dəlib keçən odlu silah yarası, hər iki baldır sümüklərinin açıq qəlpəli sınığı və xx.xx.1992-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: Sağ baldırın orta 1/3-nin dəlib keçən odlu silah yaralanması, hər iki baldır sümüklərinin sınığı ilə (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 5 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 61 nömrəli arayışı, X11 Xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1992-ci il tarixli 4201 nömrəli arayış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4951 nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qərara alınmışdır. Əsas: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4951 nömrəli qərarı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. Bakı 35 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2732003AACUG saylı göndərişində İddiaçı yanaşı xəstəlikləri- G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə) Diabetik nevropatiya; Ağırlaşma- T93.8-aşağı ətrafın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır sümüklərinin arasında posttravmatik heteroptik ossifikartları, ağrı sindiromu ilə, ağrılı kelloid çapıqları, baldır əzələlərinin atrofiyası; Əsas diaqnoz W 33- Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silhadan atəş, Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır sümüklərinin arasında posttravmatik heteroptik ossifikatları, ağrı sindiromu ilə, ağrılı kelloid çapıqları, baldır əzələlərinin atrofitası; Yanaşı xəstəliklər İ10-Essensial (birincili) hipertenziya, Hipertoniyaxəstəliyi İİ dərəcə; Ağırlaşma M61- Əzələlərin ossifikasiya və klasifikasiyası, Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər ki baldır sümüklərinin arasında posttravmatik heterotopik ossifikatları, ağrı sindiromu ilə, ağrılı kelloid çapıqları, baldır əzələlərin atrofiyası; Ağırlaşma- R52.0 kəskin ağrı, Sağ baldırın orta 1/3 nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin arasında posttravmatik heterotopik ossifikatları, ağrı sindromo ilə, ağrılı kelloid çapıqları, baldır əzələlərinin atorfiyası; Ağırlaşma L91.0 Hipertofik çapıq, Sağ baldırın orta1/3-nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır sümüklərinin arasında posttravmatik heterotopik ossifikatları, ağrı sindiromu ilə, ağrılı kelloid çapıqları, baldır əzələlərinin atorfiyası; Ağırlaşma 62.5- Əzələnin başqrubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ baldırın orta 1/3-nin dəlib keçə güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır süüklərinin arasında posttravmatik heterotopik ossifikatları, ağrı sindiromu ilə, ağrılı kelloid çapıqları, baldır əzələlərinin atrofiyası; Yanaşı xəstəlikləri- E11.7-İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ orta ağırlıqda; Ağırlaşma T93.2 –Aşağı ətrafın digər sınıqların nəticələri, Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması , hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır sümüklərinin arasında posttravmatik heterotopik ossifikatları , ağrı sindiromu ilə, ağrılı kelloid çapıqları, baldır əzələlərinin atrofiyası; Yanaşı xəstəliklər-H36.0- diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə) ou-qeyri proliferativ retinopatiya. İddiaçı aid aşağıdakı; - xx.xx.2021-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1:XX –Xəstələnmənin və ölümün xarici səbəbləri =>V01-X59-Bədbəxt hadisələr=>W00-X59-Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd……Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı. Hər iki baldır sümüklərinin arasında posttravmatik heterotopik ossifikatları, ağrı sindiromu ilə ağrılı kelloid çapıqları, baldır əzələlərinin atrofitası. Meyar imtina edilir…İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsi ilə Səbəbi- Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar….. X1: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiriin bəzi digər nəticələri =>T90-Y98- Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri =>T93- Aşağı…..Diaqnozun mətni: Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır sümüklərinin arasında posttravmatik heterotopik osifikatları, ağrı sindromu ilə..Ağrılı kelloid çapıqları.. Meyar: İmtina edilir. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. AR ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********0 №-li qərarının 38-ci bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2732003AACUG nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 55 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ baldırın orta 1/3-nin dəlib keçən odlu silah yaralanması, hər iki baldır sümüklərinin sınığı ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri caplı odlu silahdan atəş. Sağ baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması, hər iki baldır sümüklərinin bitişmiş sınığı, hər iki baldır sümüklərinin arasında posttravmatik heterotopik ossifikatları, agrı sindromu ilə. Ağrılı kelloid çapıqları, baldır əzələlərinin atrofiyası” diaqnozu araşdırılmışdır. Müayinə zamanı sağ baldırın orta 1/3 hissəsində yaralanmaya müvafiq gələn çapıq toxuma qeyd olunsa da, əzələ gücü və tonusu normal, hərəkətlər sərbəst qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 63/2023 saylı (ekspertizanın başlanma tarixi 14 dekabr 2022-ci il, başa çatma tarixi 27 yanvar 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 35 saylı Şəhər Poliklinikasında tərtib edilmiş 2732003AACUG saylı göndərişdə qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-insturmental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır və həmin diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış müalicəsinə ehtiyac yoxdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “əlavə” də müəyyən olunmuş maddələrin hər hansı birinə aid etmək mümkün olmamışdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və onun vəkilinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na göstərilmişdir ki, əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir (bənd 1.1). Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur (bənd 1.2.). İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 35 saylı Şəhər Poliklinikasında tərtib edilmiş 2732003AACUG saylı göndərişdə qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “əlavə” də müəyyən olunmuş maddələrin hər hansı birinə aid etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2137/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2137/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver