Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2137/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) artıq ödənilmiş pensiya məbləği ilə bağlı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-174304/2023 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı (X) bölməsinin, neft-qaz və qaz kondensatının hasilatı (********) bəndində qaldırıcıların maşinistləri (1100000а—14012) vəzifəsi, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahı”sının nəqliyyat bölməsinin (XXVİİİ) dəniz və çay donanması (********) bəndinin üzən heyət (1) yarımbölməsində (12100000—19906) dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) nəzərdə tutulmuşdur. Pensiya işinə dair sənədlərə əlavə edilmiş “X9 Donanması”nın iddiaçıya dair 2 aprel 2008-ci il tarixli ev-272 nömrəli arayışında xx.xx.1977-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X4 Donanma İdarəsi”nin gəmilərində krançı vəzifəsində işlədiyi qeyd edilib. Bununla əlaqədar olaraq, iş stajıa dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq sözügedən müəssisənin 31 may 2023-cü il tarixli 13-3-2/2-809/2023 nömrəli arayışında iddiaçının işlədiyi krançı vəzifəsinin yuxarıda qeyd olunan 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu qeyd edilib. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşınının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kaptalına görə təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşınının tamam olduğu xx.xx.2006- cı il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona ümumilikdə 65375,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 65375,54 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 103,93 manat əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü ii tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyasının həmin tarixdən 905,88 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1039,05 manat olmaqla kart hesabına köçürülür. Cavabdehin bu məktubu ilə razılaşmayan iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yekunda cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-7830/2023 nömrəli qərarının ləğv edilməsi və 55 yaşdan təyin edilmiş pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 1953-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. 1970-ci ildə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kənd orta məktəbini bitirmişdir. 05 iyul 1970-ci il tarixindən 22 may 1972-ci il tarixinədək Füzuli rayonu Lenin adına sovxozda fəhlə işləmişdir. 1972-ci ilin iyun ayından 1974-cü ilin iyun ayınadək sabiq Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 22 iyul 1974-cü il tarixində sabiq Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 54 saylı Trestinin 45 saylı Tikinti İdarəsinə fəhlə vəzifəsinə qəbul olunmuş və 04 may 1975-ci il tarixinədək həmin İdarədə həmin vəzifədə işləmişdir. 15 may 1975-ci il tarixində “X7” İdarəsində motorist şagirdi vəzifəsinə işə qəbul olunmuş və 22 iyul 1975-ci il tarixinədək həmin İdarədə həmin vəzifədə işləmişdir. 22 iyul 1975-ci il tarixində həmin İdarədə 2-ci dərəcəli motorist vəzifəsinə işə keçirilmişdir. 17 yanvar 1977-ci il tarixində həmin İdarədə kran ustası vəzifəsinə keçirilmiş və 31 avqust 1977-ci il tarixinədək həmin vəzifədə işləmişdir. 09 sentyabr 1977-ci il tarixində N.A.İzotov adına Şaxtaya işə qəbul olunmuş və 10 may 1977ci il tarixinədək həmin Şaxtada işləmişdir. 17 oktyabr 1977-ci il tarixində “X7” İdarəsində kran ustası vəzifəsinə keçirilməklə işə qəbul olunmuşdur. 19 dekabr 1983-cü il tarixindək matros vəzifəsinə keçirilmişdir. 11 aprel 1984-cü il tarixində “X7” İdarəsinə məxsus gəmidə 2-ci dərəcəli motorist vəzifəsinə keçirilmişdir. 25 mart 1985-ci il tarixində “X7” İdarəsinə məxsus gəmidə 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. 18 dekabr 1985-ci il tarixində “X7” İdarəsinə məxsus gəmidə kranustasının köməkçisi vəzifəsinə keçirilmişdir. 14 avqust 1986-cı il tarixində “X7” İdarəsinə məxsus gəmidə matros vəzifəsinə keçirilmişdir. 15 oktyabr 1986-cı il tarixində “X7” İdarəsinə məxsus gəmidə kranustası köməkçisi vəzifəsinə keçirilmişdir. 13 avqust 1998-ci il tarixində “X7” İdarəsinə məxsus gəmidə kranustası köməkçisi vəzifəsinə keçirilmişdir. 08 iyun 2001- ci il tarixində İ.Hüseynov adına gəmidə kranustası vəzifəsinə keçirilmiş və 28 mart 2003-cü il tarixinədək həmin vəzifədə işləmişdir. 07 aprel 2003-cü il tarixində “X8 Kontraktors İnk.” Şirkətinə kran sürücüsü vəzifəsinə işə qəbul olunmuş və 30 may 2008-ci il tarixinədək həmin vəzifədə işləmişdir. 17 iyul 2008-ci il tarixində İ.Hüseynov adına gəmidə kranustası vəzifəsinə işə qəbul olunmuş və 10 noyabr 2008-ci il tarixinədək həmin vəzifədə işləmişdir. Struktur dəyişikliyi ilə əlaqədar 01 dekabr 2008-ci il tarixində İ.Hüseynov adına gəminin 1-ci heyətinə kranustası vəzifəsinə keçirilmiş və 31 mart 2010-cu il tarixinədək həmin vəzifədə işləmişdir. 08 iyul 2010-cu il tarixində İ.Kərimov adına gəmidə kranustası vəzifəsinə keçirilmiş və 19 iyul 2010-cu il tarixinədək həmin vəzifədə işləmiş, 10 yanvar 2012-ci il tarixində “X8 Kontraktors İnk.” Şirkətinə kran operatoru vəzifəsinə işə qəbul olunmuş və 10 fevral 2014-cü il tarixinədək həmin vəzifədə işləmişdir. 23 may 2014-cü il tarixində “X3 S.V” Şirkətinin Azərbaycan Filialına kran operatoru vəzifəsinə işə qəbul olunmuş və 11 aprel 2017-ci il tarixinədək həmin vəzifədə işləmişdir. 04 avqust 2006-cı il tarixində güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmışdır. 2023-cü ilin ayından ona güzəştli şərtlərlə pensiyanın düzgün təyin edilmədiyi və artıq məbləğdə pul ödənildiyi bildirilərək son 3 il üçün artıq ödənilmiş məbləğin hissə- hissə tutulacağı bildirildi. Həmin tarixdən hər ay ödənilən pensiya məbləğindən 103,93 manat məbləğində pul tutulur. İddiaçı pensiya məbləğinin düzgün və qanuni təyin edilməsini bildirərək ondan artıq ödənilmiş məbləğin tutulmasına etiraz etməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 11 iyul 2023-cü il tarixində yazılı müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Kərim Sariyev tərəfindən imzalanmış 03 avqust 2013-cü il tarixli 3-17- 1/2-14-174304/2023 saylı cavabla bildirildi ki, “sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına görə təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşınızın tamam olduğu xx.xx.2006-cı il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözü gedən maddənin tələbləri nəzərə alınmaqla sizə ümumilikdə 65.375,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 65.375,54 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 103,93 manat əmək pensiyanızdan tutularaq büdcəyə bərpa ediləcəkdir"’. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 53 yaşının tamam olduğu 4 avqust 2006-cı il tarixindən Fondun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (11000000-X ) qazma yarımbəndində qaldırıcıların maşinistləri (1100000а— 14012) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Fondun Xətai rayon şöbəsinə təqdim etdiyi “X9 Donanaması” X4 Donaması İdarəsinin ona dair 2 aprel 2008-ci il tarixli EV-272 nömrəli arayışda xx.xx.1977xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində krançı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi krançı vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş qaldırıcıların maşinistləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının işlədiyi vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahTda nəzərdə tutulmuşdur. Bu səbəbdən də iddiaçının 53 yaşdan deyil, 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixində qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 53 yaşının tamam olduğu 4 avqust 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 65375,54 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 65375,54 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə (hər ay 103,93 manat) onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2008-ci ildə ərizə ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli 144 saylı qərarından görünür ki, iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2008-ci ildən yaşa görə ömürlük pensiya təyin edilmişdir. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-4762/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçıya təyin edilən əmək pensiyası 50 yaşdan deyil, 52 yaşdan yenidən hesablanmış, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 2367.31 manatdan 818,18 manata azaldılmış, xx.xx.2009xx.xx.2011-ci il tarixləri arasında artıq ödənilmiş vəsaitin tutulması qərara alınmışdır. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-7830/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçıya təyin edilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 37.3.1-ci maddəsinə əsasən artıqvermə (1 nömrəlidən 2 nömrəliyə çəkildi) əsası ilə yenidən hesablanmış, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 3.200,88 manatdan 1.039,05 manata azaldılmışdır. xx.xx.2006-cı ildə 52 yaşının tamam olduğu vaxtdan orta ayılıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirərək, ona 55 yaşının tamam olduğu xx.xx.2008-ci ildən təyin edilmiş əmək pensiyasının bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 53 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilməsi olmuşdur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birincisi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 53 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən deyil, 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmişdir. İkincisi, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Uzun illər formalaşmış həm inzibati orqanın praktikası, həm də məhkəmə praktikasına əsasən ƏPQ qüvvəyə mindikdən sonra, yəni xx.xx.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir.
1. əgər şəxsin xx.xx.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 55 yaşdan;
2. əgər şəxsin xx.xx.1997-ci il tarixədən sonra xx.xx.2006-cı ildədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh məhz həmin praktikaya uyğun olaraq iddiaçının xx.xx.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajının tamam olmasını nəzərə alaraq, ona 55 yaşının tamam olduğu xx.xx.2008-ci ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, lakin sonradan həmin qərarına dəyişiklik edərək, yeni qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərar ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh bu qənaətə gələrkən iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli iş stajının olmadığı qənaətinə gəlmiş və iddiaçının güzəştli iş stajının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə olduğunu nəzərə alaraq, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini qərara almışdır. Məhkəmə cavabdehin bu qərarı ilə aşağıdakılara görə razılaşmır. Birincisi, yuxarıda qeyd edildiyi kimi, iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə deyil, 2 nömrəli siyahı üzrə 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İkincisi, 55 yaşdan təyin edilən pensiya ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ): - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən mühüm prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan 2008- cı ildə iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, daha sonra onun pensiyasını Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə olduğunu nəzərə alaraq 57 yaşdan təyin etmişdir ki, bu zaman o, heç bir əsas olmadan bu praktikanı dəyişmiş, hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını sübuta yetirə bilməmişdir. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-7830/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Səlma Salahova