Məhkəmə qərarları › İş №2-1(112)-2138/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2138/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2138/2025 17.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” xx.xx.1995ci il tarixli 1030 nömrəli Sərəncamında göstərilmişdir: “Badamdar qəsəbəsində fərdi evlər tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin 3\104 №-li 27.03.91-ci il tarixli sərəncamına və rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmuş akt və yerləşmə cizgisinə istinad edərək: ... 1.2.İddiaçı (Bakı pr/ti ev 64 m.39) “Köhnə bağ” sahəsi sənədləşdirilsin və orada fərdi evin tikintisinə icazə verilsin.” xx.xx.1995-ci il tarixli 1030 nömrəli Sərəncam əsasında İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. İddiaçı qeyd edilən ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsinə hər hansı cavab verilməmişdir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi “Köhnə bağlar” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış döngə 46-da 1,150.0 kv.m. torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 1,150.0 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 06 aprel 1995-ci il tarixli, 1030 saylı Sərəncamı ilə İddiaçı Şəmsəddin oğluna fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsi “Köhnə bağlar” yaşayış massivində döngə 46-da 1,150.0 kv.m. bağ sahəsi ayrılmışdır. İstifadəyə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmiş və Səbail rayon İcra Hakimiyyəti tərəfindən möhürlə təsdiq edilmişdir. Qeyd edilən bağ sahəsi artıq uzun müddətdir ki, onun istifadəsindədir. Bu səbəbdən də çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinə dair bütün hüququ müəyyənedici səndələr əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Bugünədək cavabdeh tərəfindən müraciəti cavablandırılmamışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlər surətdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa təqdim edilmiş yerləşmə cizgisi qeyri-dəqiq olmaqla faktiki sahə ilə uyğunsuzluq təşkil edir. Həmçinin göstərilən torpaq sahəsinə digər fiziki şəxsin X1 (**********) müraciəti daxil olmuşdur. Eyni zamanda, təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 1030 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Üçüncü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iş materiallarında olan koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin istifadəsindədir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2086 saylı ləğv olunmuş neftqaz quyusunun 68 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin sərhəddindən SOCARın “Azəriqaz” İB-yə məxsus orta təzyiqli yerüstü D 108 mm-lik qaz borusu sərhədindən keçir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın Qaydaların 5 nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən, həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə - məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. İnzibati İcraat haqqında Qanunun 24.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Yuxarıda göstərilənləri əsas gətirərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci (Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri) və 28-ci (Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması) maddələrinin tələblərinə əsasən “Azneft” İstehsalat Birliyinin (AZ 1000, Bakı şəhəri, Neftçilər pr., 73) iş üzrə üçüncü şəxs qismində cəlb olunması, eləcə də iddia tələbinin rədd olunması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə inzibati məhkəmə icraatının iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə hər hansı cavab vermədiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Badamdar qəsəbəsi “Köhnə bağlar” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış döngə 46-da 1,150.0 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin etirazının dəlilləri ondan ibarətdir ki, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa təqdim edilmiş yerləşmə cizgisi qeyri-dəqiq olmaqla faktiki sahə ilə uyğunsuzluq təşkil edir. Həmçinin göstərilən torpaq sahəsinə digər fiziki şəxsin X1 (**********) müraciəti daxil olmuşdur. Eyni zamanda, təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 1030 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Cavabdehin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlili ilə bağlı qeyd edilir ki, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdehin yerləşmə cizgisinin qeyri-dəqiq olmaqla faktiki sahə ilə uyğunsuzluq təşkil etməsi dəlilinə münasibətdə isə bildirilir ki, torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluq varsa, bu iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1030 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd edilməməsi ilə bağlı isə bildirilir ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubunda göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 1150.0 kv.m təşkil etməsi göstərilmişdir. Göstərilən torpaq sahəsinə digər fiziki şəxsin X1 (**********) müraciətinin daxil olması tələbi ilə bağlı bildirilir ki, iddiaçının qanuni istifadəsindəki torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış hər hansı torpaq sahələri ilə üst-üstə düşmə halı aşkar edilməmiş və cavabdeh tərəfindən buna dair hər hansı sübut 1təqdim edilməmişdir. Məhkəmə üçüncü şəxsin iddiaya dair etirazında qeyd edilən (iş materiallarında olan koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin istifadəsindədir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2086 saylı ləğv olunmuş neftqaz quyusunun 68 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin sərhəddindən SOCAR-ın “Azəriqaz” İB-yə məxsus orta təzyiqli yerüstü D 108 mm-lik qaz borusu keçir) dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçının qonşuluğunda və ətrafında Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, Saziş hüdudları daxilində olan və neft quyusunun mühafizə zolağında olan digər əmlaklara hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçıda olduğu kimi Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsinin sənədləşdirilməsi və fərdi evin tikintisi barədə Səbail Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamıdır. Göründüyü kimi, cavabdeh iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara söykənən oxşar işlərdə mülkiyyət hüququna dair çıxarış vermiş, nəticədə iddiaçıya münasibətdə bərabərlik və etimad prinsiplərinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur. Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Badamdar qəsəbəsi “Köhnə bağlar” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış döngə 46-da 1,150.0 kv.m. torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin 1,150.0 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar