Məhkəmə qərarları › İş №2-1(112)-2139/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2139/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2139/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya ******* nömrəli arayış təqdim edərək onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Ermənistanın Quqark rayonu, Allavar kəndində anadan olmuşdur, 1992-ci il tarixdən Azərbaycanda daimi olaraq yaşayır. Mülkiyyətində daşınmaz əmlak olmadığına görə heç bir yerdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı bu imtinanı qanunsuz və əsassız hesab edir və bildirir ki, bu imtina onun konstitusion hüquqlarını pozmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli sorğusu əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında AR Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmiş, bu barədə ******* saylı arayış şəxsə təqdim edilmişdir. Belə ki, iddiaçı 1969-cu ildə Ermənistan Respublikasında (Hallavar kəndində) anadan olmuş, sonradan 1988-ci ildən 1992-ci ilə qədər (Ermənistan SSR pasportu ilə) Rusiya Federasiyasında yaşamış, 1992-ci ildə Azərbaycan Respublikasının ərazisinə gəlmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.3-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın (qaydaların 2.2.7-ci bəndi) müddəalarına əsasən şəxs 1988-ci il yanvarın 1dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs təxminən 4 il Rusiya Federasiyasında yaşamış və həmin ölkədən AR ərazisinə gəlmişdir. Bu da onun Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olmaması anlamına gəlir. Lakin sözügedən şəxs SSRİ vətəndaşı pasportu əsasında Azərbaycan Respublikasına gələrək burada daimi yaşamışdır. Bununla bağlı onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 2006-cı il yanvarın 1-dək daimi yaşama faktları məhkəmə qaydasında müəyyən edildikdən sonra o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının məcbuertmə haqqında iddia növünə uyğun gələn hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. ...Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Həmin Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. İşin hallarını istinad edilən normaların tələblərinə uyğun yoxladıqda aydın olur ki, iddiaçıya münasibətdə bu hallardan hər hansı biri mövcud deyildir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 354941 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 20 iyul 1969-cu ildə Ermənistan SSR, Quqark rayonu, Hallavar kəndində anadan olmuş, bu barədə xx.xx.1973-cü ildə 37 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Həmçinin şəhadətnamədən görünür ki, iddiaçının atası X5 (Azərbaycanlı), anası X6r (Azərbaycanlı). İddiaçıya məxsus 746725 nömrəli SSRİ pasportundan görünür ki, iddiaçının pasportunda xx.xx.1990-cı il və xx.xx.1992-ci illərdə Krasnodar əyalətində qeydiyyatda olması ilə bağlı qeyd aparılmışdır. İddiaçıya aid xx.xx.2021-ci il tarixli tərcümeyi haldan görünür ki, o, xx.xx.1969-cu il tarixdə Ermənistan, Hallavar kəndində anadan olmuş, 1988-1990-cı illərdə Rusiya Federasiyasında hərbi xidmət keçmiş, 1988-ci ildə Ermənistandan Rusiya Federasiyasına getmiş, 1992-ci ildə Azərbaycana gəlmişdir. Faktiki yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması barədə məlumat müəyyən olunmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli 02/1495 saylı məktubundan görünür ki, X3 və status şöbəsinin 2007-2021-ci illərə aid elektron məlumat bazasında İddiaçı məcburi köçkün statusunun olub-olmaması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, işin sadalanan halları ilə iddiaçının 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olmadığı və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamadığı öz təsdiqini tapır. Belə olan halda müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yoxdur, buna görə də cavabdehin idiaçıya verdiyi imtina əsaslı olmuş, onun hüquqularının pozulmasına səbəb olmamışdır. İddiaçının aravdı X1 qaçqın olması və ona verilmiş xx.xx.1993-cü il tarixli 6083 saylı vəsiqədə X1 ailə tərkibi kimi iddiaçının adının göstərilməsi halına gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna əsasən müvəqqəti və ya daimi məskunlaşma yerinə gəlmiş şəxs qaçqın və ya məcburi köçkün statusu almaq üçün müvafiq dövlət orqanlarına müraciət edir və müvafiq orqanlar onları dərhal qeydə alıb qaçqınlara üç aydan, məcburi köçkünlərə bir aydan gec olmayaraq qaçqın və ya məcburi köçkün statusu barədə müvafiq sənəd verirdi. Həmin Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1992-ci il tarxli qərarının 2-ci hissəsinə əsasən “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu müvafiq dövlət orqanlarında bu Qanun qüvvəyə mindiyi vaxtadək qeydiyyatdan keçmiş respublika ərazisində olan qaçqınlara və məcburi köçkünlərə şamil edilirdi. Görünüdüyü kimi, iddiaçının arvadına verilmiş vəsiqədə onun adının qeyd olunması özlüyündə iddiaçının qaçqın olması anlamına gəlmir. Çünki bu status şəxsin qeydiyyata alınmasından sonra müvafiq dövlət orqanı tərəfindən verilməklə fərdi xarakter daşıyır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar