Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-214/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X13 cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 23.07.2007-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Bələdiyyəsinin sənədlərinə inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, 8-ci m/r, S.Axundov küçəsi 36 saylı yaşayış binasının yaxınlığında vətəndaş Azadxan Xanməmmədova sahibkarlıq fəaliyyəti üçün Binəqədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli, 187 saylı qərarı ilə 100 kv.metr torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı aşağıda qeyd olunan qanun pozuntuları müəyyən edilmişdir: qeyd edilən qərar qanunsuz tərtib olunmuş, qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmamışdır. Yuxarıda qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi üçün X13 tərəfindən Binəqədi Bələdiyyəsinə 03.05.2019-cu il tarixli, 09/6-33 saylı təklif məktubu göndərilmişdir. X11 təklif məktubu Binəqədi Bələdiyyəsinin 31.05.2019-cu il tarixli, 07 saylı iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X13 məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin və iddiaçının nümayəndələrinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında üçüncü şəxs X4 vəkili Vəkil iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş X1 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 187 nömrəli, 23.07.2007-ci il tarixli qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən Binəqədi rayonu, 8 mkr. S.S.Axundov küçəsi, 36 saylı yaşayış binasının yanında 100 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında vət. X5 mülkiyyətinə (hər kv. m üçün YAN ilə 10 manat ödəmək şərti ilə) verilməsi, Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə vət. X7 ilə müvafiq alqı-satqı müqaviləsinin bağlamasının tapşırılması, ayrılmış torpaq sahəsində tikinti işlərinə, inşa ediləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlaması, vət. X3 sanitartexniki normalara uyğun saxlanılmasını təmin etməsi, Bələdiyyənin maliyyə, vergi və ödənişlər şöbəsində qeydiyyatdan keçməsinin tapşırılması qərara alınmışdır. - Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə X7 arasında bağlanmış “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinini mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 115 nömrəli, 23 iyul 2007-ci il tarixli müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında 8 mkr. S.S.Axundov küçəsi, 36 saylı yaşayış binasının yanında 100 kvm. torpaq sahəsinə dair müqavilə bağlanmışdır. - 24.07.2007-ci il tarixli, AJV 063615 №-li kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X7 tərəfindən 100 kvm. torpaq sahəsinə görə 1000 (bir min) manat Binəqədi Bələdiyyəsinin hesabına mədaxil edilmişdir. - 8 mkr. S.S.Axundov küçəsində 36 saylı yaşayış binasının yanında sahibkarlıqla məşğul olmaq üçün X6 təklif olunan torpaq sahəsinin (100 kv.m.) situasiya planının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin situasiya planı X8 Mülkiyyətinin idarə edilməsi şğbəsinin mühəndis-memarı tərəfindən tərtib edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 31.05.2019-cu il tarixli, 07 saylı ümumi iclasının protokolunun surətindən görünür ki, vətəndaş Azadxan Xanməmmədova ayrılmış 100 kv. metr torpaq sahəsinin ayrılması barədə alqı-satqı aktının verilməsinə dair müraciətinə baxılması barədə Binqədi Bələdiyyəsinin 23.07.2007ci il tarixli qərarının ləğv edilməsi üçün tədbirlər görülməsin məsələsinin bələdiyyə iclasının müzakirəsinə çıxarılmasının tövsiyyə edilməsi barədə Azərbaycan Respublikası X11 03.05.2019-cu il tarixli, 09/6-33 nömrəli məktubu Bələdiyyənin iclasında müzakirə edilmiş və Binqədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli qərarının ləğv edilmədən qüvvədə saxlanılması qərar alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası) - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. - 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin (qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası): - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 17-ci bəndinin tələbinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. - 25-ci bəndinin tələbinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. - 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 67-ci maddəsinə əsasən torpaq zərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırılması zamanı mübahisələndirilən qərar qəbul edilən zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi (torpağın bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədin mövcud olmaması, müvafiq orqanların rəylərinin alınmaması) müəyyən edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. - 4.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. - 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. - 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. - 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Binqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən “Vətəndaş X1 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 187 nömrəli, 23.07.2007-ci il tarixli qərarı qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl edilmədiyindən qeyd edilən inzibati akt qanuna ziddir və ona görə də iddia tələbi təmin edilərək həmin qərar ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş X1 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 187 nömrəli, 23.07.2007-ci il tarixli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-214/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-214/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver