Məhkəmə qərarları › İş №2-1(112)-2142/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2142/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2142/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı mənzillə dair hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının tələblərinə uyğun olaraq onun dövlət hesabına mənzil ilə təmin olunma hüququnun müəyyən olunması və Dövlət Komissiyası tərəfindən ona verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən 4 otaqlı mənzilin sənədləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının dövlət hesabına mənzil ilə təmin olunma hüququnun müəyyən olunması və Dövlət Komissiyası tərəfindən iddiaçıya verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən mənzilə dair onun adına hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı, 1984-cü ilin avqust ayından 1992-ci ilin may ayınadək SSRİ Silahlı Qüvvələrində, 1992-ci ilin iyun ayından 2016-cı ilin iyun ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ümumilikdə 32 təqvim ili zabit vəzifələrində hərbi xidmətdə olmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 24 təqvim ili zabit kimi xidmət etmişdir. Hərbi xidmət keçdiyi müddətdə '‘leytenant” hərbi rütbəsindən "polkovnik” hərbi rütbəsinə qədər xidməti yol keçmişdir və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə, “Qüsursuz xidmətə görə" 2-ci dərəcəli - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə medalları ilə təltif edilmişdir. Eyni zamanda "Silahlı Qüvvələrin veteranı” medalı ilə təltif olunmuşdur. Xidmət müddətində 2006-cı ildə xidmətində yol verdiyi səhlənkarlığa görə Tər-Tər Hərbi Məhkəməsi tərəfindən 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmişdir, lakin xidmətdə əldə etdiyi nümunəvi intizam və nailiyyətləri nəzərə alaraq həmin məhkəmə tərəfindən 1 il sonra bu şərti cəza üzərindən götürülmüşdür. Ailəlidir, 3 övladı vardır. Hazırda yaşamaq üçün daimi mənzilinin olmaması səbəbindən ailəsilə birlikdə Müdafiə Nazirliyinin Bakı şəhəri ünvan 1al rayonu Qırmızı Şərq-1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi ev 136A mənzil ünvanında xidməti mənzilda məskunlaşmışam və orada da pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanınızın 2-ci bəndinə əsasən yaradılmış Komisiya Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz xidmət müddətini və ailə vəziyyətini nəzərə alaraq 4 sentyabr 2019-cu il tarixli 17 nömrəli protokolu ilə İddiaçı dövlət hesabına X2 mənzilin verilməsi barədə qərar vermişdir. Mənzil siyahısına salınarkən Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz xidmət illərinin hesablanmış, qüsursuz xidmətə görə ona verilən medallar və ailə vəziyyəti nəzərə alınmışdır. Dövlət Komissiyası tərəfindən X3 bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən 4 otaqlı mənzili sənədləşdirmək üçün Cavabdehnə müraciət etdikdə, sənədlərini Dövlət Komissiyasına təqdim edən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi bu dəfə ona verilən mənzili sənədləşdirməkdən imtina etmiş və 2006-cı ildə xidmət müddətində məhkumluğun olmasını əsas gətirərək, heç bir araşdırma aparmadan adının mənzil siyasınıdan çıxarılması barədə yenidən Dövlət Komissiyasına müraciət etmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ona verilən daimi mənzili sənədləşdirməkdən imtina etmişdir. Hesab edir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi bununla da Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanın tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar dövlət vəsaiti hesabına verilməli olan yaşayış sahəsinə hüquqların qeydiyyata alınmasını tələb edir. Qeyd edirlər ki, mövcud Fərmanın 2-ci bəndinə əsasən yaradılmış Komissiyanın 04 sentyabr 2019-cu il tarixli 17 nömrəli protokolu ilə İddiaçı X2 bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında 4 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Lakin dövlət vəsaiti hesabına mənzillə təmin olunan və olunacaq hərbi qulluqçuların xidmət illəri ərzində məhkum olunub-olunmamaları ilə əlaqədar aparılan sonrakı araşdırma zamanı iddiaçının xidmət illəri zamanı məhkum olunması faktı müəyyən edilmiş və bu məlumat 02 aprel 2020-ci il tarixli 1284 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə nazirinin 2018-ci il tarixli 63 nömrəli əmri ilə yaradılmış komissiyaya təqdim edilmişdir. Belə ki, İddiaçı hərbi xidmət müddətində Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-cı maddəsi ilə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək müddətinə şərti cəzaya məhkum edilmişdir. Bildirirlər ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulqrın dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1) Hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli; 2) Hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli; 3) Hərbi xidmət qüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtlərindən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün yetərli olsa da, ən əsası “həqiqi hərbi xidmətinin qüsursuz olmalı” şərti mövcud deyil. Beləliklə işin şərh edilən hallarını nəzərə alaraq Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №li Fərmanına əsasən İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan, -iddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 05.08.1984-cü il tarixdən, 08.06.2016-cı il tarixədək hərbi xidmətdə olmuş, 08 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0401 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 02 oktyabr 2020-ci il tarixli 11/05-175-4862 saylı məktubundan görünür ki, iddiaçının müraciəti araşdırılaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli 166 nömrəli məktubla məhkumluğu olan bir qrup hərbi qulluqçunun, o cümlədən iddiaçının da adı olan adlı siyahının (mənzil növbəsindən çıxarılması məqsədilə) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edildiyi bildirlmişdir. -Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X6 Xidmətinin Baki Şəhəri ünvan 1al Rayon İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2020-ci il tarixli 178 №li Arayışdan görünür ki, arayış 1967-ci il təvəllüdlü ehtiyatda olan polkovnik İddiaçı ondan otrü verilmişdir ki, həqiqətən o, 05.08.1984-cü ildən 08.07.1992-ci ilədək SSRİ SQ-də, 08.07.1992-ci ildən 08.06.2016-cı ildədək Azərbaycan Respublikası Silahlı Qüvvəllərində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi Xidmətkeçmə haqqında” əsas. 156-cı madəsinə əsasən “j" bəndinə (öz arzusu ilə) əsasən AR Müdafiə Nazirinin 0401 saylı 08.06.2016-cı il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri ünvan 1al rayon idarəsində hərbi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Cavabdeh Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya verilmiş 19 sentyabr 2020-ci il tarixli, 3792 saylı imtina məktubundan görünür ki, iddiaçı mənzil təminatı ilə əlaqədar cavabdehə müraciət etmiş və onun ünvanladığı ərizəsinə baxılmış və iddiaçıya Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci bəndinə əsasən yaradılmış komissiyanın 04 sentyabr 2019-cu il tarixli 17 nömrəli protokolu ilə X3 bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında 4 (dörd) otaqlı mənzil verildiyi, lakin dövlət vəsaiti hesabına mənzillə təmin olunan və olunacaq hərbi qulluqçuların xidmət illəri ərzində məhkum olunub-olunmamaları ilə əlaqədar aparılan sonrakı araşdırma zamanı məhkum olunduğu faktı müəyyən edildiyi və bu məlumat 03 aprel 2020-ci il tarixli məktubla sözügedən komissiyaya təqdim edildiyi, bu günə qədər komissiya tərəfindən barəsində yekun qərar qəbul edilmədiyindən iddiaçıya verilmiş mənzilə dair hüquqmüəyyənedici səbədləşmə işləri aparılmadı, mənzil təminatıyla bağlı hüquqmüəyyənedici səbədləşmə işlərinin aparılmasında Mənzil-İstismar İdarəsinin zabiti polkovnik-leytenant Kazım Nəbiyevin iddiaçıya qarşı qərəzli mövqedə olmadığı bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, hazırkı iddia tələbi üzrə İddiaçının dövlət hesabına mənzil ilə təmin olunma hüququnun müəyyən olunmasına və Dövlət Komissiyası tərəfindən iddiaçıya verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən mənzilə dair onun adına hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 19 fevral 2021-ci il tarixli 367-3255H-3221 №li məhkumluq barədə tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. Məhkəmə araşdırması dövründə xx.xx.1967-ci il təvəllüdlü İddiaçı hərbi xidmət illəri (təltiflər və intizam tədbirləri göstərilməklə) barədə məlumatın verilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 1al rayon İdarəsindən sorğu əsasında tələb edilmişdir. Sorğuya cavab olaraq 1967-ci il təvəllüdlü ehtiyatda olan polkovnik İddiaçı 05.08.1984-cü ildən 15.07.1992-ci ilə qədər SSRİ SQ-də, 15.07.1992-ci ildən 08.06.2016cı ilə qədər Azərbaycan Respublikası SQ-də xidmət etdiyi qeyd edilmiş, lakin İddiaçı şəxsi işində təltiflər və intizam tədbirləri haqqında qeydlər olmadığı qeyd olunaraq bu barədə məlumatı verilməmişdir. Məhkəmə araşdırması dövründə həmçinin cavabdehin iddia ərizəsinə dair verdiyi etiraz ərizəsində “qüsursuz xidmət” anlayışının nəyi ehtiva etməsi (normativ hüquqi əsaslar göstərilməklə) barədə məlumatın verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsindən sorğu əsasında tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab verdiyi 16 mart 2021ci il tarixli 11/1208 №li məktubda “qüsursuz xidmət” anlayışının nəyi ehtiva etdiyi müəyyən olunmadığına görə, məsələyə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində şərhin verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 143 №li 04 mart 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət göndərildiyi, nəticəsi barədə məhkəməyə əlavə məlumatın veriləcəyi bildirilmişdir. Beləliklə ki, işin hallarından aydın olur ki, iddiaçı «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 2011-ci 28 dekabr tarixli 569 nömrəli Fərmanına istinad edərək, onun dövlət hesabına mənzillə təmin olunma hüququnun müəyyən olunmasına və Dövlət Komissiyası tərəfindən iddiaçıya verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən mənzilə dair onun adına hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Bununla bağlı məhkəmə bildirir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin Fərmanın 1-ci bəndində “qüsursuz xidmət etmiş” hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərlə iddiaçının hərbi qulluqçu kimi 20 təqvim ilindən çox xidmət etməsi, xidmət müddəti ərzində 2006-cı ildə xidmətində yol verdiyi səhlənkarlığa görə Tər-Tər Hərbi Məhkəməsi tərəfindən 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi müəyyən edilsə də, lakin xidmətdə əldə etdiyi nümunəvi intizam və nailiyyətləri nəzərə alınaraq həmin məhkəmə tərəfindən 1 il sonra bu şərti cəza üzərindən götürüldüyü də müəyyən edilmişdir. O cümlədən iddiaçının qüsursuz xidmətə görə 2003, 2011, 2013-cü il tarixlərdə müvafiq olaraq 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif edilməsi işin mübahisələndirilməyən tərəfidir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanının 2ci bəndinə əsasən iddiaçı 04 sentyabr 2019-cu il tarixli 17 №li protokol əsasında Bakı şəhəri, X3 bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında 4 (dörd) otaqlı mənzillə təmin edilmişdir. İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə məskunlaşmış və orada pasport qeydiyyatındadır. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən hərbi xidmətin qüsurlu olması əsas gətirilməklə müraciətini təmin etməkdən imtina edilməsi əsaslı olmamışdır. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edildyindən, əksinə cavabdeh orqan tərəfindən “qüsursuz xidmət” anlayışının nəyi ehtiva etdiyi əsaslandırıla bilinmədiyindən, eyni zamanda 2007-ci ildə iddiaçının üzərindən şərti cəza götürüləndən sonra qüsursuz xidmətə görə 2011, 2013-cü il tarixlərdə müvafiq olaraq 2-ci və 1-ci dərəcəli medallarla təltif edildiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı dövlət hesabına mənzil ilə təmin olunma hüququnun müəyyən olunması və Dövlət Komissiyası tərəfindən iddiaçıya verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən mənzilə dair onun adına hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı dövlət hesabına mənzil ilə təmin olunma hüququnun müəyyən olunması və Dövlət Komissiyası tərəfindən iddiaçıya verilmiş Hövsan yaşayış Kompleksi bina 4, giriş 119, mərtəbə 3, mənzil 2 ünvanında yerləşən mənzilə dair onun adına hüquqmüəyyənedici sənədləşmə işlərinin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar