Məhkəmə qərarları › İş №2-1(112)-2143/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2143/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2143/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “doğum akt qeydində düzəliş edilməklə adın dəyişdirilməsi”nə razılıq verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “doğum akt qeydində düzəliş edilməklə adın dəyişdirilməsi”nə razılıq verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 iyul 2015-ci il tarixdə doğulmuş X2 və 15 iyul 2015-ci il tarixdə doğulmuş X3 doğum haqqında akt qeydlərində düzəliş edilərək “X10” və “X6” ilə əvəz edilməsinə razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 24 mart 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birgə nikahlarından 15 iyul 2015-ci il tarixdə iki qız uşaqları doğulmuşdur. Həmin uşaqların adını Zeynəb və Leyla qoymuşlar. Lakin sonradan onlara məlum olmuşdur ki, onların uşaqlarının adı bəzi qohumlarının uşaqlarının adı ilə eyni olmuş və qohumlar arasında münaqişələr yaranmışdır. Onlar bu səbəbdən uşaqlara “Rəna” və”Nilay” deyə müraciət etmişlər. Uşaqlar da öz adlarının Rəna və Nilay olduğunu bilirlər. Hal-hazırda məktəbəqədər hazırlıq kurslarına getməklə sənəd üzrə müəllim onlara Zeynəb və Leyla deyə müraciət etməsi uşaqlarda çaşqınlıqlar yaradır və onlara yaxşı təsir etmir. Bu barədə Binəqədi rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etsələr də, onlara cavab verilməmiş və məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 19.10.2020-ci il tarixli sərəncamı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, vətəndaşlar İddiaçı2 və İddiaçı1 0.09.2020-ci il tarixli İ-112- 164 saylı müraciətinə baxılmasının nəticəsi olaraq, Binəqədi rayon İcra hakimiyyəti tərəfindən qəbul edilən 18.09.2020-ci il tarixli 14/2020 saylı Qərarda Azərbaycan Respublikası Ailə Məcəlləinin 54.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinin tələbləri izah edilmişdir. Qərarda uşaqların daşıdıqları adın onların mənafelərinə xələl gətirməməsi, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşaqların maraqlarına zidd olan digər hər hansı əsasların olmaması nəzərə alınaraq, 15.07.2015-ci il təvəllüdlü X4 və 15.07.2015-ci il təvəllüdlü X3 adının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun mənafeyi baxımından adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyinin soyadına dəyişdirilməsinə, valideyinlərin birgə xahişinə əsasən icazə verilə bilər. Cavabdeh və üçüncü şəxs qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan AZE seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1993-cü ildə doğulmuşdur. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 17 mart 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 749954 №li nikah haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı2 ilə xx xxx 1993-cü ildə Bakı şəhərində doğulmuş X1 arasında bağlanmış nikah 2012-ci ilin mart ayının 17-ci günündə akt qeydləri kitabında 327 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə İsmayılov, arvada isə İsmayılova soyadı verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2015-ci il tarixli AZ-İİİ 594791 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 15.07.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 barədə məlumat 2015-ci ilin iyul ayının 28-ci günüdə doğum haqqında akt qeydləri kitabında 4194 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2015-ci il tarixli AZ-İİİ 594777 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 15.07.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 barədə məlumat 2015-ci ilin iyul ayının 28-ci günüdə doğum haqqında akt qeydləri kitabında 4181 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının uşağın adının dəyişdirilməsi haqqında 14/2020 №li 18 sentyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaşlar İddiaçı1 və İddiaçı2 04.09.2020-ci il tarixli İ-112-164 saylı ərizə ilə Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət edərək, uşaqları 15.07.2015-ci il təvəllüdlü X4 və 15.07.2015-ci il təvəllüdlü X3 adının müvafiq olaraq “Rəna” və “Nilay” adlarına dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Daxil olmuş müraciətlə əlaqədar vətəndaşlar İddiaçı1 və İddiaçı2 komissiyada izahatları dinlənilmişdir. Ərizəçilər İddiaçı1 və İddiaçı2 komissiya iclasında verdiyi izahatlarında bildirmişdirlər ki, övladlarının adları bəzi qohumlarının uşaqlarının adı ilə eyni olduğundan aralarında münaqişəli vəziyyət yaranıb və bu hallar psixoloji travma almalarına səbəb olub. Bununla yanaşı, uşaqlar özlərini “Rəna” və “Nilay” kimi tanıyırlar. İzahatlarının sonunda onlar, uşaqların adının müvafiq olaraq “Rəna” və “Nilay” adıan dəyişdirilməsi barədə qərar qəbul edilməsini komissiyadan xahiş etmişdirlər. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən ərizəçilərin izahatları, uşaqların daşıdıqları adın onların mənafelərinə xələl gətirməməsi, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması nəzərə alınaraq, 15.07.2015-ci il təvəllüdlü X4 və 15.07.2015-ci il təvəllüdlü X3 adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci və 189-cu maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4cü bəndində əsasən, yetkinlik yaşına çatmayanlar 15.07.2015-ci il təvəllüdlü X4 və 15.07.2015-ci il təvəllüdlü X3 adı dəyişdirilmədən saxlanılması; Qərarın surətinin vətəndaşlar İddiaçı1 və İddiaçı2 göndərilməsi qərara alınmış və qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan məhkəməyə şikayət verilə biləcəyi izah olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T60/2021 saylı (ekspertizanın başlanma tarixi 19 mart 2021-ci il, başa çatma tarixi 09 aprel 2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, uşaqların doğum haqqında şəhadətnamələrində qeyd olunmuş və hazırda daşıdıqları adlar onların cinsinə uyğun gəlir, uşaqların mənafelərinə və psixoloji durumlarına əsasən isə doğum haqqında şəhadətnamələrində qeyd olumuş adlarla deyil (Zeynəb, Leyla), psixososial inkişaflarının getdiyi zamanlarda onları səsləndirən adlarla, yəni Nilay, Rəna çağırılması və dəyişdirilməsi məqsədə uyğun olardı. Qeyd olunan rəydən görünür ki, psixoloji müayinə zamanı uşaqlar özlərini Rəna, Nilay olaraq təqdim etmişlər. Uşaqlar öz kimliklərini və “sosial mən”lərini bu adla qavrayırlar. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №li Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 №li qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmənin qənaətinə görə uşaqların mənafelərinin daha yaxşı təmin edilməsi üçün yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçıların müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçıların tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçılara izah edilir ki, hazırkı qərardan sonra onların müraciətləri əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçıların məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinin üzərinə 15 iyul 2015-ci il tarixdə doğulmuş X2 və 15 iyul 2015-ci il tarixdə doğulmuş X3 doğum haqqında akt qeydlərində düzəliş edilərək, “X10” və “X6” ilə əvəz edilməsinə razılıq verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinin üzərinə 15 iyul 2015-ci il tarixdə doğulmuş X2 və 15 iyul 2015-ci il tarixdə doğulmuş X3 doğum haqqında akt qeydlərində düzəliş edilərək, “X10” və “X6” ilə əvəz edilməsinə razılıq verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar