Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2144/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK) “icazənin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK) “icazənin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən Tİ-11/22 nömrəli xx.xx.2022-ci il tarixli Obyektin Tikintisinə İcazəni ləğv edilməsi; "xxxx" MMC-nin əməllərində AR CM-nin 186, 221.1, 222-3 və 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla AR Baş Prokuroruna təqdim edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçılar uzun illərdir ki, ünvan 1 ünvanında yerləşən binada tam mülkiyyət hüququ ilə yaşayır. Halbuki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi onların hal-hazırda yaşadıqları binanın yerində tikiləcək yaşayış və qeyriyaşayış binalarına dair Tİ-11/22 nömrəli xx.xx.2022-ci il tarixli tikinti obyektinin sifarişçisi olan “Etibar İnşaat-K" Məhdud Məsuliyyətli Cəmiyyətinə Obyektin Tikintisinə İcazə verib. Həmin Obyektin Tikintisinə İcazə sözügedən İdarənin rəisi vəzifəsini icra edən Rüfət Mahmudov tərəfindən imzalanılıb. Bu iddia ərizəsinə qoşma şəkilində əlavə olunan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin N 20/69 saylı 21 dekabr 2020-ci il tarixli Cizgisinin surətini və Bakı şəhər, Yasamal rayonu, İsmail bəy Qutqaşınlı və Tağı Şahbazi küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarına dair Bina 4 Memarlıq İşçi layihəsinin MT-1 vərəqəsinin surətində təsvir olunan bloklaşma sxemini tutuşduraraq aydın görünür ki, sözügedən Obyektin Tikintisinə İcazə məs onların hal-hazırda yaşadıqları Qırmızı (Qızıl) Şərq 104 saylı ünvanda olduğu binanın yerində gələcəkdə tikiləcək yaşayış və qeyriyaşayış binaları üçün verilib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi onların halhazırda yaşadıqları binanın yerində tikiləcək yaşayış və qeyri-yaşayış binalarına dair Tİ- 11/22 nömrəli xx.xx.2022-ci il tarixli tikinti obyektinin sifarişçisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Obyektin Tikintisinə İcazəni bir sıra səbəbdən qanunsuz verib. İddiaçılar İddiaçı1 və qeyrilərinin (cəmi 16 nəfər iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla) “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 255 nömrəli sərəncamının, hansı ki Tİ-11/22 nömrəli xx.xx.2022-ci il tarixli Obyektin Tikintisinə İcazəsinin verilməsində o cümlədən əsas təşkil edib və sözügedən tikiləcək yaşayış və qeyri-yaşayış binaların sənədləşməsinə start verən sənəddir, ləğv edilməsi barədə qərar çıxarılması və "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim edilməsi” barədə iddia ərizəsi ilə bağlı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hal-hazırda baxılır. AZƏRBAYCAN RESPUBLİKASİNİN ŞƏHƏRSALMA VƏ TİKİNTİ MƏCƏLLƏSİNİN 75.3. maddəsinə əsasən “Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti....”. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş N Tİ-11/22 nömrəli xx.xx.2022-ci il tarixli X2 qeyd olunana əsasən icarə hüququnu təsdiq edən sənəd “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci tarixli 1625 nömrəli müqavilədir, hansı ki Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 255 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə "xxxx" MMC arasında yuxarıda qeyd olunan sərəncamının əhatə etdiyi 1,97 ha torpaq sahəsi ilə bağlı bağladığı icarə müqaviləsidir. Eyni zamanda sözügedən X2 qeyd olunub ki. "Tikinti ərazisi barədə məlumat; Dövlət, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti. 1.97 ha yaşayış məntəqələrinin torpaqları". Halbuki, Mülki Məcəllənin 227.1.-ci maddəsinə əsasən yaşayış binasinin mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Əlavə olaraq, Azərbaycan Respublikası MƏNZİL MƏCƏLLƏSİNİN 35.1.-ci maddəsinə əsasən yaşayış binasinin tərkib hissələrinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu normalar onu deməyə əsas verib ki, inzibati orqan olan Bakı şəhər İcra Hakimiyyəti mübahisələndirilən sərəncamı ilə dövlətə deyil, bilavasitə mənzil mülkiyyətçiləri olan vətəndaşlara məxsus olan torpaq sahəsini qeyri-qanuni olaraq "xxxx" MMC-nə “icarə əsasında istifadəyə” verilməsinə dair inzibati akt qəbul etməklə iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququna qəsd edib. Nəticə etibarilə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi AZƏRBAYCAN RESPUBLİKASİNİN ŞƏHƏRSALMA VƏ TİKİNTİ MƏCƏLLƏSİNİN 75.3.1. maddəsinə uyqun olaraq Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə "xxxx" MMC arasında yuxarıda qeyd olunan sərəncamının əhatə etdiyi 1,97 ha torpaq sahəsi ilə bağlı bağladığı icarə müqaviləsini qəbul etməməliidir o səbəbdə ki həmin torpaq ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur, dövlətə yox. AZƏRBAYCAN RESPUBLİKASİNİN ŞƏHƏRSALMA VƏ TİKİNTİ MƏCƏLLƏSİNİN 76. “Tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxslərin iştirakı” maddəsinə əsasən: 76.1. “Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur”. Halbuki, onlar yaşadıqları əraziyə dair və onların yaşadıqları binanın altında və ətrafın əhatə edən torpaqda gələcəkdə tikiləcək yaşayış və qeyri-yaşayış binalarına dair sözügedən Obyektin Tikintisinə İcazə verərkən onlar bu məsələdə birbaşa maraqlı olan şəxs olaraq, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən heç bir məlumat verməyib. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 255 saylı sərəncamı sözügedən Obyektin Tikintisinə İcazə verilməsində digər sənədlərlə birgə əsas təşkil edən və sözügedən tikiləcək yaşayış və qeyri-yaşayış binaların sənədləşməsinə start verən sənəddir. Halbuki, həmin sərəncam iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququna qəsd edib və həmin sərəncamı tətbiq etmək qanunsuzdur ! Əlavə olaraq, inzibati icraat haqqında qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin qanunun 21.2-ci maddəsində isə göstərilib ki, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Lakin Bakı şəhər İcra hakimiyyəti tərəfindən nə mübahisələndirilən sərəncam qəbul olunmazdan əvvəl, nə də bu inzibati akt qəbul olunduqdan sonra onlara heç bir məlumat verilməyib. Halbuki, qeyd olunanlardan göründüyü kimi sərəncamla əhatə olunan torpaq sahəsi Bakı şəhər İcra hakimiyyətinin deyil, onların mülkiyyətindədir və orada hər hansı söküntü-tikinti işlərinin aparılması bilavasitə onların maraqlarına toxunur. Buna görə də onlar Bakı şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 255 nömrəli sərəncamını qanunsuz əlverişsiz inzibati akt hesab edir və onun ləğv edilməsini zəruri hesab edirlər. Eyni zamanda, sözügedən Obyektin Tikintisinə İcazəni də qanunsuz əlverişsiz inzibati akt hesab edir və onun ləğv edilməsini zəruri hesab edirlər. “İnzibati icraat haqqında” qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2,-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” qanunun 67.3.- cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləgv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının qüvvədə olan qanunvericiliyə zidd olmasına və bu əsasla ləğv olunmalı olduğuna dəlalət edən diqqətəlayiq məsələlərdən biri həmin sərəncam vasitəsilə inzibati orqanın (Bakı şəhər İcra Hakimiyyəti Başçısının) mülki münasibətlərə müdaxilə edilməsi faktıdır. Belə ki, həmin sərəncamın 1-ci maddəsində müvafiq ərazidə qeydiyyata alınmış daşınmaz əmlak istifadəçiləri (mülkiyyətçiləri) ilə “mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq” əsasında "xxxx" MMC tərəfindən “tənzimlənməsi şərti ilə” yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün 1,97 ha torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş Tİ-11/22 nömrəli X6 xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib. Halbuki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi biz iddiaçılar, dəqiq desək iddiaçılar İddiaçı1 və qeyrilərinin (cəmi 16 nəfər iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla) “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 255 nömrəli sərəncamının, hansı ki Tİ-11/22 nömrəli xx.xx.2022- ci il tarixli Obyektin Tikintisinə İcazəsinin verilməsində o cümlədən əsas təşkil edib və sözügedən tikiləcək yaşayış və qeyri-yaşayış binaların sənədləşməsinə start verən sənəddir, ləğv edilməsi barədə qərar çıxarılması və "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim edilməsi” barədə iddia ərizəsi ilə bağlı ilk öncə Bakı İnzibati Məhkəməsində, sonradan apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hal-hazırda baxılması barədə tam məlumatı var idi. Həmin məlumat, həmin iddia ərizəsinin Bakı İnzibati Məhkəməsinə verilən gündən (2021 -ci ilin mart ayının ortasından) bu günə qədər iddiaçıların Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanan həm kağız, həm də elektron formada olan məktublarımızda əks olunub. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi cari mübahisənin olduğunu bilərək, hansı əsasla № Tİ-11/22 nömrəli xx.xx.2022-ci il tarixli X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verib ?! AZƏRBAYCAN RESPUBLİKASİNİN ŞƏHƏRSALMA VƏ TİKİNTİ MƏCƏLLƏSİNİN 75.1 -ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Lakin, konkret bizim məsələ ilə bağlı bır sıra vurğulanan ziddiyyətlərin və qanuna uyğunsuzluqların mövcudluğunu nəzərə alaraq, həmin tikintiyə icazə verməməliydi ! Tikinti işlərinə dair "xxxx" MMC-nin işçiləri və ya podratçıları cəmi bir giriş-çıxış yeri qoymaqla ərazini metal profillərdən və taxta lövhələrdən hazırlanmış hasarla hasarlamış, çoxmənzilli binaların sakinləri/mülkiyyətçiləri ilə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla öz mənzilini təhvil verməyin müqabilində bu ərazidə gələcəkdə tikiləcək çoxmənzilli binada yaşayış sahəsi ilə təmin olunmağa dair müqavilələr bağlamış və həmin mülkiyyətçiləri ailələri ilə birlikdə kirayə mənzillərə köçürməklə (kirayə haqqının MMC tərəfindən ödənilməsi şərti ilə) dərhal həmin mənzillərin qapı və pəncərələrini və yuxarıda sonuncu mərtəbədə yaşayan mülkiyyətçilərin mənzillərinin isə beton/taxta tavanlarını sökməyə başlamışlar. Qeyd edilən söküntü işləri "xxxx" MMC tərəfindən digər - onunla müvafiq “müqaviləni” bağlamaq istəməyən sakinlərə/mülkiyyətçilərə qarşı fiziki və psixoloji təzyiq vasitəsi kimi istifadə olunur. Belə ki, bəzi mənzillərin qapı, pəncərə və hətta tavan hissələrinin sökülməsi qonşu mənzillərdə temperaturun sakinlər üçün əlverişsiz olaraq kəskin dəyişməsinə (yay fəslində temperaturun yüksəlməsi, qış vaxtı isə temperaturun enməsinə), söküntü işləri ilə bağlı sakinlərin yaşadığı mənzillərdə və onların ətrafında yüksək səs-küy, vibrasiya və toz buludunun yaranmasına, mənzillərin ətrafının və ümumiyyətlə həmin binaların ətrafının antisanitar vəziyyətə gətirilməsinə səbəb olub. Bundan başqa söküntü işləri zamanı bir sıra hallarda kommunikasiya xətləri, o cümlədən qaz və su xəttləri zədələnib və qəza baş verməməsi üçün müvafiq kommunal təşkilatların qəza xidmətləri dəvət olunub. Bu cür söküntü işləri həm onların yaşadıqları 104 saylı binada, həm də inzibati orqanın sərəncamının əhatə etdiyi ərazidə yerləşən 102, 103 və 105 saylı binalarda aparılıb. Halhazırda 103 və 105 saylı binalara tam sökülüb. Qeyd edildiyi kimi aparılan söküntü işləri nəticəsində yaranan səsə-küy, vibrasiya və tozlu hava sakinlərə, o cümlədən iddiaçılara həm fiziki, həm də psixoloji baxımdan mənfi təsir edir. Həmin binalarda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə baxılarkən, o cümlədən yuxarıda qeyd olunan cari məhkəmə işimizdə "xxxx" MMC-ni təmsil edən şəxslər həmin söküntü işlərinin MMC tərəfindən deyil, sökülən mənzillərin mülkiyyətçiləri tərəfindən aparıldığını bildirib. Bu mülahizənin əsassızlığını sübut etmək üçün həmin 104 saylı binanın sakinləri tərəfindən təsdiq olunmuş akt və həmin akta daxil olunmuş söküntü işlərini aparan şəxslərin fotoşəkilləri və onların "xxxx" MMC ilə bağlılığını təsdiq edən sənədlər (7 nömrəli əmr söküntü işləri aparan şəxsin şəxsiyyət vəsiqəsinin surəti) bu ərizəyə əlavə olunub. Həmin aktda X7 2021 -ci ilin yanvar ayının əvvəlindən başlayaraq, hazırkı günə qədər söküntü işlərində həm birbaşa iştirak etməsi, həm də bu söküntü işlərinin aparılmasına rəhbərlik etməsi qeyd olunur. Bundan başqa mənzilini tərk edən sakinlərin mənzilin beton/taxta tavanını da söküb aparması və ya binaların ətrafında hasar çəkməsini iddia etmək gülüncdür. Bundan başqa, bu ərizəyə əlavə olunmuş və uzun müddətli iş stajına malik 3 həkim və 1 provizor tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli tibbi ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında sökülən evlərin qapı-pəncərələrinin və damların bərpa edilmədiyi təqdirdə həmin binada yaşayan sakinlər ciddi səhiyyə problemləri ilə qarşılaşmaq riski altındadır. İnzibati orqanların qəbul etdiyi qanunsuz və iddiaçılar üçün açıq-aşkar əlverişsiz aktlardan, o cümlədən sözügedən Obyektin Tikintisinə İcazəsindən, "xxxx" MMC qanunazidd şəkildə istifadə edib və edir. Bu zaman kirayə mənzillərə köçürülən sakinlərin mənzillərinin qapı və pəncərələri, bəzi hallarda mənzillərin tavanları sökülüb, bir sıra hallarda kommunikasiya xətləri zədələnib və ümumilikdə xeyli sayda mənzillər yararsız hala salınıb. Bakı İnzibati Məhkəməsinin qüvvəyə minmiş iki qərardadlara baxmayaraq yaşadığımız ünvan 3 ünvanda yerləşən bir neçə mənzilin qapı-pencərəsi və digər elementləri və həmin binanın bir hissəsi, ümumi sahəsi 400 kv.m-ə yaxın olan ikimərtəbəli hissə, "xxxx" MMC tərəfindən qanunsuz sökülüb, binanın qalan hissəsinin isə düz kənarında yeni inşa olunacaq bina üçün dərinliyi bir neçə metr olan bünövrə yeri qazılıb. Həmin bünövrənin daha da dərinləşdiriləcəyi gözlənilir. Lakin hal-hazırda artıq qazılmış bünövrə yeri binanın dağılmasına və binada yaşayan sakinlərin həyat və sağlamlığı üçün real təhlükə yaradır. Onu da qeyd edirlər ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 mart 2022-ci il tarixli MİHO/2.1-2-2022-1653 məktubuna əsasən tikinti işlərini aparan şirkət tərəfindən ancaq ərazi boşaldıqdan sonra ərazidə söküntü işlərinə başlanıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının qərəzli olaraq icra etməmə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Həmçinin, həmin Məcəllənin 308.1.-ci maddəsinə görə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda da cinayət məsuliyyəti yaranır. Hesab edirlər ki, iddia tələbinə baxılması zamanı "xxxx" MMC- nin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186, 221.1, 222-3 və 308-ci maddələrinin tərkibinin mövcudluğunu yoxlanılmalı və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə yerində müayinə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmənin qərardadı ilə İddiaçı4 iddiadan imtina edilməsinə dair ərizəsi təmin edilərək, İddiaçı4 münasibətdə iş üzrə icraata xitam verilmişdir. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddia tələbinin “"xxxx" MMC-nin əməllərində AR CM-nin 186, 221.1, 222-3 və 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla AR Baş Prokuroruna təqdim edilməsi” hissəsində, o cümlədən iddia tələbinin İddiaçı5 münasibətdə mümkün sayılmamasına dair qərardad qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC- nin üçüncü şəxs qismində iştirakına xitam verilmiş və "xxxx" MTK ("xxxx" MMC-nin hüquqi varisi) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı münasibət təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar məhkəməyə təqdim etdiyi həmin iddia ərizəsində (vərəq 2) qeyd etmişlər ki, onlar uzun illərdir ki, ünvan 4 ünvanında yerləşən binada tam mülkiyyət hüququ ilə yaşayırlar. Halbuki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi onların hal-hazırda yaşadıqları binanın yerində tikiləcək yaşayış və qeyri-yaşayış binalarına dair Tl-11/22 nömrəli xx.xx.2022-ci il tarixli tikinti obyektinin sifarişçisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Obyektin Tikintisinə İcazə vermişdir. İddiaçıların iddia tələblərini aşağıdakı qeyd edilənlərə əsasən etirazla qarşılanır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Bildirirlər ki, qeyd olunan ünvanda yaşayış binasının tikintisi üçün verilmiş tikintiyə icazə sənədi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq sifarişçi tərəfindən təqdim edilmiş sənədlər əsasında verilmişdir və bununla bağlı Baş İdarə tərəfindən hər hansı qanunvericilik aktının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi əlavə olunur. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsində göstərilən məsələlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surəti; - ********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surəti; - MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışın surəti; - MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın surəti; - xx.xx.2022-ci il tarixli Tİ-11/22 nömrəli Obyektin tikintisinə icazənin surəti; - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 255 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamının surəti; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 45 nömrəli məktubu; - Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 7-6184/17 nömrəli xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər; - Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1625 nömrəli xx.xx.2020-ci il tarixli Müqavilənin surəti; - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-963/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surəti; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-457/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surəti; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarın surəti; - “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2023-cü il tarixli rəyinin surəti; - ********** nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın surəti; - 05.10.2022-ci il tarixli Dəyişmə müqaviləsinin suəti; - 14.11.2022-ci il tarixli 124 nömrəli Müqavilənin surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, ********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən 104 nömrəli binada 41.70 kv.m. ümumi sahəsi olan 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC-nin direktoru xx.xx.2020-ci il tarixli, 01 nömrəli məktubla Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən ərazidə istismar müddəti başa çatmış, Bakı şəhərinin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən yaşayış binalarının və digər tikililərin sökülməsinə, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsinə rəy verilməsini xahiş etmişdir. Yasamal rayon İcra Hakimiyyəti ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiyanın verilərək sökülməsinin şirkət tərəfindən təmin edilməsi şərtilə, həmin ərazinin müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmasına etiraz etməmiş və qaldırılan məsələni Bakı şəhər İcra Hakimiyyətinin müzakirəsinə təqdim etmişdir. İş materiallarından görünür ki, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 №li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3 №li memarinşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X3 Agentliyinin 04 avqust 2020-ci il tarixli, 34/06409 nömrəli tapşırığına əsasən Bakı şəhəri, ünvan 1 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinə vizual texniki baxış keçirmiş və həmin ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinin texniki cəhətdən yolverilməz vəziyyətdə olması barədə rəy verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış 01 oktyabr 2020ci il tarixli xx/xx-4228 saylı məktubun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişmələrində yerləşən ərazidə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.97 hektar torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 7-1797/17 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda yerləşən 1.97 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərtilə, yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli **********83 saylı məktuba əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq, ayrılması nəzərdə tutulan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 1.97 hektar torpaq sahəsinin yerquruluşu planı hazırlanarkən ərazidə yaşayış və qeyri-yaşayış binaları, yaşayış binasının zirzəmisində kitabxana və qeyri-yaşayış sahəsi, eləcə də dövlətə məxsus yarımstansiya və su nasosxanasının yerləşdiyi məlum olmuşdur. Yaşayış və qeyri-yaşayış sahələri, dövlətə məxsus yarımstansiya və su nasosxanası ilə bağlı məsələlərin mövcud qanunvericiliyə uyğun həll edilməsi, zirzəmidə yerləşən kitabxana və qeyri-yaşayış sahəsinin yerləşdirilməsi barədə üçtərəfli (balanssaxlayıcı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) müqavilənin bağlanılması şərtilə, tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilməmişdir. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 255 nömrəli Sərəncamına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli müraciətini, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2020ci il tarixli 1152/d nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli xx/xx-4228 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********83 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərtilə, yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli Tİ-11/22 nömrəli Obyektin tikintisinə icazə sənədinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə İsmayıl bəy Qutqaşınlı (keçmiş adı Həmid Sultanov) və Tağı Şahbazi küçələrinin kəsişməsində yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Hazırkı iddia tələbi ilə iddiaçılar xx.xx.2022-ci il tarixli Tİ-11/22 nömrəli Obyektin tikintisinə icazə sənədinin ləğv edilməsini tələb edirlər. İddia ərizəsində iddiaçılar qeyd etmişdirlər ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin (cəmi 16 nəfər iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla) “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 255 nömrəli sərəncamının, hansı ki Tİ-11/22 nömrəli xx.xx.2022-ci il tarixli Obyektin Tikintisinə İcazəsinin verilməsində o cümlədən əsas təşkil edib və sözügedən tikiləcək yaşayış və qeyri-yaşayış binaların sənədləşməsinə start verən sənəddir, ləğv edilməsi barədə qərar çıxarılması və "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim edilməsi” barədə iddia ərizəsi ilə bağlı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hal-hazırda baxılır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli 255 nömrəli sərəncamını mübahisələndirmişdirlər. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6017/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim P.Hüseynov) İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-963/2022 nömrəli iş üzrə 7 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-963/2022 nömrəli iş üzrə 7 oktyabr 2022ci il tarixli qərarında göstərilmişdir: “Birinci instansiya məhkəməsi qeyd etmişdir kı, iddiaçılar tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli ünvana yerində baxış keçirilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhərcik, Qırmızı Şərq küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının qarşısında və yan tərəfində yerləşən binalar tamamilə sökülmüş, boş ərazidə yeni binanın tikintisi üçün bünövrə qazılmışdır. Həmçinin, hazırda mövcud olan ikimərtəbəli binanın sakinlərinin bir hissəsi köçürülmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbində göstərilən "xxxx" MMC-nın əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186, 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim edilməsi ilə əlaqədar qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə işə baxarkən tərəflərin və ya diger şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ile müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçıların hüquaları pozulmamışdır.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-457/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli, 2-1(103)-963/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən "xxxx" MTK-nın vəzifəli şəxslərinin əməllərində hər hansı cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən toplanmış 06-C-23 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, iddiaçılar hazırkı mübahisənin predmetini təşkil edən inzibati aktın əsası olan sərəncamı məhkəmə qaydasında mübahisələndirsələr də, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həmin sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. İddiaçılar iddia ərizəsində onu da qeyd etmişdirlər ki, binanın yerləşdiyi torpaq sahəsi iddiaçıların (sakinlərin) mülkiyyətindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən 104 nömrəli binadakı mənzillərin çıxarışlarının surətindən (********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli xx.xx.2008ci il qeydiyyat tarixli;MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışların surəti) həmin binanın yerləşdiyi torpaq sahəsinin mənzillərin mülkiyyətçilərinin xüsusi mülkiyyətində olması müəyyən edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhərcik, Qırmızı Şərq küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının, o cümlədən hazırkı iş üzrə 6 iddiaçıdan 2-i (digər 4 iddiaçı isə bir ailənin üzvləridirlər) 3-cü şəxs ilə müqavilə bağlayaraq öz mənzillərini söküntü üçün təhvil vermişdirlər. Göründüyü kimi, qeyd edilən binanın cəmi bir mənzilinin sakinləri binanın sökülməsinə etiraz edirlər. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 45 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi həmin sözü gedən 104 saylı binanı sökərək İddiaçı1 biri 3 otaqlı 98 m2 digəri 1 otaqlı 58 m2 olan 2 ədəd tam təmirli mənzillər, 1 ədəd yeraltı avtomobil dayanacağı, hər ay 700 manat olaraq 2 il öncədən tam kirayə haqqı və eləcə də 500 manat birdəfəlik mənzildən köçmək haqqı ödəməyi öhdəsinə götürür. Lakin tərəf bu təkliflə razılaşmayaraq köçməkdən yayınır. Həmçinin, məhkəmə qeyd edir ki, iş materiallarında olan “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2023-cü il tarixli rəyində ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdə olması, qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsi göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evi vətəndaşların daimi yaşaması üçün yararsız olan daşınmaz əmlak olduğundan, yəni müvafiq texniki norma və qaydalara, habelə qanunvericiliyin digər tələblərinə cavab vermədiyi iş materialları ilə öz təsdiqini tapmışdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək (10.0.11); mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək (10.0.12) aiddir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarından göstərilmişdir: “Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.” Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 9 ünvanda yerləşən yaşayış binasının texniki cəhətdən qəzalı vəziyyətdə olması, qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsi, həmçinin həmin yaşayış binasının istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəli olması (texniki norma və qaydalara, habelə qanunvericiliyin digər tələblərinə cavab vermədiyindən) iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin hazırkı mübahisənin predmetini təşkil edən inzibati aktın, yəni xx.xx.2022-ci il tarixli Tİ-11/22 nömrəli Obyektin tikintisinə icazə sənədinin əsası olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 255 nömrəli Sərəncamının qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən Tİ-11/22 nömrəli xx.xx.2022-ci il tarixli Obyektin Tikintisinə İcazənin ləğv edilməsi barədə iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev