Məhkəmə qərarları › İş №2-1(112)-2144/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2144/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2144/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “Azəriqaz” İstehsalat Birliyi) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X3 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bütövlükdə qaz kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, torpaq sahəsinin ayrılmasına dair Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 290/63 nömrəli sərəncamında sahənin nömrəsi “S/258” kimi, arxiv arayışında isə “M/717” kimi göstərildiyindən uyğunsuzluq mövcud olmuşdur. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə ölçüsü 750,0 kv.m., faktiki isə 550.0 kv.m. təşkil edir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq 14-2/2-2906/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən 549,0 kv.m. torpaq sahəsinin koordinatlarında olan 17,4 kv.m. hissəsi SOCAR-ın Qaz İxrac İdarəsinin X6 Kəmərləri Sahəsinin istismarında olan “Mərdəkan dairəsi-Mərdəkan bağları QPS” yüksək təzyiqli qaz kəmərinin (280 mm, yeraltı, layihə təzyiqi 0,6 Mpa (6 kqq/sm2) istifadəyə verildiyi tarix 2011-ci il) 6 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin, həmin koordinatlarda yerləşən torpaq sahəsinin 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-159 mm-lik (istismara verildiyi tarix: 2013-cü il tarixli) orta təzyiqli və d-108 mm-lik (istismara verildiyi tarix 2013-cü il) yerüstü aşağı təzyiqli, 0,3 metr məsafəsindən isə yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş, istismara verilməmiş (layihə təzyiqi-aşağı təzyiqli), lakin gələcəkdə istismar olunması nəzərdə tutulan qaz kəmərləri keçir. Odur ki, torpaq sahəsinin sözügedən kəmərin mühafizə zonası daxilində yerləşən 17,4 kv.m. hissəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndi ilə boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Qaydaların 2 nömrəli əlavəsinə əsasən, yüksək təzyiqli yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər məsafə 7 metr müəyyən olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 533 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Azəriqaz” İstehsal Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü X4 onun atasıdır. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1993-cü il tarixli 290/63 nömrəli sərəncamına əsasən atası X3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda həmin torpaq sahəsində ümumi sahəsi 118,3 kv.m, yaşayış sahəsi isə 66 kv.m olan təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında evin tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 28 dekabr 2023-cü il tarixli 3-48-2EV2-Ş-09416/2023 nömrəli məktubundan da göründüyü kimi həqiqətən də Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1993-cü il tarixli 290/63 nömrəli sərəncamı əsasında sözügedən torpaq sahəsi X3 verilmişdir. X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı iddiaçı tərəfindən Bakı şəhəri 44 saylı Notariat ofisinə müraciət edilmişdir. Lakin sözügedən miras əmlaka dair mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edilmədiyindən müraciətinə notariat ofisi tərəfindən imtina verilmişdir. Daha sonra xx.xx.2024-cü il taixdə ərizə ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların İddiaçı adına dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, 3-21-3-30/2- 27713/2024 saylı cavab məktubuna əsasən torpaq sahəsinin İddiaçı adına dövlət qeydiyyatına alınmasına dair imtina verilmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, guya torpaq sahəsi yüksək təziqli qaz kəmərinin mühafizə daxilində yerləşəən hissəyə yaxın məsafədə yerləşdiyindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına etiraz edilir. Halbuki sözügedən torpaq sahəsinə yaxın ərazidə yüksək təziqli qaz kəməri mövcud deyil. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bütövlükdə qaz kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, torpaq sahəsinin ayrılmasına dair Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 290/63 nömrəli sərəncamında sahənin nömrəsi “S/258” kimi, arxiv arayışında isə “M/717” kimi göstərildiyindən uyğunsuzluq mövcud olmuşdur. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə ölçüsü 750,0 kv.m, faktiki isə 550.0 kv.m. təşkil edir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq 14-2/2-2906/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən 549,0 kv.m. torpaq sahəsinin koordinatlarında olan 17,4 kv.m. hissəsi SOCARın Qaz İxrac İdarəsinin X6 Kəmərləri Sahəsinin istismarında olan “Mərdəkan dairəsi- Mərdəkan bağları QPS” yüksək təzyiqli qaz kəmərinin (280 mm, yeraltı, layihə təzyiqi 0,6 Mpa (6 kqq/sm2) istifadəyə verildiyi tarix 2011-ci il) 6 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin, həmin koordinatlarda yerləşən torpaq sahəsinin 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-159 mm-lik (istismara verildiyi tarix: 2013-cü il tarixli) orta təzyiqli və d-108 mm-lik (istismara verildiyi tarix 2013cü il) yerüstü aşağı təzyiqli, 0,3 metr məsafəsindən isə yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş, istismara verilməmiş (layihə təzyiqi-aşağı təzyiqli), lakin gələcəkdə istismar olunması nəzərdə tutulan qaz kəmərləri keçir. Odur ki, torpaq sahəsinin sözügedən kəmərin mühafizə zonası daxilində yerləşən 17,4 kv.m. hissəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Şəhər Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 290/63 nömrəli sərəncamından görünür ki, Mərdəkan qəsəbəsi, Əncilli küçəsi, 8 nömrəli evdə yaşayan Bakı alüminium-prokat zavodunda işləyən X3 Mərdəkan qəsəbəsində M/717 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ayrılması, ümumi sahəsi 118.3 kv.m, yaşayış sahəsi 66 kv.m olan təsdiq edilmiş 145-000-129c seriyalı layihə əsasında evin tikintisinin aparılması qərara alınmışdır. Bakı şəhəri 44 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 304 nömrəli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü, xx.xx.2014-ci ildə ölmüş-X2 (FİN: 5Z9PTV5) adına vərəsəlik işinin açılması ilə bağlı oğlu-İddiaçı Bakı şəhəri 44 saylı notariat ofisinə müraciət etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli M/717 nömrəli torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 290/63 nömrəli sərəncamı ilə Mərdəkan qəsəbəsində mərhum X3 ayrılmış M/717 nömrəli torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, hüquqmüəyyənedici sənəd üzrə 750.0 kv.m, faktiki sahəsi 550.0 kv.m olan torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. İddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair mülkiyyət hüququnun atası Fərhad Pənahova məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası - Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 290/63 nömrəli sərəncamı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı atasına ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən aşağıdakı əsaslara istinad etmişdir: 1.elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bütövlükdə qaz kəmərinin mühafizə zonasında yerləşir;

2. torpaq sahəsinin ayrılmasına dair Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 290/63 nömrəli sərəncamında sahənin nömrəsi “S/258” kimi, arxiv arayışında isə “M/717” kimi göstərildiyindən uyğunsuzluq mövcud olmuşdur. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, birincisi, işdə olan Mərdəkan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-12- 1/2-424/2024 nömrəli məktubundan görünür ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M/717 nömrəli sahəyə uyğun gəlir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati aktda torpaq sahəsinin nömrəsi M/717 göstərilmiş, iddiaçının hazırda faktiki istifadəsində olan ərazi də həmin nömrəli sahəyə uyğun olmuşdur. Belə olan halda, iddiaçıya verilmiş sərəncamda sonradan kim tərəfindən edilməsi bəlli olmayan düzəlişə istinad edilərək iddiaçıya imtina cavabı verilməsi qanuni olmamışdır. Cavabdehin ikinci dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana təkrar baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daş ilə hasarlanmışdır. Faktiki sahəsi 550.0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhəddindən diametri 150.0 mm olan qaz borusu keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bütövlükdə qaz kəmərinin mühafizə zonasında yerləşir. Məsələnin araşdırılması ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğu verilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti xx.xx.2024-cü il tarixli, 14-2/2-6373/2024 nömrəli məktubunda bildirmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ümumi sahəsi 549 kv.m olan həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinnə ayrılmış ərazilərin hüdudları xaricində, lakin, WGS 84/UTM zona 39N koordinat sistemində 17 kv.m hissəsi SOCAR-ın “Qaz İxrac” idarəsinin istismarında olan “Mərdəkan dairəsi-Mərdəkan bağları QPS” yüksək təzyiqli qaz kəmərin (0280 mm, yeraltı, layihə təzyiqi 0,6 MPa (6 kqq/sm2), istifadəyə verildiyi tarix 2011-ci il) 5.85 metrlik məsafəsində mühafizə zonası daxilində, 532 kv.m hissəsi isə qeyd olunan qaz kəmərinin mühafizə zonası xaricində yerləşir. Eyni zamanda “Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 750 kv/metr torpaq sahəsinə (koordinatlar: X 40.474675, Y 50.131624) inzibati iş üzrə İddiaçı nümayəndəsi Elşad Gülməmmədovun iştirakı ilə əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları yuxarıda göstərilmiş torpaq sahəsinin hüdudları daxilindən "Azəriqaz” İB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Lakin, torpaq sahəsinin 0,20 metr məsafədə qarşısından Bakı Regional Qaz İstismarı Departamentinin balansında olan, 2003-cü il tarixində istismara verilmiş 159 mm diametrlik, orta təzyiqli, dayaqlar üzərində quraşdırılmış yerüstü qaz xətti, o cümlədən 2023-cü il tarixində istismara verilmiş 108 mm diametrlik, aşağı təzyiqli, dayaqlar üzərində quraşdırılmış yerüstü qaz xətti və 2001-ci il tarixində istismara verilmiş 108 mm diametrlik, aşağı təzyiqli, yer ilə təmas vəziyyətində olan qaz xətti keçir. Beləliklə, istinad olunanlardan müəyyən olunur ki, İddiaçı ayrılmış və hazırda qeydə alınması tələb olunan torpaq sahəsi qaz kəmərinin mühafizə zonası xaricində yerləşmiş, digər aşağı təzyiqli qaz xətləri isə torpaq sahəsi İddiaçı ayrıldıqdan sonra çəkilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən: - bənd 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. - bənd 3.4. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Göründüyü kimi, qanunverici qaz kəmərlərinin həyətlərarası, həmçinin yaşayış və ictimai binaların xarici divar boyu ilə çəkilməsini məhdudlaşdırmamışdır. Belə olan halda isə, aydındır ki, cavabdehin şikayətində qeyd etdiyi hal İddiaçı torpaq sahəsinə hüüququnun qeydə alınmasından imtina üçün əsas deyil. Məhkəmə qeyd edir ki, qanunvericilik yerli icra hakimiyyəti orqanının daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul etdiyi aktı hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 533 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar