Məhkəmə qərarları › İş №2-1(112)-2146/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2146/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2146/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Ağdam rayonu Mahrızlı kənd Uşaq bağçası və Körpələr evində müdir vəzifəsində 1982- 1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və məhkəmə qərarı icraya yönəldilənədək pensiyadan çıxılmış məbləğlərin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin aidiyyəti qurum tərəfindən pensiya təyin edilərkən iş stajı düzgün nəzərə alınmamış, müəyyən dövrlər sosial iş stajına daxil edilməmişdir. Belə ki, iddiaçı 1982-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində yerləşən “Uşaq baxçası və Körpələr evi”nin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin müəssisədə 2005-ci ilə qədər çalışmış, 2005-ci ildə öz ərizəsi əsasında vəzifəsindən ayrılaraq Bakı şəhərində yerləşən 36 saylı Ağdam köçkün orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Cavabdeh quruma yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə edilən müraciətinə baxılaraq xx.xx.2021-ci il tarixdə imtina məktubu verilmişdir. Əvvəlki məktubdan fərqli olaraq bu məktubda artıq ödənilmiş pensiyanın tutulması məsələsinə münasibət bildirilməmiş, təkcə 1981-1989-cu illər üzrə stajın pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmadığı qeyd olunmuşdur. Həmin məktubda göstərilmişdir ki, “təqdim etdiyiniz əmək kitabçasının, X12 filialının xx.xx.2021-ci il tarixli 41 nömrəli arayışının və diplomun surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək fərdi hesabın 18 il 6 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında sizin yaşa görə əmək pensiyanız xx.xx.2017-ci il tarixindən yenidən hesablanmışdır. Əlavə olaraq bildirilir ki, X12 filialının xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışında əks olunan Mahrızlı kənd uşaq bağçasındakı 1981-1989-cu illərə aid əmək fəaliyyətiniz ilə bağlı arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar işğal altında qaldığına görə həmin dözvrlər sığorta stajına daxil edilmir”. Həmin məktubda pensiyadan bu günədək çıxılan məbləğlərə də münasibət bildirilməmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya etirazında bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X6 Fima Yəhya qızına ünvanladığı xx.xx.2021-ci il tarixli, **********1 nömrəli “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarda ona məxsus ******* nömrəli əmək kitabçasının dublikatına, AR X12 filialının xx.xx.2021-ci il tarixli arayışına, diplomun surətinə əsasən ümumilikdə xx.xx.2006-cı il tarixədək 18 il 06 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında xx.xx.2017-ci il tarixdən yasa görə əmək pensiyası təyin edildiyi və illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə xx.xx.2021-ci il tarixdən 265,61 manata çatdırılaraq ödənildiyi göstərilmişdir. Həmçinin imtina məktubunda AR X12 filialının xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışında əks olunan Ağdam rayonu Mahrızlı kənd uşaq baxçasındakı 1981-1989-cu illərə dair əmək fəaliyyətini qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qanunun tə!əblərinə müvafiq olmaması qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-in Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 195,3 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə Ağdam rayonu Mahrızlı kənd uşaq baxçasındakı 1981-1989-cu illər ərzində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2.3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Sözügedən Qaydaların 3.4-cü bəndinə əsasən əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatları işçi öz imzası ilə təsdiq edir. Sözügedən Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. İşin mübahisələndirilən halı İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq xx.xx.1982-xx.xx.2005-ci illər ərzində işlədiyi dövrdür. Belə ki, həmin əmək kitabçasının ilk hissəsində əmək kitabçasının doldurulma tarixi qeyd edilməmişdir. Bununla yanaşı qeydin xx.xx.1982-ci il tarixdə doldurulmasına baxmayaraq, möhür üzərində əks olunan yazılar latın qrafikasına aiddir. Həmçinin sözügedən qeydin doldurulmasına əsas olan əmr nömrəsi və tarix qeyd edilməsinə baxmayaraq, İddiaçı bununla bağlı hər hansı mötəbər sübutu nə cavabdeh orqana, nə də məhkəməyə təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Sözügedən Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin ədilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Sözügedən Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən sərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı xx.xx.1982-xx.xx.2005-ci illər ərzində işlədiyi dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığından və həmin qeydlərin yazılmasına əsas olan mötəbər sübutlar mövcud olmadığından cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd edilənləri, AR MPM-in 154-cü və AR İPMin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Ağdam rayonu Mahrızlı kənd uşaq baxçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və 19 noyabr 2020-ci il tarixdən başlayaraq pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Ağdam rayonu, Mahrızlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ю 000713 nömrəli, xx.xx.1976-cı il tarixli diplomun surətinə əsasən X11 1973-cü ildə 1 nömrəli Bakı Tibb Məktəbinə daxil olmuş, xx.xx.1976cı ildə mamalıq ixtisası üzrə məktəbi bitirmişdir. İş materiallarına əlavə edilmiş ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-ci ildə Mahrızlı kənd körpə evi uşaq bağçasına müdir vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə başqa işə keçdiyi üçün ərizəsinə əsasən bağça müdiri vəzifəsindən azad edilmişdir. xx.xx.2005-ci ildə 36 saylı Ağdam köçkün orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. İş materiallarına əlavə edilmiş X12 filialının xx.xx.2021-ci il tarixli, 42 nömrəli arxiv arayışında göstərilmişdir ki, Ağdam rayon Mahrızlı kənd ərazi nümayəndəliyinin 1981- 1989-cu illərin arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. Ona görə də X7 həmin illərdə işləməsi haqqında heç bir məlumat vermək mümkün olmadı. Məhkəmənin sorğusuna cavab olaraq X12 filialının xx.xx.2021-ci il tarixli, 34 nömrəli məktubunda bildirilmişdir ki, X8 20 aprel 2021-ci tarixli, 41 №-li arxiv arayışı filial tərəfindən təqdim olunmuşdur. Məlumat üçün bildirilir ki, əmr kitabları filiala təqdim olunmayıb. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 41 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Ağdam rayon Dövlət Arxivində saxlanılan Ağdam rayon Qaradağlı və Zəngişalı kənd ərazi nümayəndəliyinin arayış xarakterli arxiv sənədlərinə əsasən X1 uşaq baxçasında müdir vəzifəsində işləmiş və aşağıdakı qaydada əmək haqqı almışdır. Arxiv arayışına əlavə edilmiş əmək haqqı cədvəlində iddiaçıya 1990-2005-ci illərdə əmək haqqı ödənildiyi qeyd olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nörməli məktubu ilə göndərilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki: - DSMF-nin Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 692 nömrəli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçıya aid ümumi iş stajının hesablanma cədvəlində iddiaçının xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 23 il 04 ay hesablanmışdır. - xx.xx.2020-ci il tarixli 5819 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən iddiaçıya təyin eidlmiş əmək pensiyası təhsil dövrü nəzərə alınmaqla yenidən hesablanmış, 1982-1993-cü illərin iş stajı təsdiq olunmadığı halda həmin illər ümumi iş stajına daxil edilməklə pensiya hesablandığı, xx.xx.2017-ci il tarixdən artıq vermə yarandığı müəyyən edilmişdir. - İddiaçıya aid ümumi iş stajının hesablanma cədvəlində iddiaçının xx.xx.2006-cı il tarixədək xx.xx.1973-xx.xx.1976-cı il tarixədək təhsil dövrü, xx.xx.1992-ci ilədək 4 il 06 ay, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək 14 il, cəmi xx.xx.2006-cı il tarixədək 18 il 06 ay ümumi sığorta stajı hesablanmışdır. İddiaçıya aid pensiya alt sistemindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 46.64 manat, xx.xx.2022-ci il tarixdən 8.11 manat aylıq pensiya məbləğindən tutulma aparılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sığorta stajı əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Təqdim etdiyiniz ИТ-İ № ******* saylı dublikat əmək kitabçanızın və əyani təhsil haqqında diplomunuzun surətlərinə əsasən sizə xx.xx.2006-cı il tarixinədək 14 il 7 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 5569,61 manat pensiya kapitalı əsasında xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyası hesablanmışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 259,78 manat müəyyən olunub. Məlumat üçün bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin xx.xx.2017-ci il tarixli aktına əsasən Mahrızlı kənd uşaq baxçasında 1982-ci ildən 1993-cü ilədək olan iş stajınızı qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr sığorta stajına daxil edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanması qərarına əsasən 1982-1993-cü illərin iş stajı təsdiq olunmadığı halda həmin illər ümumi iş stajına daxil edilməklə pensiya hesablandığından xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiyanızın artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1, 67.2 və 67.6.3-cü maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş məbləğ əmək pensiyanızdan tutulacaqdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, sizin qeyd olunan dövrlərdə işləmə faktının təsdiqlənməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz ИT-İ № ******* saylı dublikat əmək kitabçanızın, Azərbaycan Respublikasının X12 filialının 20 aprel 2021-ci il tarixli 41 nömrəli arayışının və diplomunuzun surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında sizin yaşa görə əmək pensiyanız xx.xx.2017-ci il tarixindən yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 265,61 manata çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının X12 filialının xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışında əks olunan Mahrızlı kənd uşaq bağçasındakı 1981-1989-cu illərə aid əmək fəaliyyətiniz ilə bağlı arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar işğal altında qaldığına görə həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanları nəzərə alaraq sizin yaşa görə əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, İddiaçı cavabdehin xx.xx.2017-ci il tarixli 692 nömrəli qərarı ilə xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, bu zaman iddiaçının xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 23 il 04 ay hesablanmışdır. Daha sonra iddiaçı xx.xx.1973-xx.xx.1976-cı il tarixlərdə aldığı təhsil müddətinin ümumi iş stajına daxil edilərək pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan xx.xx.2020-ci il tarixli qərarla iddiaçının təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasını yenidən hesablamış, bu zaman iddiaçının Mahrızlı kənd uşaq bağçasındakı 1982-1989-cu illərə aid əmək fəaliyyəti ilə bağlı arxiv sənədlərinin olmadığına istinad edərək həmin dövrləri sığorta stajına daxil etməmiş, 1982-1989-cu illərin iş stajını ümumi iş stajından çıxaraq iddiaçıya xx.xx.2006-cı il tarixədək 18 il 06 ay ümumi sığorta stajı hesablayaraq iddiaçıya pensiya təyin edildiyi xx.xx.2017-ci il tarixdən həmin illər nəzərə alınmaqla ödənilmiş pensiyanı artıq ödəmə kimi müəyyən edərək iddiaçının aylıq pensiyasından tutulmalar etmişdir. Hazırkı iddia iki hissədən ibarətdir: -iddiaçının 1982-1989-cu illərdəki iş stajının ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması; -iddiaçının əmək pensiyasından artıq ödəmə adı altında tutulmuş məbləğin geri qaytarılması. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixli 316 nömrəli əmrlə Mahrızlı kənd körpə evi uşaq baxçasına müdir vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixli 66 nömrəli əmrlə baxça müdiri vəzifəsindən azad edilmişdir. İddiaçının 1990-cı ildən başlayaraq əmək haqqının ödəniməsi barədə arxiv arayışı dövlət arxivindən təqdim edildiyindən həmin tarixdən sonrakı Mahrızlı uşaq baxçasında direktor vəzifəsində işlədiyi dövr öz təsdiqini tapmış, cavabdeh həmin dövrü mübahisələndirməmişdir. Lakin iş üzrə dövlət arxivindən əldə edilmiş sorğuya cavab məktubundan, eləcə də rayon təhsil şöbəsinin cavabından müəyyən olunur ki, iddiaçının 1982-1990-cı il tarixlərdə Mahrızlı kənd uşaq baxçaında işlədiyi dövr üzrə əmrlər, əmək haqqı cədvəlləri 1993-cü ildə Ağdam rayonu işğal edilərkən işğal ərazisində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın -1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. -7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. -7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Hazırkı iş üzrə təqdim olunmuş əmək kitabçasındakı qeydlər kiril qrafikasında olsa da Azərbaycan dilində olması, üzərinə vurulmuş möhür əkslərindəki yazıların Azərbaycan dilində və latın qrafikası ilə olması, eləcə də rayon təhsil şöbəsinin də verdiyi cavabdan müəyyən olunur ki, təqdim olunmuş əmək kitabçası ilkin kitabça deyil, təkrarən verilmiş kitabçadır. İddiaçıya verilmiş qeyd edilən kitabça sonradan tərtib edilərək hazırkı rayon təhsil şöbəsinin möhürü ilə təsdiqlənsə də, lakin əmək kitabçasının təkrar tərtib edilməsi üçün tələb olunan sənədlər rayon təhsil şöbəsində mövcud deyildir. Belə ki, kitabçada xx.xx.1982-ci il tarixli 316 nömrəli əmr qeyd edilsə də həmin əmr (əmrlər kitabından çıxarış) işəgötürəndə mövcud deyildir. Belə olan halda əmək kitabçasının məhz hansı hüquqi sənəd əsasında tərtib edildiyi müəyyən olunmadığından kitabçanın yuxarıda adıçəkilən dublikatın verilmə qaydalarına riayət edilmədən verildiyi müəyyən olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının: -13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. -13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi qanunla əmək kitabçası, arxiv arayışı, əmrlər, əmək haqqı cədvəlləri, əmək stajını təsdiq edən sənədlər olmadıqda əmək stajı hüquqi əhəmiyyətli fakt qaydasında məhkəmə qətnaməsi ilə təsdiq edilir. İddiaçının qeyd edilən arxiv sənədinə malik olmadığı halda onun əmək kitabçasına müvafiq qeydlər daxil edilmişdir. Bu əsasdan məhkəmə iddiaçının 1982-1989-cu illər arasındakı dövrün onun ümumi iş stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını əsaslı hesab etmir. İddianın ikinci hissəsi - artıq ödəmə ilə bağlı tutulmalara gəlincə məhkəmə bu hissədə iddianı əsaslı hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərt müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş üzrə materiallardan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. İş üzrə məlumdur ki, iddiaçıdan tutulmalar noyabr 2020-ci il tarixdən başlanıb, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda belə özü artıq ödəmə hesab etdiyi məbləğin aylıq pensiyadan tutulmasına razılıq verilməsini təklif etməmiş, əksinə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək tutulacağını bəyan etmişdir. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. İddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə hərəkətlər qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının Ağdam rayonu Mahrızlı kənd uşaq baxçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması hissəsində iddia tələbi təmin edilməməli, 19 noyabr 2020-ci il tarixdən başlayaraq aylıq pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 19 noyabr 2020-ci il tarixdən başlayaraq aylıq pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. İddiaçı Ağdam rayonu Mahrızlı kənd uşaq baxçası və Körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması hissəsində iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar