Məhkəmə qərarları › İş №2-1(112)-2147/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2147/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2147/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun soyadının “Şahverdiyev”dən “Şah”a dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək soyadının “Şahverdiyev”dən “Şah”a dəyişdirilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi 11.09.2020-ci il tarixli 142 saylı məktubla bildirmişdir ki, “seçdiyiniz “Şah” soyadı müəyyən nəslə məxsus soyad olduğu üçün və bu nəslə mənsubiyətiniz ardıcıl olaraq müvafiq sənədlərlə təsdiqlənmədiyi üçün Sizin soyadınızın “Şahverdiyev”dən “Şah”a dəyişdirilməsi imkanımız xaricinədir”. İddiaçı 11.09.2020-ci il tarixli 142 saylı məktubu rəsmi olaraq 17.09.2020-ci il tarixdə almışdır. Qeydiyyat şöbəsinin verdiyi cavabdan da göründüyü kimi iddiaçının soyadının dəyişdirilməməsi üçün heç bir hüquqi əsas yoxdur. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 02.09.1987-ci ildə verilmiş Xİİ-JQ seriyalı 448848 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur, atası X1, anası X2r, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.09.1987-ci ildə 1011 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11.09.2020-ci il tarilxi 142 saylı məktubunda qeyd edilir: Sizin soyadınızın “Şahverdiyev”-dən “Şah" soyadına dəyişdirilməsi barədə Nərimanov rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1 maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bənddə göstərilir ki, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Milli Məclisin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları -“ov- “yev” sonluqlu soyadlarını - ”lı” (sözün kökündən asılı olaraq -”li“ ”lu” lü») - “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Həmçinin bildiririk ki, seçdiyiniz "Şah” soyadı müəyyən nəslə məxsus soyad olduğu üçün və bu nəslə mənsubiyətiniz ardıcıl olaraq müvafiq sənədlərlə təsdiqlənmədiyi üçün Sizin soyadınızın “Şahverdiyev”-dən "Şah”-a dəyişdirilməsi imkanımız xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etməyiniz məsləhət görülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1987-ci ildə doğulmuşdur, onun soyadı valideynlərin (atası) soyadı ilə «Şahverdiyev» müəyyən edilmişdir. İddiaçı onun soyadının «Şah» soyadına dəyişdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə aşadırması zamanı iddiaçı soyadının «Şah» soyadına dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilmədi. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar