Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2148/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz və əsassız hesab edilməklə, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilin xüsusi mülkiyyət hüququ ilə onun, yəni İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006 - ci il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-cı illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar yaşadıqları binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012- ci il tarixli sərəncamında da qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini xahiş etmişdir. Bu müraciət və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərar təsdiq edilmişdir. Bununla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, 2-ci giriş, 2-ci mərtəbə, 4 otaqlı, 71,06 kv. metr olan 25 saylı mənzil 4 (dörd) nəfər ailə tərkibi olmaqla ona verilmişdir. 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də tərtib edilmişdir. O, 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa, 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2" arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. Mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq tərəfindən ödənilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktı ilə ünvan 2 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzillər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilimişdir. Yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət etsə də, inzibati orqan müvafiq mənzil üzərində hüquqlarının dövlət qeydiyyatından qanunsuz olaraq imtina etmişdir. Cavabdeh inzibati orqan **********23 nömrəli, xx.xx.2022ci il tarixli imtina məktubunda müraciətinin imtina səbəbi kimi ona mənzil verilməsi haqqında Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamının 2012-ci ildə verilməsi göstərilmişdir. Müvafiq yaşayış binasının 2012-ci ildə istismara qəbul edilməsinə baxmayaraq, xx.xx.2015-ci il tarixli əvvəlki müraciətinə cavab olaraq verilən imtina məktubunda isə, sözügedən mənzil yerləşən yaşayış binasının istismara qəbul aktının DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməməsi səbəbi kimi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İnzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 30 avqust 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın **********97 saylı 10 oktyabr 2022-ci il tarixli etirazında göstərilmişdir ki, İddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən mənzilə dair, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən idarəyə təqdim edilən Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 136 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bu barədə iddiaçıya **********23 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı 39882357 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Fizuli rayonu, Dədəli kəndində doğulmuşdur. AA seriyalı 39882357 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. AZE seriyalı 18082318 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli 15 oktyabr 2012-ci il tarixli Sərəncamından (sözü gedən sərəncamın təsdiq olunmuş surətləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 noyabr 2022-ci il tarixli, BA-07288- 2022-ci il tarixli məktubu və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 3/232 nömrəli məktubu ilə məhkəməyə göndərilmişdir) çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli 29-780 BB saylı məktubu ilə müraciət edərək Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətini və Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatı yanında “İctimai mənzil komissiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublikası Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayş evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir (28 fevral 2012-ci il tarixli 2 № -li protokol): - 1.24. İddiaçı – xx.xx.1998-ci ildən 3 nəfər ailə tərkibi ilə ARDNŞ üzrə mənzil növbəsinə dayanmışdır, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, sahəsi 37,3 kv.m olan 25 saylı mənzil 3 nəfər ailə tərkibinə verilsin:
1. İddiaçı 1970, özü
2. X9 1992, oğlu
3. X5 1994, oğlu - 2. İddiaçı mənzil növbəsindən çıxarılsın. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 884 nömrəli, xx.xx.2022ci il tarixli arayışından görünür ki, İddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46, 6 mərtəbəli evin 4-cü mərtəbəsində, sahəsi 37,3 kv. metr olan, 25 nömrəli, 2 otaqlı mənzildə yaşayır. Mənzil tam kommunal şəraitlidir. Evin sahibi Qaradağ rayonu MKTB-dir. İddiaçı ailəsi 3 nəfərdən ibarətdir və həmin mənzildə daimi qeydiyyatdadırlar. 1 - İddiaçı xx.xx.1972, özü; 2 – X11 xx.xx.1992, oğlu; 3 – X8 xx.xx.1994, oğlu. ünvan 3 ünvanında yerləşən mənzilin cizgisi 150 saylı MKİS tərəfindən təsdiq olunmuşdur. Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş X10 və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş ərizələrdən müəyyən olunur ki, onlar ünvan 1, 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, 25 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razıdırlar, heç bir etirazları yoxdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, istifadəsində olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDKR 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********23 №li xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 136 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə, Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 88/4 saylı sərəncamı xx.xx.2015-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Həmin Qanunun 9-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (sərəncam) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Cavabdeh imtinasını iddiaçıya mənzilə dair sərəncamın 2009-cu il tarixdən sonra verildiyini və bu münasibətin xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olduğu ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli 15 oktyabr 2012-ci il tarixli Sərəncamına əsasən mübahisəli mənzillə əlaqədar ilkin mənzil münasibətləri iddiaçı ilə 2009-cu ildən əvvəl yaranmış, sonradan yenilənərək davam etdirilmişdir. Ona görə də həmin imtina qanuni sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev