Məhkəmə qərarları › İş №2-1(112)-2149/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2149/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2149/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli əlillik dərəcəsinin verilməsindən imtinasının əsassız hesab edilməsi və ona ikinci dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan əlillik altsistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2016-cı ildə (ilkin) 5 il müddətinə ikinci dərəcə əlillik (səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar) təyin edilmişdir. Diaqnoz: «Yenitörəmələrdə sinir köklərinin və kələflərinin sıxılması. Vertebrogen ikitərəfli lümboişalgiya kəskin ağrı sindromu ilə. Bel fəqərələrinin osteoxondrozu. Xroniki radikulit, kəskin ağrı sindromu ilə. L2-L3 fəqərələrin laminektomiyadan və subdural şişin çıxarılmasından sonrakı vəziyyət hissi funksiyanın pozulması ilə. Əməliyyat yatağında likvor kistası». İddiaçı xx.xx.2021-ci ildə isə müayinə olunmuş və diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi səbəbindən imtina edilmişdir (göndəriş 4400003AAAE8, xx.xx.2021-ci il). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı xx.xx.2021-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində «Diaqnoz əlillik əlaməti təyin etmir» qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş «Bel fəqərələrinin osteoxondrozu. Xroniki residivləşən radikulit, kəskin ağrı simptomu ilə. L2-L3 fəqərələrinin laminoektomiyası, subdural həcmli törəmələrin xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Sağ diz oynağının medial meniskin yırtığı. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi. Hissəvi adentiya» diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən «Diaqnoz əlillik əlaməti təyin etmir» qərarı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 T 316/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1980-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə və özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun Komissiya nəticəyə gəlir: vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən «kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya, kəllədaxili hiperteniziya orqanik simptomatika ilə, sol qulaqda neyrosensor tibb ağır eşitmə, L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi əməliyyatdan sonrakı vəziyyət, sol pəncənin parezi, servikal osteoxondroz, çoxsaylı fəqərəarası protruziyalarla, ağrı sindromu ilə» diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksiyonal dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin meyarlarına aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2016-cı ildə (ilkin) 5 il müddətinə ikinci dərəcə əlillik (səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar) təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci ildə isə müayinə olunmuş və diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi səbəbindən imtina edilmişdir. İddiaçı xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində nəzarət qaydasında komissiyada əyani müayinə olunmuş, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində «Diaqnoz əlillik əlaməti təyin etmir» qərarı qəbul edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən «kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya, kəllədaxili hiperteniziya orqanik simptomatika ilə, sol qulaqda neyrosensor tibb ağır eşitmə, L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi əməliyyatdan sonrakı vəziyyət, sol pəncənin parezi, servikal osteoxondroz, çoxsaylı fəqərəarası protruziyalarla, ağrı sindromu ilə» diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksiyonal dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin meyarlarına aid etmək mümkün olmadı. Tibbi ekspertiza həm iddiaçının adına tərtib edilmiş sənədlərə, həm də özünün məhkəmə-tibbi müayinəsinə əsasən keçirilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun (ağırlaşmalar) əlillik dərəcəsinin təyininə əsas verməməsi ekspert rəyi ilə də öz təsdiqi tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar