Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-215/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs“X2”LTD) «topaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X2”LTD) «topaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ona ayrılmış 0,12 ha topaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixində Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə ona torpaq sahəsinin ayrılması üçün müraciət etmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 0,12 ha topaq sahəsi ona ayrılmışdır. Həmin vaxtdan bu günə kimi ona ayrılmış torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəmdədir. (sərəncamın surəti əlavə edilir) Daha sonra, ona ayrılmış torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənəd olan Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamını evdə tapa bilmədiyi üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 13.11,2020-ci il tarixli, BA-01210-2020 saylı məktubu ilə, ona torpaq sahəsi ayrılması haqqında Sabunçu İHB-nın arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamı iddiaçıya göndərilmişdir, (surətləri əlavə edilir) Daha sonra, yuxarıda qeyd edilən bütün prosedurlardan sonra tərəfindən, ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin verilməsi üçün Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının İ müavinin xx.xx.2020-ci il tarixli, 0-29-091 saylı məktubu ilə, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 0,12 ha topaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq iddiaçıya təqdim edilmişdir. Bundan sonra, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, bütün zəruri sənədləri təqdim etməklə sözügedən torpaq sahəsinə mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubla imtina edilmişdir. İmtina məktubu rəsmi olaraq iddiaçıya xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Sözügedən imtina məktubunda, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respubliaksı Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid edildiyi qeyd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilən əsaslarla müraciətimizdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı qeyd etmişdir ki, rəhmətlik qardaşına da verilmiş torpaq sahəsi ilə ona ayrılmış torpaq sahəsi yan-yana yerləşən qonşu torpaqlardır. Qardaşının torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona reyestrdən çıxarış verilmişdir. Axı necə ola bilər ki, faktiki olaraq ümumilikdə 0,24 ha olan torpaq sahəsinin 0,12 ha olan hissəsi Azərbaycan Respubliaksı Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid edilsin digəri isə yox. İddiaçı hesab edir ki, bu ayrı seçkilikdən başqa bir şey deyildir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubla imtina məktubunu alandan sonra Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə getmişdir. Orada iddiaçını qəbul edərək bildirmişlər ki, əgər torpaq sahəsi Azərbaycan Respubliaksı Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid edilmiş olsaydı həmin topaq sahəsinin yerləşmə sxemi təsdiq edilməzdi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Torpaq islahatı haqqında” Qanunun 8-ci maddəsində vətəndaşların istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlər bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericilikdə müəyyəm olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilə bilər. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız hesab edilməli və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ona ayrılmış 0,12 ha topaq sahəsinə mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5164/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə “X2”LTD iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə yerində müayinə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ona ayrılmış 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Vətəndaş müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********61 saylı və **********17 saylı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətindədir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli imtina məktubu; - Azərbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli Sərəncamı; - cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli etiraz məktubu; - Bakı Şəhər Sabunçu Rayon İcra hakimiyyəti başçısının 1 müavin tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktub. - “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu. - Dövlət Arxivinin Bakı Filalı tərəfindən məhkəmənin sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsasız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, vətəndaş İddiaçı şəxsi yaşayış evi tikmək üçün Balaxanı qəsəbəsi, boş yer sahəsində 1200 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli Sərəncamı əsasında ayrılmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ona ayrılmış 0,12 ha topaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin plan(ölçüsünün) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Qeyd edilməlidir ki, iddiaçı məhz sözügedən sərəncama əsaslanaraq hazırkı iddianı irəli sürmüşdür. Cavabdeh sonradan məhkəmə icraatında iddia tələbinə qarşı xx.xx.2021-ci il tarixli etiraz məktubu təqdim edərək, elektron kadastr baza məlumatına əsasən İddiaçı ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən Balaxanı qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq Sizə göndərilir. İş materiallarından görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçının xx.xx.1992-ci il tarixli, 1455 saylı Sərəncamı ilə Balaxanı qəsəbəsində vətəndaş: İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxemi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə işin hallarının araşdırılması məqsədilə Dövlət Arxivinin Bakı Filialına sorğu vermiş, Sabunçu Rayon İcra Hakimiyyəti başçının xx.xx.1992-cu il tarixli, 1455 saylı Sərəncamı və sərəncamın qəbul edilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Dövlət Arxivinin Bakı Filalı tərəfindən məhkəmənin sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubu ilə iddiaçıya torpaq sahəsinin ayrılması haqqında Sabunçu rayon İcra Hakimiyyəti başçının xx.xx.1992-cu il tarixli, 1455 saylı Sərəncamını və sərəncamın qəbul edilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətini (3 vərəqdən ibarət) məhkəməyə təqdim etmişdir. Məhkəmə işin hallarının araşdırılması ilə bağlı olaraq “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına sorğu vermiş, Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1455 saylı sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindəki 0,12 ha torpaq sahəsinin “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus ərazi hüdudlarında olubolmaması, həmin ərazidə neft quyularının yerləşib-yerləşməməsi barədə məlumatı, həmçinin olduğu təqdirdə buna dair sübutların məhkəməyə təqdim edilməsini xahiş etmişdir. “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd etmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1455 saylı sərəncamı ilə vətəndaş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ayrılmış 0,12 ha torpaq sahəsi Balaxanı Əməliyyat şirkətinin istifadəsində olan istehsalat təyinatlı ərazidən kənarda olsa da mövcud quyuların mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisəli torpaq sahəsinə yerli baxış keçirmiş və yerində müayinə zamanı iddiaçının istifadəsinə ayrılmış mübahisəli torpaq sahəsinin (mübahisələndirilən ərazinin) çox yaxınlığında hazırda da istismarda olan məhsul verən neft quyularının yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20- 50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsinə ayrılmış mübahisəli ərazi, neft quyularının yerləşdiyi əraziyə çox yaxın məsafədə yerləşdiyindən, həmin ərazidə hər hansı işlərin aparılması ətraf mühit üçün təhlükəli hesab edildiyindən, qeyd edilən normaların tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin “Siyahı”nın 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən, həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarının 3.3-cü bəndinə əsasən əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) cədvəldə verilmişdir.
İctimai binalar Yaşayış (mədəniyyət və təhsil binaları, fərdi müəssisələrinin Sıra yaşayış evləri, Sənaye və kənd Elektrik- Neftqazçıxarma binaları, uşaq bağçası- Elektrik yataqxanalar, təsərrüfatı ötürücü xətləri №- sənayesi inzibati binalar körpələr evi, tibb müəssisələrinin (hava xətləri-6 yarımstansiyaları si obyektləri müəssisələrinin (35/6 kV və yuxarı) və müvəqqəti binaları kV və yuxarı) binaları, iri ticarət salınmış mərkəzləri, əyləncə qəsəbələr kompleksləri və s.) 1 2 3 4 5 6 7 Fontan, qazlift və dalma nasosları
1. 300 500 100 60 100 ilə təchiz olunmuş quyular Mancanaq dəzgahı ilə
2. 150 250 50 30 50 istismar olunan və basqı quyuları Ləğv olunmuş
3. 75 125 25 15 25 quyular Neftin çıxarılması üçün A və B kateqoriyalı bina və qurğular (ölçmə qurğusu, elektrik separator qurğularının qurğusu, nasos quraşdırılması
4. stansiyası, 300 500 100 80 qaydalarının kompressor tələblərinə stansiyası, neftin uyğun hazırlanma qurğusu, atqı qurğusu, mərkəzi yığım məntəqəsi və s.)
5. Qazın 300 500 100 60 100 yandırılması üçün məşəl
6. Qazatqı şamı 300 500 100 30 30 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X5 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlər verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən trəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəlləsinin 76.2-ci maddəsinə əssən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Balaxanı qəsəbəsi,ərazisində 0,12 ha Azərbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli Sərəncamı əsasında şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılsa da, qeyd olunan torpaq sahəsi “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, qeyd edilən mübahisəli ərazi Balaxanı Əməliyyat şirkətinin istifadəsində olan istehsalat təyinatlı ərazidən kənarda olsa da mövcud quyuların mühafizə zolağının hüdudları daxilindədir. Həmçinin qeyd edilir ki, göstərilən koordinatlar üzrə yerləşən mübahisəli torpaq sahəsi istismarda olan məhsul verən neft quyularının (insanların həyat və sağlamlığı üçün təhlükəli olacaq qədər) yaxınlığında yerləşir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növü olaraq bu iddia növündə öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı irəli sürdüyü iddiası ilə bağlı olan sübutlardan yalnız Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamı ilə kifayətlənərək, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması və ekspertizanın keçirilməsinə mane olmuş (ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəməmiş) və bunun üçün zəruri şəraiti yaratmışdır. Beləliklə də, məhkəmə hesab edir ki, ekspertiza ilə müəyyən olunmalı hallar, yəni torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilən torpaq sahəsi olduğu öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ona ayrılmış 0,12 ha topaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev