Məhkəmə qərarları › İş №2-1(112)-2150/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2150/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2150/2024 05.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində doğumunun qeydə alınması və iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində doğumunun qeydə alınması və iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində, 5 saylı doğum evində doğulmuşdur. Atası xx.xx.1965-ci il təvəllüdlü X5, anası isə xx.xx.1970-ci il təvəllüdlü X1r. İddiaçı doğulduqdan sonra onun valideyinləri qeydiyyat şöbəsinə müraciət etmədikləri üçün, onun doğum haqqında şəhadətnaməsi yoxdur. İddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilmiş, məhkəməyə müraciət edilməsi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 13-cü, 48-ci, 49-cu maddələrinə əsasən iddiaçıya yardım göstərmək, həmçinin işin hallarını və mübahisənin vəziyyətini tərəflərin iştirakı ilə müzakirə etmək məqsədi ilə məhkəmə iclası keçirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı cavabdeh Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir: “1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər (25.0.): fiziki və ya hüquqi şəxslər (25.0.1); dövlət orqanları və ya bələdiyyələr (25.0.2.) Həmin Məcəllənin 26-ci maddəsində göstərilmişdir: “26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində göstərilmişdir: “4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.-cü maddəsinə əsasən,bu Məcəllədə aşagıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.2.-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Məhkəmə iddia ərizəsinə əsasən müəyyən etdi ki iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi (pasport və ya şəxsiyyət vəsiqəsini) təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil. İddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından cavabdehin üzərinə ona aid sənədlərin verilməsi vəzifəsinin qoyulması mümkün deyil. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlərdən də hsazırda iddianı qaldıran şəxsin İddiaçı olması sübuta yetirilməmişdir. Məhkəmə araşdırılması zamanı 5 saylı şəhər kliniki xəstəxanasına sorğu ünvanlanaraq, 10 noyabr 1970-ci il təvəllüdlü X2 tərəfindən xx.xx.1995-ci il tarixində xəstəxanada qız uşagı doğulması barədə arayışının təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “X9” publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış 18 mart 2024-cü il tarixli, 18-1-2/2-1475/2024 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, X2 xx.xx.1995-ci il tarixində X7 qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində doğumunun qeydə alınması və iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar