Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2150/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya verilmiş əlilliyin təyin edilməsindən imtinanın qanunsuz hesab edilməsi və ona əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, hal-hazırda da Bakı şəhərində valideyinləri ilə birlikdə yaşayır. Ali hərbi təhsillidir, 2013-cü ildə C.Naxçıvanski adına hərbi liseyi, 2017-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirmiş və həmin ildən ordu sıralarında zabit kimi xidmət etmişdir. Rütbəsi baş leytenantdır. İİ Qarabağ müharibəsində iştirak etmiş və hərbi əməliyyatların yerinə yetirilməsi zamanı xəsarətlər almış və bir çox medallarla təltif olunmuşdur, müharibə veteranıdır. Belə ki, 27 sentyabr 2020-ci il tarixdə. Suqovuşan ərazisində gedən döyüş zamanı içərisində olduğu tankın düşmən tərəfindən vurulması nəticəsində qapalı kəlləbeyin travması almış, buna görə hərbi xidmətə yararsız hesab edilərək, ordu sıralarından təxris edilmişdir. Mütəmadi olaraq müayinə və müalicələr almış, sahə psixiatrik nəzarəti təyin edilərək qeydiyyata alınmış, son vaxtlar vəziyyəti pisləşdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanası PHŞ-ə yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim olunmuş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalarla” F07.0 diaqnozu qoyulmaqla, həkim psixiatr komissiyası xx.xx.2024-cü il tarixli, 2721 nömrəli müvafiq rəy vermişdir. Bundan sonra iddiaçı təkrarən göndərişlə həkim məsləhət komissiyasına təqdim olunsa da, ona əlillik təyinatından imtina edilmiş və bu barədə 12 iyul 2024-cü il tarixdə mobil telefona SMS göndərilmişdir. Yəni, imtina barədə məlumat xx.xx.2024-cü ildə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Beləliklə iddiaçı hesab edir ki, ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş imtina bildirişində İddiaçı üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edildiyi qeyd edilmiş və qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşması və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının ilkin əlillik vəziyyətinə Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Növbəti dəfə vətəndaşın adına rəsmiləşdirilmiş Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Etirazda qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya xx.xx.2024-cü il tarixdən Azərbaycan Respubikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması” şəklində icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “cavabdehin 11 iyul 2024-cü il tarixli 3-17-4/3-3- 4955/2024 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçıya göndərişin imzalandığı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 930 saylı arayışı əsasında verilmiş Ştatlı Hərbi Həkim Komissiyasının qərarında xx.xx.1994-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 104 nömrəli göndərişi ilə xx.xx.2020-ci ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, “Qısa anamnezi: Şikayəti başında keyimə hissəsindəndir. Deməsinə görə xx.xx.2020- ci il tarixdə Suqovuşan ərazisində gedən döyüş zamanı içərisində olduğu tankın düşmən tərəfindən vurulması nəticəsində xəsarət almışdır (Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 458 nömrəli travma haqqında arayışı). N nömrəli hərbi hissənin STQ-ya təxliyyə olunmuşdur. Oradan Naftalan şəhər mərkəzi xəstəxanasına göndərilib. xx.xx.2020-ci il tarixədə SQBKH-da müayinədə olmuşdur. N nömrəli hərbi hissə komandirinin göndərişi ilə N nömrəli hərbi hissəyə HHK-ya göndərilmişdir”, “Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, “Xəstəliklər cədvəli”nin 28 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008- ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Hərbi xidmətə müvəqqəti yararsızdır. Xəstəliyinə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrarən şəhadətləndirilməlidir. Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən keçirilmiş baş beyin MRT müayinəsinin xx.xx.2024-cü il tarixli nəticəsində aşağıdakılar qeyd edilmişdir: Beyin yarımkürələrində həcmli patologiya təyin edilməmişdir. Beyin toxmasının ağ və boz maddələrində ocaqlı dəyişiklik təyin edilməmişdir. Kortikal sulkus və qirusların dərinliyi və genişliyi normaldır. Orta anatomik strukturalarda yerdəyişmə təyin edilməmişdir. İll və lateral mədəciklər genişlənməyib. Bazal qanqlionlar, daxili və xarici kapsula, talamuslar normaldır. Sellar, parasellar, pineal sahələr genişlənməyib. Hər iki orbitanın ölçüləri və strukturası təbiidir, retroorbital sahələr sərbəstdir. Hipofiz vəzi,görmə sinirləri,görmə çarpazı normaldır. Hippokampusların strukturu və ölçüləri normaldır. Arxa kəllə çuxurunda patologiya aşkar olunmamışdır. Pons, medulla oblanqata,bazal sisternalar, İV mədəciyin genişliyi və konfiquriasiyası normaldır. Burunətrafı ciblərin pnevmatizasiyası təbiidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 3093 nömrəli rəyində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunduğu qeyd edilmiş və Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalarla F07.0 müəyyənləşdirilmişdir. Həmin Komissiyanın xx.xx.2023-cü il tarixli, 1246 nömrəli rəyi ilə İddiaçı diaqnoz: Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) dissosiativ pozuntu F 06.5 olaraq müəyyən edilmişdir. İnzibati icraat materiallarından görünür ki: İddiaçı əlillik vəziyəti xx.xx.2023-cü il tarixli göndərişə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmişdir. Ona münasibətdə müayinənin aparılmasının diaqnozunun mətnində “üzvi dissosiativ pozuntu” olaraq müəyyən edilmiş və müayinənin nəticəsi “Diaqnoz əlillik təyin etməməsi-səbəb: diqanoz əlillik əlaməti təyin etmir” olmuşdur. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə xx.xx.2024-cü il tarixdə müayinə edilməklə baxılmış və “Üzvi (İİ Qarabağ müharibəsi zamanı olnmuş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar” diaqnozu üzrə diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə iddiaçıya imtina cavabı verilmişdir. İddiaçıya münasibətdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə əsas diaqnoz olaraq F06.5 Üzvi dissosiativ pozuntu halı, xx.xx.2024-cü il tarixli göndərişdə isə əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı olunmuş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funnksional tutmalar halı göstərilmişdir. İddiaçıya münasibətdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli göndərişdə əsas diaqnoz olaraq F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı olunmuş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar halı göstərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12078/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 389 nömrəli məktubu ilə göndərilmiş İddiaçı haqqında olan 16.01,2025-ci il tarixli 119 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, … “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində) pozuntusu, dissosiativ pozuntu” diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasıda” “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalarla F07.0” diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X2 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Eyni zamanda yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” (F07.0) müəyyən olunmuş İddiaçı qoyulmuş F07.0 -Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı olunmuş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar diaqnozu düzgündür. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra– Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra– Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “üzvi mənşəli şəxsiyyət pozuntusu” F07.0 diaqnozu öz əksini tapmaqdadır. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Bununla yanaşı qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması və iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu dissosiativ daxilolmalarla” aşkar olunur. Bu xəstəliyin patoloji vəziyyəti nəticəsində onda təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı ilə olması sübut olunmuşdur. Baxmayaraq ki, iddiaçı bu xəstəlikdən əziyyət çəkərək onda olan diaqnoz əlilliyin təyininə əsas verir, cavabdeh əsassız olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Bundan başqa Məhkəmə diqqətə çatdırır ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun, 1.0.10 və 1.0.11-ci bəndlərinə əsasən, psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; psixi pozuntu (xəstəlik)– sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. Həmin Qanunun 15.0 və 15.0.3-cü bəndlərinə görə, dövlət aşağıdakılara təminat verir: ...psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyə qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə. Göründüyü kimi, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Bu sahədə hüquqi mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müyyən edilməsidir. İş materiallarında olan müayinə rəyindən və digər sənədlərdən görünür ki, iddiaçı psixi pozuntudan əziyyət çəkən şəxsdir və o, Bakı 2 nömrəli X1 qeydiyyatda olduğundan, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.0.3 cü maddəsinin tələbləri baxımından Bakı 2 nömrəli X4 psixiatriya müəssisəsi qismində çıxış edərək, onun iddiaçının həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur. Beləliklə, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının yaralanmasının nəticəsi - diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Məhkəmə onu da bildirməyi zəruri hesab edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nda F07.0 kod altında nəzərdə tutulan xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) əsasında əlilliyin orqanizmin funksiyasının faiz göstəricisinin 35-60% yoxsa 65- 80% olmasından asılı olmayaraq yalnız iki il müddətinə təyin olunması nəzərdə tutulmuşdur. Bu səbəbdən də ekspertiza mərhələsində iddiaçının orqanizmin pozulmasının faiz dərəcəsinin dəqiq müəyyən oluna bilməməsi hazırki halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Hər bir halda həmin diaqnoz altında olan xəstəliklər əlilliyin yalnız 2 il müddətində təyin olunmasına əsas verir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 iyul 2024-cü il tarixli 3-17-4/3-3-4955/2024 nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı göndərişin imzalandığı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2-1(112)-2150/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2150/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver