Məhkəmə qərarları › İş №2-1(112)-2152/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2152/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2152/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə giriş-çıxış yolunun müəyyən edilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, əraziyə mühəndis göndərilməsini, çöl-ölçmə işlərinin aparılaraq faktiki sahibliyində və istifadəsində olan 0,02912 ha ölçülü torpaq sahəsinin yol infrastrukturuna olan giriş-çıxış xətti/yolunun, yaxud servitut sahəsi vardırsa, bunun yerində təyin edilərək göstərilməsini, əgər həmin torpaq sahəsinin yol infrastrukturuna giriş-çıxışının bağlanması 3-cü şəxs səbəbindəndirsə, bunun ona sxem üzərindən izah edilməsini, ona ərazinin planı göstərilməklə qonşu 3-cü şəxsin yol verdiyi xətanın (yolunu bağlamış olması, yaxud servitut sahəsinin zəbt edilməsinin və s.) sənədlə təqdim edilməsini, faktiki sahibliyində və istifadəsində olan 0,02913 ha ölçülü torpaq sahəsinin 2013-cü il tarixdən ilkin qeydiyyatın zamanı yol infrastrukturuna olan giriş-çıxış xəttini/yolunu göstərən kadastr xəritəsinin ona təqdim edilməsini, əgər həmin torpaq sahəsinin yol infrastrukturuna giriş-çıxışının bağlanması 3-cü şəxsə verilmiş yanlış hüquqi və texniki sənəd səbəbindəndirsə, bu yanlışlıq/texniki səhvin aradan qaldırılması və bu barədə ona və maraqlı şəsə mılumat verilməsini xahiş etmişdir. Cavadeh xx.xx.2023-cü il tarixli **********06 nömrəli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, **********72 reyestr nömrəli sahə ləğv edilmiş X14 Komitəsi tərəfindən verilmiş sahəsi 590 kv.metr olan kadastr planının 2 yerə bölünməsindən əmələ gəlmişdir. Bölünən sahələrə giriş-çıxış yolu sahənin şərq tərəfindən olmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 0,02912 ha ölçülü torpaq sahəsinin yol infrastrukturuna girişçıxış yolunun (yolun yerinin/mövqeyinin, sahəsinin, konfiqurasiyasının) texniki sənədlərdə əks olunmaqla yerində müəyyən edilməsi/təqdim edilməsi vəzifəsinin/öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 0,02912 ha ölçülü torpaq sahəsinin texniki sənədində - “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin torpaq sahəsinin nəqliyyat infrastrukturuna giriş-çıxış yolunun göstərilməməsi ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılması (sözügedən torpaq sahəsini nəqliyyat infrastrukturu obyektlərinə - küçəyə və avtomobil yollarına bağlayan sahənin göstərilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanlında yerləşən **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,02912 ha ölçülü torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir. 2013-cü il tarixində torpaq sahəsini ilkin hüquq sahibindən alarkən torpaq sahənin sərbəst giriş-çıxışı, yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. 2013-cü il tarixində torpaq sahəsini ilkin hüquq sahibindən alarkən torpaq sahəsinin sərbəst giriş-çıxışı, yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. Bundan əvvəl hüquq sahibi olan X10 Badamdar Bələdiyyəsi tərəfindən verilmiş sxemdə də bu torpaq sahəsinin yol infrastrukturuna çıxışı olmuşdur. Sonradan onlar yaxın qohumu ilə birlikdə həmin torpağı almış, öz aralarında bölmüşlər. Bölgüdən sonra hər birinə 3 sota yaxın torpaq sahəsi ayrılıb, bunlar özüözlüyündə ayrıca daşınmaz əmlak obyekti olublar, indi də ayrıdırlar. Digər 3 sotun sahibinin küçəyə çıxışı olmuş, onun özünün də ayrıca çıxışı vardı. Son dövrlərə qədər 3 tərəfdən qonşu ilə əhatə olunmuş torpaq sahəsi bir tərəfdən açıq idi, iddiaçı buradan torpaq sahəsinə giriş-çıxış olaraq istifadə edirdi. Bir müddət əvvəl torpaq sahəsinə baş çəkməyə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin giriş-çıxış yolu qonşuluqda torpaq sahəsi alan Aidə Bəndəliyeva ad-soyadlı şəxs tərəfindən onun özünün dediyinə görə öz adına sənədləşdirilmişdir, bu üzdən onun giriş-çıxış sahəsi bağlanmışdır. Aidə Bəndəliyeva ona "öz sahəsindən” giriş-çıxış kimi istifadə etməyi də qadağan etmiş, məsələni reyestr orqanında həll etməyi bildirmişdir. Aidiyyəti orqanlara (bələdiyyə, icra hakimiyyəti və s.) müraciət edib onların nümayəndələrini əraziyə dəvət edərkən də Aidə Bəndəliyeva bildirmişdir ki, o, torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış/tanıtdırmış, ona müvafiq çıxarış və texniki sənəd verilmişdir. Halhazırda iddiaçı öz torpaq sahəsinə daxil ola, buradan istifadə edə bilmir, çünki torpaq sahəsinin giriş-çıxış yolları Aidə Bəndəliyevanın adına sənədləşdirilmiş torpaq sahəsi ərazisi ilə bağlanmışdır. Cavabdeh iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, **********33 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, **********06 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 590 kv.m torpaq sahəsi ilkin olaraq X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi və bölgü sxemi əsasında torpaq sahəsinin 0.02912 ha hissəsi İddiaçı, 0.02988 ha hissəsi isə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bölünən sahələrə giriş-çıxış yolu sahənin şərq tərəfindən olmuşdur. Həmçinin, torpaq sahəsinin mövcud vəziyyətdə giriş-çıxış yolunun kim tərəfindən bağlanılması və bərpa edilməsi məsələsinin araşdırılması idarənin səlahiyyətləri xaricindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 190 saylı qərarından görünür ki, Badamdar qəsəbəsi İİİ yaşayış massivində olan 600,0 kv. m torpaq sahəsinin alqı-satqı yolu ilə X2 qərara alınmışdır. -xx.xx.2007-ci il tarixli A №002599 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 190 saylı qərarı ilə 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün X10 ayrılmış 600 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. -xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.059 ha torpaq sahəsinə X8 mülkiyyət hüququ qeydə alınmışdır. - İşdən görünür ki, xx.xx.2013-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı X15 Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanda yerləşən 0.0590 ha torpaq sahəsini alıcı X1, daha sonra xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini X3 Musa Hidayət oğlunun mülkiyyətinə vermişdir. - xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 04/831 qeydiyyatlı arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanda yerləşən 0,059 ha torpaq sahəsindən 0,02912 ha torpaq sahəsini alıcı İddiaçı; 0,02988 ha torpaq sahəsini isə alıcı X9 mülkiyyətinə vermişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,2912 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınaraq ona xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 291,2 kv.metr torpaq sahəsinin üzərində tikili yoxdur, üç tərəfdən elektron xəritə məlumatına əsasən reyestrdən qeydiyyatdan keçmiş sahələrlə, bir tərəfdən (yol tərəfdən) reyestrdə qeydiyyata alınmamış fərdi evlər və həyət sahələri ilə əhatələnib. Faktiki olaraq ərizəçinin sahəsinə yol yoxdur. İddiaçı hazırda bu hala istinad edərək, mülkiyyətində olan həmin torpaq sahəsinə giriş-çıxış yolunun olmadığını bildirir və “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin torpaq sahəsinin nəqliyyat infrastrukturuna giriş-çıxış yolunun göstərilməməsi ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılmasını, yəni sözügedən torpaq sahəsini nəqliyyat infrastrukturu obyektlərinə - küçəyə və avtomobil yollarına bağlayan sahənin göstərilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: -1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. -2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. -5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. -7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. -8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. -9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən: 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və X20nın tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən: - bənd 1. Bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. -bənd 4. Plan və ölçüdə aşağıdakılar göstərilir: 4.1. Dövlət Xidmətinin, habelə onun tabeliyində olan qurumun adı; 4.2. torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi; 4.3. torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat: 4.3.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı; 4.3.2. hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması); 4.4. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı); 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; 4.8. torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla); 4.9. torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla); 4.10. torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat; 4.11. plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri; 4.12. plan və ölçünün tərtib edilməsi tarixi; 4.13. torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; 4.15. torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 4.16. şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri); 4.17. torpaq sahəsinin qonşu sərhədləri; 4.18. torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı; 4.19. plan və ölçünün X20 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla); - bənd 5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. - bənd 6. Plan və ölçü yaşayış məntəqələri hüdudlarında yerləşən torpaq sahələri üzrə tərtib edildikdə, blankın arxa tərəfinin sol hissəsindəki göstəricilər doldurulur, digər torpaq sahələri (o cümlədən, kənd təsərrüfatı təyinatlı torpaqlar) üzrə tərtib edildikdə arxa tərəfinin sağ hissəsindəki göstəricilər doldurulur. Məhkəmə qeyd edir ki, istinad olunan normaların məzmunundan aydın olur ki, torpaq sahəsinin planı və ölçüsü torpaq sahəsi barəsində yuxarıda qeyd olunan məlumatları əks etdirən texniki sənəddir. İddiaçı hazırda ona məxsus torpaq sahəsinə giriş çıxış yolunun digər şəxslər tərəfindən zəbt olunduğunu, buna görə də torpaq sahəsinə daxil ola bilmədiyini iddia edərək, cavabdehdən ona məxsus torpaq sahəsinə giriş çıxış yolunun yerinin müəyyən edilməsini və bunun torpaq sahəsinin planı və ölçüsündə əks olunmasını xahiş etsə də, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, cavabdehin qanunvericilikdən irəli gələn belə bir fəaliyyət istiqaməti və ya vəzifəsi mövcud deyildir. O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Eyni zamanda, Məcəllənin 255.2-ci maddəsinə əsasən, daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən isə servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmçinin servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır (MM-nin 255.7-ci maddəsi). İşdə olan xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçı və X16 arasında tərtib edilmiş Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin bölgüsündən görünür ki, X18 tərəfindən onlara satılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanda yerləşən 0,059 ha torpaq sahəsindən 0 İddiaçı verilən 0,02912 ha torpaq sahəsi və X12 verilən 0,02988 ha torpaq sahəsi, həmin torpaq sahələrinə yol tərəfdən giriş olması qeyd olunmuşdur. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı həmin sahə hazırda başqa şəxsin sahibliyində olmasını iddia edirsə, onun Mülki Məcəllənin 158.1.3-cü maddəsinə uyğun olaraq həmin sahəyə servitut hüququ vardır. Beləliklə, göstərilənlərə əsasən hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar