Məhkəmə qərarları › İş №2-1(112)-2153/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2153/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2153/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2016-cı ilin mart ayında 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Hesab olunur ki, pensiyanın yenidən hesablanması və digər növünə keçirilməsi zərurəti yaranmışdır. Belə ki, İddiaçı 1974 – 1979-ci illərdə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda təhsil almış, 1977 – 1978-ci illərdə hərbi xidmətdə olmuşdur. O, 1979 – 1992-ci illərdə Rusiya Federasiyası ROSNEFT “Saxalindənizneftqaz” ÜSB-də çalışmışdır. Orda işlədiyi 12 il, 8 ay, 23 günün, 1 ili 1 il 6 ay sayıldığından həmin illərin stajı 20 il əmək stajına bərabər hesablanır. Belə ki, SSR X6 Heyətinin 10 fevral 1960-ci il tarixli Fərmanının 5-ci maddəsinin “d” bəndinə uyğun olaraq, X7 rayonu sayılır. Xususi olaraq, Uzaq Şərq rayonlarında 1 illik iş stajı 1 il 6 ay iş stajının hesablanması, yaşa və əlilliyə görə pensiyanın alınması hüququ yaradırdı. 1992-cı ildən 2003-cü ilədək “Siyəzənneft” NQÇİ-də X3 xidməti rəisi və istehsalat işləri üzrə rəis müavini, baş mühəndis vəzifələrində, 2003 – 2007-ci illərdə isə “Suraxanıneft” NQÇİ – QƏTS rəis müavini, quyuların yeraltı təmir sexinin rəisi vəzifəsində işləmişdir ki, bunun da 20 ili, yəni 1992-ci ilədək olan dövrdür (yəni, SSRİ vətəndaşlarının Pensiya Təminatı haqqında Qanununun qüvvədə olduğu dövr). Onun 1 yanvar 2006-cı ilədək umumi iş stajı 40 il, güzəştli iş stajı isə 27 il təşkil etmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısındadır. (X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı). «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, vəzifələrin, peşələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşa və ən azı 20 il iş stajı olduqda bu müddətin ən azı 10 ilini həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asıh olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, əvvəlki qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün 1 yanvar 2006-cı ilədək 20 il ümumi, 10 il güşətli iş stajının olması tələb olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçıya 52 yaşdan pensiyanın təyin olunması və ödənilməyən məbləğin ona ödənilməsi barədə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 17 iyun 2022-ci il tarixdə müraciət edilmiş, lakin qurum tərəfindən iş yerindən arayışda onun ağır və xüsusilə ağır şəraitdə işləməsinə dair qeyd olmadığına görə pensiya təminindən imtina olunmuşdur. İddiaçı imtinanı rəsmi olaraq 1 avqust 2022-ci il tarixdə qəbul etmişdir və əsassız hesab edir. Belə ki, DSMF-yə göndərilmiş iş yerindən arayış “Saxalindənizneftqaz” ÜSB-nin SSRİ dövrünə aid arxiv arayışıdır. Arxiv arayışlarında həmin sahənin ağır və xüsusilə ağır şəraitdə aid olması müəyyən olunmur (Bu hal ARDNŞ-nin arxiv arayışlarına da aiddir). Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin olunması, həmin dövrdən hesablanaraq ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış 3 noyabr 2022-ci il tarixli məktubunda – yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçıya 4 fevral 2016-cı il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. O, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 iyun 2022-ci il tarixdə müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin təxirə salınması haqqında cavab məktubunda iddiaçıya güzəştli arayışın təqdim olunması barədə məlumat verilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-cı maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə əsasən bu Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur kı, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1-cü bəndinə görə müraciət edən şəxs «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə, iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi “Rosneft" ASC-nin 17 noyabr 2014-cü il tarixli xx-xx/15273 nömrəli arayışında göstərilən vəzifələrin yuxarıda qeyd olunan 1 nömrəli Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Belə olan halda, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi barədə güzəştli arayış təqdim edə bilmədiyi, dolayısı ilə həmin işlərdə işləmədiyi üçün onun bu maddənin tələblərindən irəli gələn güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və ərizədə iddia tələbin dəyişdirilərək «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə pensiya məbləğinin müraciət edildiyi tarixdən əvvəlki son üç ilə aid hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinə 1100000a – 15876 kodu ilə müəyyən edilən “quyuların yeraltı təmiri üzrə operatorlar”, 1100000b – 23187 kodu ilə müəyyən edilən “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar”, 1100000b – 24125 kodu ilə müəyyən edilən “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri”, 1100000b – 22247 kodu ilə müəyyən edilən “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)”, 1100000b – 23886 kodu ilə müəyyən edilən “dərin qazma (strukturaxtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri”, 1100000b – 24094 kodu ilə müəyyən edilən “buruq qurğularının rəisləri və onların müavinləri” peşəsi də daxil edilmişdir. İş materiallarında olan Rusiya Federasiyasının "xxxx" MMM-in 3 iyun 2022-ci il tarixli 20/376 nömrəli arxiv arayışında İddiaçı (xx xxxx 1957-ci il tarixdə doğulmuş) əmək fəaliyyəti ilə bağlı aşağıdakılar qeyd olunur: - “Monqineftqaz” NQÇİ-də 13 avqust 1979-cu il tarixdən quyuların yeraltı təmiri operatoru (13 avqust 1979-cu il tarixli 61/k saylı əmr), 23 yanvar 1981-ci il tarixdən quyuların əsaslı təmiri ustası (22 yanvar 1981-ci il tarixli 9/k saylı əmr), 8 iyul 1983-cü il tarixdən NÇS (Neft çıxarma sexi) neft çıxarma usta (11 iyul 1983-cü il tarixli 79/k saylı əmr), 12 dekabr 1983-cü il tarixdən quyuların İstehsalat Texnikixidmət Şöbəsi böyük mühəndis v.i.e (12 dekabr 1983-cü il tarixli 138/k saylı əmr), 4 iyul 1984-cü il tarixdən quyuların yeraltı və əsaslı təmiri sahəsinin rəisi v.i.e. (27 iyun 1984-cü il tarixli 63 saylı əmr), 20 may 1985-ci il tarixdən İTŞ böyük mühəndisi (21 may 1985-ci il tarixli 54/k saylı əmr) vəzifələrində işləmiş və 15 may 1987-ci il tarixdə işdən azad olunmuşdur (12 may 1987-ci il tarixli 53/k saylı əmr). - “Noqlikinefteqazdobıça” İstehsalat Birliyində 15 may 1987-ci il tarixdən X3 Xidmətə növbə rəisi (15 may 1987-ci il tarixli 63/k saylı əmr), 1 may 1988-ci il tarixdə işdən azad olunmuşdur (30 aprel 1988-ci il tarixli 56/k nömrəli əmr). - “Katanqlinefteqaz” NQÇİ-də 1 may 1988-ci il tarixdən X3 Xidmətə növbə rəisi (1 may 1988-ci il tarixli 1/k nömrəli əmr), 4 aprel 1990-cı il tarixdən Monqi neft mədəninin rəis müavini v.i.e (6 aprel 1990-cı il tarixli 77 nömrəli əmr), 5 noyabr 1990-cı il tarixdən İB-nin mühəndisi (16 noyabr 1990-cı il tarixli 326 nömrəli əmr), 1 mart 1991-ci il tarixdən Monqi neft mədəninin rəis müavini (20 fevral 1991-ci il tarixli 33 nömrəli əmr), 2 fevral 1992-ci il tarixdən Monqi neft mədəninin texnologiya üzrə rəsi müavinini vəzifələrində (6 fevral 1992ci il tarixli 26 nömrəli əmr) işləmiş və 6 may 1992-ci il tarixdə işdən azad olunmuşdur (6 may 1992-ci il tarixli 73 nömrəli əmr). İş materiallarında olan Rusiya Federasiyasının Uzaq Şərqdə "xxxx" NK ASC Nümayəndəliyinin 17 noyabr 2014-cü il tarixli xx-xx/15273 nömrəli arxiv arayışında İddiaçı (xx xxxx 1957-ci il tarixdə doğulmuş) əmək fəaliyyəti ilə bağlı aşağıdakılar qeyd olunur: - “Monqineftqaz” NQÇİ “Saxalinmorneftqaz” ÜSB-də 13 avqust 1979-cu il tarixdən quyuların yeraltı təmiri operatoru (13 avqust 1979-cu il tarixli 61/k saylı əmr), 23 yanvar 1981-ci il tarixdən quyuların təmiri ustası (22 yanvar 1981-ci il tarixli 9/k saylı əmr), 8 iyul 1983-cü il tarixdən NÇS neft hasilatı üzrə usta (11 iyul 1983-cü il tarixli 79/k saylı əmr), 12 dekabr 1983-cü il tarixdən quyuların İTŞ böyük mühəndis v.i.e (12 dekabr 1983-cü il tarixli 138/k saylı əmr), 4 iyul 1984-cü il tarixdən quyuların yeraltı və əsaslı təmirinin sahə rəisi v.i.e. (27 iyun 1984-cü il tarixli 63/k saylı əmr), 20 may 1985-ci il tarixdən İTŞ böyük mühəndisi (21 may 1985-ci il tarixli 54/k saylı əmr) vəzifələrində işləmiş və 15 may 1987-ci il tarixdə işdən azad olunmuşdur (12 may 1987-ci il tarixli 53/k saylı əmr). - “Noqlikinefteqazdobıça” İstehsalat Birliyi “Saxalinmornefteqaz” ÜSB-də 15 may 1987-ci il tarixdən MMTX növbə rəisi (15 may 1987-ci il tarixli 63/k saylı əmr), 1 may 1988ci il tarixdə işdən azad olunmuşdur (30 aprel 1988-ci il tarixli 56/k nömrəli əmr). - “Katanqlinefteqaz” NQÇİ-də 1 may 1988-ci il tarixdən MMTX növbə rəisi (1 may 1988-ci il tarixli 1/k nömrəli əmr) 4 aprel 1990-cı il tarixdən Monqi neft mədəninin rəis müavini v.i.e (6 aprel 1990-cı il tarixli 77 nömrəli əmr), 5 noyabr 1990-cı il tarixdən İB-nin mühəndisi (16 noyabr 1990-cı il tarixli 326 nömrəli əmr), 1 mart 1991-ci il tarixdən Monqi meft mədəninin rəis müavini (20 fevral 1991-ci il tarixli 33 nömrəli əmr), 2 fevral 1992-ci il tarixdən Monqi neft mədəninin texnologiya üzrə rəsi müavinini vəzifələrində (6 fevral 1992ci il tarixli 26 nömrəli əmr) işləmiş və 6 may 1992-ci il tarixdə işdən azad olunmuşdur (6 may 1992-ci il tarixli 73 nömrəli əmr). İş materiallarından görünür ki, İddiaçı adına AТ-İ ******* nömrəli əmək kitabçası açılmış və sənəddə onun 1979 – 2005, habelə 2006 – 2021-ci illərdə fəaliyyəti ilə bağlı müvafiq qeydlər aparılmışdır (hazırda da işləməsi qeyd olunmaqla). Göründüyü kimi, hazırkı İddiaçı 1979 – 1992-ci illərdə Rusiya Federasiyası “Saxalinmornefteqaz” ÜSB-nin neft qaz çıxarılması və hasilatı ilə məşğul olan strukturlarında ümumilikdə 10 ildən çox işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda müvafiq kodlarla nəzərdə tutulmuşdur (quyuların əsaslı təmiri ustası, böyük mühəndis, sahə rəisi və s.). Cavabdeh inzibati orqan inzibati icraatda öz imtinasını iddiaçının işlədiyi peşələrin dəniz şəraitində olan neft-qaz çıxarma və hasilatla bağlı sahəyə aid edilməsini təsdiqləyən izahlı arayışın təqdim olunmaması ilə əaslandırır. Lakin məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və vurğulayır ki, X5 Federasiyasının uzaq şərq regionunda adada yerləşir. Bu xüsusat və iddiaçının işlədiyi təşkiatın adının “Saxalinmornefteqaz” olması onu deməyə əsas verir ki, bu qurumda işləyən neft-qaz çıxarması və hasilatı ilə məşğul olan müvafiq vəzifəlilərin işi dəniz şəraitinə aiddir. Bundan başqa, izahlı arayışın alınmasının iddiaçının iş fəaliyyətindən uzun müddət keçməsi və iş yerindən uzaq məsafədə olması baxımından mümkünlüyü də nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, iddiaçının 2006-cı ilədək işlədiyi vəzifələrin çox kiçik qisminin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya aid edilməsi şübhə doğursa da, həmin hissənin sözügedən qərarla təsdiqlənmiş 2 nömrəli siyahıda yer alması təkzibolunmaz haldır. 1 nömrəli Siyahı üzrə 10 il müddətin tamamlamayan kiçik hissəsinə iddiaçının həmin qərarla təsdiqlənmiş (hər iki siyahıdakı vəzifələr zərərli iş şəraitini nəzərdə tutur) 2 saylı Siyahı üzrə ikiqat həcmdə iş müddəti bərabər qiymətləndirilə bilər. Xüsusilə vurğulanmalıdır ki, bu siyahılardakı vəzifələrə münasibətdə tələb olunan yaş və staj göstəricilərinin fərqi 25 – 10 faiz intervalındadır: yaş üzrə 10% (57 yaş – 52 yaş), ümumi staj üzrə 25% (25 il – 20 il), güzəştli iş stajı üzrə 25% (12 il 6 ay – 10 il). Digər tərəfdən, 1 və 2 saylı siyahılarda göstərilən vəzifələr sonradan, yəni 2007-ci ildən vahid siyahıda aks olunmaqla onların pensiya təyinatında fərqləndirilməsi aradan qaldırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasındakı, habelə hərbi bilet və diplomdakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin ümumi sığorta stajına daxil olunmasına əsas verir. Belə olan halda, məhkəmə cavabdehin iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda göstərilən vəzifədə azı 10 il iş stajının olmaması mövqeyi ilə razılaşmır. İnzibati orqan imtinasında həmin halı əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17, 24, 58.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə bir xüsusatı da vurğulayır ki, iddiada həm də “mürciət olunan tarixdən əvvəlki son üç il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, İddiaçı əmək pensiyası yenidən təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə pensiya məbləğinin müraciət edildiyi tarixdən əvvəlki son üç ilə aid hissəsinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə pensiya məbləğinin müraciət edildiyi tarixdən əvvəlki son üç ilə aid hissəsinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar