Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2155/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 52 yaşdanəmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 20 iyul 2019cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 20 ildən, güzəştli iş stajının isə 10 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındaki dövr ərzində “X4 Birliyi”ndə əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı xx.xx.1987-ci il tarixdə “X4 Birliyi”nin əmr kitabında işə qəbul olunma əmri aşkar edilməmişdir. Eyni zamanda həmin müəssisənin 1996-cı il tarixindən sonrakı dövrlərə aid əmr və əməkhaqqı kitabları dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının işdən azad olma əmrini də yoxlamaq mümkün olmamışdır. Qeyd edilən faktın dəqiqləşdirilməsi üçün X2 filialına sorğu ünvanlanmış və 19 dekabr 2022-ci il tarixli K-3-214 nömrəli sorğuya cavab məktubuna əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş işə qəbul əmrinə müvafiq olaraq xx.xx.1987-ci il tarixə aid əmr kitablarında iddiaçının adının aşkar edilmədiyi, həmçinin sözügedən müəssisənin 1996-cı il tarixdən sonraki dövrə aid əmək haqqı və əmr kitablarının arxivə təhvil verilmədiyi müəyyən edilir. Bu fakta əsasən qeyd olunur ki, “X4 Birliyi”nin xx.xx.1987-ci il tarixə dair sənədləri Şəmkir rayon Dövlət Arxivində mühafizə olunmaqdadır, lakin İddiaçı adı həmin sənədlərdə yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı yoxdur, o cümlədən ümumi iş stajı da 25 ildən (02 il 01 gün (xx.xx.1982-xx.xx.1984)) azdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Hərbi biletə əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən 1984-cü ilin may ayınadək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 Birliyində (daha sonra adı X4 Birliyi) zəhərli kimyavi maddələr ambarında fəhlə vəzifəsində işləmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün dörd əsas gətirmişdir:
1. İddiaçının ümumi iş stajının 25 ildən az olması;
2. “X4 Birliyi”nin əmr kitabında iddiaçının işə qəbul olma əmrinin aşkar edilmədiyi;
3. 1996-cı il tarixindən sonraki dövrlərə aid əmr və əmək haqqı kitablarının arxivə təhvil verilmədiyi;
4. İddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmamasıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır.
Məhkəmə ilk öncə iddiaçının ümumi iş stajına münasibət bildirir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 Birliyində zəhərli kimyavi maddələr ambarında fəhlə vəzifəsində işləmişdir. (17 il 11 ay 07 gün) Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən 1984-cü ilin may ayınadək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 02 il 01 ay 17 gün təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 52 yaşı tamam olduğu vaxtadək ümumi iş stajı 20 ildən (17 il 11 ay 07 gün + 02 il 01 ay 17 gün = 20 il 24 gün) çox təşkil edir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının əmək kitabçasında X4 Birliyində işlədiyi müddəti şübhə altına almış və bu halı onunla əsaslandırmışdır ki, əmrlər kitabında iddiaçının işə qəbul olunması barədə məlumat olmamış, eyni zamanda 1996-cı il tarixdən sonraki dövrlər ilə bağlı əməkhaqqı cədvəlləri də müəyyən olunmamışdır. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizə ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlamışdır. Sorğuya cavab məktubunda qeyd olunmuşdur ki: - “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 241 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 70 %-i özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, səhmdar cəmiyyətinin maliyyəttəsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müvafiq sənədlərin əldə edilməsi məqsədi ilə aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət olunması məqsədəuyğundur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidmətinin özü də müəssisəsinin özəlləşdirildiyini, bu səbəbdən də şəxsə aid müvafiq məlumatı, o cümlədən sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət olunmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə icraatı zamanı ünvanlanmış sorğulara cavab məktubundan, o cümlədən təqdim olunmuş əmr kitabından görünür ki, iddiaçı həqiqətən də müəssisənin xx.xx.1987ci il tarixli 39 nömrəli əmri ilə zəhərli kübrə anbarına fəhlə peşəsinə qəbul olunmuş, 17 iyul 1988-ci il tarixli əmr ilə məzuniyyətə buraxılmış, 18 may 2005-ci il tarixli 25 nömrəli əmr ilə X4 Birliyinin özəlləşdirilməsi əsası ilə işdən azad edilmişdir. Göründüyü kimi iddiaçının işə qəbul və işdən azadolma barədə əmrlər mühafizə olunması üçün arxivə təqdim edilməmiş, lakin müəssisənin özündə saxlanılmışdır. Təqdim olunmuş əmr kitabı və müəssisə tərəfindən verilmiş arayış öz növbəliyində əmək kitabçasında olan qeydlərin mötəbər olduğunu təsdiq edir. Cavabdeh isə təqdim olunmuş sənədlərdə şübhəli halın olmasını və ya mötəbər hesab edilməməsi üçün əsaslı dəlil təqdim edə bilməmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin mühafizə olunması üçün arxivə təhvil verilməməsi hazırki iddia üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hər nə qədər də iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin həmin dövrlərdə mövcud olması, o cümlədən iddiaçının həmin dövrlərdə işləməsi müəssisənin əmr kitabı ilə təsdiq olunur. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının X4 Birliyində (əvvəlki adı X5 Birliyi) işlədiyi illəri onun sığorta stajına daxil edir. Kassasiya instansiya məhkəməsinin oxşar mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1520/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(102)- 1713/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarlarında nümayiş etdirilmişdir. (müəssisənin arxiv sənədlərinin müəyyən olunmaması) Məhkəmə xüsusi ilə bir məqama da aydınlıq gətirilməsini zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında işə qəbul olunması xx.xx.1987-ci il tarixli 39 nömrəli əmr əsasında həyata keçirilmiş, şəxsin işdən azad olunması isə 18 may 2005-ci il tarixli 25 nömrəli əmr əsasında həyata keçirilmişdir ki, həmin əmr müəssisənin həmin dövrdəki sədri N.Əsgərov tərəfindən imzalanmışdır. Nəzərə alınmalıdır ki, əmək kitabçası kiril əlifbası ilə yazılmamışdır, bu da onu göstərir ki, əmək kitabçası sonradan doldurulmuşdur. Lakin nəzərə alınmalıdır ki, bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki, məhkəmə icraatı zamanı təqdim olunmuş əmr kitabında iddiaçının əmək kitabçasında qeyd olunmuş əmrlər öz əksini tapmış, əmək kitabçasında iddiaçının işə qəbul əmrində N.Qasımovun imzası olmasa da, əmr kitabında həmin imza mövcud olmuşdur. Eyni zamanda aparılmış araşdırma zamanı da məlum olmuşdur ki, müəssisənin əvvəlki sədri X1 28 oktyabr 2003cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən də iddiaçının əmək kitabçası yenidən yazıldığı zaman birliyinin əvvəlki sədrinin işə qəbul əmrinin qarşısında imzasının icra edilməsi mümkün olmamışdır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzuladığından, tələb olunan ümumi iş stajı 20 il təşkil edir ki, iddiaçı tələb olunan ümumi iş stajını toplamışdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyi qənaətindədir. Lakin məhkəmə araşdırılması zamanı təqdim olunmuş arayışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2005ci il tarixədək zəhərli kimyəvi maddələr ambarında fəhlə peşəsində işləmiş, işlədiyi dövrdə əmək funksiyalarını bilavasitə insan sağlamlığına təhlükə yaradan, zəhərli kimyəvi maddələr (fosfor-üzvi, xlor üzvi, pestisid) ilə işləyərək icra etmişdir. Eyni zamanda arayışda qeyd olunmuşdur ki, zəhərli kimyəvi maddələr dedikdə kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr başa düşülür. Bu maddələrə fosfor-üzvi və xlor-üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor birləşmələri daxildir. Təqdim olunmuş arayışa görə iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında Vİİİ Kimya istehsalatı bölməsinin 1080A00-17541 kod altında nəzərdə tutulmuşdur. Siyahının Vİİİ Kimya istehsalatı bölməsində 1080A00-17541 kod altında nəzərdə tutulan peşə isə məhz tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqlarının olduğu göstərilmişdir: fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kino-foto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar; Məhkəmənin qənaətinə görə iddiaçının X4 Birliyində zəhərli maddələr ambarında fəhlə peşəsində işləməsi, əmək funksiyalarını müxtəlif təhlükə yaradan kimyəvi maddələr ilə işləyərək icra etməsi və ən əsası həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında Vİİİ Kimya istehsalatı bölməsinin 1080A00- 17541 kod altında nəzərdə tutulması müvafiq arayış ilə təsdiq olunduğundan, onun xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (17 il 11 ay 07 gün) çox təşkil edir. Beləliklə, qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı ilə bağlı şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 20 iyul 2022-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-cu il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov