Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2156/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1669 saylı bağın 0,25 ha torpaq sahəsinə hüququ olmuş vəfat etmiş Bürcəli Abasqulu oğluna məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK X1 və İstismarı Birliyi ilə Bürcəli Abasqulu oğlu arasında xx.xx.1967-ci il tarixli, 14914 saylı icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Ləhiş bağ massivindəki 0,25 ha torpaq sahəsi olan 1669 saylı bağ sahəsi Bürcəli Abasqulu oğlunun icarəsinə verilmişdir. Atasının ölümündən sonra isə əmlak miras qalmışdır. Bundan sonra vərəsəlik işinin açılması barədə müraciət edilmişdir. Bundan sonra cavabdehə müraciət edilmiş və mərhumun adına arayış (çıxarış) verilməsi xahiş edilmişdir. Lakin cavabdeh müraciəti üzrə rəsmi cavab verməmişdir. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı iddiaçının İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi “1530” saylı torpaq sahəsinin yerinə uyğun gəlir. Həmçinin bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə səlahiyyətli qurum (keçmiş “X1 və İstismarı birliyi”) möhürü ilə təsdiq olunmamışdır. Bundan başqa torpaq sahəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9800/2021 saylı inzibati iş üzrə məhkəmə mübahisəsi mövcuddur və yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X6 “bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 14914 saylı müqaviləsi üzrə Bürcəli Abasqulu oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1669 saylı bağın nömrəsindəki uyğunsuzluğun aradan qaldırılmaqla, həmin bağın 0,25 ha torpaq sahəsinə hüququ olmuş vəfat etmiş Bürcəli Abasqulu oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı sonradan yenidən dəqiqləşmə verərək Tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 14914 saylı müqaviləsi əsasında Bürcəli Abasqulu oğluna məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1669 saylı 0,25 ha ölçüdə bağ sahəsinə mülkiyyət hüququnun mərhum Bürcəli Abasqulu oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə uyğun eyni məzmunlu ərizə ilə inzibati orqana müraciət etmədiyini bildirmişdir. Halbuki məhkəmə tərəfindən aparılmış araşdırmadan görünür ki, iddiaçı torpaq sahəsinin hüququ olmuş vəfat etmiş Bürcəli Abasqulu oğluna məxsus olması barədə arayışın verilməsi barədə aidiyyəti üzrə inzibati orqana müraciət etmiş, müraciətin göndərilməsini təsdiq edən poçt qəbzində göndərişin xx.xx.2021-ci il tarixdə həyata keçirildiyinə dair möhür vurulmuşdur. Bundan başqa, cavabdeh inzibati orqan məhkəməyə etiraz əlavə edərək artıq iddiaçının müraciətinin olub-olmamasını mübahisələndirməmiş, əksinə iddianın mahiyyəti üzrə etiraz bildirmişdir. Həmçinin etiraza əlavədən də göründüyü kimi iddiaçının eyni məzmunlu təkrar müraciətinə dair də inzibati orqan mövqe nümayiş etdirmişdir ki, iddiaçıdan yenidən iddia tələbi ilə bağlı müraciətin istənilməsi ilkin müraciət olmasa belə formaldır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilməsi təsdiq olunduğundan, hazırki iddia mümkünlük şərtlərini ödəyir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraza əlavənin surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün 2 əsas gətirir:
1. Bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilənin səlahiyyətli qurumun möhürü ilə təsdiq olunmaması;
2. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi;
3. Torpaq sahəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9800/2021 saylı inzibati iş üzrə məhkəmə mübahisəsinin mövcud olmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların mərhumun adına əmlaka dair arxivin (çıxarışın) verilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. -10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri ilə bağlanmış icarə müqaviləsinin olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının vərəsəsi olduğu mərhum mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda bağ sahəsinin mülkiyyət hüququnun mərhum Bürcəli Abasqulu oğluna məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahənin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, müvafiq bağ sahəsi sxematiki xəritə ilə uyğunsuzluq təşkil edir, həmçinin bağ sahəsinə münasibətdə bağlanmış icarə müqaviləsinin səlahiyyətli qurum tərəfindən təsdiq olunmamasıdır. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan sənədlər toplusundan görünür ki, Bakı şəhər XDS İK X1 və İstismarı Birliyi ilə Bürcəli Abasqulu oğlu arasında xx.xx.1967-ci il tarixli, 14914 saylı icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Ləhiş bağ massivindəki 0,25 ha torpaq sahəsi olan 1669 saylı bağ sahəsi Bürcəli Abasqulu oğlunun icarəsinə verilmiş, icarə verənin ailə üzvü kimi onun arvadı Gülnaz Hacıqulu qızı göstərlmişdir. Bundan başqa Qaradağ rayon Məhkməsinin 2(002)-453/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə “Gülnaz Hacıqulu” qızı sözlərinin “Telnaz Hacıqulu” qızı kim qeyd edilməsinə dair hüquqi fakt müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi kimi mərhum Bürcəli Abasqulu oğlunun mübahisə predmetini təşkil edən torpaq sahəsinə hüquqları məhz xx.xx.1967-ci il tarixdə, yəni Bakı şəhər XDS İK X1 və İstismarı Birliyi ilə arasında icarə müqaviləsinin bağlandığı anda yaranmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin imtinasının əsasında duran dəlillərdən biri məhz icarə müqaviləsindən meydana gələn bir əsasdır. Belə ki, cavabdeh müqavilənin səlahiyyətli qurumun (keçmiş “X1 və İstismarı birliyi”) möhürü ilə təsdiq olumamasını mübahisələndirir. Məhkəmə cavabdehin irəli sürdüyü bu dəlil ilə razılaşmır və iddiaçının iddia tələbinin təmin edilməməsinə yönələn formal əsas olduğu qənaətinə gəlir. Belə ki, Bakı şəhər XDS İK X1 və İstismarı Birliyi ilə Bürcəli Abasqulu oğlu arasında bağlanmış xx.xx.1967-ci il tarixli, 14914 saylı icarə müqaviləsinin nüsxəsi cavabdeh inzibati orqanın arxivində saxlanılmış, həmçinin Bürcəli Abasqulu oğlunun vəfatı ilə əlaqədar vərəsəlik işinə əlavə olunmuş, bununla da icarə müqaviləsinin predmeti olan Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 1669 saylı bağ sahəsi mirasa tərkibinə daxil olmuşdur. Göründüyü kimi adı çəkilən icarə müqaviləsinin mötəbərliyi şübhə doğurmur. Məhkəmə qeyd edir ki, cavabdehin irəli sürdüyü bu əsas (möhürün olmaması) yalnız o zaman icarə müqaviləsinin mötəbərliyini şübhə altına ala bilərdir ki, əgər, sözügedən icarə müqaviləsi ilə bağlı məlumat dövlət orqanlarının arxivində aşkar olunmasın. Məhkəmə, bununla bağlı, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, arxiv sənədlərində mövcud olan müqavilənin imza olduğu müddətcə təkcə möhürünün olmamasına istinad edilməsi də iddiaçının mülkiyyət hüququnun pozuntusu səbəbi qismində çıxış edə bilməz. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı mülki mübahisəyə baxılarkən, məhkəmə, Bakı şəhər XDS İK X1 və İstismarı Birliyi ilə Bürcəli Abasqulu oğlu arasında bağlanmış xx.xx.1967-ci il tarixli, 14914 saylı icarə müqaviləsinin mövcuduğunu və ya mötəbərliyini şübhə altına almamış, əksinə icarə müqaviləsində “Gülnaz Hacıqulu” qızı sözlərinin “Telnaz Hacıqulu” qızı kim qeyd edilməsinə dair hüquqi faktı müəyyən etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü birinci dəlil imtina əsası ola bilməz. Etirazda göstərilən ikinci əsasa münasibətdə məhkəmə bildirir ki, cavabdeh sxematik xəritə ilə bağlı uyğunsuzluq olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh sxematik xəritə ilə uyğunsuzluğun mövcudluğunu onunla əsaslandırır ki, iddiaçının iddia etdiyi 1669 saylı torpaq sahəsi 1530 saylı torpaq sahəsinin yerinə uyğun gəlir. Halbuki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sxematik xəritədən görünür ki, Ləhiş bağlar massivində həm 1530 saylı, həmçinin də 1669 saylı nömrə altında torpaq sahəsi nəzərdə tutulmuşdur. Bundan başqa, əvvəlki inzibati məhkəmə mübahisəsi üzrə keçirilmiş tikinti-texniki ekspertizası ilə bağlı verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Bakı şəhər XDS İK X2 və İstismarı Birliyi ilə Bürcəli Abasqulu oğlu arasında xx.xx.1967ci il tarixli, 14914 saylı icarə müqaviləsinə əsasən Bürcəli Abasqulu oğluna ayrılmış Bakı şəhəri, Ləhiş bağ massivindəki 0,25 ha torpaq sahəsi olan 1669 saylı bağ sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27 oktyabr 2010-cu il tarixli çıxarışına əsasən X4 adına xüsusi mülkiyyət qeydiyyatdan keçmiş sahəsi 0,25 ha olan 1669 saylı bağ sahəsi üst-üstə düşmür, həmin ərazidən 350 m kənarda yerləşir. Digər tərəfdən nəzərə alınmalıdır ki, X4 adına xüsusi mülkiyyət qeydiyyatdan keçmiş sahəsi 0,25 ha olan 1669 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində X1 və İstismarlı Birliyinin 15300 saylı, xx.xx.2003-cü il tarixli icarə müqaviləsi çıxış edir. Göründüyü kimi digər fiziki şəxsin adına eyni nömrə altında bağ sahəsi verilsə də, 35 ildən artıq müddət ərzində həmin nömrə altında bağ sahəsi iddiaçının mərhum atası Bürcəli Abasqulu oğluna verilmişdir. Göründüyü kimi cavabdeh iddiaçının iddia etdiyi 1669 saylı bağ sahəsinin X4 mülkiyyətində olan 1530 saylı torpaq sahəsinin yerinə uyğun gəldiyini bildirsə də, bu hal təkzib olunmuş, 1530 və 1669 saylı bağ sahələrinin üst-üstə düşməməsi halı müəyyən olunmuşdur. Bundan başqa həm iddiaçının mərhum atası Bürcəli Abasqulu oğluna, həmçinin də X5 eyni nömrə altında bağ sahəsi verilsə də, həmin bağ sahələrinə dair sənədlər müxtəlif dövrlərə aid edilmiş və fərqlilik təşkil etmişdir. Bununla da cavabdehin sxematik xəritə ilə uyğunsuzluğun olmasına dair əsası aradan qalxmışdır. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X3 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən bağ sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Son olaraq cavabdeh etiraza əlavədə hazırki tələbə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9800/2021 saylı iş üzrə baxıldığını iddia etsə də, məhkəmə bildirir ki, həmin iş məhz keçid nömrəsi dəyişən hazırki 2-1(112)-2156/2022 işdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 14914 saylı müqaviləsi əsasında Bürcəli Abasqulu oğluna məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1669 saylı 0,25 ha ölçüdə bağ sahəsinə mülkiyyət hüququnun mərhum Bürcəli Abasqulu oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov