Məhkəmə qərarları › İş №2-1(112)-2156/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2156/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2156/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi”tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən binanın 7-ci girişindəki 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışların verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ADNA nəzdindəki "xxxx" MTK-nın payçılarının 07 yanvar 2003-cii il tarixli ümumi iclasının 46 saylı protokolundan çıxarışa əsasən qərara alınmışdır ki, ünvan 1 ünvanında inşa edilən binanın 7-ci girişindəki 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi iddiaçıya İddiaçı verilmişdir. İddiaçı həmin sahəni öz şəxsi vəsaiti hesabına təmir edərək istifadə üçün tam yararlı hala salmışdır. MTK-nın ona təkrar verdiyi 23 fevral 2006-cı il tarixli çıxarışında göstərilmişdir ki, 112 saylı mənzilin üstündə yerləşən həmin qeyri-yaşayış sahəsi İddiaçı verilmişdir. Həmin MTK-nın 16 dekabr 2005-ci il tarixli maliyyə arayışına əsasən onun həmin qeyri-yaşayış sahəsinə görə MTK-ya heç bir borcu yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən kooperativ üzvü mənzil üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bildirmişdir ki, mən müvafiq sənədlərin də əlavə olunduğu ərizə ilə cavabbdeh təşkilata müraciət edərək ünvan 1 ünvanda yerləşən binanın 7-ci girişində, 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə ona reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli **********24 saylı cavab məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Həmin imtina məktubunda bildirilmişdir ki, guya binada aparılan dəyişikliklər barədə 1 saylı Ərazi İdarəsinə məlumat verilməmişdir, habelə binanın layihəsində dəyişiklik edilməsi razılaşdırılmamışdır. Cavabdeh təşkilat bu məlumatı əsas götürərək həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakm dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Aşağıda göstərilən əsaslara görə ünvan 1 ünvanında inşa edilən binanın 7-ci girişindəki 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona reyestrdən çıxarış verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11737/2022 saylı, xx.xx.2022-cu il tarixli qərardadına əsasən "xxxx" MTK üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/04g-50 nömrəli xx.xx.1998-ci il tarixli razılaşdırılmış lahiyəyə uyğun olaraq ünvan 2 ünvanında inşa edilən binanın 7-ci girişinin sonuncu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2156/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında inşa edilən binanın 7-ci girişindəki 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxiş zamanı qeyri-yaşayış sahəsinin binanın yenidən qurma işləri aparılacaq sonradan inşa edilmiş mərtəbəsində (dam örtüyündə) yerləşdiyi müəyyən edilmişdir. Belə ki, istismara qəbul aktında binanın mərtəbəliliyi 9 olaraq göstərilsə də, lakin sözügedən qeyri-yaşayış sahəsi binanın 10-cu mərtəbəsində yerləşir. Qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyası'nın aktında qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə haqqında məlumat aşkar edilməmişdir. Çoxmərtəbəli yaşayış binasında aparılan dəyişiklik və yenidənqurma ilə bağlı hüquqmüəyyənedici sənədlər Mənzil Tikinti Kooperativi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Əlavə olaraq bildiririk ki, təqdim edilmiş mənzil-tikinti kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışında və maliyyə arayışında qeyri-yaşayış sahəsinin ölçüsü göstərilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin ölçüsü faktiki olaraq 125.6 kv.m təşkil edir.Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə İddiaçı **********24 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş maliyyə arayışının surəti; - "xxxx" MTK-nın üzvlərinin iclasının xx.xx.2003-cü il tarixli “46” saylı Protokolundan çıxarış; - cavabdeh idarə tərəfindən verilmiş 07.001.2022-ci il tarixli imtina məktubu; - xx.xx.2022-ci il tarixli etiraz məktubu; - Dövlət Şəhərsalma və Arxitekrura Komitəsinin xx.xx.22022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunun surəti. - Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/04g-50 nömrəli xx.xx.1998-ci il tarixli razılaşdırılmış lahiyə.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 5 ünvanında inşa edilən binanın 7-ci girişinin sonuncu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini tələb etmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyri-yaşayış sahəsinin binanın yenidənqurma işləri aparılaraq sonradan inşa edilmiş mərtəbəsində (dam örtüyündə) yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının” aktında qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə haqqında məlumat aşkar edilməmişdir. Çoxmərtəbəli yaşayış binasında aparılan dəyişiklik və yenidənqurma ilə bağlı hüquqmüəyyənedici sənədlər Mənzil Tikinti Kooperativi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Həmçinin, sonradan məhkəmə icraatında iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli yazılı etiraz məktubunda imtinanın dəlilləri təkrarlanmışdır. Etiraz məktubunda qeyd edilmişdir ki, istismara qəbul aktında binanın mərtəbəliliyi 9 olaraq göstərilsə də, lakin sözügedən qeyri-yaşayış sahəsi binanın 10-cu mərtəbəsində yerləşir. Qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyası'nın aktında qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə haqqında məlumat aşkar edilməmişdir. Çoxmərtəbəli yaşayış binasında aparılan dəyişiklik və yenidənqurma ilə bağlı hüquqmüəyyənedici sənədlər Mənzil Tikinti Kooperativi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş mənzil-tikinti kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışında və maliyyə arayışında qeyri-yaşayış sahəsinin ölçüsü göstərilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin ölçüsü faktiki olaraq 125.6 kv.m təşkil edir. Məhkəmə iş üzrə toplanmış və iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2003-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu F. İbrahimbəyov küçəsi, 616-cı məhəllə "xxxx" MTK-nin üzvlərinin müvəkkillərinin ümumi iclasının 46 saylı protokolundan çıxarışdan görünür ki, payçı İddiaçı "xxxx" MTK-nın ünvan 7 ünvanında yerləşən kooperativ yaşayış binasının 7-ci giriş, 10-cu mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi verilmişdir. xx.xx.2006-cı il tarixli ünvan 7 ADNA-nın nəzdindəki "xxxx" MTK-nın müvəkillərinin «07» yanvar 2003-ci il tarixli İclasının 46 saylı protokolundan çıxarışdan görünür ki, binanın 9-cu mərtəbəsində mənzil götürmüş payçılara öz mənzillərinin üstündə yerləşən mansarda tipli qeyri-yaşayış sahəsinin verilməsi barədə gündəlik məsələyə baxılmış, payçı İddiaçı ərizəsi ilə MTK üzvləri tanış edilmişdir. Qeyd edilmişdir ki, binanın 9-cu mərtəbəsində mənzil götürmüş payçılarının mənzilərinin üstündə "xxxx" MTK-nın payçılarının 23 oktyabr 1998-ci il tarixli ümumi iclasının 16 saylı protokolunun qərarına əsasən maili dam örtüyü tikilmişdir. Həmin qeyri-yaşayış sahəsinin tikintisi aparılarkən 9-cu mərtəbənin payçıları öz mənzillərinin üstündə yerləşən maili dam örtüyünün tikintisində öz şəxsi vəsaitləri ilə əlavə işlər görmüş və hal hazırda o sahələrdə təmir işləri aparılmışlar. 112 saylı mənzilin İddiaçı məxsus olduğu və həmin mənzilin üstündə yerləşən qeyriyaşayış sahəsinin (mansarda mərtəbəsində yerləşən) ona verilməsi ilə bağlı olaraq "xxxx" MTK-ya ərizə ilə müraciət etmişdir. Həmin məsələ səsə qoyularaq qərara alınmışdır ki, payçı İddiaçı "xxxx" MTK-nin ünvan 8 ünvanında yerləşən 7-ci giriş, 10-cu mərtəbədə yerləşən qeyri yaşayış sahəsi verilsin və BŞİH Aparatının NKTl-dən göstərilən qərar əsasında mansarda tipli qeyri-yaşayış sahəsinə vətəndaş X2 adına sərəncam verilməsi xahiş olunmuşdur. ünvan 8 ünvanında yerləşən, mansarda mərtəbəsində (dam örütüyünün altı) yerləşən 110 kv.m olan qeyri-yaşayış sahəsinin plan cizgi sənədi Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil kooperativ təsərrüfatı idarəsinin "xxxx" MTK-nın möhürü ilə təsdiq edilmişdir. xx.xx.2006-cı il tarixli k-4/13 saylı məktubla "xxxx" MTK-nin sədri Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə müraciət edərək, İddiaçıa ünvan 9 ünvanda yerləşən 110 kv.m olan qeyri-yaşayış sahəsinə sərəncam verilməsi ilə bağlı müraciət etmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Maliyyə arayışına əsasən Yasamal rayonu F.İbrahimbəyov küçəsi, 616-cı məhəllədə inşa edilmiş "xxxx" MTK-nin 9 mərtəbəli kooperativ yaşayış binasının 7-ci giriş, 9-cu mərtəbəsinin 112 saylı mənzilin payçısı İddiaçı mənzilin üstündə yerləşən mansarda mərtəbəsi (dam örtüyün altını) əvəzi ödənilməklə almış, onun həmin qeyri-yaşayış sahəsinə görə "xxxx" MTK-ya borcu yoxdur. Maliyyə arayışı AzNKİ-4” MTK-nın möhürü ilə təsdiq edilmişdir. "xxxx" MTK-nın ünvan 10 ünvanında yerləşən kooperativ yaşayış binasının 7-ci giriş, mansarda mərtəbəsində (dam örtüyünün altında) yerləşən qeyri-yaşayış sahəsi verilmişdir. "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə yerləşən 9 mərtəbəli yaşayış binası, 7 girişli A.Şaiq küçəsi, “A” bloku eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə razılaşdırılmışdır. Binanın təsdiqlənmiş eskiz layihəsində binanın mansarda mərtəbəsi (dam örtüyünün altı) göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 135 saylı qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə yerləşən 9 mərtəbəli yaşayış binasının, 7 girişli, A.Şaiq küçəsi, 214 saylı ünvanda 3 girişli “A” bloku, mövcud istismar vəziyyətdə rəsmiləşdirilərək istismara qəbul edilmişdir. İstismara icazə sənədinin (aktının) 7-ci bəndində sonradan üstü örtülən işlərin və məsul konstruksiyaların qəbul edilməsi qeyd edilmişdir. Həmin istismara icazə sənədinin (aktının) 9 və 10-cu bəndlərində işçi layihəsinin tələblərinə uyğun bəzi dəyişikliklərlə yerinə yetirildiyi qeyd edilmişdir.(sorğusu əsasında təqdim edilmiş xx.xx.2022-ci il tarixli həmin məktub, istismara icazə sənədi (aktı)və eskiz layihə iş materiallarına əlavə edilmişdir). Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və onun ünvan 8 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 112 saylı mənzilin payçısı olduğunu təsdiq edən və həmin mənzilin üstündə, yəni mansarda mərtəbəsində yerləşən mübahisəli qeyriyaşayış sahələrinin pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Həmçinin, qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə razılaşdırılmış eskiz layihə əsasında "xxxx" MTK tərəfindən ünvan 8 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının xx.xx.1998-ci il tarixdə tikintisinə başlanılmış və həmin tikinti xx.xx.2000-ci il tarixdə başa çatdırılmışdır. Tikinti obyekti “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə dövlət komissiyasının” aktına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 170 saylı sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə yerləşən 9 mərtəbəli yaşayış binasının, 7 girişli, A.Şaiq küçəsi, 214 saylı ünvanda 3 girişli “A” bloku, mövcud istismar vəziyyətdə istismara qəbul edilmişdir. Göründüyü kimi tikilinin eskiz layihəsi mövcud olmuş və həmin layihə əsasında tikili istismara qəbul edilmiş və sonrada görülən işlər həmin Aktda göstərilmişdir. Məhkəmə cavabdeh orqanın imtina məktubunda qeyd etdiyi qeyri-yaşayış sahəsinin binanın yenidənqurma işləri aparılaraq sonradan inşa edilmiş mərtəbəsində (dam örtüyündə) yerləşdiyinə dair imtina dəlilinə münasibətdə qeyd edir ki, binanın binanın təsdiq edilmiş eskiz layihəsində mansarda mərtəbə göstərilmişdir və beləliklə də sonradan inşa edilmədiyi həmin mərtəbənin mövcud olduğu öz təsdiqini tapmışdır.Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, səlahiyyətli dövlət orqanı binanı mövcud vəziyyətdə istismara qəbul edərək müvafiq aktı tərtib etmişdir. Cavabdehin qeyri-yaşayış sahəsinin ölçüsü faktiki olaraq 125.6 kv.m təşkil etdiyinə dair imtina dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin faktiki ölçüsü üzrə (125.6 kv.metr) deyil, MTK tərəfindən təsdiq edilmiş sənəd üzrə 110.0 kv.metr qeyri-yaşayış sahəsinə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışının verilməsini tələb edir. Yəni, iddiaçı qeyri-yaşayış sahəsinin sənədlərdə göstərilmiş 110.0 kv.metr üçün çıxarış almaq istəyir, qeyri-yaşayış sahəsinin artıq ölçüsünün çıxarışa əlavə edilməsi kimi iddiaçının belə bir iddia tələbi olmamışdır. Məhkəmə hazırki mübahisə üzrə tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan mansarda mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin pay haqqını tam ödəmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmiş və tikinti obyektinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş imtina üçün hər hansı bir əsas mövcud olmamışdır. Belə ki, təqdim edilmiş sənədin (istismara icazə sənədlərin) doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəsi olmuş, cavabdehin vəzifəsi isə təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etməkdən ibarət olmuşdur. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Mübahisəli daşınmaz əmlakın tikildiyi və təhvil verildiyi tarixdə qüvvədə olan, 29 iyun 2012-ci il tarixdə qüvvəsini itirmiş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız tərtibatçılarla və sənədləri təsdiq edilmiş müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində çardaqların (mansarda mərtəbəsinin) binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi nəzərdə tutulsa da, 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində mansarda mərtəbəsi binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: ... (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... - (maddə 8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ...

- (maddə 8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Kooperativ üzvlərinin yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi öhdəliyi daşıyır. Belə ki, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1 -ci maddəsində öz əksini tapmışdır. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin mansarda mərtəbəsində yerləşdiyini və həmin sahəyə görə pay haqqının tam ödənildiyini, həmin sahənin yerləşdiyi binanın istismara qəbul edildiyini, mövcud qanunvericiliyə əsasən mansarda mərtəbəsinin yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulduğunu, müvafiq sənədin düzgün tərtib edilməməsinin iddiaçının təqsiri olmadığını, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan imtina hallarının mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/04g-50 nömrəli xx.xx.1998-ci il tarixli razılaşdırılmış lahiyəyə uyğun olaraq, ünvan 2 ünvanında inşa edilən binanın 7-ci girişinin sonuncu (mansarda) mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/04g-50 nömrəli xx.xx.1998-ci il tarixli razılaşdırılmış lahiyəyə uyğun olaraq, ünvan 2 ünvanında inşa edilən binanın 7-ci girişinin sonuncu (mansarda) mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar