Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2157/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçının cavabdehə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan ünvanında yerləşən sahəsi 1200 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 3-97/7 ünvanında yerləşən, sahəsi 1200 kv.metr olan, torpaq sahəsi, mərhum həyat yoldaşı X3 Xəzər Rayon İcra hakimiyyətinin xx.xx.1997-ci il tarixli 224 saylı sərəncamı ilə verilmiş və verildiyi vaxtdan ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinə dair sənədlər cizgi, arxiv arayışı, vərəsəlik məktubu və sərəncamı cavabdehə təqdim edilərək torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsinə görə müraciət etmiş, müraciətə xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə tərəvəzçilik südçülük savxozunun ərazisində yerləşir. İkinci dəfə müraciətə xx.xx.2023-cü il tarixində cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində müraciətə cavab verilmişdir. İddiaçı imtinanı əsassız hesab edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Zirə Tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, torpaq sahəsi ayrılan zaman torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin İdarəçiliyində olduğundan Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisinə dair müşayiət məktubu təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 3-97/7 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikilməsi üçün topaq sahəsinin ayrılması haqqında” xx.xx.1997-ci il tarixli 224 nömrəli Sərəncamının təsdiq edilmiş arxiv surətindən görünür ki, Bakı şəhər Soveti Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsindəki nümayəndəsinin xx.xx.1997-ci il tarixli 12 nömrəli Sərəncamına baxılaraq Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarı rəhbər tutaraq X4 Zirə qəsəbəsi, 3-97/7 №li sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. -Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə Əzizbəyov (Xəzər) RİHB-nin 224 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı əsasında Zirə qəsəbəsi, 3- 97/7 ünvanda X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair tərtib edilmiş və Xəzər RİHB-nin rayon təsərrüfatı şöbəsinin memarı və Zirə qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş yerləşmə cizgisinin surəti məhkəməyə təqdim edilmişdir. -Bakı şəhər 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda X1 vəfat etməsi ilə əlaqədar mərhumun vərəsəsi, arvadı İddiaçı olması barədə məlumat verilmiş və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi 3-97/7 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş edilmişdir. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən 2018-ci il tarixədək qəbul edilmiş sərəncam və digər qərarlar daimi mühafizə məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilməsi ilə əlaqədar olaraq Əzizbəyov (Xəzər) RİHB-nin 224 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamında dəyişiklik edilməsi və ya qüvvədən düşməsi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətində hər-hansı məlumat aşkar edilməmişdir. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 23 noyabr 2020-ci il tarixli müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən Zirə qəsəbəsində yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsinə baxış keçirilərək sözügedən torpaq sahəsinin h=2,0 metr mişar daşı ilə hasar daxilində olduğu, ara sərhədlərin h=0,6 metr mişar daşı ilə hörüldüyü, sahədə 1 mərtəbəli həyət tikilisinin və istixana olduğu qeyd edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar (2.7) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 24 mart 1997-ci il tarixli 224 nömrəli sərəncamı ilə iddiaçının mərhum ərinə fərdi yaşayış evinin tikintisi üçün Zirə qəsəbəsi 3-97/7 saylı ərazidə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və rayon icra hakimiyyəti tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə cizgisi tərtib və təsdiq edilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi üzərində mülkiyyəti hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndindəki aktlara uyğun gəlir. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 24 mart 1997-ci il tarixli 224 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsi uzun müddətdir iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, habelə, qeyd olunan sərəncam və sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin sərəncam və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Bəhs olunan sərəncamın həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncamın arxiv əsası da mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə iddiaçının istifadəsində olan torpaq sahəsinin Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli 254-Xİİ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Həmin Məcəllənin 8-ci maddəsinə görə torpaq islahatını həyata keçirmək məqsədilə rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondu kolxozlar, sovxozlar, digər kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları tərəfindən səmərəli istifadə edilməyən (meşə fondu, qışlaq və yaylaq sahələri, qoruqlar və yasaqlıqlar istisna olmaqla) torpaq sahələri, habelə vətəndaşların xüsusi mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilmiş torpaq sahələri hesabına yaradılır. Həmin Məcəllənin 9-cu maddəsinə görə torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov RİH 24 mart 1997-ci il tarixli 224 nömrəli sərəncamı qəbul edərkən müvafiq dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 7 – 9-cu maddələrinin tələblərinə görə dövlət mülkiyyətində olan (o cümlədən, sovxoz ərazisinə aid olan) torpaqların fiziki şəxslərin istifadəsinə verilməsi səlahiyyətinə malik olmuşdur. Torpaq sahəsinin yerləşmə cizgisinə dair müşayiət məktubunun təqdim edilməməsi ilə bağlı dəlil isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatından imtina üçün əsaslar sırasında nəzərdə tutulmadığından məhkəmə tərəfindən formal tələb kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, iddia olunan torpaq sahəsinin müvafiq qaydada tərtib edilmiş cizgisinin əsli vardır, həmçinin torpaq ayıran qurum tərəfindən də (rayon icra hakimiyyəti) də cizginin mövcudluğu təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, məhkəmə qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının onun mərhum ərinin adına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququn qeydiyyata alınması üçün “qanuni gözləntisi” vardır. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və ünvan ünvanında yerləşən sahəsi 1200 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan ünvanında yerləşən, sahəsi 1200 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2157/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2157/2024
07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver