Məhkəmə qərarları › İş №2-1(112)-216/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-216/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-216/2020 01.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi, qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-133/16 saylı xx.xx.2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın və cavabdehin şikayət instansiyasının 285 saylı, xx.xx.2019-cu il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 23 fevral 2019-cu il tarixli vəsatətini təmin edərək iddiaçı X2 və ailə üzvləri (arvadı xx.xx.1983-cü il təvəllüdlü Mirdad Parwin, oğlu xx.xx.1999-cu il təvəllüdlü X4, qızı xx.xx.2000-ci il təvəllüdlü Mehrdad Paris, oğlu xx.xx.2004-cü il təvəllüdlü Mehrdad Jawid, oğlu xx.xx.2008-ci il təvəllüdlü Mehrdad Mohammada) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşıdır və o, Qəzni vilayət sakinidir. O, milliyyətcə həzaradır. İddiaçı ölkəni iki səbəbdən tərk etmişdir, bunlardan biri ümumi təhlükəsizliyin olmamasıdır. Belə ki, hazırda Qəzni vilayətində vəziyyət qeyri-stabildir və anti-həzara motivi olan talib silahlı qüvvələri bölgədə dominantlıq edirlər. Bundan əlavə onunla həmyerlisi olan şəxs arasında torpaq və suvarma mübahisəsi yaranıb və həmin şəxs iddiaçını təhdid etməyə başlamışdır. İddiaçı 09 fevral 2019-cu ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. 23 fevral 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 106-2019-cu saylı iş nömrəsi ilə qeydiyyata almış və iddiaçı ilə müsahibə aparmışdır. İddiaçı Əfqanıstandakı ümumi zorakılıq səbəbindən və həmyerlisi ilə yaranmış torpaq mübahisəsinə görə onun tərəfindən təqibə məruz qalacağından ölkəsinə geri qayıtmaq istəmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin «qaçqın statusunun verilməsi haqqında» vəsatətin təmin edilməməsinə dair qərarını təhlükəsizlik səbəbindən Əfqanıstanda qala bilmədiyi, hazırda Qəzni vilayətində vəziyyətin qeyri-stabil olması, anti-həzara motivi olan talib silahlı qüvvələrin bölgədə dominantlıq etməsi, bundan əlavə onunla həmyerlisi olan şəxs arasında torpaq və suvarma mübahisəsi yaranması üçün razılaşmır və qərarın ləğv edilərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş ləğv edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından və iddiaçı tərəfindən verilmiş müsahibədən görünür ki, iddiaçının verdiyi məlumatların həqiqətəuyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlıq pasportları təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçının və ailə üzvlərinin müsahibəsi zamanı söylədiklərindən onların Əfqanıstanda ciddi təqibə məruz qalmadıqları, ölkəni torpaq üstündə yaranan problem səbəbindən tərk etdikləri məlum olmuşdur. Qeyd edilənlər onun mənşə ölkəsində və ya daimi yaşadığı Əfqanıstanda ciddi təqib qorxusunun olmadığını deməyə əsas verir. İnzibati icraat materiallarından həmçinin məlum olmuşdur ki, iddiaçı və onun ailə üzvləri vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadlarına görə təqib olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən dəlilləri məhkəmə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş İQ-133/6 nömrəli 24 may 2019-cu il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şikayət instansiyasının inzibati şikayətin təmin edilməməsi haqqında 285 saylı 16 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-133/6 nömrəli 24 may 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan həmin qərardan verilmiş şikayət əsasında qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şikayət instansiyasının inzibati şikayətin təmin edilməməsi haqqında 285 saylı 16 iyul 2019-cu il tarixli qərarı da qanuni və əsaslı hesab edilir. Həmin qərarın da ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarların ləğv edilməklə qaçqın statusunun verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmAlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar