Məhkəmə qərarları › İş №2-1(112)-216/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-216/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-216/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı "iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportda göstərilən texniki xarakteristikaya uyğun olaraq yenidən inşa edilməsi və yaşayış üçün tam yararlı hala salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı "iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportda göstərilən texniki xarakteristikaya uyğun olaraq yenidən inşa edilməsi və yaşayış üçün tam yararlı hala salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikan Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 132,2 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı xüusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi Xətai Rayon İcra Hakimiyyəti Başçısının 291 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmişdir. Fərdi yaşayış evi İddiaçı tərəfindən inşa edildikdən sonra Xətai Rayon İcra Hakimiyyəti Başçısının 215 saylı xx.xx.2006-cı il tarixli Sərəncamı ilə yaşayış evi istismara qəbul edilmiş və evə dair iddiaçının adına reyestrdən çıxarış verilmişdir. 2017-ci ildə cavabdeh Xətai Rayon İcra Hakimiyyəti öz əməkdaşlarını, eləcə də ərazidə fəaliyyət göstərən 66 saylı Mənzil İstismar Sahəsinin əməkdaşlarını iddiaçının və ailəsinin yaşadığı evə və məhəlləyə göndərərək həmin ərazidə yerləşən evlərin «Ağ şəhər» layihəsi ilə əlaqədar olaraq söküləcəyini, ev mülkiyyətçilərinə miivafıq kompensasiyalar ödəniləcəyini bildirmiş və həmin məhəllədəki fərdi yaşayış evlərinin qaz, su, işıq xətlərini kəsərək kommunal xidmətlər göstərilməsini özbaşına olaraq dayandırmağa cəhd etmişlər. Cavabdeh təşkilatın əməkdaşları bu hərəkətlərini belə əsaslandırmağa çalışmışlar ki, guya həmin ərazilər dövlət məqsədləri üçün alınır. İddiaçı cavabdeh təşkilatın əməkdaşlarından bu barədə müvafiq bildiriş tələb etdikdə ona heç bir bildiriş verilməmişdir. Evin kommunal xidmətlər təchizatı dayandırıldığına görə İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə gedərək şikayətini bildirmiş, kommunal xidmətlərin bərpa edilməsini, evlərin sökülməsinə, mülkiyyətçilərə zərər vurulmasına yönələn özbaşına hərəkətlərə son qoyulmasını tələb etmişdir. Cavabdeh təşkilatda onun tələbinə məhəl qoyulmamış, guya ərazinin yeni yolların salınması zərurəti ilə əlaqədar olaraq təmizlənməli olması bildirilmiş, kompensasiya ödəniləcəyi vəd edilmişdir. Lakin bu 4 ildə cavabdeh təşkilat qanunvericilikdə nəzərdə tutulan heç bir köçürmə planını elan etməmiş, ərazidəki yaşayış evlərinin kommunal xidmətlərini bərpa etməmiş, evləri yaşamaq üçün yararsız hala salmaqdan ötrü hər cür bəhanələr gətirərək orada yaşayan insanlara maddi və mənəvi zərərlər vurmuşdur. Nəhayət, 2021-ci il fevral ayının 10-da cavabdeh təşkilat olan Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, ərazidə fəaliyyət göstərən 66 saylı MİS-nin Fizuli adlı rəisinin və 10 nəfərə polis əməkdaşının iştirakı və dəstəyi ilə bir qrup işçi ağır texnika (traktor, buldozer və s) ilə iddiaçıya məxsus olan evi sökərək yararsız hala salmışdır. İddiaçı öz canını təhlükəyə ataraq traktorun və ağır texnikanın qarşısına keçmiş, evin tam sökülməsinin qarşısını almağa çalışmışdır. Lakin buna baxmayaraq evin bir hissəsi - yəni ikinci mərtəbənin bir otağı tam sökülmüş, yükdaşıyan divarlar bünövrədən qoparılmış, nəticədə divarlar çatlayaraq aralanmış, evin damı sıradan çıxarılmış, qapı və pəncərələri məhv edilmiş, ev bərpa oluna bilməyən hala salınmışdır. İddiaçı əmlakına vurulan zərərlə bağlı, eləcə də özünün və ailəsinin yaşadığı evdən didərgin salınması ilə bağlı şikayətçi kimi cavabdeh təşkilat olan Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona qarşı törədilən bu qanunsuz əməllərə son qoyulmasını, evinin bərpa edilməsini, evin qaz, su, işıq və kanalizasiya xətlərinin birləşdirilməsini tələb etmişdir. Cavabdeh təşkilatda Başçının müavini Etibar Əhmədov iddiaçını qəbul edərək bildirmişdir ki, həmin ərazidəki evlər dövlət sifarişi əsasında sökülür və icra hakimiyyəti tərəfindən mülkiyyətçilərə kompensasiyalar veriləcək. Ərazidəki tikililərin və fərdi yaşayış evlərinin icra hakimiyyəti tərəfindən söküldüyünü etiraf edərək bunun «Ağ şəhər» layihəsi ilə bağlı olduğunu da bildirmişdir. İddiaçı özünün mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu, evinin dağıdıldığını, əşyalarının söküntü zamanı itdiyini və məhv olduğunu, özünün və ailə üzvlərinin evsiz-eşiksiz qaldığını bildirib şikayət etsə də, onun pozulmuş hüquqları bərpa edilməmiş, müraciətlərinə baxılmamış, tələbləri yerinə yetirilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı ilə, iddianın qismən təmin edilməsi, İddiaçı Unudvar oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, 25/3 saylı fərdi yaşayış evinin bütün göstəriciləri (yeri, sahəsi, otaqların sayı və s.) nəzərə alınmaqla müvafiq ərazidə yerləşən digər yaşayış sahəsinin verilməsi cavabdeh Bakı şəhəri Xətai RİH-ə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdehin apellyasiya şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3180/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qəradadı ilə, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2022 saylı, 10 may 2022-ci il tarixli qərarının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh Başçısı Aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-11/2-572/2023 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli razılaşma aktına əsasən vətəndaş İddiaçı ilə Xətai rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanılmış və iş üzrə iddiaçının tələbi təmin olunaraq 174525 manat (bir yüz yetmiş dörd min beş yüz iyirmi beş) onun bank hesabına köçürülmüşdür. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçıya kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənildiyi üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı "iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportda göstərilən texniki xarakteristikaya uyğun olaraq yenidən inşa edilməsi və yaşayış üçün tam yararlı hala salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar