Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2160/2020 31.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəhid ailəsi kimi ev növbəsinə götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüşdür. X5 2014-cü ilin iyulun 21-də vəfat etmişdir. X3 1994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Özü isə xx.xx.2013-cü ildə X2 ürəyindən əməliyyat olmuşdur. Hal-hazırda yaşadığı mənzil ona məxsusdur. Həmin mənzildə 12 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Aldığı təqaüd onun müalicəsini görmür. X4 hal-hazırda işsizdir. X1 boşanmış və uşağı ilə onun himayəsindədir. X21 və Dünya Qasımova 2 övladı ilə onun himayəsindədir. “Şəhid ailələri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən o, şəhid ailəsi kimi ev növbəsinə götürülməlidir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1.2-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahələrinə ehtiyac olan hesab edilirlər. İddiaçı isə hazırda 8 nəfər ailə tərkibi ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mərkəzi küçəsi, 7-ci döngə ünvanlnda yerləşən yaşayış sahəsi 118,8 kv.metr olan 6 otaqlı 97 saylı evdə qeydiyyatda olmaqla yaşayırlar. Sözügedən yaşayış sahəsinin hər bir ailə üzvünün adambaşına düşən ümumi sahəsi uçota alınmaq üçün müəyyən edilmiş normadan 6 kv.metr artıq olduğundan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.1.2 və 50.2ci maddələrinə uyğun olaraq tələbin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 saylı, xx.xx.2019cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Evin sahəsi 118,8 kv.metr olmaqla, 6 otaqdan ibarətdir. Həmin ünvanda İddiaçı, X7, X9, X14, X15, X10, X16 və X8 daimi qeydiyyatda olmaqla yaşayırlar. İşdə olan İ-СЛ № 331117 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15 yanvar 1973-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu Qaraqışlaq kəndində anadan olmuşdur. İşdə olan Xətai Rayon Xalq Məhkəməsinin 2-329/97 saylı, 13 mart 1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 15 yanvar 1973-cü ildə Ermənistan Respublikası Masis rayonunun Qaraqışlaq kəndində anadan olmuş X12 12 yanvar 1994-cü ildə Füzuli bölgəsində erməni işğalçıları ilə döyüşlərdə ölmüş elan edilmişdir. İşdə olan İV-ЖГ № 498057 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12 yanvar 1994-cü il tarixdə Füzuli rayonunda vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 mart 1997-ci il tarixdə qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması barədə ərizəsinə baxılmış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1.2-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, o, hazırda 8 nəfər ailə tərkibi ilə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 118,8 kv.metr olan 6 otaqlı 97 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Sözügedən yaşayış sahəsinin hər bir ailə üzvünün adambaşına düşən ümumi sahəsi uçota alınmaq üçün müəyyən edilmiş normadan (6 kvşmetr) artıq olduğundan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.1.2 və 50.2-ci maddələrinə uyğun olaraq müraciətinin təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir. Bu barədə ona Suraxanı RİH-nin M-51-068 saylı, xx.xx.2019-cu il tarixli, M-51/3-068/2, M-51/4-068/3 saylı, xx.xx.2019-cu il tarixli məktubları ilə cavab verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsaslı olmuşdur. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Mənzil Məcəlləsinin 4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlaryaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsinin uçot normasından az olması əsas şərtdir. Hazırki iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin ümumi sahəsi 118,8 kv.metrdən ibarətdir və həmin ev 6 otaqdan ibarətdir və iddiaçı 8 nəfər ailə üzvü ilə birlikdə həmin ünvanda yaşayır. Yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçının ailə üzvünün adambaşına düşən ümumi sahəsi uçota alınmaq üçün müəyyən edilmiş normadan artıq olduğu müəyyən edilmişdir. “Bakı şəhərində Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 43-cü bəndinin 4-cü yarımbəndindən göstərilmişdir ki, səkkiz nəfər və daha çox üzvü olan ailəyə növbə qaydası ilə normaya (hərəyə 8 kv.metrdən 12 kvadratmetrədək) riayət edilməklə bir mənzil vermək mümkün olmayanda müstəsna hallarda həmin ailəyə iki və daha çox mənzil ayrılmasına icazə verilir. Qaydalara əsasən bir şəxs üçün uçot norması 8 kv.metrdən 12 kvadratmetrədək müəyyən edilmişdir. İddiaçının ailə üzvü 8 nəfərdən ibarət olmaqla, yaşadıqları mənzilin ümumi sahəsi 118,8 kv.metrdən ibarətdir. Belə olan halda iddiaçının hər bir ailə üzvünə 14,85 kv.metr sahə düşür. Bu da müəyyən olunmuş uçot normasından artıqdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə ediıən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Hazırki halda iddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə istinad edərək, yerli icra hakimiyyəti orqanları tərəfindən onun mənzil növbəsinə götürülməsini tələb edir. Halbuki həmin Qanunun tələblərindən də göründüyü kimi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar və hazırki iddia tələbi üzrə iddiaçının şəhid ailəsi olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacının olması müəyyən edilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2160/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2160/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver