Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2160/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı hasarın bərpa olunmasına maneənin aradan qaldırılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 167 saylı torpaq sahəsinin bir hissəsinin, yəni, 0.045 ha-nın əvvəllər mövcud olmuş, sonradan sökülmüş hasarının bərpa olunmasına dair maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 083823 saylı çıxarışa əsasən Bakı şəhəri, Suraxan rayonu, Hövsan qəsəbəsi, 167 saylı torpaq sahəsinin bir hissəsinin bir hissəsi, yəni 0.045 ha onun xüsusi mülkiyyətindədir. Yaşlı qadın olduğundan, maddi vəziyyəti imkan vermədiyinə görə, ona məxsus torpaq sahəsinin üzərində heç bir tikinti işləri apara bilməmişdir. Əvvəllər bu torpaq sahəsinin perimetri bounca hasarı var idi. Lakin, baxımsızlıq üzündən kənar şəxlər hasarını sökərək mişar daşlarını oğurlayıb aparmış, yaxınlıqdakı qonşular isə su borularını onun həyətinin içindən keçirməklə evlərinə su çəkdirmişlər. Sökülmüş hasarının bərpa olunmasına icazə alınması üçün tərəfindən dəfərlərlə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət olunmuş, lakin, bütün müraciətlər nəticəsiz qalmışdır. Sonuncu dəfə ona aşağıdakı mənzmunda imtina cavabı verilmişdir: “yerində baxış zamanı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 15.04.2016-cı il tarixdə tərtib olunmuş (061989) torpaq sahəsinin planı və ölçüsündə göndərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən daş hasar çəkilməsi nəzərdə tutulan torpaq sahəsi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində olan məhəllədaxili avtomobil yolunun üzərinə düşdüyündən və sakinlərin narazılığına səbəb olduğunu nəzərə alaraq, müraciətin müsbət həlli məqsədəuyğun hesab edilmir.” Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri hərəkətsizlik göstərərək, onun pozulmuş mülkiyyət hüququnun təmin olunması ilə bağlı heç bir addım atmaq istəmədikləri üçün hesab edir ki, bu məsələ məhkəmə qaydasında həll olunmalıdır. Başqa sözlə, məhkəmə tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 167 saylı, 0.045 ha torpaq sahəsinin bir hissəsinin əvvəllər mövcud olmuş, sonradan qonşular tərəfindən özbaşına sökülmüş hasarının bərpa olunmasına dair maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Osmanova X2 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 16.04.2016-cı il tarixli çıxarışa (seriya RX, 0838293) əsasən Hövsan qəsəbəsi, 167 saylı sahənin bir hissəsində yerləşən 450.0 kv.m torpaq sahəsinin daş hasara alınmasına münasibət bildirilməsini xahiş etmişdir. RİH-nin cavab məktubu ilə hazırki İddiaçı sözügedən torpaq sahəsinə yerində baxış zamanı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 15.04.2016-cı il tarixdə tərtib olunmuş (№ 061989) torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən daş hasar çəkilməsi nəzərdə tutulan torpaq sahəsi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində olan məhəllədaxili avtomobil yolunun üzərinə düşdüyündən və sakinlərin narazılığına səbəb olduğunu nəzərə alaraq, İddiaçı müraciətinin müsbət həlli məqsədəuyğun hesab edilmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, Suraxanı RİH-nə qarşı iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 167 saylı sahənin bir hissəsi, 0.045 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 16.04.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15.04.2016-cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 167 saylı sahənin bir hissəsi, 0.045 ha torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş o-28- 151; O-31-151 nömrəli, 09.09.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının torpaq sahəsinin daş hasara alınmasına münasibət bildirilməsi haqqında ərizəsinə Rayon İcra Hakimiyyətində baxılaraq bildirilmişdir ki, yerində baxış zamanı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 15.04.2016-cı il tarixdə tərtib olunmuş (№ 061989) torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən daş hasar çəkilməsi nəzərdə tutulan torpaq sahəsi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində olan məhəllədaxili avtomobil yolunun üzərinə düşdüyündən və sakinlərin narazılığına səbəb olduğunu nəzərə alaraq, müraciətinin müsbət həlli məqsədəuyğun hesab edilmir. İşdə olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video və fotomateriallara baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşən ərazidə yaşayan sakinlərin öz məhəllərinə giriş üçün digər alternativ yollardan istifadə etmələri mümkündür. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsi iddiaçının qanuni mülkiyyətindədir. Onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçüsü verilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşən ərazidə yaşayan sakinlərin öz məhəllərinə giriş üçün digər alternativ yollardan istifadə etmələri mümkün olduğu halda, cavabdeh və məhəllədə yaşayan sakinlər tərəfindən qanunsuz olaraq iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilərək, iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, qanunverciliyə uyğun olaraq iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsində hər-hansı bir hasarlama işlərinin aparılmasına qanunsuz müdaxilə edilməsi iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunan hüquqlarının pozulması deməkdir ki, bu halda yol verilməzdir. Bu səbəbdən də, iddia tələbi təmin olunaraq, cavabdehin iddiaçıya münasibətdə mübahisələndirilən hərəkətləri qanunsuz sayılmalı, o cümlədən iddiaçının qanuni əsaslarla apardığı, sökülmüş hasarın bərpa edilməsi ilə bağlı tikinti işlərinə qarşı hər hansı müdaxilə olunması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsaəsn istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 167 saylı torpaq sahəsinin bir hissəsinin, yəni 0.045 ha-nın əvvəllər mövcud olmuş, sonradan sökülmüş hasarının bərpa olunmasına dair maneənin aradan qaldırılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2160/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2160/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver