Məhkəmə qərarları › İş №2-1(112)-2160/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2160/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2160/2024 30.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, oğlu X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı kimi əmək pensiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının əmək pensiyasına uyğun yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən cavabdehə müraciət edərək 1990-1995-ci illərdə 5 il Naxçıvan MR Ali Məclisinin deputatı olduğuna görə ona təyin olunmuş həkim kimi pensiyasının təyinatı dəyişdirilərək deputat kimi pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətindən imtina edilərək bildirilmişdir ki, müraciətində göstərilən dövr əsas götürülməklə sabiq deputat kimi pensiyasının hesablanması mümkün hesab deyildir. İmtina məktubunda qeyd edilən faktların heç biri qüvvədə olan pensiya təminatı haqqında və eləcə də Naxçıvan MR Konstitusiyasının tələblərinə uyğun deyil. Belə ki, Naxçıvan MR Konstitusiyasına uyğun olaraq 1990-cı ildə Naxçıvan MR Ali Məclisinə seçkilər keçirilmiş və seçilmiş deputatların hamısı 5 il müddətinə deputat fəaliyyətlərini Naxçıvan MR-nın Konstitusiyasına və eləcə də Naxçıvan MR Ali Məclisinin seçkilər haqqında tələblərinə uyğun həyata keçirmişlər. İmtina məktubunda qeyd edilən Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının say tərkibinin azaldılması və onların fəaliyyət strukturunda bir sıra dəyişiklik edilməsi Naxçıvan MR Ali Məclisinin seçkilər haqqında qanununa heç bir aidiyyatı yoxdur, həmin göstərilən hallar yalnız Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına aiddir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunun 12-ci maddəsinə əsasən “Ali Məclisə seçkilər haqqında qanunvericiliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası (27 noyabr 1995-ci il tarixindən qüvvədədir), Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (29 dekabr 1998-ci il tarixindən qüvvədədir) və bu Qanun təşkil edir”. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının statusu haqqında” Qanunun 1- ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusunun əsasları Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə müəyyən edilir. 1990-1995-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Ali Sovetinin deputatına sabiq deputat kimi pensiya təyinatına dair analoji iddiaların rədd edilməsi barədə bir neçə məhkəmə qərarlarında göstərilir ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. İddia tələbi üzrə işə baxarkən məhkəmə “Milli Məclisin üzvü yoxsa, “Milli Məclisin deputatı" kimi məfhumların fərqlənməsinə deyil, “deputat” institutunun hazırkı Konstitusiyanın qəbulundan əvvəlki və sonrakı hüquqi statusuna dair məsələləri diqqətdə saxlamalıdır. Belə ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. xx.xx.1995-ci il tarixdə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Lakin iddiaçı Milli Məclisinin üzvü kimi yuxarıda qeyd olunan yolla seçilməmiş, xx.xx.1991 -ci il tarixdə qəbul olunmuş ( xx.xx.1992-ci il, xx.xx.1992-ci il 289 №, xx.xx.1993-cü il №627 əlavə və dəyişikliklərlə) «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təyin edilmişdir. X1 1 -ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi yaradılmışdır. X1 2-ci maddəsində (bütün dəyişikliklər və əlavələr nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası xalq deputatlarının 51 nəfərindən ibarət tərkibdə təşkil edilməsi nəzərdə tutulmuşdur. xx.xx.1978-ci il tarixdə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına əsasən bütün xalq deputatlarının gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilməsi nəzərdə tutulsa da, keçid dövrü üçün yaradılmış Milli Məclisin üzvləri Ali Sovetin 450 deputatının yalnız 51 nəfərindən ibarət tərkibdə təyin edilmiş, yəni həmin 51 nəfər xalq tərəfindən yenidən Milli Məclisin üzvü kimi seçilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1949-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. İddiaçının pensiya işindən müəyyən olunur ki, ona Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə müavinət təyin edən komissiyanın qərarı ilə xx.xx.2012-ci il tarixdən yaşa görə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən verilmiş 16 saylı vəsiqədən görünür ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Xalq deputatı olmuşdur (12-ci çağırış 1990-1995). Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı kimi əmək pensiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının əmək pensiyasına uyğun yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir (134.İ). Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir (135.İ). Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir (137.İ). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir (137.İİ). “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının xx.xx.2005-ci il tarixli Qanunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 13- cü maddəsinə uyğun olaraq Ali Məclisə seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə iştirak edirlər (2.1.). Ali Məclisə birmandatlı seçki dairələri üzrə 45 deputat (bir dairədən bir deputat) seçilir (11). Ali Məclisə seçkilər haqqında qanunvericiliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və bu Qanun təşkil edir (12). “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının xx.xx.1997-ci il tarixli Qanunda göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Ali Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (29). Hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əməkhaqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) (20.1.1.). Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (20.1.2.). Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (20.3. ). Bu Qanunun 20.1.2ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş deputatın şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir (20.4. ). Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin əsasında Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan öncə və sonrakı “deputat” anlayışlarının fərqləndirilməsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən əvvəlki “deputat” anlayışı ilə bundan sonrakı deputat anlayışı və statusu eyniləşdirilə bilməz. Belə ki, xx.xx.1995-ci ildə Azərbaycan Respublikasın Konstitusiyanın qəbulu nəticəsində ümumi, bərabər və birbaşa seçki hüququ institutu yaradılmış, Konstitusiya əsasında müvafiq qanunvericilik aktları, o cümlədən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin” deputatlarının statusu haqqında Qanunlar qəbul edilmişdir. Bununla da müxtəlif qanunvericilik aktlarına, o cümlədən pensiya qanunvericiliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputları ilə müvafiq təminatlar daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan öncəki dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. Yəni, onun Azərbaycan Respublikasının Konstitusiyası və onun əsasında qəbul edilmiş qanunvericilik aktlarında göstərilən qaydalara uyğun seçilmədiyi üçün Konstitusiya və onun əsasında qəbul edilmiş qanunvericilik aktlarında göstərilən təminatlar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar