Məhkəmə qərarları › İş №2-1(112)-2161/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2161/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2161/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X4 LTD” Şirkətinin Cavabdehnə qarşı “19.11.1998-ci il tarixli sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4 LTD” Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 1579 nömrəli 19.11.1998-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı- Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındaki filialına verilmişdir. Hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da, cavabdehlər iddiaçının haqlı tələblərini əhəmiyyət verməyərək tikintini davam etdirilər. Belə ki, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan həmin sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi olan, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 7 saylı neft-qaz çıxarma sexinin, 39T 410506.87 m B – 4480271.39m C koordinatlar üzrə yerləşən ərazidə 1200 (min iki yüz) kv.m ərazisi fərdi ev tikintisi üçün Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 1579 nömrəl i 19.11.1998-ci il tarixli sərəncamı ilə X2 ayrılmışdır. Sənaye təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan vətandaşın istifadəsinə ayrılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı əməliyyat şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirilməsinə maneçilik yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatının iclası 27.02.2020-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi R.Çodarov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Mikayılov iddia ərizəsinə verilmiş yazılı etiraz uyğun izahat verərək, bildirmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərar qəbul olunduqda 22 ildən çox keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, iddiaçının irəli sürdüyü iddia tələbi, prosessual müddət ötürülməklə verildiyindən, iddia ərizəsi mümkünsüz sayılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh Başçısının 1579 saylı, 19 noyabr 1998-ci il tarixli sərəncamından görünür ki, Zabrat qəsəbəsi, Babək küçəsi 1 saylı evin ........ 1200 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X2 ayrılmışdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normada riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyasından ümumi (publik) hüquq sahəsinə qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlarından irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şətlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1 bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş, iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmiin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlüş şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn: məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.(9-cu bənd). Müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikasının № 105-İVQ saylı, 06 may 2011-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında”Saziş Qanun statusunu almışdır. Azərbaycan Respublikasının № 105-İVQ saylı, 06 may 2011-ci il tarixli Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da Cavabdeh Başçısının 1579 nömrəli 19.11.1998-ci il tarixli sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Məhkəmə qeyd edir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda, icra hakimiyyətinin sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4 LTD” Şirkətinin Cavabdehnə qarşı “19.11.1998-ci il tarixli sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar