Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2161/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə (ünvan ünvan 1ehin nümayəndəsi X2 (aparıcı mütəxəssis, Lənkəran rayonu, Lənkəran şəhəri, A.İsmayılov küçəsi,90 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1990-1995-ci illərə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olmağı, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək, 01.07.2017-ci ilə kimi yaşa gorə pensiyaya çıxmaq hüququnun yaranmasını nəzərə alıb, həmin tarixdən pensiyanın hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Müraciət aşağıdakı kimi əsaslandırılmışdır: “Nəzərinizə çatdırıram ki, xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikəm, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququm yaranmışdır. Belə ki, 16.07.1996-cı il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xüsusi rütbəli şəxs kimi çalışıram. 16.07.1996-cı il tarixdən, 01.06.2017-ci il tarixədək 21 il xüsusi rütbəli şəxs kimi stajım, 1990-1995-ci illərdə təhsil aldığım 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin 2 il hərbi xidmətim daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikəm.” Cavabdeh isə 27 iyul 2021 -ci il tarixli məktubunda bildirmişdir ki, “Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözü gedən qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir, bu səbəbdən də təhsil müddətinin Qulluq illərinizin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mövcud deyil.” İddiaçı aşağıda sadalananlara əsasən, cavabdehin imtinasını qanunsuz hesab edir. Xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququ yaranmışdır. Belə ki, 16.07.1996-cı il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xüsusi rütbəli şəxs kimi çalışır. 16.07.1996-cı il tarixdən 01.06.2017-ci il tarixədək 21 il xüsusi rütbəli şəxs kimi stajı, 1990-1995-ci illərdə təhsil aldığım 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin 2 il hərbi xidməti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir.” İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 1990-1995-ci illərdə təhsil aldığım 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir. Ona görə də müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində; başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” nın 109-cu maddəsinin «n» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992 -ci il tarixdə qəbul etdiyi 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ailə təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ailə təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtıda beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Əmək pensiyaları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-ci maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 10.03.2017-ci il tarixli Qanunla 9.7.1 -ci maddədə “25”rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir...Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək verdiyi izahatında qeyd etmişdir ki, “Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözü gedən qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir, bu səbəbdən də təhsil müddətinin Qulluq illərinizin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mövcud olmadığından iddanın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı hüquqi əsaslara görə təmin olunmalıdır. İş materialında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - AB-İ seriyalı 022558 saylı diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1990-cı il tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin daxil olmuş və 1995-ci ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. - НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 1987-ci il tarixdən 1989cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 24.09.1986-cı il tarixdən 10.11.1987-ci il tarixədək Lenin adına tekstil kombinatında rəngsaz köməkçisi işləmiş, 10.11.1987-ci il tarixdən 17.11.1989-cu il tarixədək hərbi xidmətdə olmuş, 14.02.1990-cı il tarixdən 22.11.1990-cı il tarixədək Kirov rayon xüsusi bölməsində inspektor vəzifəsində, 10.04.1991-ci il tarixdən 01.10.1994-cü il tarixədək H.Z.Tağıyev adına BTTB-də hüquq məsləhətçisi vəzifəsində, 03.01.1995-ci il tarixdən 02.01.1996-cı il tarixədək H.Z.Tağıyev adına BTTB-də hüquqşünas vəzifəsində işləmişdir. 16.07.1996-cı il tarixdən 22.10.1999-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində normativ hüquqi aktların hüquqi ekspertizası uçotu və qeydiyyatı idarəsində aparıcı mütəxəssis, baş mütəxəssis vəzifəsində işləmiş, 22.02.2005-ci il tarixdə Ədliyyə orqanlarında qulluqkeçmə ilə bağlı xüsusi normativ hüquqi aktlar qəbul edilənədək mövcud struktur üzrə müvafiq vəzifələrin adlarının dövlət qulluğu haqqında qanunvericiliyə uyğunlaşdırılmasını təmin etmək məqsədilə Nazirliyin aparatı üzrə baş mütəxəssis vəzifəsi baş məsləhətçi vəzifəsi adlandırılmışdır. 04.10.2006-cı il tarixdə Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin baş məsləhətçisinin vəzifəsindən azad edilmiş, 15.10.2006-cı il tarixdən 21.10.2015-ci il tarixədək Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin aparıcı məsləhətçisi işləmişdir. 21.10.2015-ci il tarixdən hal-hazıradək Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin böyük məsləhətçisi vəzifəsində işləyir. Məhkəmə araşdırması dövründə xx.xx.1969-ci il təvəllüdlü İddiaçı 01.07.2017-ci il tarixədək ədliyyə orqanlarında xidmət illəri barədə məlumat sorğu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş 11 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin böyük məsləhətçisi ədliyyə müşaviri X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq ədliyyə orqanlarında qulluq illəri 01.07.2017-ci il tarixə 22 il 10 ay 27 gün (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təşkil etdiyi qeyd edilmişdir. Hazırkı iddia üzrə iddiaçı onun 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanmasını istəyir. İddiaçı sözügedən tələblə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən “Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablandığı, sözü gedən qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəanın mövcud olmadığı, bu səbəbdən də təhsil müddətinin iddiaçının qulluq illərinin hesablanması zamanı nəzərə alınmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi əsası ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 22 il 10 ay 27 gün stajını qəbul edir. Hazırda mübahisənin predmetini təşkil edən iddiaçının 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan, onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə olan qulluq stajı 22 il, 10 ay, 27 gün, o cümlədən təhsil aldığı müddət və hərbi xidmətdə olduğu illər də əlavə edilməklə 25 ildən artıq müddət tamamlandığından, cavabdeh tərəfindən əsassız olaraq ona ədliyyə işçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.7-ci maddəsinin 01.07.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən ədliyyə işçilərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ bu Qanunun 9.7.1-ci maddəsinə uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olduqda yaranır. Göründüyü kimi, Qanunun istinad olunan norması ilə iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranması üçün 01.07.2017-ci il tarixə qədər 25 il qulluq stajının olması ilə şərtləndirilir. İşin hallarından müəyyən edilir ki, iddiaçının 01.07.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə olan qulluq stajı 22 il, 10 ay, 27 gün təşkil edir. Həmçinin “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinə əsasən iddiaçının hərbi xidmətdə olduğu 02 il 16 gün də xidmət illərinə hesablanır və cavabdeh tərəfindən mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisə həm də iddiaçının təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququnda haqlıdır. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Təhsil aldığı müddətin hesablanma qaydasına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixdə qəbul etdiyi 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ailə təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ailə təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək məhkəmə qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 18 may 2021-ci il tarixli 2-1(102)-944/2021 nömrəli qərarı ilə Məhkəmə kollegiyası iddiaçının hərbi xidmət illəri ilə yanaşı, təhsil illərinin də onun iş stajına əlavə edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək, iddiaçının təhsil illərinin də əlavə edilməsini qanunauyğun hesab edərək cavabdeh inzibati orqanın kassasiya şikayətini təmin etməmişdir. Hər nə qədər yuxarıda qeyd edilən qərara “ədliyyə” sözü 24.05.1997-ci il tarixli 56 nömrəli qanunla əlavə edilmiş olsa belə, həmin tarixədək mövcud olmuş və yuxarıda göstərilmiş pensiya qanunvericiliyində təhsil müddətinin pensiya stajına daxil edilməsini ədliyyə orqanları işçilərinə münasibətdə məhdudlaşdıran hər hansı norma nəzərdə tutulmamışdır. Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə ədliyyə orqanlarının işçilərinə pensiya təyin edilərkən təhsil müddətinin hesablanması qaydasını müəyyən etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının 01.07.2017-ci il tarixə xüsusi rütbəli şəxs kimi staj müddəti 25 ildən yuxarıdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2161/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2161/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver