Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2161/2025 03.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin 08 yanvar 1992-ci il tarixli əmri ilə N nömrəli hərbi hissəsin tərkibində yaradılmış X4 X3 tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Adına avtomat silahı yazılmış, döyüşdə fərqlənməsi ilə əlaqədar tüfəng də hədiyyə edilmişdir. Həmin silahlar İsmayıllı Rayon Polis İdarəsinə təhvil verilmiş, buna dair protokol da tərtib edilmişdir. Xocalı Rayon İcra Hakimiyyətində saxlanılan X1 adlı siyahısında adı 352 -ci sirada qeydə alınmış, buna dair arayış da verilmişdir. Cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Halbuki, mövcud sənədlərlə onun döyüşlərdə iştirakı təsdiq edilir. Məhkəmənin qərardadı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 27 avqust 2024-cü il tarixdə iddia tələbində əlavə dəlillərə istinad formasında dəqiqləşmə ərizəsi məhkəməyə daxil olmuşdur. Cavabdeh vəsatət təqdim edərək özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərə veteran adının Dövlət Xidməti tərəfindən verildiyinə istinadla cavabdehin həmin cavabdehlə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə Müdafiə Nazirliyi əlavə cavabdeh qismində cəlb edilmişdir. İddia tələbinə son dəqiqləşmərasında Dövlət Xidməti cavabdehlər siyahısından çıxarılmış müharibə veteranı adı vəsiqəsinin verilməsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsi fomrasında iddia tələbi icraata qəbul edilmişdir. Dövlət Xidməti də etiraz təqdim edərək qeyd edir ki, 1991-ci il 18 oktyabr tarixdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabr 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edilmişdir. İddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə özünümüdafiə dəstələri və birləşmələri Müdafiə Nazirliyinin tərkibinə verilmişdir. Odur ki, həmin şəxsə münasibətdə veteran statusu və vəsiqənin verilməsində Dövlət Xidmətinin səlahiyyəti yoxdur. Qeyd olunan özünümüdafiə dəstəsi hərbi hissənin tərkibində yaradılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, qeyd edilməlidir ki, cavabdehin Müdafiə Nazirliyi olmasına münasibətdə də iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması haqqında” 5 sentyabr 1991-ci il tarixli 334 nömrəli Fərmanınından göründüyü kimi Müdafiə Nazirliyinin yaradılması qərara alınmışdır. Dövlət Xidmətiq eyd edir ki, 1991-ci ilin sentyabr ayında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi və oktyabr 9-da isə 3 ay ərzində Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilmişdir. Ləğv olunmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında 9 oktyabr 1991-ci il tarixli Qanunun: M a d d ə 1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir. Qeyd olunur ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərindən göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Lakin, hazırkı işin faktiki hallarından da göründüyü kimi iddiaçının döyüşmüş olduğu X2 Rotası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi daxilində və Müdafiə Nazirliyinin 08 yanvar 1992-cu il tarixli əmri ilə yaradılmışdır ki, məhkəmə hesab edir ki, hazırkı halda cavabdehlik Müdafiə Nazirliyinə aiddir. Nəzərə alınmalıdır ki, cavabdeh aidiyyəti Komissiyası cavabdeh imtina məktublarında məsələ mahiyyəti üzrə qiymət vermiş və döyüş əməliyyatlarında iştirakının iddiaçının təsdiq edilməməsinə istinadla müraciətin təminindən imtina etmiş, sonradan isə cavabdeh Müdafiə Nazirliyi özünümüdafiə dəstəsi halına istinadla cavabdehin əvəz edilməsi dəlilinə istinad etmişdir ki, məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin əmri ilə və hərbi hissə tərkibində və Silahlı Qüvvələrin və Müdafiə Nazirliyinin yaradılması barədə Fərman və Qanunun qüvvədə olduğu dövrdə yaradılmış X2 Rotasında döyüşlərdə iştiraka istinadla müraciət edən şəxsə münasibətdə veteran vəsiqəsi adı və statusunun verilməsinə cavabdehlik Müdafiə Nazirliyi tərəfindən daşınmalıdır. Nəzərə alınmalıdır ki, həmin şəxs silah təhkim edilmiş, hərbi qulluqçu statusuna malik şəxsdir ki, həmin şəxsə statusun verilməsi də aidiyyəti üzrə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilə bilər. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: X2 Rotasının əmr kitabçasından çıxarışda qeyd edilir ki, Müdafiə Nazirinin 08 yanvar 1992-cu il tarixli əmri ilə N nömrəli hərbi hissə tərkibində X2 Rotası yaradılır. Xocalı Rayon İcra Hakimiyyətinin 06 may 2024-cü il tarixli arayışında qeyd edilir ki, iddiaçı Kosalar kənd sakini kimi 1990-1992-ci illərdə Xocalı rayon Kosalar kənd “Özünümüdafiə” dəstəsində torpaqların azad edilməsi uğrunda döyüşmüşdür. Döyüşçülərin siyahısında 352-ci sıradadır. 27 dekabr 2006-cı il tarixli arayışda da qeyd edilir ki, iddiaçı 1988-1992-ci ilin may ayına qədər “Özünümüdafiə” dəstəsinin tərkibində döyüşmüşdür, adı 352-ci sıradadır. Protokolda qeyd edilir ki, iddiaçıya verilmiş silahlar aidiyyəti polis şöbəsinə təhvil verilmişdir. Cavabdehin 16 may 2024-cü il tarixli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin əmrləri və X2 dəstəsinin komandirinin nizami hissə üzrə əmrləi Mərkəzi Arxivə verilmədiindən, xidmət və döyüş barədə araşdırma aparılması mümkün deyildir. Cavabdehin 08 iyul 2024-cü il tarixli və 09 iyul 2024-cü il tarixli məktubunda qeyd edilir ki, döyüş əməliyyatlarında iştirak təsdiq ediilmədiyinə görə veteran adı və vəsiqənin verilməsindən imtina edilir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 16 mart 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya veteran vəsiqəsi verilmədiyi halda Prezident təqaüdü təyin edilmiş, sonradan isə həmin təqaüd dayandırılmışdır. Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi qeyd edir ki, iddiaçının hərbi xidmətə göndərilməsi və hərbi xidmət keçməsi barədə məlumat mövcud deyildir. Məhkəmə sorğusuna Xocalı Rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, mövcud olan Xocalı Ərazi Özünümüdafiə Dəstələrinin üzvlərinin siyahısında iddiaçının adı 352-ci sırada qeyd edilmişdir. Buna dair siyahı da məktuba əlavə edilmişdir. Cavabdehin 28 fevral 2025-ci il tarixli məktubunda qeyd edilir ki, özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərə veteran vəsiqəsinin veirlməsi Müdafiə Nazirliyi tərəfindən baxılmır. Xocalı Rayon İcra Hakimiyyətinin 23 aprel 2025-ci il tarixli məktubunda qeyd edilir ki, onlarda 3 siyahı mövcuddur. Keçmiş 816 saylı Şuşa Batalyonun İV Kərkicahan Rotasının siyahısı, Xocalı rayonu Kərkicahan qəsəbəsi üzər könüllülərinin siyahısı, Xocalı Ərazi Özünümüdafiə dəstələrinin üzvlərinin siyahısı. İddiaçının adı 3-cü siyahıda qeyd edilmişdir. İcra Hakimiyyəti tərəfindən adlı siyahısı və əlavə edilmiş sənədlərə baxış keçirilmiş hər hansı bir sənəd aşkar edilməmişdir. İsmayıllı Rayon Polis İdarəsinin 18 aprel 2025-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçıya təhkim edilmiş avtomat silahın 1994-cü ilin oktyabr ayında qəbul aktı ilə təhvil verilməsi barədə məlumat vardır. Lakin tüfəng barədə məlumat mövcud deyildir. Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin 01 may 2025-ci il tarixli məktubunda qeyd edilir ki, Xocalı Rayon İcra Hakmiyyətinin məktubları ilə Xidmətə təqdim edilmiş Xocalı rayonunda özünümüdafiə batalyonun döyüşçüsü olub veteran vəsiqəsi almayan şəxslərin siyahısında iddiaçının adı keçmir. İş üzrə araşdırmanın aparılması, eləcə də düzgün cavabdehin müəyyən edilməsi üçün 21 iyun 2025-ci il tarixdə sorğu ilə Müdafiə Nazirliyinə müraciət məktubundan görünür ki, hərbi hissə daxilində özünümüdafiə batalyonu döyüşçülərinin statusu, ehtiyata buraxılma əsasları ilə, hərbi hissədə hərbi qulluqçuları arasında ehtiyata buraxılma, döyüşmə ilə bağlı əsasların müəyyən edilməsi zərurəti diqqətə çatdırılmış, iddiaçının N nömrəli hərbi hissə daxilində batalyonda döyüşmüş şəxs kimi ehtiyata buraxılmasının əsaslarının fərqli olub-olmaması, 1996-cı il tarixədək həmin şəxslərin döyüşməli olubolmaması, həmin qrup şəxslər üçün veteran vəsiqəsinin verilməsinə əsas olan kriteriyaların nə olması, iddiaçının məhz hərbi hissə tərkibində yaradılmış batalyon daxilində döyüşməsinə dair dəlillərin təqdim edilməsi təklif edilmiş, lakin sorğuya cavab təqdim edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı hesab edilməli olmasını bildirmişdir. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. AR İPM-nin 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmaması, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərurəti və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmaması halında, məhkəmə məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoya bilər, bu zaman iddiaçının hüquqi marağına uyğun olaraq inzibati məhkəmə icraatı çərçivəsində veteran statusu və vəsiqəsinin verilməsi barədə öhdəliyin müəyyən edilməsi istisna edilir. Bununla əlaqədar qeyd edilməsi zəruridir ki, öhdəliyin icrası, məcburetmə və kompensasiya növündə iddialar üzrə ilkin olaraq inzibati orqana müraciət edilməsi və bundan sonra məhkəməyə müraciət təmin edilmədiyi halda müraciət edilməsi zərurəti inzibati orqanın inzibati icraatı düzgün aparıb-aparmamasına xidmət edir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bu zaman, məhkəmə xüsusi olaraq qeyd edilməsini zəruri hesab edir ki, məhkəmə inzibati icraatın düzgün aparılıb-aparılmadığını yoxlamaq və bu zaman müraciətin rədd edilməsinin qanuniliyini müəyyən etməkdə məhkəmənin səlahiyyətli olması məhkəmənin inzibati orqanın yerinə inzibati icraat aparması kimi başa düşülməməlidir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə istər cavabdehin düzgün müəyyən edilməsi, istərsə də, iddiaçının döyüşlərdə iştirakına dair kifayət qədər araşdırma aparılmış, müvafiq sorğularla aidiyyəti inzibati orqanlardan məlumatlar əldə edilmişdir ki, işin hazırkı mərhələsində inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərurəti və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığı müəyyən edilməkdədir. Aparılmış araşdırma nəticəsində təqdim edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının döyüşdüyü X2 Rotası cavabdehin əmri ilə yaradılmış N nömrəli hərbi hissənin tərkibində formalaşmış, ona silah təhvil verilmişdir ki, iddiaçının döyüşməsi ilə bağlı məlumatlar Döyüşdə iştirak edən şəxslərin adlı siyahısında 352-ci yerdə göstərilmiş, eləcə də aidiyyəti polis idarəsinin məhkəmə sorğusuna təqdim etdiyi məktubda avtomat silahın təhvil verildiyi barədə məlumat təqdim edilmişdir. Dövlət Xidməti tərəfindən isə ona təqdim edilən siyahıda iddiaçının adının olmadığı qeyd edilmişdir ki, veteran vəsiqəsi almayan şəxslərin siyahısında iddiaçının adının olubolmamasının Prezident təqaüdünün onsuz da təyin edilməsi ilə əlaqədar olması, Dövlət Xidmətinə hərbi hissə tərkibində döyüş batalyonunda iştirak edən şəxslərlə bağlı məlumatın göndərilməli olmaması kimi hallarla bağlı hər hansı araşdırmanın aparıldığı müəyyən edilmir. Cavabdeh məhkəmə icraatı dövründə, təkcə cavabdehin əsl cavabdehlə əvəz edilməsi və N nömrəli hərbi hissənin sənədlərinə təhvil verilməməsi kimi hallara istinad etməklə kifayətləndir ki, məhkəmə hesab edir ki, məhkəmənin həmin sənədlər olmadan da apardığı araşdırma iddiaçının döyüşdə iştirakı, silahın təhvil verilib-alınması, Dövlət Xidmətinə gedən siyahıda iddiaçının adının olmaması, onun Prezident təqaüdü alması və s kimi halları müəyyən etməyə imkan vermişdir. Göründüyü kimi məlumatların və sənədlərin arxivə təhvil verilməməsi, inzibati icraatın aparılmasından imtina üçün əsas ola bilməz. Qeyd olunur ki, məhkəmə aparmış olduğu araşdırmanın nəticəsində əldə etdiyi məlumatlarla bağlı cavabdehə 21 iyun 2025-ci il tarixli müraciət ünvanlayaraq iddiaçının adının siyahıda olması, silahın verilməsi və təhvil alınması kimi hallara istinad etmiş, məhkəmə iclasında iştirakın zəruriliyi vurğulanmış, hərbi hissə daxilində özünümüdafə batalyonu döyüşçülərinin statusu, ehtiyata buraxılma əsasları barədə məlumatların təqdim edilməsini təklif etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Sadalanan normaların təhlilindən o nəticə hasil olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Prezidentinin tərxis etmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir ki, yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədə sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Lakin, iddiaçının X4 Özünümüdafiə Rotasında döyüşməsinə münasibətdə ehtiyata buraxılma əsaslarının yoxlanıldığı, həmin qrup şəxsə münasibətdə də ehtiyata buraxılmanın göstərilən tarixdən sonra olmalı olması barədə məhkəmə geniş formatlı izahlı məlumat istəsə də, təqdim edilməmiş, məhkəmə sorğusuna cavab verilməsindən əlavə, inzibati icraat çərçivəsində bu istiqamət üzrə aparılmamış inzibati icraatdan əlavə, məhkəmənin də inzibati məhkəmə icraatı çərçivəsində həmin məlumatları əldə etməsi və işin faktiki halları ilə yoxlanılmasına imkan yaradılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən zəruri araşdırma davam etdirilməli, iş materiallarında olan və aidiyyəti orqanlardan əldə edilməsi mümkün olan məlumatlar tələb edilməli, iddiaçının döyüşdüyü Rotanın Müdafiə Nazirliyinin əmri əsasında hərbi hissə tərkibində yaradıldığı nəzərə alınmaqla, araşdırma davam etdirilməli, yerli icra hakimiyyəti orqanı və Dövlət Xidmətindən və polis orqanından məlumatlar əldə edilməklə iddiaçının siyahıda 352-ci sırada olması, döyüşlərdə iştirakla bağlı silah alınması və silahın təhvil verilməsi kimi hallar tədqiq edilməli, eləcə də müharibə veteranı adı və vəsiqəsinin verilməsinə münasibətdə iddiaçı kimi Özünümüdafiə Rotasında şəxsin döyüşdüyü halda qanuni əsaslarla ehtiyata buraxılma xüsusiyyətinin tətbiq edilibedilməməsi barədə inzibati icraat aparılmalı, iddiaçının döyüşdüyü dövr, həmin dövrün hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən əvvəl olmasına münasibətdə Rotada iddiaçının döyüşməsinə münasibətdə fərqli yanaşmanın, yəni fərqli ehtiyata buraxılma əsaslarının olub-olmadığı müəyyən edilməli və buna dair məhkəməyə məlumat verilməlidir. Qeyd olunur ki, 2-1(102)-2004/2025 saylı iş üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2025 -ci il tarixli qərarında da qeyd edildiyi kimi məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma İPMin 12 və 58.6-cı maddələrinə uyğun olaraq yalnız inzibati orqanda aparılmış araşdırmanı təzələyən və ya tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan qərar qəbul etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu təzələyəcək və ya tamamlayacaq qaydada həyata keçirilə bilər. Hazırkı iş üzrə isə təzələnəcək və tamamlanacaq inzibati icraat mövcud deyildir. Məhkəmənin işin araşdırılmasına münasibətdə həyata keçirməyə çalışdığı 21 iyun 2025-ci il tarixli məhkəmə sorğusuna isə cavabdehin ümumiyyətlə mövqe bildirməməsi, inzibati icraatın yenidən aparılmasını zəruri edir. AR İPM-nin 73-cü maddəsindən də görünür ki, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə ki, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda həmin qərar iddiaçının tələbi əsasında məhkəmə tərəfindən verilmir, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla zəruri araşdırmanın aparılması və qərarın qəbul edilməsi öhdəliyi müəyyən edilir. Məhkəmə qərarından şikayət verilməsi hüququnun olmaması ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1941/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. 13. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində bu qərarda tətbiq edilən qanunvericilik normalarının tələblərinə uyğun müayinənin aparılmadığı və bununla da müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyulmalıdır. Göründüyü kimi, hazırkı mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. 16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1108/2024 nömrəli qərardadın da məhz bu hüquqi mövqe əks olunmuşdur. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarından kassasiya şikayəti vermək hüququ da istisna edilir”. Eyni hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2010/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdehin müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinaya dair 08 iyul 2024-cü il və 09 iyul 2024-cü il tarixli müraciətlərə cavab məktubları qanunsuz hesab edilsin. İddiaçının müharibə veteranı adı vəsiqəsinin verilməsi məsələsinə baxılması ilə əlaqədar məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2161/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2161/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver