Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2165/2021 05.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) “dəbbə pulunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 131/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində inzibati cərimədən kənar hesablanmış 135 (yüz otuz beş) manat dəbbə pulunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-131/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından, yəni 300 manat məbləğdən əlavə Sistemdə İddiaçı MMC barəsində hesablanmış ödənilməmiş faizlərin (dəbbə pulunun) silinməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2019-cu il tarixli AP0144813 saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən İddiaçı MMC “Kia Optima” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:02-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verməmiş, bununla da Azərbaycan Respublikasının İXMnin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-131/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan qərar icra edilməsi üçün borclu İddiaçı MMC-nin qeydiyyat yeri üzrə Nəsimi rayon ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş icraata başlamaq haqqında qərar və bildirişə əsasən icra sənədi “xxxx” ASC-də açılmış İddiaçı MMC-yə məxsus müvafiq hesabdan ödəniş tapşırığına əsasən 300 (üç yüz) manat məbləğində cərimə və icra məmurunun xx.xx.2020-ci il tarili icra ödənişinin alınması haqqında qərara əsasən 21 (iyirmi bir) manat icra ödənişi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına xx.xx.2020-ci il tarixdə köçürülmüşdür. İcra məmuru tərəfindən qərar və bildiriş qəbul edilən zaman həmin sənədlərə Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq rekvizitləri əlavə olunmamışdır. Bu səbəbdən İddiaçı MMC tərəfindən icra sənədi icra edilən zaman ödənişlər ümumilikdə 321 (üç yüz iyirmi bir) manat olmaqla Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. Onlar tərəfindən icra sənədi icra olunan kimi bununla bağlı xx.xx.2020-ci il tarixli ərizə formasında məlumat Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə və surəti məlumat üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-131/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı tərəflərindən icra olunmasına baxmayaraq, İddiaçı MMC məxsus Kia optima minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin daxili etibarnaməyə əsasən (yol vərəqəsi) idarə edən Lizinq müştərisi şirkətə müraciət edərək AP0144813 nömrəli inzibati protokol Yol Polisi Xidmətinin əməkdaşlarının X2 ödənilməmiş cərimələr bölməsində qaldığını bildirmişdir. Bu səbəbdən avtomobilin üzərində ödənilməmiş cərimə ilə bağlı məhdudiyyət olduğu bildirilmişdir. Onların araşdırması nəticəsində müəyyən olunmuşdur ki, həmin cərimə məbləği Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq bank hesabına xx.xx.2020-ci il tarixdə köçürülmüşdür. İcra qurumu tərəfindən bununla bağlı aidiyyəti üzrə daxili işlər orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur. Ödəniş tapşırığı İcra qurumu tərəfindən İddiaçı MMC-yə təqdim edildikdən sonra xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə təkrarən Baş dövlət Yol Polisi İdarəsinə həmin cərimə məbləğinin X1 silinməsi ilə bağlı müraciətlər göndərilmişdir. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin 016-81853-1220 nömrəli xx.xx.2020-ci il tarixli və 016- 86143-1220 nömrəli xx.xx.2020-ci il tarixli məktublarında cərimənin qanunvericiliklə məyyən edilmiş müddətdə ödənilməməsi səbəbindən əlavə 135 (yüz otuz beş) manat dəbbə pulu hesablandığı qeyd olunmuşdur. Bundan sonra Baş Dövlət Yol Polisi İdarəsinin həmin cavablarına İddiaçı MMC tərəfindən münasibət olaraq həmin dəbbə pulunun hesablanması qanunvericliyin tələblərinə uyğun olmadığından xx.xx.2020-ci il tarixdə Pretenziya məktubu Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə daxil olmuş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən göndərilmiş sonuncu 016-87638-1220 nömrəli xx.xx.2020-ci il tarixli məktubda məhkəmə qərarından kənar hesablanmış dəbbə pulunun İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinin tələbinə əsasən hesablandığı qeyd olunmuşdur. Halbuki həmin maddədə cərimə məbləğinin 1 (bir) faizi məbləğində dəbbə pulunun hesablanması məhkəmə qərarlarına şamil edilməmişdir. Məhkəmə qərarı üzrə təyin olunmuş 300 (üç yüz) manat məbləğində cərimə məbləği mövcud qanunvericiliyin tələblərinə əsasən hər hansı inzibati orqan tərəfindən dəyişdirilməsi nəzərdə tutulmamışdır. Hazırki mübahisə həm lizinq şirkətinin, həm də lizinq şirkətinə məxsus avtomobili idarə edən şəxslərin haqlı narazılıqlarına gətirib çıxarır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı inzibati xətanın törədilməsinə görə onun barəsində tətbiq edilmiş inzibati cərimə, qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyinə görə ona cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən hesablanmış dəbbə pulunun silinməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-131/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, MMC barəsində tərtib edilmiş AP144813 nömrəli protokol üzrə tətbiq edilmiş 300 manat məbləğində cərimə HÖP-dən kənar BDYPİnin hesabına ödənilmiş və təqdim etdiyiniz qəbz əsasında bu barədə BDYPİ-nin X2 qeyd aparılmışdır. Lakin cərimənin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsi səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən əlavə 135 manat dəbbə pulu hesablanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən hesablanmışdır. Həmin işlərə baxılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların inzibati xəta haqqında işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2165/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2165/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver