Məhkəmə qərarları › İş №2-1(112)-2165/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2165/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2165/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi və vəkili-X3 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 07 mart 2015-ci il tarixdə 57 yaşı tamam olduğu yəni hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 27 iyul 2021-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək işlədiyi “nasos qurğuları maşinisti” vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ vermədiyindən pensiya təyin edilməsindən imtina edilmişdir. O, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neftqazçıxarma idarəsində zərərli işləmişdir yəni “Neftin kompleks hazılanması və vurulması sahəsində əmtəə operatoru vəzifəsində 20 sentyabr 1983-cü il tarixdən 27 yanvar 1998-ci il tarixədək yəni 14 il 04 ay 07 gün işləmiş, Neftin kompleks hazılanması və vurulması sexində nasos qurğularının maşinisti vəzifəsində 27 yanvar 1998-ci ildən 01 mart 2021-ci il tarixədək işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən 01 yanvar 2006-cı il tarixədək ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. 57 yaşı 07 mart 2015-ci il tarixdə olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 17 may 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Mərkəzi Filialın 27.07.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubu onunla əsaslandırılıb ki, iddiaçı güzəştli iş stajına malik deyildir. İddiaçıya məxsus 12 sentyabr 1974-cü il tarixli əmək kitabçasından aydın olur ki, o, 27.01.1998-01.03.2021-ci illərdə H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində “nasos qurğuların maşinisti” peşəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 12-ci bölməsi “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” (kod: ********) adlanır. Həmin bölmə “Qazma” (kod: ********), “Neft-qaz və qaz kondensatının hasilatı” (kod: ********) və “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” (kod: ********) adlanan 3 alt-bölmədən ibarətdir. İddiaçı iddia edir ki, onun çalışdığı peşə “2130301-16085” və “11000000-14259” kodu altında nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, “11000000-14259” kodu altında nəzərdə tutulmuş peşə 2 deyil, 1 saylı Siyahıya aiddir. İddiaçı isə, 52 deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Digər peşə isə, “əmtəə operatorları” adlanır. Lakin yerləşmə yeri qazma və neftin hasilatı deyil, “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” (kod: ********) alt- bölməsidir. İddiaçı isə, neftin emalı deyil, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində çalışmışdır. Göründüyü kimi, İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 12 il 6 ay güzəştli iş stajına malik olması tələb edilirdi. Lakin iddiaçı bu stajı topladığını isbat edə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı-İddiaçı nümayəndəsi və vəkili-X5 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavbadeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi X1 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 12.09.1974-cü il tarixli əmək kitabçasının təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 04.09.1974-cü ildə Bakı Aqreqat İstehsalat- Konstruktor Birliyi 19 saylı sexə (mexaniki) xarrat şagirdi kimi qəbul olunmuşdur (Əmr № 192/k, 03.09.1974-cü il); 10.01.1975-ci ildə eyni sexdə ikinci dərəcəli xarrat dərəcəsi verilmişdir (sərəncam № 1/k, 17.01.1975-ci il); 01.04.1980-ci ildə 19 saylı sexdə 5-ci dərəcəli takelajçı işinə keçirilmişdir (Əmr № 112, 02.04.1980-ci il); 21.09.1982-ci ildə şəxsi istəyi ilə işdən azad olunmuşdur (Əmr № 293/k, 23.09.1982-ci il); 01.10.1982-ci ildə anbar müdiri vəzifəsinə işə qəbul olunmuşdur (Əmr № 101 p5, 05.10.1982-ci il); 01.11.1982-ci ildə Qazanxana-qaynaq sahəsinin ustası vəzifəsinə keçirilmişdir (əmr № 116 p3, 12.11.1982-ci il); 01.05.1983-cü ildə işdən azad olunmuşdur (Əmr 87, 29.04.1983-cü il); 20.09.1983-cü il “Əzizbəyovneft” Neftqazçıxarma idarəsi Neftin kompleks hazırlanması sahəsinə 2-ci dərəcəli əmtəə operatoru qəbul olunmuşdur (Əmr № 245/k, 19.09.1983-cü il); 01.09.1988-ci ildə Neftin kompleks hazırlanması sahəsi neftin kompleks hazırlanması və vurulması sahəsi adlandırılmışdır (Əmr № 593, 31.08.1988-ci il); 15.03.1990-cı ildə 3cü dərəcəli əmtəə operatoru (Əmr №125/k, 13.03.1990-cı il); 01.04.1992-ci ildə Neftqazçıxarma idarəsinin strukturunun dəyişməsi ilə əlaqdar neftin kompleks hazırlanması və vurulması sahəsi neftin kompleks hazırlanması və vurulması sexinə verilmişdir (Əmr № 97, 03.04.1992-ci il); 28.08.1992-ci ildə “Azneft” İB-nin 21.08.1992-ci il tarixli 238 saylı əmrinə əsasən “Əzizbəyovneft” Neftqazçıxarma idarəsi H.Z.Tağıyev adına Neftqazçıxarma idarəsinə çevrilmişdir. (Əmr № 260, 28.08.1992-ci il); 01.04.1994-cü ildə 4-cü dərəcəli əmtəə operatoru keçirilmişdir (76 №-li əmr); 27.01.1998-ci il tarixdə 4-cü dərəcəli nasos qurğuları üzrə maşinist keçirilmişdir (26/k №-li əmr); 01.11.1998-ci ildə 4-cü dərəcəli nasos qurğuları üzrə maşinist (136/k №-li əmr); 01.09.2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar Neftin və suyun kompleks hazırlanması sexinin tərkibində yaradılmış su təchizatı sahəsinə 4-cü dərəcəli nasos qurğularının maşinisti vəzifəsinə keçirilmişdir (115/k №-li əmr); 01.01.2012-ci il tarixdə Neftin kompleks hazırlanması və nəqli sexi adlandırılmışdır; 09.04.2014-cü il tarixdə struktur bölmələrinin dəyişdirilməsi ilə əlaqədar Neftin kompleks hazırlanması və nəqli sexi Neftin kompleks hazırlanması və nəqli sahəsi adlandırılmışdır (89 №-li əmr); 07.06.2017-ci il tarixdə 3-cü dərəcəli nasos qurğularının maşinist peşəsinə keçirilmişdir (67 №-li əmr); 01.03.2021-ci il tarixdə işdən azad edilmişdir (Əmr №-SOCAR **********00070020B00120, 01.03.2021-ci il). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli **********081200601B00029 saylı məktubda qeyd olunmuşdur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Əzizbəyovneft” NQÇİ) Neftin kompleks hazırlanması və vurulması sexində 27.01.1998-ci il tarixdən 01.03.1998-ci il tarixədək, Neftin və suyun kompleks hazırlanması və vurulması sexində 01.03.1998-ci il tarixdən 01.11,1999-cu il tarixədək, Qaz kompressor sexində 01.11.1999-cu il tarixdən 01.09.2007-ci il tarixədək, Neftin kompleks hazırlanması və vurulması sexində 01.09.2007-ci il tarixdən 01.01.2012-ci il tarixədək Neftin kompleks hazırlanması və nəqli sexində 01.01.2012-ci il tarixdən 09.04.2014-cü il tarixədək Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 01.03.2021-ci il tarixədək texnoloji proseslərin aparılmasında “nasos qurğularının maşinisti” peşəsində (vəzifəsində) işləyir və bu peşələrdə (vəzifələrdə) işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli **********081200601B00043 saylı məktubda qeyd olunmuşdur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Əzizbəyovneft” NQÇİ) Neftin kompleks hazırlanması və vurulması sexində 27.01.1998-ci il tarixdən 01.03.1998-ci il tarixədək, Neftin və suyun kompleks hazırlanması və vurulması sexində 01.03.1998-ci il tarixdən 01.11.1999-cu il tarixədək, Qaz kompressor sexində 01.03.1998-ci il tarixdən 01.09.2007-ci il tarixədək, Neftin kompleks hazırlanması və vurulması sexində 01.09.2007-ci il tarixdən 01.01.2012-ci il tarixədək, Neftin kompleks hazırlanması və nəqli sexində 01.01.2012-ci il tarixdən 09.04.2014-cü il tarixədək Neftin kompleks hazırlanması və nəqli sahəsində 09.04.2014-cü il tarixdən 01.03.2021-ci il tarixədək texnoloji proseslərin aparılmasında “nasos qurğularının maşinisti” peşəsində işləmişdir. İddiaçı işlədiyi “nasos qurğularının maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin “a” fəhlələr bəndində nəzərdə tutulan “texnoloji nasosların maşinistləri" peşəsinə uyğundur. İddiaçı zərərli əmək şəritində “nasos qurğularının maşinisti” peşəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “04” dekabr 2002-ci il tarixli 15-4 №li qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”na əsasən iş yerlərinin attestasiyası zamanı “nasos qurğularının maşinisti” peşəsi üçün hazırlanmış və zərərli iş yeri olduğunu təsdiq edən “iş yerlərinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli”ndə öz əksini tapmışdır (cədvəl arayışa əlavə olunur). İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli **********0 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) texnoloji nasosların maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 12 sentyabr 1974-cü il tarixli əmək kitabçasında 27.01.1998- 01.03.2021-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində nasos qurğuların maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan texnoloji nasosların maşinistləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 07.03.2015-ci il tarixdə çatmışdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdehin göstərilən dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin a) fəhlələr (əmtəə operatorları və texnoloji nasosların maşinistləri) bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 07.03.2015-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 07.03.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 27 iyul 2021-ci il tarixli **********0 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin fevral ayında (müraciəti 25 fevral 2021-ci il tarixli **********2 №li cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (fevral 2021-ci il) əvvəlki illər üçün, yəni 2018-ci ilin fevral ayından hesablanaraq, ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 07.03.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar