Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2169/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının İddiaçı, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 17.12.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 17.12.2018-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 17.12.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1979-cu il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi və ümumi iş stajının olmaması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 01 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən (24 il 03 ay 2 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunverciliyə uyğun olaraq iddiaçıya münasibətdə 43200 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35300,62 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür:
1. 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması; 2.fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulmuş aşağı həddən az olduğundan, həmçinin, 01.01.2006-cı il tarixədək ümumi iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı 01.07.2017-ci il tarixədək toplanmalıdır . İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) 01.01.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil və hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 01.09.1977-ci ildə “Avtomobillərin elektrik avadanlığı təmiri üzrə çilingər” peşəsi üzrə 67 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 22.07.1980-ci ildə həmin peşə məktəbini bitirmişdir. Göründüyü kimi, iddiaçının təhsil illəri 02 il 10 ay 22 gün təşkil edir. Məhkəmə “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının 02 il 10 ay 22 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı 06.05.1981-ci il tarixdən 17.06.1983-cü il tarixədək hərbi xidmətdən keçmişdir. 02 il 01 ay 13 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Məhkəmə cavabdehin etirazda göstərdiyi birinci hala münasibətdə bildirir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -17.08.1979-cu il tarixdə Baku X1 BMŞ-yə 2-ci dərəcəli yağlayıcı vəzifəsinə qəbul edilmiş, 11.09.1979-cu il tarixdə 2-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş,18.02.1980-ci ildə elektrik montyoru vəzifəsi üzrə 3-cü dərəcə verilmiş, 26.07.1980-ci ildə elektrik montyoru üzrə 4-cü dərəcə verilmiş və 27.04.1981-ci il tarixdə Sovet Ordusuna çağrılması ilə əlaqədar olaraq işdən azad olunmuş; (01 il 08 ay 12 gün) -26.08.1983-cü ildən 13.08.1984-cü ilədək “Bakı şəhər işığının” Küçələrinin İşıqlandırılması kontorunda 4-cü dərəcə elektrik montyoru; (11 ay 19 gün) -23.08.1984-cü il tarixdə “Qırmızı Oktyabr” Bakı tütün kombinatının 2 nömrəli siqaret sexinə 2-ci dərəcə nəqledici vəzifəsinə qəbul edilmiş; 21.11.1984-cü ildə maşinisttənzimləyici şagirdi vəzifəsinə keçirilmiş, 01.07.1985-ci ildə eyni yerdə maşinisttənzimləyici vəzifəsi üzrə 5-ci dərəcə verilmiş, 10.09.1985-ci ildə 5 nömrəli siqaret sexinə 5-ci dərəcə maşinist-tənzimləyici vəzifəsinə keçirilmiş, 01.11.1990-cı ildə maşinisttənzimləyici vəzifəsi üzrə 6-cı dərəcə verilmiş və 10.02.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (13 il 05 ay 19 gün) -13.12.1999-cu ildə "xxxx" ASC-yə 3 ay sınaq müddəti ilə siqaret sexinə operator qəbul edilmiş, 08.11.2016-cı ildə siqaret sexinə fəhlə vəzifəsinə keçirilmiş və 06.06.2017-ci ildə öz xahişi ilə işdən azad edilmiş; (17 il 05 ay 25 gün) -07.06.2017-ci ildə "xxxx" ASC-nin İstehsalat Departamentinin Siqaret istehsalı sexinə fəhlə vəzifəsinə işə qəbul olunmuş, 20.10.2017-ci il tarixində həmin sexə operator vəzifəsinə keçirilmiş və 25.02.2021-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. (03 il 08 ay 19 gün) Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə, diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (01.09.1977-22.07.1980; 06.05.1981- 17.06.1983; 17.08.1979-27.04.1981; 26.08.1983-13.08.1984; 23.08.1984-10.02.1998; 13.12.1999-01.01.2006 = 27 il 11 ay 20 gün) çox təşkil edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının 17.08.1979-cu ildən 27.04.1981-ci il tarixədək Baku X2 işlədiyi müddətin bir hissəsi onun 67 №-li orta texniki peşə məktəbində aldığı təhsil müddəti ilə üst-üstə düşmüşdür. Bu səbədən Məhkəmə, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında həmin dövrü kəsintisiz olaraq nəzərə alınmışdır. Nəzərə alınan dövr 01.09.1977-17.08.1979 (təhsil müddəti) + 17.08.1979-27.04.1981 (Baku X2 işlədiyi müddət). Məhkəmə bildirir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılarkən güzəştli iş stajı mübahisələndirilməmişdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının əmək kitabçasında olan qeydləri təqdim olunmuş güzəştli arayış ilə birgə təhlil etdikdə müəyyən edir ki, güzəştli arayışda iddiaçının 01.07.1985- 09.02.1998-ci illərdə işlədiyi siqaret sexində tənzimləşdirici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda-XX11. Yeyinti sənayesi bölməsində 2240500a-14131 kod altında zərərli iş kimi nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, sorğuya uyğun olaraq müəssisə tərəfindən təqdim edilmiş güzəştli iş stajı arayışdan da göründüyü kimi müəssisə iddiaçının müəssisədə siqaret sexində operator və fəhlə peşəsində əmək fəaliyyətini həyata keçirdiyni göstərmiş, həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinifinin 27.5.1-ci bölməsi olan tütün istehsalının yarım bölməsinə (fəhlələr və avadanlıqların təmizləyiciləri) aid olduğunu qeyd etmişdir. “X6” ASC tərəfindən peşələrin Siyahı ilə uyğunluğu məhz müvafiq olaraq iddiaçının işlədiyi həmin peşələr üzrə icra etdiyi əmək funksiyasının hər biri nəzərə alınaraq yoxlanılmışdır. Belə ki, iddiaçının icra etdiyi əmək funksiyaları məhz LOQ, MAX, LUB və ya HCF və ya Mark9, MaxS xəttlərində siqarət istehsal etmək, lazım olarsa siqaret növünün dəyişdirilməsini aparmaq, maşın sıqaret kağızı, obodok, yapışqan, mürrəkəb, filtr qutuları ilə təchiz etmək, istehsalat mərtəbəsində doldurucu xətlərdə tütünün verilməsində iştirak etmək və s. Göründüyü kimi, iddiaçının işlədiyi həmin peşələr bir başa olaraq tütün sənayesi olan tütün istehsalı ilə əlaqədar olmuşdur ki, bu növ peşələr üzrə icra olunan əmək funksiyaları şəxsin sağlamlığına təhlükə yaratmaq ehtimalını istisna etmir. Çünki, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.6-cı maddəsində belə tütün məmulatının ticarəti yerlərində tütün çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazıların olmalı olduğu nəzərdə tutulmuşdur. Ümumməlum olan arqumentdir ki, təkcə tütün məmulatların istifadəsi deyil, həmçinin tütün məmulatların istehsalı belə şəxsin sağlamlığına zərər vurur. Bu səbəbdən də, iddiaçının işlədiyi bu peşələr zərərli iş kimi nəzərdə tutulur. Bundan başqa, həmin peşələrin müvafiq siyahı üzrə araşdırılması zamanı məhkəmə müəyyən etmişdir ki, qeyd olunan peşələr həmçinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXİİ. Yeyinti sənayesinin 5. Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bölməsində 2240500a kod altında nəzərdə tutulmuşdur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən təqdim olunmuş arayışlar hər hansı şübhə doğurmamış, həmçinin cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün işlədiyi tənzimləşdirici maşinist, siqaret sexində operator və fəhlə peşələri həm əmək kitabçasında, həmçinin, də "xxxx" ASC tərəfindən verilmiş arayışında öz əksini tapmışdır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının 01.01.2006-cı il tarixə güzəştli iş stajının 12 il 06 aydan (01.07.1985-09.02.1998; 13.12.1999-01.01.2006) çox olmasını müəyyən edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Cavabdehin imtina məktubunda göstərilən əsas ilə bağlı isə, Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 17 dekabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 16.04.2021-ci il tarixdə (imtina məktubunda göstərilən ilkin tarix) cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni 17.12.2018-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 17.12.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin 17.12.2018-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov